Mirzə Ələkbər əmi, dərsə gedən bir uşaq və şanapipik

Yazar: Aliyə | Bölmə: Publisistika | Tarix: 23 Eylül, 2007

Azərbaycan deyilən məmləkətdə yaşayan bəndələrin – bizlərin həyatının, gün-güzəranının içində həmişə Sabirin şerlərini kimsə pəsdən oxuyur. Bu, millət üçün qaçılmaz bir qismət kimidir. Əgər o səs kəsilsə, diksinib azəri olmağımızdan şübhələnəcəm. Heç kimi demirəm, elə özümdən danışıram. Əvvəl «Gəl-gəl a yaz günləri», «Dərsə gedən bir uşaq», «Cütçü»… sonra «Nə dərs olaydı nə məktəb, nə elmü sənət olaydı»… Arzularım çin çıxırdı deyəsən, amma hələ ki Şamaxıda. Xaricə, ya da heç olmasa paytaxta getmək arzusunu müşaiyət edən sətirlər fonda zarıyır: «Yaşadıqca xərabə Şirvanda…».
İndi gəlib çıxmışam paytaxta, bir qəzetə «mühərrirlik» edirəm, yenə Sabirin külliyatı kül kimi başımıza ələnir. Qəziyyələrimiz içində Sabir xatırlanır, Sabiri oxuduqca qəziyyələrimiz yadımıza düşür.
Kənarda qalan mərciməkləri nəzərə almasaq, cəmi Azərbaycan Mirzə Ələkbərin xəlbirindədir. Aralarında kimsə «qeyrət»ə gəlib: «Zahida, gəl soyunaq bir kərə paltarımızı, çıxaraq zahirə batindəki əfkarımızı, pişgahi nəzəri-xəlqə dutaq varımızı, ər kəsin ağı qara isən utansın a balam…» deyir. Allahın da belə işləri var, hərdən bir zəlzələ adı ilə silkələyər bir məmləkəti. Onda alimi, məmuru, kəndlisi, şəhərlisi, fəhləsi… bir təndə durar. Sonra hamı unudur bu tarazlığı. Təzədən başlayırlar köhnə işlərinə. Halal ilə haramı bir-birinə qatırlar, həqsizə həqli deyirlər, mollaları gündə bir fətva verib məxluqu aldadırlar, şairləri bülbülə gülə dair min bir yalan fırladırlar, cahilləri hələ də yatırlar, sailə qan qusduran Feyzidən fərəhlənib feyziyab olurlar, boşboğazlıq və heyvərəliyi adət edirlər, axırda da hamısı yığışıb Mirzə Ələkbəri vərəmlədirlər, qoparasını götürürlər, Seyid Əzimi məsciddə ayaqlayıb öldürürlər, indii də məhkəmələrdə üzə dururlar, adam tutdururlar, fitva verirlər, moizə oxuyurlar, daha siz bilirsiz nə edirlər. Sonra da «görmə!-baş üstə yumaram gözlərim. -dinmə! – Mütiyəm kəsərəm sözlərimi…». Bu böyüklərin işləridir. Amma elə balacaların da qəziyyələri balaca deyil.
Mayın 30-u Mirzə Ələkbər Sabirin ad günüdür. İyunun 31-i uşaqların müdafiə günüdür. Mirzə Ələkbər Sabir Mola Həbiblər, Hacı Qurbanlar kimi cocuqlara kişmiş, səbzə vermirdi, o, balacalara «Uşaq və buz», «Uşaq və pul», «Camuşçu və sel», «Cütçü», «Yaz günləri», «Qarğa», «Qarınca» və s. kimi şerlər bağışladı. Balaca kənd zəhmətkeşlərini əzizləyib oynatdı. Təxminən belə bir ritmlə «Çıxdı günəş doldu cahan nur ilə, cütçü sürür tarlada cüt şur ilə, atlar öküzlər kotana güc vurur, gah yeriyir, gah yıxılır gah durur…». Elə bu məqamlarda mollalar, hacılar da cocuqlara səbzə-kişmiş verib «budunu dizini əlləyib» oynadırlardı. Sabirin müdafiəsi şerdən başqa nə olacaqdı ki? – «Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş…», «Ay nənə, bir qırmızı saqqal kişi…», hansını desin axı, «Əlqissə çoxdur canını qurban edən, cocuq! Ey dilbəranə tərzdə cövlan edən cocuq! Yeksər müsəlmanların ürəyin qan edən cocuq!».
Bir dəfə balaca olduğundan və oxumağa meyli olmadığından kitabların yalnız şəkilləri ilə maraqlanan körpə bir qızcığaz bizə qonaq gəlmişdi. Evii yerlə yeksan edəndən sonra oturub kitabların içindən tapdığı «Hophopnamə»nin son nəşrinin üz qabığına tamaşa edirdi. Göy, bənövşəyi fonda Sabirin qəhrəmanları – qoçular, mollalar, intilligentlər, madmazellər, hacılar, məşədilər və bir şanapipik (Hop-hop quşu) təsvir olunub. Yeməkdən və oyuncaqlardan başqa çox az şeylə maraqlanan balaca totuq barmaqları ilə kitabın üstündə sadaladığım qəhrəmanları göstərib məndən soruşdu: «Bu adamlar hara gedir?». Mən cavab verdim ki, gedirlər bu kitabı yazan adamı öldürməyə. Onda uşaq şanapipiyi göstərib soruşdu: «Bu quş da onların dalınca uçur, hə?» Mən də dedim ki, hə. Amma daha demədim ki, bu şanapipik Sabirin ruhudur. Onu öldürməyə qaçanların nigarançılığını çəkir.

1 səs2 səs3 səs4 səs5 səs (2 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

4 Şərh var
Şərh yazın »

  1. Əla yazıdır…

  2. sag ol aliye xanim.elanin kvadratidi yazdiginizin qiymeti.
    cemi 1 iradim var-”qoparasini gorurub’ evezine ”qoparagini goturub ”ishlenmelidi

  3. heç nə yazmaq fikrim yox idi… son (ikinci və son) şərhin 3 il əvvəl yazıldığını görməsəydim :-) elə bilirəm bir kəlmə də mən yazmaqla bu yazının ömrünü uzada bilərəm ) . yaxşıdı, bəyənilsin ) amma gərək uşağa elə cavab verməyəydin )

  4. Bu gün də Sabirlər,Cəlillər, Nəzmilər var niyə görməəməzlikdən gəlirik. İstedadları görəndə bəzi alimlərimiz gözlərinin zəif olduğunu, eynəklərinin evdə qaldığını bəhanə edirlər. Nəysə bəhanələri çoxdu sizin səmimiliyinizə inanaraqdan səmimiyyətlə şərh göndərən:ədəbiyyatçı
    İskəndərin də söz idi silahı
    Həqiqətlə vurdu Şeyx Nəsrullahı
    Görmək istəyirdi parlaq sabahı
    Bu qəflətdən ayılmağa nə var ki!? müəllifdən

Şərh yazın