Bu gün Hüseynqulu Sarabski adına 7 saylı Musiqi Məktəbində Siyavuş Kərimi, Akif Quliyev və Mübariz Əliyevin müəllifliyi ilə incəsənət və musiqi məktəblərinin şagirdləri üçün “Saz məktəbi” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən S. Kərimi Azərbaycan Milli Konservatoriyasının Təhsil Nazirliyinin nəzdində olmasına baxmayaraq, problemlərinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həll olunduğunu diqqətə çatdırıb: “6 ildir ki, Konservatoriya Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərir. Ancaq bu müddət ərzində həmin nazirlik tərəfindən bizə heç bir yardım göstərilməyib. Bu müddət ərzində təhsil ocağı Mədəniyyət və Turizm Nazirliyinin xidmətlərindən istifadə edərək fəaliyyətini davam etdirib”. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan musiqisinin təcavüz olunduğu bir dövrdə belə bir kitabın işıq üzü görməsini yüksək qiymətləndirib: “Bu gün Azərbaycan musiqisi bədnam qonşularımız tərəfindən mənimsənilir. Ancaq bu günə kimi musiqimizin atası sayılan sazımızı özününküləşdirməyi bacarmayıblar. Bu da bizim qalibiyyətimizdir. Ümidvaram ki, bu cür nəşrlər daha tez-tez çap olunacaq”. Nazir müavini çıxışında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ilk dəfə olaraq Bakıda fəaliyyət göstərən musiqi məktəblərinə pulsuz dərsliklər verildiyini vurğulayıb. Tədbirdə çıxış edən filologiya elmləri doktoru Məhərrəm Qasımlı Azərbaycan Milli Konservatoriyanın Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyinə verilməsi təklifini irəli sürüb. Kitabın ön söz müəllifi, professor Tariyel Məmmədovdur. Təqdimat mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının katibi Ramiz Zöhrabov, xalq şairi Zəlimxan Yaqub və başqaları da iştirak edib.
« Azər Almas: “Azərbaycan üçün hər zülmə dözməyə dəyərmiş” | Əsas səhifə | Amerika musiqiçisi Rene Kaufman Bakıdadır »




Bölmə: 









