Qloballaşma dövründə dövlət və cəmiyyət

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 27 Eylül, 2007

Ramiz MehdiyevRamiz MEHDİYEV,
Azərbaycan Respublikası
Prezidentinin İcra Aparatının
rəhbəri, həqiqi dövlət müşaviri, akademik

Dünyada gedən proseslər birmənalı şəkildə göstərir ki, XXI əsrdə bəşəriyyətin inkişaf strategiyasını xeyli dərəcədə məhz qloballaşma müəyyənləşdirəcəkdir. Bu da qanunauyğundur, çünki biz tarixdə ilk dəfə olaraq Şeksprin ritorik “olum, ya ölüm” sualının bəşəriyyət qarşısında duran problem kimi yeni səpkidə səsləndiyi və yeni məna kəsb etdiyi bir dövrə qədəm qoymuşuq. Qloballaşma prosesi yeni hadisə deyildir. Bəşəriyyət tarix boyu həmişə inteqrasiyaya, vahid siyasi, iqtisadi, yaxud sosiomədəni məkanın bir hissəsi olmağa can atmışdır. Tarix belə nümunələr yaradaraq bu və ya digər imperiyaya öz hərbi-siyasi və iqtisadi nüfuz dairəsini iki, bəzən də üç qitəyə genişləndirmək imkanı vermişdir. Üç dünya dininin meydana gəlməsi dünya məkanının qlobal inteqrasiyasının yeni nümunəsini yaratmışdır. İudaizm, xristianlıq, sonra isə islam gerçəkliyin sosiomədəni, siyasi və iqtisadi qavrayışına təsirin hüdudlarını genişləndirərək başlıca olaraq, bu və ya digər dinin nümayəndələrinin məskunlaşdığı məkanlar yaratdılar.Lakin dünya tarixində bəşəriyyət hələ heç vaxt bütün dünya məkanının sabit və təhlükəsiz inkişafını təmin etməli olan ümumi siyasi və iqtisadi məkan yaradılmasına könüllü cəhd etmək üçün ümumi məqsədə çatmağa belə yönəlməmişdir. XIX əsrdə başlanan, XX əsrdə fasilələrlə davam edən və hazırda da baş verən ümumdünya inteqrasiya prosesinin tarixi analoqu olmayıb və yoxdur, ona görə də ümumdünya inteqrasiyasının faydalı və mənfi cəhətlərinə ölçülüb-biçilmiş və əlaqələndirilmiş şəkildə yanaşmaq son dərəcə vacibdir.
Qloballaşma suveren dövlətlər arasındakı sədləri dağıdaraq cəmiyyətin daxilində sosial münasibətləri yeni məcraya salır, milli özünəməxsusluğu xüsusi dünyagörüşü çərçivələrinə salaraq sərt şəkildə məhdudlaşdırır. O, əvvəla, milli mədəniyyət və ənənələrin öncüllüyünü dağıdır, özünəməxsusluqdan uzaqlaşmanı gücləndirir, coğrafi və iqtisadi vəziyyətindən, siyasi quruluşundan, habelə milli mentalitetindən asılı olmayaraq cəmiyyəti qərbləşdirir. İkincisi, istər millətin, istərsə də dövlətin müstəqil inkişaf imkanlarının mahiyyətinə varmadan, səmərəsizliyi amansızcasına cəzalandırır və beynəlxalq səmərəlilik “çempion”larını, yəni, inkişaf etmiş ölkələri isə daha da həvəsləndirir.
Beləliklə, yeni minilliyin əvvəlində qloballaşma dünya təfəkkürünün və tərəqqinin yeni, öncül istiqamətinə çevrilmişdir. Hesab edilir ki, ümumiyyətlə, XXI əsr qloballaşma əlaməti altında keçəcəkdir.
Qloballaşmanın milli məkanlara təsiri prosesində dövlətin daxili siyasi inkişafı böyük əhəmiyyət kəsb edir. İnteqrasiya proseslərinin təsiri yeni qavrayış, təfəkkür tərzi formalaşdırır, sonra isə yeni dövrün bu komponentlərinə həyat verir. Davranışın yeni stereotipləri və formaları meydana gəlir. Demokratik dövlət kimi Azərbaycan hüquqi və demokratik əsasları möhkəmləndirmək istiqamətində irəliləyir. (Seçmələr bizimdir – red).
Müstəqillik əldə edildiyi gündən 16 il keçəndən sonra əminliklə demək olar ki, əslində, totalitar dövrün kütləvi şüur formasının açıq, şəffaf və demokratik cəmiyyət elementləri ilə zənginləşmiş şüur forması ilə əvəz olunmasını nəzərdə tutan ictimai transformasiya baş vermişdir. Bu, bütövlükdə cəmiyyətdə yeni siyasi oriyentirlərin formalaşmasına əhəmiyyətli təsir göstərir, funksional baxımdan yeni siyasi təşkilatların yaradılmasına gətirib çıxarır. Formalaşan siyasi məkan xeyli dərəcədə əhalinin bütün təbəqələrinin mənafelərini ifadə edir. Demokratik cəmiyyətdə monosentrik siyasi sistemlərdən danışmağın əsassız olması tamamilə təbiidir. Lakin siyasi məkan hətta ikiqütblü, yaxud polisentrik olsa belə, kütlənin tələblərinə cavab verməli, əhalinin mənafelərini ifadə etməli, inkişafa və tərəqqiyə kömək göstərməli, başlıcası isə dövlət müstəqilliyinin əsası kimi milli suverenliyi, – o cümlədən daxili siyasi məsələlərdə, – qoruyub saxlamalıdır.
Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna nail olmaq siyasi hakimiyyətin bütün dairələri üçün öncül istiqamət sayılan məqsəddir. Kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, üçüncü sektorun – qeyri-hökumət təşkilatlarının, birlik və assosiasiyaların maneəsiz işləməsi, söz, iradə, fikir, dini etiqad azadlığı müasir Azərbaycanın ictimai-siyasi inkişafının öncül istiqamətləridir.
Demokratiya monosentrik siyasi ideyaları qəbul etmir. İnsan zəkası cəmiyyətin siyasi və iqtisadi həyatında onun inteqratoru olan bir baxış, yaxud ideya çərçivəsində olan varlığı qəbul etmir. Dünya tarixi dəfələrlə sübut etmişdir ki, ideyaların avtoritarizmi, bəzən nə qədər açıq görünsə də, bu və ya digər sistemin legitimliyini, yaxud disfunksionallığını itirməsi ilə şərtlənən müəyyən çərçivələrə və sərhədlərə malikdir.
Antik dövrlərdən tutmuş SSRİ-nin dağılmasına qədər bəşəriyyət həmişə hər bir fərdin böyük azadlığa və geniş seçim hüququna malik olduğu polisentrik siyasi sistemə can atmışdır. Müasir dövrdə “seçim hüququ” anlayışının fəlsəfi qavrayışı dövlətin milli suverenliyinin qorunması məsələsində və beynəlxalq münasibətlərdə, bəlkə də əsas əngəldir. Ona görə də belə bir mülahizə də əsassız deyildir ki, bəşəriyyət “demokratiyadan yorulmaq” kimi səciyyələndirilən həddə çata bilər, elə bir həddə ki, monosentrik qloballaşma və milli suverenliyin məhdudlaşması “xalqların nüfuzdan və qərar qəbul etmək hüququndan məhrum olması” kimi qəbul edilə bilər.
Buna görə də aydındır ki, ölkəni tərəqqiyə və inkişafa aparmağa qadir olan yeni siyasi elitanı elə bir nəsil formalaşdıracaq ki, ondan ötrü milli “Mən”, milli eyniyyət, təkcə regional planda deyil, həm də qlobal miqyasda milli müstəqilliyin və dövlət suverenliyinin qorunub saxlanması, ölkənin iqtisadi baxımdan güclənməsi mühüm amildir.
Milli eyniyyətdən danışarkən dinin bəzi qloballaşma məkanlarında aradan qalxan, digərlərində isə, əksinə, fəallaşaraq dövlət həyatının bütün sahələrinə getdikcə daha çox təsir göstərən rolunu unutmaq olmaz. Bəzi Qərb tədqiqatçılarının fikrincə, Qərbdə din siyasi və sosial məsələlərdə artıq həlledici rol oynamır. O, sosial münasibətləri nizamlamır. Din sosial ədalət haqqında təsəvvürlərin inkişafında müsbət rolunu oynamışdır.
Bütövlükdə, ötən əsri təhlil etsək görərik ki, əsrin sonları dinin hər yerdə dirçəliş dövrü (la Revanche den Dieu) olmuşdur. XX əsrin ortalarında baş verən hadisələr konkret məkanlarda xristianlığın və islamın rolunun və əhəmiyyətinin güclənməsinə səbəb olmuşdur: II Vatikan Məclisi, – onun çağırılması barədə ideya 1959-cu il iyulun 3-də XXIII İohann tərəfindən rəsmən elan olunmuşdu, – katolik kilsəsinin yeni xəttini daha müfəssəl və hərtərəfli işləyib hazırlamalı idi. 1970-1980-ci illərdə “islamın canlanması” baş verdi və müsəlmanlıq Avropa və Amerika ölkələrində intensiv yayılmağa başladı. Eyni zamanda, islam və xristian ilahiyyatçıları arasında dialoqun konkret oriyentirləri meydana gəldi.
Qitələrin qarşılıqlı asılılığının artdığı indiki dövrdə din milli dövlətdə yeni əlamətlər kəsb etməyə başlamışdır. Eyni zamanda, üçüncü demokratik dalğa da kommunizmlə mübarizədə, eləcə də millətçiliklə şiddətli toqquşmada dindən istifadə edir. Din təmsilçiləri, ayrı-ayrı dini qruplar xristian ölkələrində avtoritar rejimlərə müqavimət göstərilməsində əsas rol oynamışlar. Məscidlərdə birləşən üləmalar və islamçılar da müsəlman ölkələrində eyni müxalifət rolu oynamışlar. Misallar kifayət qədər çoxdur. Polşada kommunist rejimi ilə mübarizədə Papa başlıca fiqur idi, ayətullah Xomeyni isə İranda şahlıq rejimini devirmişdir, 1986-1987-ci illərdə kardinal Kim, katolik liderləri və baş protestant təşkilatı – Milli Kilsə Şurası Cənubi Koreyada müxalifətin prezidentin birbaşa seçkisi uğrunda mübarizəsini dəstəklədilər.
Müasir demokratik cəmiyyətdə dini etiqad azadlığı hər bir vətəndaşın konstitusiya hüquqlarının ayrılmaz tərkib hissəsidir. Yaradanın qüdrətinə inam insanın mənəvi-əxlaqi, psixoloji ovqatını şərtləndirir, dünyagörüşünü kamilləşdirir, təfəkkür tərzini və formasını tənzimləyir. Azərbaycan 1000 ildən çoxdur ki, əsasən müsəlman əhalili dövlətdir. Buna baxmayaraq, Azərbaycanın tarixi təkcə islam tarixi deyildir. Odlar yurdu zərdüştiliyin vətənidir, birinci minilliyin əvvəllərində onun ərazisində xristian dövlətləri mövcud olmuşdur. Müasir Azərbaycanda isə üç dünya dininin nümayəndələri – müsəlmanlar, xristianlar və üidaistlər dözümlülük şəraitində yaşayırlar.
SSRİ-nin dağılmasının gətirdiyi ideoloji plüralizm respublika vətəndaşlarının öz dini hisslərini tam gerçəkləşdirməsinə zəmin yaratmışdır. Bununla yanaşı, keçmiş kommunist hakimiyyəti illəri Azərbaycan xalqını “elmi ateizmin” düzgünlüyünə inandıra bilməmişdi. Müstəqillik əldə edildikdən sonra Azərbaycanda birdən-birə fikir və etiqad azadlığının hiss olunması məscidlərin, mədrəsələrin və ilahiyyat fakültələrinin sayının sürətlə artmasına gətirib çıxarmışdır. Dini etiqadı ilə heç vaxt fərqlənməyən, orta məktəblərin, kitabxanaların, poliklinikaların, xəstəxanaların, sosial təyinatlı digər obyektlərin fəaliyyəti üçün normal şəraiti olmayan bölgələrdə “mesenatların” köməyi ilə məscidlər yağışdan sonra çıxan göbələklər kimi artmağa başladı.
Faktlara müraciət edək. Sovet dövründə Azərbaycanda rəsmən 17 məscid fəaliyyət göstərirdi. Müstəqillik illərində onların sayı 1300-ə çatmışdır. 1990-2000-ci illərdə xarici dövlətlərin (Küveyt, Səudiyyə Ərəbistanı, Türkiyə, İran və s.) müxtəlif strukturları bölgələrdə 150 məscid tikmişlər. Hazırda əslində, hər iri kənddə bir məscid vardır. Bir sıra iri rayon mərkəzlərində 5-6 məscid inşa edilmişdir. Bakı şəhərində və ona bitişik Abşeron rayonunda qeydiyyatdan keçmiş 50 məscid fəaliyyət göstərir.
Əlbəttə, kollektiv dini ayinlərin keçirilməsi üçün ibadətxanalar lazımdır. Biz bunu şübhə altına almırıq. Lakin tamamilə qanunauyğun bir sual doğur: bölgələrdə istehsal obyektlərinin, təhsilin, səhiyyənin inkişafına yönəldilmiş mühüm sosial və humanitar layihələrin həyata keçirilməsinə böyük ehtiyac olduğu halda, bu və ya digər dinə sədaqət hisslərinin belə ifadəsi nə dərəcədə aktualdır? İslam dəyərlərinin Azərbaycan ictimai həyatına qayıdışını təcəssüm etdirən məscidlərin və digər obyektlərin belə tələm-tələsik inşası, sadəcə olaraq, dəbdə olan mömin sayılmaq əlaməti deyilmi? Yoxsa bu, milli eyniyyəti vurğulamaq, islam sivilizasiyasına mənsubiyyəti gözə çarpdırmaq cəhdidir?
Bizim fikrimizcə, məsələnin mahiyyəti başqa müstəvidədir. SSRİ dağıldıqdan sonra Azərbaycan vətəndaşlarının təhsil sahəsi kimi, dini baxışlar sahəsi də iri dövlətlərin dini modellərinin təzyiqi altında olmuşdur. Demokratikləşmə eyforiyası bir tərəfdən, dini etiqad azadlığına gətirib çıxarmış, digər tərəfdən isə ölkənin milli təhlükəsizliyinə qorxu yaratmışdır. Təriqətçilik cərəyanlarının sayı artmağa başlamış, Azərbaycanda din yeni Avropa (xristian), İran, Türkiyə, ərəb dini modellərinə, ya da “liberal islam” modelinə yönəlmənin təcrübə obyektinə çevrilmişdi.
Siyasi partiya bayrağı altında radikal islam qruplarını birləşdirməyə cəhdlər göstərilir. Həmin modellərin hər biri transformasiya dövrü yaşayan Azərbaycanın milli reallıqlarında müstəsnalıq iddiasında idilər. Bu sahədə milli inkişaf strategiyasını düşünülmüş şəkildə müəyyənləşdirmək və Azərbaycanda dinin yerini və rolunu inamla səciyyələndirmək üçün on ilə yaxın vaxt lazım olmuşdur. Azərbaycanın dünyəvi idarəetmə formasına malik demokratik dövlət olduğu bu gün heç kəsdə şübhə doğurmur. Bu, müsəlman və eyni zamanda, nəzərəçarpacaq Avropa aksenti olan çoxkonfessiyalı ölkədir.
Lakin buna baxmayaraq, yeni təfəkkürün formalaşması prosesinə kömək edən bir sıra digər amillər Azərbaycan vətəndaşlarının şüurunu, çoxsaylı dini sistemlərin, daha çox isə yalançı təriqət ideologiyalarının sınaq meydanına çevirmişdir. Sosioloqların tədqiqatları göstərmişdir ki, bədnam “Aum Senrike” də daxil olmaqla heç bir dini təriqət birliyi Azərbaycandan yan ötməmişdir.
Postkommunist Azərbaycanında xristianlığın protestant yönümlü müxtəlif təriqətçi missioner təşkilatları daha fəal işləməyə başladılar. 1991-ci ildən sonra qısa müddətdə onlar ölkənin müxtəlif bölgələrində 20-dən çox dayaq məntəqəsi yaradaraq müxtəlif məlumatlara görə, üç mindən beş minədək etnik azərbaycanlını sekta üzvlüyünə cəlb etmişlər. Respublikanın yerli əhalisini xristianlaşdırmaq məqsədi ilə xeyli maliyyə vəsaiti xərclənmiş, onlarca adda xüsusi ədəbiyyat buraxılmış, onlarca seminarlar keçirilmiş, təriqətlərin ən perspektivli və sadiq ardıcılları daha yüksək səviyyəli hazırlıq keçmək üçün Qərbin müxtəlif xristian mərkəzlərinə göndərilmişlər.
“Qreyter Qreyts Uorld Austriç” (“Həyatverən nemət”) Ümumdünya Kilsəsi, “Həyatın sözü” kilsəsi, “Adventistlərin 7-ci gününün presviterianları”, “Gideon qardaşlığı”, “İxtus” kilsəsi kimi beynəlxalq baptist təriqət təşkilatları burada xüsusilə fəallıq göstərirdilər. “İncilləşdirmə-2000″ proqramı təriqət missionerlərinin məqsəd və vəzifələrinin miqyasından xəbər verir. Proqramda iki mininci ilədək Bibliyanı hər beş azərbaycanlı ailəsindən birində yaymaq, respublikanın hər beş vətəndaşından birini xristian missioner təşkilatlarının fəal üzvlüyünə cəlb etmək nəzərdə tutulurdu.
Səciyyəvi haldır ki, göstərilən təriqət təşkilatlarının əksəriyyətinin fəaliyyəti bu və ya digər səbəblərdən hətta bir sıra xristian Avropa ölkələrində və postsovet dövlətlərində qadağan olunmuşdur. Məsələn, Ermənistanda 1995-ci il aprelin 24-də – bədnam “erməni soyqırımı”nın ildönümü günü Yerevanda qeyri-ənənəvi təriqətlərin üzvləri kütləvi surətdə döyülmüş, nəticədə şəhər qriqorian kilsəsinə mənsub olmayan “müqəddəs atalar”dan təmizlənmişdir.
Azərbaycanda isə yaranmış boşluqdan təriqətçilik ideyalarının və baxışlarının kütləvi şüura yeridilməsi üçün məharətlə istifadə edilmişdir. Məsələn, Bakının mərkəzində – Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində Bakı Bibliya İnstitutu deyilən qurum yaradılmışdı və geniş fəaliyyət göstərirdi. Bu təşkilatların ideologiyası təriqət qanunlarına ciddi riayət və dünyəvi həyatın inkar olunmasını tələb edirdi. Bunların əksəriyyəti təriqət üzvlərinə onların ardıcılları olmayanlara qarşı davakar-mənfi münasibət aşılayırdı. Ermənistan və Azərbaycanın müharibə vəziyyətində olmasına baxmayaraq, bəzi təşkilatlar ermənilərə “din qardaşları” kimi baxmağa çağırır, “Qarabağ münaqişəsinə və dövlətçilik ideyalarına biganəliyi, qüvvə və vaxtlarını özlərinin və yaxınlarının nicatına yönəltməyi” təbliğ edirdilər.
Bu qəbil təşkilatların məqsədləri aşağıdakılar idi:
- respublikanın müsəlman əhalisini xristianlaşdırmaq;
- müsəlman dini-etnik konsepsiyası ilə polemika aparmaq, islamı ləkələyən tezislər yaymaq;
- İrana, Türkiyəyə və Orta Asiyaya soxulmaq üçün Azərbaycanda əməliyyat meydanı hazırlamaq və i.a.
“Əlverişli” şəraitdən istifadə edən missioner təriqətləri əhalinin müəyyən qrupları arasında çox geniş təbliğat aparır, ilahiyyat baxışları və qneseoloji cəhətdən müxtəlif yalançı dini ideologiyaları, sözün həqiqi mənasında, zorla sırıyırdılar. Bütün bu baxışları və ideologiyaları bir şey biləşdirirdi: Azərbaycan istehlakçısına təklif olunan bütün ideoloji surroqat Azərbaycanı parçalamaq və dağıtmaq niyyəti güdən erməni siyasətinin proqram məqsədlərinin yerinə yetirildiyini əyani surətdə göstərirdi.
Erməni separatçılarına sərfəlidir ki, işğal edilmiş ərazilərdən olan məcburi köçkünlər nəinki əzəli torpaqlarına qayıtmaq uğrunda mübarizə üçün təşkilatlanmasınlar, əksinə, təriqət ehkamlarını qəbul edərək yeganə nicat yolunu hər şeyi unutmaqda, onların ailələrini doğma ocaqlarından didərgin salanları və yurdlarını viran qoymaları bağışlamaqda görsünlər.
Biz dini etiqad azadlığı prinsipini şübhə altına almırıq. Bu mövqe Azərbaycan Respublikasının Konstitusiyasında dəqiq əksini tapmışdır. Dini plüralizm bütün dini cərəyanların nümayəndələrinə münasibətdə tolerantlığın öncül olduğu Azərbaycan cəmiyyətinin əsaslarından biridir. Lakin Azərbaycanın heç bir vətəndaşı din pərdəsi altında antimilli təbliğat aparan, habelə dövlətçiliyin dağılmasına kömək göstərən, gələcək vətəndaş münaqişələrinin təməlini qoyan, ölkə vətəndaşlarını dini dözümsüzlüyə, dövlət və dünyəviliklə bağlı hər şeyə biganəliyə çağıran, müsəlmanların, təriqətçi olmayan xristianların və iudaistlərin baxışlarına qeyri-müqabil və dözümsüz münasibət göstərən təşkilatların qanun qarşısında labüd surətdə məsuliyyət daşıdığını da şübhə altına almamalıdır.
Başçıları bu və ya digər təriqətçi missioner təşkilatın üzvü olan bəzi qeyri-hökumət birlikləri Qərb donorlarından iri qrant alıcıları statusuna malik olmuşlar, halbuki onlarca digər qeyri-hökumət cəmiyyətləri də bu donorların diqqətindən kənarda qalmışdır. Beləliklə, üçüncü sektorun təsiri vasitəsilə həmin donor təşkilatların əsas ideyaları kütləvi şüura yeridilir. Lakin Azərbaycan cəmiyyətinin sağlam mənəvi-əxlaqi simasının formalaşmasında problemlər yaradan təkcə ölkəni incilləşdirmək məqsədi güdən təriqətçi missioner təşkilatları deyildi.
1997-ci ildə “Dini etiqad haqqında qanun”da xaricilərin Azərbaycan ərazisində missionerlik fəaliyyəti ilə məşğul olmasını qadağan edən dəyişikliklər olunması ölkənin incilləşdirilməsi təhlükəsinin qarşısını qismən alsa da, bu dini qurumların qeyri-qanuni fəaliyyəti və cəmiyyətin dini identikliyi problemi hələ də aktual olaraq qalır.
Yuxarıda qeyd etmişdik ki, müstəqillik əldə edəndən sonra Azərbaycan islamın Türkiyə, İran, Səudiyyə Ərəbistanı modellərinin ölkənin ictimai həyatında sınaqdan keçirilməsi üçün meydana çevrilmişdi. Müstəqillik qazanıldıqdan az sonra ölkədə İran tərəfindən maliyyələşdirilən çoxlu sayda mədrəsələr meydana gəldi. Ali məktəblərdə ilahiyyat fakültələri açıldı, burada Türkiyədən gəlmiş müəllimlər çalışırdılar. Səudiyyə Ərəbistanı və Küveyt xeyriyyə cəmiyyətləri Azərbaycanda çox böyük İslam Universitetinin tikintisini maliyyələşdirməyə başladılar.
Nəticədə, əhali Azərbaycan cəmiyyətinin eyniləşdirilməsinə imkan verən milli dini modeli axtarmaq dilemması qarşısında qaldı. Tamamilə aydındır ki, əhalinin əksəriyyəti müsəlman olan ölkə üçün qlobal qərbləşmə müstəmləkəçiliyi epoxasında cəmiyyətdə islamın rolu və yeri haqqında dəqiq müəyyən edilmiş xəttin olmaması ciddi nəticələrə gətirib çıxara bilər. Ən görkəmli islam alimlərindən olan Yusif əl-Kərdavi yazır: “Müstəmləkəçiliyin növlərindən ən təhlükəlisi ideya müstəmləkəçiliyidir. O, torpaqları deyil, zehnləri zəbt edir, zəka isə toplardan deyil, qələmdən istifadə edirE” Sosiomədəni məkanın bu cür müstəmləkələşdirilməsi “yeni demokratiyaların” transformasiyası nəticəsində baş verir.
Lakin cəmiyyətdə demokratik meyillərin genişlənməsi ilə müşayiət edilən liberallaşma dini kosmopolitizmə gətirib çıxarmamalıdır. Çünki müəyyən mənəvi-əxlaqi meyarlar və qaydalar olmadan cəmiyyət öz üzvlərinin kamil və hərtərəfli inkişafına təminat verə bilməz. SSRİ-də kommunist ideologiyası uzun illər boyu insanları dindən ayırmağa, onları sosial gerçəkliyi ateistcəsinə qavramaq ruhunda tərbiyə etməyə cəhd göstərmişdir. Lakin bu ideya-siyasi layihə iflasa uğradı. Bütün bu illər ərzində dini ənənələr qorunub saxlanaraq nəsildən-nəsilə ötürülmüşdür. Ona görə də dini siyasi konyunktura silahına çevirmək deyil, cəmiyyətə xidmətə yönəltmək çox əhəmiyyətlidir.
Azərbaycanda cəmiyyətin indiki dini qavrayışı bir neçə amilin təsiri altında formalaşır. Əvvəla, bu, keçmiş sovet dövründən miras qalan mənəvi-əxlaqi boşluğun doldurulmasıdır. SSRİ-nin süqutu dini ibadət müəssisələrinin mükəmməl şəkildə fəaliyyətə başlamasını, dini ənənələrin cəmiyyətə qayıtmasını, cəmiyyətin mənəvi-əxlaqi dayaqlarının təşəkkülündə dinin üstün rolunu şərtləndirdi. İkincisi, XX əsrin sonu XXI əsrin əvvəllərində dünyada gedən qlobal proseslər, – yəni, (1) keçid cəmiyyətlərində “islam dirçəlişi”, (2) Qərb və Şərq dünyalarının geosiyasi toqquşması, – əhalinin dini şüuruna əhəmiyyətli təsir göstərir. Əgər ötən əsrin ortalarında bəşəriyyət SSRİ ilə ABŞ arasında müharibə təhlükəsi qarşısında durmuşdusa, hazırda bu təhlükə sivilizasiyalı dünya ilə təəssüf ki, müəyyən siyasət nəticəsində müsəlman siması almağa başlayan terrorizm arasında müharibə qorxusudur.
Bir sıra tədqiqatçıların fikrincə, belə geosiyasi toqquşma dünyada islamın rolunun artması ilə bağlıdır. S.Hantinqton yazır: “Xristianlıq, ilk növbədə, başqa dinlərin tərəfdarlarını döndərmək yolu ilə, islam isə həm döndərmək hesabına, həm də əhalinin yüksək artımı vasitəsilə genişlənir. Ötən əsrin 80-ci illərində dünyada sayı ən yüksək həddə – 30 faizə çatan xristianların faiz nisbəti bərabərləşmişdir, hazırda isə aşağı düşür və yəqin ki, 2025-ci ildə onların sayı dünya əhalisinin 25 faizini təşkil edəcəkdir. Əhalinin son dərəcə yüksək templə artması nəticəsində dünyada müsəlmanların sayı böyük sürətlə armtaqda davam edərək üçüncü minilliyin əvvəlində dünya əhalisinin 20 faizinə çatacaq və sonrakı bir neçə il ərzində xristianların sayını ötərək ehtimal ki, 2025-ci ildə 30 faizə çatacaqdır”.
Üçüncüsü, transformasiya dövlətlərinin “siyasi modernləşmə”si cəmiyyətdə dinin rolunun güclənməsinə şərait yaradır, çünki yeni siyasi elita təşəkkül tapır. Tarixə müraciət etsək görərik ki, istər Qərbi Avropada, istərsə də Şərqdə din yönümlü siyasi qüvvələr dövlətin siyasi modernləşməsi dövründə və yeni sosiomədəni meyillərin təsiri ilə meydana gəlmişlər. Hərçənd Amerikanın “inkişafın sosiologiyası” nümayəndələri tərəfindən işlənib hazırlanmış “siyasi modernləşmə” nəzəriyyəsi Qərb sentrizmi yönümlü olduğundan islamın Afrika-Asiya dövlətlərinin ictimai-siyasi həyatına sabit təsir göstərməsi amilini nəzərə almırdı. Bu ictimai-siyasi həyat islamın din kimi spesifikliyi, başlıcası isə, həmin dövlətlərin ictimai inkişafının baş verdiyi tarixi, iqtisadi və siyasi şəraitlə bağlı idi.
Belə səhv araşdırma nəticəsində islamın rolu onun yayıldığı ölkələrin siyasi inkişafına, əslində, təsir göstərməyən amil səviyyəsinə endirilirdi, halbuki bunun tam əksi açıq-aşkar idi. Ona görə də “siyasi modernləşmə” mərhələsində transformasiya məkanlarının dünyəviləşməsindən son dərəcə ehtiyatla danışmaq lazımdır. Qlobal dini dirçəlişin digər təzahürləri kimi, islam dirçəlişi də eyni vaxtda həm modernləşmənin nəticəsi, həm də onunla əlbəyaxa döyüşə girmək cəhdidir”.
Modernləşmə prosesində ön səhnəyə, adətən, dini siyasi qüvvələr çıxır. Tədqiqatlar göstərir ki, onlar praktiki surətdə bu qəbil transformasiya cəmiyyətlərinə xas olan vahid xarakteristikalara malik olurlar. Ötən əsrin 70-ci illərinə nəzər salsaq, islam dəyərlərinin yayılmasının və cəmiyyətin “islamlaşdırılması”nın baş verdiyi oxşar meyilləri müşahidə edə bilərik. Bu, “islam dünyası”nda urbanizasiyanın görünməmiş sürəti, “kommunikasiya inqilabı”, əhalinin ənənəvi təbəqələrinin modernləşmə proseslərinə cəlb olunması ilə bağlı idi. Bu isə “kütlələrin görünməmitş miqyasda siyasətə cəlb edilməsinə” kömək göstərirdi.
Təbiidir ki, müasir dövrdə islamın ictimai şüura təsirindən danışmamaq və iyirminci əsrin sonunda “islam dirçəlişi”nin Şərq yarımkürəsinə təsirinə məhəl qoymamaq, əslində, on altıncı əsrin sonunda protestant reformasiyasının Avropa siyasətinə təsirini inkar etmək kimidir.
İslam hazırda Azərbaycanda kütləvi şüurun formalaşmasına müəyyən təsir göstərməkdə davam edir. Sosial və siyasi layihələr həyata keçirilərkən bunu nəzərə almaq lazımdır. Cəmiyyətdə dinin yeri həm tarixi, həm də sosial-siyasi amillərlə müəyyən olunmuşdur. Dünyada gedən proseslər, birüzlü qloballaşma müsəlmanların həyatında islam amilinin rolunu daha da gücləndirir, islam mədəniyyətində həmrəyliyin möhkəmlənməsinə və onun genişlənməsinə imkan yaradır. Azərbaycan (açığını deyəcəyik) “islam dirçəlişi”nin reallıqlarını öz üzərində hiss edir və təsadüfi deyildir ki, cəmiyyətdə islam problemlərinə maraq getdikcə artır. Şübhəsiz ki, “islam dirçəlişi”ndən bəhs edərkən biz heç də dövlətin dünyəvilik xarakterini itirməsinin mümkünlüyündən danışmırıq. Əksinə, biz qloballaşma epoxasında islamın modernləşməsindən, maarifçi islamdan danışırıq. Hesab edirik ki, müasir şəraitdə Türkiyənin laisizm (türkcə laiqlik-dünyəvilik) modeli Azərbaycanda maarifçi islam modelinin mümkün variantlarından biridir. Bu da təbiidir, çünki “islam dirçəlişi” bütövlükdə fundamental islahatı nəzərdə tutur və bu halda “oyanış ümumidir və heç də təkcə fərdi möminliyə aid deyildir”.
Dünyəvi dövlətdə din əzəldən cəmiyyətin ancaq mənəvi-əxlaqi yolgöstərəni olmalıdır, onun sosial-siyasi mövqeyi siyasi oyunlar və kombinasiyalar vasitəsinə çevrilə bilməz. Vətəndaşların kütləvi şüuru dini normaları ictimai-siyasi həyatda ülviləşdirməyə can atan müəyyən qruplaşmaların radikal-təməlçi əhval-ruhiyyəsinin və baxışlarının yalançı nümayiş meydanına çevrilməməlidir.
Cəmiyyətdə din amili lazımdır. Lakin təfəkkürün və informasiyanın sirkulyasiyası, qlobal təbəddülatlar və proqnozlaşdırılan “sivilizasiyaların toqquşması” erasında yalnız konfessiyalararası dialoq, tolerantlıq milli eyniyyəti qoruyub saxlamağa və onun postindustrial epoxaya keçməsinə imkan yarada bilər.
Çox vaxt dövlətlərin transformasiyası ilə yanaşı, milli eyniyyətin itirilməsi cəmiyyətin mükəmməl inkişafını ləngidən böhrana gətirib çıxarır. Buna görə də filosoflar, politoloqlar və sosioloqlar tez-tez deyirlər ki, bəşəriyyət “böhranın normallaşması” dövründə yaşayır, yəni, mövcud dünya nizamı daimi, xroniki ümumi böhrandan ibarətdir və bu böhran vaxtaşırı normallaşaraq dövlətlərin və cəmiyyətlərin qismən inkişafına kömək göstərir. “Tarixi təcrübə getdikcə qəhrəmanlıq eposundan acı bağırsaq kimi uzanan operaya çevrilir. Böhran və onun normallaşması haqqında deyilənlərin ən heyrətləndirici əlamətlərindən biri sosial dəyişikliklər və tarixi təkamül haqqında nikbin söhbətlərin iflasa uğramasıdır”.
Modernləşmə prosesində kütləvi şüurda dinin rolunun güclənməsi tez-tez baş verir. Lakin keçid cəmiyyətləri üçün relevant olan mədəni və mənəvi dini dəyərlər təməlçiliyə çevrilməməlidir. Hərçənd tarixi təcrübə göstərir ki, “təməlçilik daha çox əhalinin öz islam irsini bilən və bununla fəxr edən savadlı təbəqələrinin ideologiyasıdır. Bu, savadsız xalq kütlələrinin səfərbər edilməsində səmərəli vasitə ola bilsə də, onların dini deyildir”.
S.Hantinqton bu fikirdədir. O, davakar Misir islam qruplaşmalarının liderlərini təhlil edərək yazır: “onların çoxu iyirmi-otuz yaşlı gənclər idi. Səksən faizi tələbə, yaxud universitet məzunları idilər. Yarıdan çoxu elit kolleclərdən, yaxud tibb, mühəndislik kimi ən elmtutumlu texniki ixtisas sahələrindən idi. 70 faizdən çoxu “adi, lakin kasıb olmayan təbəqələrdən çıxmışdılar və ailələrinin ali təhsil almış ilk nəsli idilər”.
Aydındır ki, qloballaşma dövründə yeni siyasi elitalar formalaşdıran siyasi modernləşmə çox vaxt ön səhnəyə siyasi fəaliyyətdə mənəvi dəyərləri başlıca prioritet hesab edən və siyasi məkanı daha da təkmilləşdirməyə qadir olan texnokrat siyasətçiləri çıxarır. Türkiyənin təcrübəsi buna əyani misaldır. Lakin başlıcası budur ki, din, – istər islam, istərsə də xristianlıq, – dünyəvi dövlətdə siyasi hakimiyyətə çatmaq vasitəsi kimi istifadə edilməsin, dinin cəmiyyətdə ancaq mənəvi-əxlaqi oriyentir rolunu yerinə yetirməsini nəzərdə tutan səmərəli dövlətçilik xəttinə mane olmasın.
Əlbəttə ki, modernləşmə islamı sıxışdırıb aradan çıxarmaq cəhdi kimi qəbul edilməməlidir. Qərbin hazırda regionumuza tətbiq etdiyi ideya – cəmiyyət və dövlət həyatının modernləşməsi, vətəndaş cəmiyyətinin, hüquqi dövlətin qurulmasına kömək və i.a. – zamanın tələbidir. Lakin o, praktikada gerçəkləşdirilməyə başlayan kimi əhalinin savadlı təbəqələrinin bir qismində Qərbin niyyətlərinin səmimiliyinə şübhə yaranır, belə ki, bu niyyətlər ekspansiya cəhdi kimi təsəvvür edilir. Çox vaxt da bu şübhələr əsassız olmur.
Məsələ bundadır ki, qloballaşmanın təbiətinin məhdud mənada başa düşülməsi bəzi hökumətlərin qarşılıqlı asılılıqdan sui-istifadə etməsinin, birtərəfli siyasətin köməyi ilə ondan ancaq öz mənafeləri üçün yararlanmağa çalışmalarının səbəblərindən biridir. Bu zaman da tilsimli dairə yaranır: dəyişikliklərə getməmək, vaxtı ötüb keçmiş köhnədən yapışmaq olmaz; hər şey olduğu kimi qalsa, təsəvvür edildiyindən daha pis olacaqdır.
Modernləşmə yolu bəzən əhalinin geri qalmış hissəsinin, dini radikalizm tərəfdarlarının müqaviməti ilə rastlaşır. Bunu biz bu və ya digər formada Azərbaycanın müasir həyatında da müşahidə edirik. Lakin çətinliklər ictimai həyatın və dövlət həyatının yeniləşdirilməsinə mane olmamalıdır. Dünya birliyinin bir hissəsi kimi Azərbaycan bəşəriyyətin magistral inkişaf yolundan kənarda qala bilməz.
Qloballaşma dövründə ideologiya yaşarıdırmı? Bu sualın aktuallığı bütövlükdə dünyanın inkişafının gedişindən doğur. Lakin onun birmənalı cavabı yoxdur. Bizcə, dəqiq ifadə olunmuş inkişaf strategiyasına malik dövlət qurmaq üçün təkcə indiki nəsillər deyil, həm də gələcək nəsillər qarşıdakı konkret milli məqsədləri görməli və onlara doğru elə bu gündən irəliləməyə başlamalıdırlar.
Əvvəlcə, qlobal transformasiyalar dövründə milli ideyanın nə demək olduğu sualına cavab verməyə çalışaq. Bu, millətın, yaxud etnosun ümumi ali mənafelərini əks etdirən fenomendir, onu alimin və ya yazıçının kabinetində yaratmaq, quraşdırmaq olmaz. İnsanların zəkasına və ürəyinə səmərəli təsiri baxımından heç bir sosial ideya xalq ruhunun dərinliklərində yaşayan milli ideya ilə rəqabət apara bilməz və bu ideyanın daşıyıcısı yalnız xalqdır.
İdeologiya intellektualların yaratdıqları konsepsiyalarla məhdudlaşır və “elmi biliklərdən tutmuş, dinə qədər və həqiqiliyindən, yaxud saxtalığından asılı olmayaraq gündəlik məqbul davranış təsəvvürlərinədək” ictimai və fərdi şüurun bütün sahələrini əhatə edir. Bir sözlə, ideologiya ictimai və siyasi həyatı dolğunlaşdıran baxışlar və ideyalar sistemidir. Milli ideya yeni, əvvəllər mövcud olmayan reallıqlar yaradan insanın praktik fəaliyyəti prosesində gerçəkliyin dərk edilməsinin fəal əlaqə vasitəçisidir.
İdeyalar kütlələrə nüfuz etdikdə maddi qüvvəyə çevrilir; bu, ideyaların təşkiledici, səfərbəredici və dəyişdirici fəaliyyəti olmadan ictimai həyatın maddi bazisinin inkişafının vaxtı çatmış məsələlərini həll etməyin mümkünsüzlüyünü iddia edən marksizmin müddəasıdır. Eyni zamanda, adi şüurun “nəzəriyyəsizliyini” ehkamlaşdırmaq və onu yalnız ictimai psixologiya ilə bağlamaq da düzgün deyildi. İdeologiyanın sinfin “mütəfəkkirləri” tərəfindən yaradıldığını hesab edən Marks, bununla belə, inkar etmirdi ki, “bütün sinif öz maddi şəraiti və müvafiq ictimai münasibətlər zəminində” təkcə “xüsusi duyğular və xəyallarını” deyil, həm də “düşüncə və dünyagörüşü tərzlərini” yaradır.
Müasir sosial fenomonologiya hesab edir ki, davranışın tənzəimlənməsi dəyərləri və mənafeləri konseptuallaşdıran “gündəlik nəzəriyyələr”in köməyi ilə həyata keçirilir. Bu zaman nəzəriyyənin gündəlik həyatda mənimsənilməsi “artıq davranışın mədəni formanın zahiri tələblərinə uyğunlaşması praktikasında başlayır və davranışın rəmzi cəhdlərinin mənasının tədricən izah edilməsi, başa düşülməsi və dəqiqləşdirilməsi səciyyəsi daşıyır”.
Hazırda yeni minilliyin milli ideologiyası həm Qərbin, həm də qeyri-Qərbin, həm “yeni sağlar”ın, həm də “yeni sollar”ın, bəlkə də “yeni mərkəzçilər”in də, ən yeni nəzəri və ideya-siyasi doktrinalarını süzgəcdən keçirmədən formalaşdırıla bilməz. Keçid, transformasiya dövrü şəraitində bəzən bu proses ictimai şüurda gözə çarpmadan gedir.
Sivilizasiyaların, dövlətlərin, siyasi rejimlərin tarixi sübut edir ki, aydın şəkildə ifadə edilmiş məqsədli yollar göstərilmədən, oykumendə öz yerini müəyyənləşdirmədən, özünün “Mən-sivilizasiya”sını qoruyub saxlamağın təminatı sayılan dəyərlər və əxlaq sistemi olmadan sabit və inkişaf edən birliklər olmur. Bunlar dini baxışlarda, ictimai şüurda, dövlət aktlarında, tərbiyə və təhsilə dair məqsədli göstərişlərdə, nəhayət, milli ideologiyada əks olunmuşdur. Onların sayəsində insan öz dünyasını adekvat şəkildə qavrayır, öz sivilizasiyasının xüsusiyyətlərini mənimsəyir, siyasi və sosial məkanda şüurlu şəkildə hərəkət edir.
Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında 2001-ci ildə imzaladığı fərmanlar, milli-mənəvi dəyərlərin qorunub saxlanması məsələləri barədə Azərbaycan xalqına müraciəti təkcə keçmişə ehtiram əlaməti, yaxud qoruyucu mühafizəkar əhval-ruhiyyənin təzahürü deyildir. Bu, zamanın tələblərinə, modernləşməyə keçid dövrünü yaşayan ölkələrdə milli sosiomədəni prioritetləri siyasi prosesindən kənarlaşdırmağa qadir olan qloballaşmanın tələblərinə cavab idi. Milli yönümlü belə siyasətin əsasında öz xalqının tarix və mədəniyyətini, onun milli mentalitetinin mahiyyətini, mənlik şüurunu və milli “Mən”ini qoruyub saxlamaq səyləri durur.
Qeyd edək ki, bütün bunların əsasını milli ideologiya təşkil edir. Bu, son dərəcə mühüm fenomendir, çünki SSRİ-nin süqutundan sonra Azərbaycanın keçirdiyi sosiomədəni böhranın başlıca səbəbi ənənəvi dəyərlərin və normaların tənzimləyici rolunun aşağı düşməsi idi. Bütün bunlar ənənəvi dəyərləri əvəzləyən, lakin hələ kök salmağa macal tapmayan universal dəyərlərin sürətlə ucuzlaşması fonunda baş verirdi. Böhranın aradan qaldırılması, cəmiyyətin yeni dəyər və mənəvi-etik seçim kimi milli birlik əsasında makrososial inteqrasiya üsullarının axtarışı ciddi problem olaraq meydana çıxmışdı. Nəticədə, sosial inteqrasiyanın və makrososial tənzimləmənin əldə olunmuş səviyyəsi saxlanılmaqla, universal göstərişlərin rolu güclənməyə başladı.
Bəşəriyyət tarixində belə vəziyyətlər dəfələrlə olmuşdur. Ancaq əsl milli mənafeləri yanlız yeni, modernləşməyə yönəlmiş, universal və milli başlanğıcların bərabərliyini qəbul edən ideologiya müdafiə edə bilər. XVI əsrdə İngiltərədə puritanlığın yayılmasına cavab olaraq, XVIII-XIX əsrlərdə kontinental Avropada Fransa inqilabının gətirdiyi dəyişikliklərə cavab olaraq, XX əsrdə sovet təhlükəsi ABŞ-da mühafizəkarları liberal dəyərlərin və təsisatların müdafiəçisinə, liberalları isə öz milli prioritetlərinin müdafiəsi üçün klassik liberalizmin ifadəçilərinə çevirəndə meydana çıxan konservatizm belə idi.
Dünya azərbaycanlılarının 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən birinci qurultayını da bu mövqedən şərh etmək lazımdır. Məsələ bundadır ki, millətin gücünü təkcə onun birliyi və monolitliyi deyil, həm də milli özünüdərki və mentaliteti qoruyub saxlamaq səyləri müəyyən edir.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev öz fəaliyyəti ilə bizə məhz bu həqiqəti çatdırmışdır. Ona görə də Azərbaycanın yeni nəsildən olan siyasətçilərinin tarixi legitimliyinin dərəcəsi bu nəslin rasional siyasi xəttinə varisliyi, onun mədəniyyət səviyyəsinə, təfəkkür tərzinə uyğunluğu ilə ölçüləcəkdir.
Qloballaşma və qərbləşmə kontekstində Azərbaycanın modernləşməsi necə olmalıdır? Qərbləşməni rədd edərək və milli “Mən”i qoruyub saxlayaraq modernləşə bilərikmi? Cavab həm sadə, həm də mürəkkəbdir. Bu tarixi yolu bütün Cənub-Şərqi Asiyanın əslində, bütün ölkələri keçmişdir. Yaponiya intellektuallarının modernləşmə konsepsiyası “Qərb texnologiyaları, yapon ruhu” aforizmi idi.
Azərbaycanda 1993-cü ildən başlayan modernləşmə ideologiyası çoxcəhətliliyi sayəsində səmərəli olmuşdur. O, inkişafının ilk səviyyəsində ideologiyaya az bənzəyirdi, daha çox qloballaşma şəraitində ölkənin strateji inkişaf konsepsiyası funksiyasını yerinə yetirirdi.
Modernləşmə ideologiyasının 1996-cı ildə formalaşan ikinci və əsas səviyyəsi ölkə əhalisinin ən fəal hissəsini özünə cəlb etdi. Bu səviyyədə yeni mühafizəkarlıq, liberalizm, sosializm və vətənpərvərlik prinsipləri vəhdət halında birləşdi. Digər ölkələrlə müqayisədə dünya kontekstində onlara çatmaq və regional kontekstdə isə qabaqlayıcı inkişaf ideyası modernləşmənin milli ideologiyasının əsası oldu. Bu ikili məqsəd ölkəmizdə son iki yüz ildə tətbiq edilmiş “müstəmləkə şüuru” komplekslərinin aradan qaldırılmasına kömək göstərir.
Milli ideologiyanın inkişafının üçüncü səviyyəsi cəmiyyətdə antimodernizm ovqatını “söndürə”, ənənəçilik təzahürlərinin qalıqlarını neytrallaşdıra bilən kənar amortizator rolu oynamalı idi. Beləliklə, milli ideologiya əhalinin obyektiv olaraq ölkənin modernləşmə yolu ilə irəliləməsinə müqavimət göstərən təbəqələrinə yönəlmişdi. Bu zaman başlıca vəzifə Azərbaycanda sosial və texnoloji dəyişiklikləri həyata keçirmək, habelə milli mədəniyyətin özünəməxsusluğunun qorunub saxlanmasına təminat vermək, etibarlı sosial müdafiəni və əlbəttə, şəxsiyyət azadlığını təmin etmək, beləliklə də, iqtisadi səmərəliliyi sosial ədaləti ilə birləşdirmək idi.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

3 Şərh var
Şərh yazın »

  1. Bizim chevreye xosh geldiniz,Ramiz muellim. “Alma”qezetindekoshelerinizi gozleyirik.

  2. Salam Ramiz muellim.
    Yazinizi oxumadim, amma DIA-da bize deyilen muhazirelerden xatirladim.
    Ramiz Muellim, Almaniyada “Qloballashma ve Alman geleceyi” QHT+nin rehberi xanim Roberts “Newsweek” jurnalina verdiyi mwsahibesinde teqriben bele deyir: “Bu tehsil sistemi ile biz (Almaniyani nezerde tutur)boyuk itkiler vereceyik. Tehsil sistemimizde islahatlara ehtiyaz var”.
    Ramiz Muellim, sizce Aze bu cur tehsil sistemi ile qloballashma prosesinde ne elde ede biler?
    SS: Ramiz muellim, cox isterdim ki, mene dolgun formada cavab yazasiniz. Ishlerinizde ugurlar…
    Hormetle kecmish telebeniz Abbas.

  3. “…Milli ideologiyanın inkişafının üçüncü səviyyəsi cəmiyyətdə antimodernizm ovqatını “söndürə”, ənənəçilik təzahürlərinin qalıqlarını neytrallaşdıra bilən kənar amortizator rolu oynamalı idi. Beləliklə, milli ideologiya əhalinin obyektiv olaraq ölkənin modernləşmə yolu ilə irəliləməsinə müqavimət göstərən təbəqələrinə yönəlmişdi. Bu zaman başlıca vəzifə Azərbaycanda sosial və texnoloji dəyişiklikləri həyata keçirmək, habelə milli mədəniyyətin özünəməxsusluğunun qorunub saxlanmasına təminat vermək, etibarlı sosial müdafiəni və əlbəttə, şəxsiyyət azadlığını təmin etmək, beləliklə də, iqtisadi səmərəliliyi sosial ədaləti ilə birləşdirmək idi…”

    Məncə, Ramiz müəllimin fikirlərini qəribçiliyə salmaq lazım deyil: çox ciddi və maraqlı düşüncə malidır…

Şərh yazın