Kitab Klubu oktyabrdan başlayaraq bu il ərzində iki yeni layihə həyata keçirəcək. APA-nın məlumatına görə, bu barədə klubun direktoru Elxan Rzayev bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, “Xarici ölkələrin kitabları” adlanan ilk layihənin məqsədi xarici ölkələrdə nəşr edilmiş kitabların Azərbaycanda nümayişini həyata keçirməkdir: “Bu layihə çərçivəsində xarici ölkələrin Azərbaycandakı nümayəndələrinin kitabxanalarından və ölkələrin özündən alınmış kitabların nümayişi həftə ərzində həyata keçiriləcək. Tədbir zamanı oxucular kitablara baxmaq, oxumaq, sifariş etmək, satışda olanları isə əldə etmək imkanına malik olacaq. Kitabları nümayiş etdirilən ölkənin nümayəndələri ilə görüşlər və kitabların müzakirəsi də nəzərdə tutulur”. E. Rzayev bildirib ki, “Sınaq nüsxəsi” adlanan ikinci layihə Kitab Klubu və Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu tərəfindən həyata keçiriləcək. Layihənin əsas məqsədi hələ nəşr edilməmiş əsərlərin müsabiqə yolu ilə seçilməsi, rəyə göndərilməsi və abunəsinin təşkil edilməsi vasitəsilə kitab bazarının subyektlərini fəallaşdırmaqdır.
« İçərişəhərin baş planı təqdim olunub | Əsas səhifə | Məşhur “Xaç atası” filminin rejissoru Frensis Ford Koppolanı qarət ediblər »




Bölmə: 








