Ələkbər Tağızadə “Bakıda hər il “Qızıl Payız” olacaq”

Yazar: Admin | Bölmə: Musiqi | Tarix: 29 Eylül, 2007

Ələkbər TağızadəOktyabrın 4-dən 7-nə qədər Bakıda “Qızıl payız” musiqi festivalı keçiriləcək. Bununla da Azərbaycan paytaxtında keçən əsrin 60-cı illərinin ortalarında əsası qoyulmuş gözəl musiqi ənənəsi yenidən canlanır.
Festival haqqında onun təşkilatçılarından biri – “Procent” prodüsser mərkəzinin baş direktoru Ələkbər Tağızadə ilə söhbət edirik.

- “Qızıl payız”ın keçirilməsi ideyası necə yarandı?
- Bizim həmvətənlərimizin çoxu xatırlayır ki, 60-cı illərin ortalarında “Qızıl payız” adlı festival son dərəcə məşhur idi. Bütün İttifaqdan və sosialist düşərgəsindən musiqiçilər Bakıda toplaşırdılar, bu, artıq mühüm hadisə idi. Bizim dahi musiqiçilərimiz Vaqif Mustafazadə, Rafiq Babayev bu festivalın iştirakçıları olublar. Tədricən payız festivalları əhəmiyyətini itirirdi, hətta tamamilə yox olurdu. Sonradan estrafa festivallarının keçirilməsinə cəsarətsiz cəhdlər olundu, onlar sayəsində bizim bir çox estrada müğənnilərimiz məşhur oldular.
- Siz ənənəni yenidən bərpa etmək qərarına gəlmisiniz?
- Bəli, belə bir ideya yaranıb – illik musiqi festivalı. Əgər belə bir imkan varsa, niyə ondan istifadə etməyək və öz gündəlik həyatımıza daha bir bayram əlavə etməyək. Bu layihə çox maraqlı və perspektivli bir layihə kimi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təqdir və dəstəyini alıb. O saat qərara gəldilər ki, festivallar mütləq tematik olmalıdır, yəni hər il ümumi “Qızıl Payız – Bakı” musiqi festivalı adı altında müxtəlif tədbirlər keçiriləcək. Bu, məsələn, klassik musiqi festivalları, blyuz, estrada musiqisi və s. Bir sözlə, YAXŞI musiqi festivalı.
- Bu payız hansı musiqi üslubu səslənəcək?
- Bu il festivalda vokal ifaçıları, xüsusən, çıxışlarında musiqi alətlərindən istifadə etməyən vokal akapel qrupları öz məharətlərini göstərəcəklər.
- Niyə məhz akapel qrupları, festival təcrübəsində belə bir şey olub?
- Bu hədsiz dərəcədə maraqlıdır, yalnız səslərlə, hər-hansı musiqi alətindən istifadə olunmadan məşhur kompozisiyalar ifa olunur, nəticədə bu kompozisiyalar orijinal, tamamilə yeni səslənmədə alınır. Son dərəcə qeyri-adidir, amma hərdən hətta inanmaq da çətindir ki, vokalçılar instrumental müşaiyət olmadan çıxış edirlər! Bakıya dəfələrlə ən müxtəlif və çox nüfuzlu müsabiqələrdə və festivallarda ad qazanmış çox məşhur kollektivlər, Avropanın ən yaxşı qrupları gələcək. Yeri gəlmişkən, çox xoş bir faktdır ki, onların çoxu bizim “Qaya”nın yaradıcılığı ilə yaxşı tanışdır! Və kimlər üçünsə bizim məşhur kollektivimiz hələ də çoxsəsli ifa nümunəsi olaraq qalır. Əlbəttə ki, bu halda biz festivalın sahibləri kimi canlı əfsanə – Rauf Babayevin rəhbərlik etdiyi, bu ildən “Qaya” dövlət ansamblı adı almış “Bəribax” qrupunu dəvət etməyə bilməzdik. Vokal-instrumental kollektivlərin çıxışları da maraqlı olacaq. Bu, etnik musiqini ənənəvi ispan motivləri ilə sintezdə ifa edən Gürcüstanın “Shin” qrupu və Böyük Britaniyanın “Clive Brown & The Shekinah Singers” qrupu – kilsə nəğmələrini müasir, oynaq ritmlərlə çox maraqlı şəkildə sintez edən klassik qospeldir.
- Deyəsən festivalın açılışı təntənəli olacaq?
- Əlbəttə. Bu günə xüsusi festival himni yazılıb, bu himni oktyabrın 4-də “Arena” dövlət ansamblının müşaiyəti ilə yeni “Qaya” ifa edəcək. Ümumiyyətlə, biz elə etmək istəyirik ki, festival yüksək səviyyədə keçsin.
- Festivalın proqramı haqqında bir qədər ətraflı…
- Artıq dediyim kimi, oktyabrın 4-də saat 19:00-da Filarmoniyanın səhnəsində “Qaya” Azərbaycan Dövlət Ansamblı “Arena” dövlət ansamblı ilə birlikdə “Qızıl payız – Bakı 2007” Musiqi Festivalını açacaqlar. Onların ardınca şəhərimizin birinci qonağı – Latviyanın “Kosmo” qrupu çıxış edəcək. Festivalın ikinci günü Xəqani küç. 10-da yerləşən Azərbaycan Teatr Xadimləri İttifaqının tamaşaçı zalında keçiriləcək. Burada festivalın ən təcrübəli iştirakçılarından biri –Ukraynanın 1994-cü ildə yaranmış ManSound akapel seksteti çıxış edəcək. Sonra proqramı Belorusiyanın çox maraqlı “Kamerata” qrupu davam etdirəcək.
Oktyabrın 6-da Filarmoniyada Rusiyanın məşhur A’Capella Express qrupu və Gürcüstanın “Shin” vokal-instrumental qrupunun konserti keçiriləcək.
Festivalın bağlanış mərasimi oktyabrın 7-də Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Həmin gün “Qaya” qrupu öz proqramı ilə çıxış edəcək, sonra isə Böyük Britaniyanın “Clive Brown & The Shekinah Singers qrupu.
- Sürprizlər olacaq?
- Ümid edirəm ki, yalnız xoş sürprizlər olacaq.
- “Qızıl payızın” Beynəlxalq Caz Festivalından dərhal sonra keçirilməsinin bir az riskli addım olduğunu düşünmürsünüz?
- Niyə ki. Ümumiyyətlə festivallar çox və ya az ola bilməz, əsas odur ki, bu, yaxşı olsun. Yəqin ki, yaradıcı insanların müxtəlif forumlarda görüşmələri, nə isə yeni bir şey öyrənmələri, öz təkliflərini vermələri heç də pis deyil. Və bir də… Təəssüf ki, ölkəmiz haqqında onun hüdudlarından kənarda lazımi təsəvvür yoxdur. Bax, məsələn, dəvət olunmuş kollektivlərdən biri “ağır hərbi vəziyyət” olduğuna görə bura gəlməyə ehtiyat edib. Bəs mədəniyyət layihələri kimi istənilən ölkə ilə ən tez tanışlığa nə şərait yaradır? İstənilən festivallar, müsabiqələr, konsertlər mədəni sərhədlərin genişlənməsinə şərait yaradır.
- Təşkilat – ağır işdir. Siz bununla necə bacarırsınız və prodüser mərkəzinin rəhbəri kimi, bu növ festivallardan nə gözləyirsiniz?
- Ağır işdir, razıyam. Hər addımda çətinliklər meydana çıxır. Elə buna görə də Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, nazirliklərin və idarələrin təşkilat işində iştirakı, dəstəyi çox dəyərlidir. Xüsusən, festivalın təşkilatı üzrə “Lider” media-holdinq əməkdaşlarının böyük işini qeyd etmək istəyərdim, onlar, xüsusilə, festival iştirakçılarının gəlməsindən hələ çox əvvəl Minskdə, Kiyevdə, Riqada, Moskvada və Tbilisidə onlarla görüşlər keçirib, müsahibə yazıb və tədbirə hazırlıq işləri həyata keçiriblər.
Sualınızın ikinci hissəsinə gəldikdə isə, bunu deyəcəm: bu növ tədbirlərin təşkili prodüsser mərkəzinin işini canlandırmaq, onu daha dinamik etmək imkanı verir. Bu yeni maraqlı tanışlıqlar, mədəni əlaqələrin qurulması və s.-dir. Biz çox ümid edirik ki, festivalımız yalnız bakılıların sevimlisinə çevrilməyəcək. İstərdik ki, “Qızıl payız – Bakı” ən məşhur və nüfuzlu festival olsun. İştahlıyıq? Niyə də yox?! Yalnız istəmək lazımdır…

Samirə Nəcəf / Contact

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın