Qaynar xəbər portalı

Kitab dünyası


47 yaşlı teatr maliyyə problemləri içində boğulur

Zaqatala Xalq Teatrına bu ad 1960-cı ildə verilib. Ona qədər aktyorlar dram dərnəyində birləşərək fəaliyyət göstəriblər. Teatrda ilk tamaşaya qoyulan əsər Cəfər Cabbarlının “Sevil” dramı olub. Teatrın aktyoru, eyni zamanda, rejissoru olan Bayram Qurbanov “Ayna”ya açıqlamasında bildirdi ki, yarandığı dövrlərdə teatra həvəskar qruplar gəliblər. Beləcə teatr formalaşmağa başlayıb. Teatrın bugünkü fəaliyyətindən söhbət açan müsahibim qeyd etdi ki, ilk dövrlərdə xalq teatrında iki böyük və kiçik həcmli əsər səhnəyə qoyulurdu.
- Hazırda ildə bir əsəri tamaşaya zorla qoyuruq. O vaxtlar həvəskarlarımız təmənnasız olaraq teatrda aktyorluq edirdilər. Bəzən elə olurdu ki, bir obrazın iki-üç dublyoru olurdu. Həvəskarların azalması maddi problemlərlə bağlıdır. Təəssüflər olsun ki, ştat cədvəlində aktyor yoxdur. Vaxtilə xalq teatrı olduğu üçün teatrda həvəskar qruplar çıxış edirdilər. İndi isə belə kömək yoxdur. Tamaşaların hazırlanması üçün bizə kömək lazımdır. Yerli bələdiyyələr teatra köməklik göstərmir. Çox yerlərə müraciət edilib, ancaq yardım əlini uzadan tapılmayıb.
Əfsuslar olsun ki, aktyorlara məvacib verə bilmirik. Onlar da başqa sahələrə üz tuturlar. Həvəskarları tamaşalara cəlb etmək lazımdır. Əgər onları teatra gətirə bilsək, biz hər il ən azı bir tamaşa hazırlaya bilərik. Yaşadığımız çətinliklərə baxmayaraq, əksər rayonlardan fərqli olaraq rayonda xalq teatrı hələ də fəaliyyət göstərir. Öz zəhmətimlə teatrı dağılmaqdan xilas etmişəm. Keçən il teatrda müasirləşdirilmiş “Məşədi İbad” əsərini tamaşaya qoymuşuq. Əsər bəyənilib, nəticə göz qabağındadır.
Onu da deyim ki, sovet dövründə teatra maraq böyük idi. Xatırladım ki, zaqatalalılar teatral əhalidir. Balacadan böyüyə qədər hamı tamaşaları sevərək izləyir. Bəzən yaşlılar məndən soruşurlar ki, teatrda yeni tamaşalar niyə oynanılmır? Cavabım da belə olur ki, bizə şərait yaradılmır.
- Tamaşaların qoyulmasına vəsait ayrılmadığı vaxtda rejissorlar nə işlə məşğuldurlar?
- Xalq teatrında tək rejissor mənəm. Səhnədə tamaşalar göstərilmədiyindən başqa rejissora ehtiyac yoxdur. Bizdə məvacib həddindən artıq aşağıdır. Xalq teatrının rejissoru 80 manat məvacib alır. Həmçinin rayonda keçirilən bütün tədbirlərdə həm aparıcılıq edirəm, həm də ssenarilarin yazılmasına yardım edirəm. Əgər məvacib artırılarsa, aktyorları teatra cəlb etmək rahat olacaq. Bəzən fikirləşirəm ki, niyə bu qədər az məvacibə qane oluruq. Həvəskar qrupla gecə saatlarına qədər məşqlər edirik. Çünki biz bu sənətin vurğunuyuq. Bütün çətinliklərə baxmayaraq, xalq teatrını yaşadırıq. Bizə yardım köstərilməlidir. Bu işdə bizə mədəniyyət idarəsi, yerli rayon icra hakimiyyəti yardım köstərməlidir. Bələdiyyələrə tapşırılmalıdır ki, onlar teatra maliyyə dəstəyi göstərsinlər. Biz də hər il tamaşaçılar üçün tamaşalar hazırlayaq.
- Dediniz ki, ötən il bir yeni tamaşa səhnələşdirmək mümkün olub. Maliyyə imkanlarının məhdud olduğu şəraitdə dekorasiyalara, aktyorların geyimlərinə haradan pul tapdınız?
- Libaslar 40 il əvvəl tikilənlərdir. Hətta qrim tapmaqda çətinlik çəkirik. Texniki təchizat sıfır səviyyəsindədir. Vaxtilə teatrın illik fəaliyyəti haqqında hesabat soruşulurdu. Mədəniyyət şöbəsində müzakirələr aparılırdı. Amma indi bu məsələ ilə maraqlanan tapılmır. Sevindirici haldır ki, ölkə başçısı teatrların maddi bazasının gücləndirilməsi, təchizatının yaxşılaşdırılması barədə fərman imzalayıb. Amma deyəsən, bu məsələ məmurları maraqlandırmır.
- Paytaxt teatrının rejissorları əsər qıtlığından gileylənir. Bəs Zaqatalada necə?
- Son illərdə ümumiyyətlə, teatr aləmində əsər qıtlığı yaşanır. Məsələn, biz çox istərdik ki, Qarabağ mövzusunda yazılan əsərləri səhnələşdirək. Bu mövzuda yazılmış əsərlər gənclərimizə yaxın tariximiz barədə geniş məlumat verə bilər. Onların vətənpərvərlik ruhunda tərbiyə olunmasına yardım göstərər.
- Sizcə, sanballı əsərlərin yazılmaması nə ilə bağlıdır?
- Bilirsiniz, bizim yazarlarımız rahat yol seçiblər. Hər yerindən duran şeir yazır. Yazarlar tərəfindən yazılan əsərlər isə dövlət teatrlarına təqdim olunur. Xalq kollektivləri üçün əsər yazılmır. Ona görə də teatrlar məcburiyyət qarşısında qalıb ötən əsrdə yazılan əsərləri tamaşaya qoyurlar. /AYNA/






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: