“Nurlan” nəşriyyatında şairə və tədqiqatçı Nuridə Atəşinin Məhəmməd Əsəd Bəy haqqında yazdığı “Yüz ilin sirləri” kitabı çapdan çıxıb.
N. Atəşinin APA-ya verdiyi məlumata görə, kitabda Əsəd Bəy haqqında arxiv sənədləri, yazıçının məktubları, əlyazmaları, xüsusi ilə onun “Qurban Səid” təxəllüsü ilə yazmış olduğu “Sevgidən bixəbər kişi” romanının əlyazmasının bir hissəsi dünya mətbuatında ilk dəfə nəşr edilib. Avropa arxivlərində Əsəd Bəyin ilk azərbaycanlı tədqiqatçısı olan N. Atəşi onun Almaniya, İsveçrə və İtaliya arxivlərində olan sənədlərini ilk dəfə olaraq nəşr etdirmək üçün xüsusi icazə alıb. Kitaba Bundestaqın üzvü, Qafqaz Dostluq Qrupunun sədri Steffen Rayxe ön söz yazıb. O, tədqiqatçının kitabının ən qiymətli incisi olaraq Əsəd Bəyin “Qurban Səid” təxəllüsü ilə yazmış olduğu “Sevgidən bixəbər kişi” əlyazmasının bir hissəsinin dünya çapında ilk dəfə nəşrini göstərib. Ön sözündə S. Rayxe Azərbaycan xalqının dünya şöhrətli yazarının bu tədqiqat kitabı ilə vətəninə geri qayıtdığını vurğulayıb, Azərbaycan xalqından öz dahisinə qucaq açmasını təmənna edib.
Qeyd edək ki, kitabın təqdimat mərasimi oktyabrın 16-da keçiriləcək. Həmin vaxt Azərbaycanda səfərdə olacaq Bundestaq millət vəkilləri və nümayəndə heyətinin rəhbəri, kitabın ön sözünün müəllifi, hər iki dövlətdən Əsəd Bəy layihəsini ilk olaraq dəstəkləyən və onun haqqında çəkilən filmdə iştirak edən S. Rayxe də təqdimat mərasimində iştirak və çıxış edəcək. Təqdimat mərasimində, eyni zamanda, Əsəd Bəy haqqında Almaniyada film çəkən rejissor və ssenarist Ralf Marşallek də iştirak edəcək, film üçün çəkilişlər aparacaq.
Sonda N. Atəşi Azərbaycan xalqının, ictimaiyyətinin böyüklük və müdriklik göstərərək, dünya şöhrətli dahisinə - Əsəd Bəyə qucaq açacağına, sahib çıxacağına ümid etdiyini vurğulayıb.
« Xose Karrerasın konserti üçün biletlər 80, 300, 400 və 500 manata satılır | Əsas səhifə | Bakıda Türkiyə, Qazaxıstan və Özbəkistan kitabları həftəsi keçiriləcək »




Bölmə: 








