Muğam Teatrında fonoqram oxumağa qadağa qoyulub

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 16 Ekim, 2007

Muğam Teatrında fonoqram ifaya qadağa qoyulub. Bu barədə APA-ya məlumat verən teatrın direktoru Arif Qazıyev bildirib ki, teatrda bu fərmana qədər də müğənnilərin canlı oxumasına xüsusi diqqət yetirilib. A. Qazıyevin sözlərinə görə, teatrda fonoqrama qarşı çıxan ilk şəxslərdən biri onun özüdür: “Müğənnilərə demişəm ki, siz Allah, bizi biabır eləməyin, bu məbəddə fonoqram olmaz. 1988-ci ildə Muğam Teatrını yaradanda əsas məqsədim o idi ki, burada yalnız canlı ifa səslənəcək. Buranın akustikası o qədər gözəldir ki, hətta mikrofonla oxumaq adama ayıb gəlir. Muğam Teatrında əsasən muğam ifaçıları çıxış edirlər. Onların da səsi, zəngulələri var. Arada elə olub ki, burada keçirilən tədbirdə iştirak etməli olan müğənni xəstələnib. Ancaq o halda fonoqrama icazə vermişik. Fonoqram insanları aldatmaq deməkdir. Bizim Ağacəbrayıl müəllimin rəhbərlik etdiyi gözəl ansamblımız var. Respublikada bizim ansambldan yaxşı ansambl yoxdur”.
A. Qazıyev bildirib ki, Muğam Teatrında fonoqram oxumağa cəhd göstərən müğənnilər çox olub: “Mən həmişə fonoqram oxuyanlara qarşı çıxmışam. Səsiniz yerində deyilsə, oxumayın və yaxud aşağıdan oxuyun. Çox müğənnilər var ki, fonoqram oxumaq istəyirlər. Çünki onların imkanı buna çatır, sənətləri fonoqramdadır. Onlar canlı oxuya bilmirlər axı. Fonoqram oxumağa əsasən şou-biznes nümayəndələri cəhd göstərirlər. Onlar toylarda, restoranlarda oxuyurlar. Qoyurlar fonoqramı, yüksək səs aləmə yayılır, ağız deyəni qulaq eşitmir. Toyda bir kəlmə qohumun, tanışınla söhbət edə bilmirsən”.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın