Nuridə Atəşinin Məhəmməd Əsəd Bəy haqqında yazdığı kitabın təqdimat mərasimi keçirilib
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 16 Ekim, 2007Bu gün Muğam Teatrında yazıçı-tədqiqatçı Nuridə Atəşinin Məhəmməd Əsəd Bəy haqqında yazdığı “Yüz ilin sirləri” kitabının təqdimat mərasimi keçirilib.APA-nın məlumatına görə, tədbirdə çıxış edən Nuridə Atəşi bildirib ki, “Nurlan” nəşriyyatında çap olunan kitabda Əsəd Bəy barədə arxiv sənədləri, yazıçının məktubları, əlyazmaları, xüsusi ilə onun “Qurban Səid” təxəllüsü ilə yazmış olduğu “Sevgidən bixəbər kişi” romanının əlyazmasının bir hissəsi dünya mətbuatında ilk dəfə nəşr edilib: “Mən Avropa arxivlərində Əsəd Bəyin ilk azərbaycanlı tədqiqatçısı olaraq, Əsəd Bəyin Almaniya, İsveçrə və İtaliya arxivlərindəki sənədlərinin dünyada ilk dəfə nəşri üçün xüsusi icazə almışam. Kitaba Bundestaqın üzvü, Qafqaz Dostluq Qrupunun sədri Steffen Rayxe ön söz yazıb. Uzun mübarizədən sonra bu kitabı çap etdirdiyim üçün çox sevinirəm”. Azərbaycanda rəsmi səfərdə olan Almaniya nümayəndə heyətinin rəhbəri, kitabın ön sözünün müəllifi Steffen Rayxe tədbirdə çıxış edərək, kitabın işıq üzü görməsini olduqca yüksək qiymətləndirib. O, tədqiqatçının kitabında Əsəd Bəyin “Qurban Səid” təxəllüsü ilə yazdığı “Sevgidən bixəbər kişi” əsərinin əlyazmasının bir hissəsinin dünya çapında ilk dəfə nəşrini xüsusi qeyd edib: “Gələn il “Almaniyada Azərbaycan İli” keçiriləcək. İnanıram ki, həmin il çərçivəsində keçiriləcək tədbirlərdə Məhəmməd Əsəd Bəyə və “Əli və Nino”ya həsr olunmuş tədbirlər də yer alacaq. Məhəmməd Əsəd Bəy Azərbaycanda anadan olub və almanca yazıb-yaradıb. Ümidvaram ki, ilin sonuna kimi onun haqqında lentə alınan sənədli filmin çəkilişləri də başa çatacaq”. Tədbirdə çıxış edən Almaniyanın ölkəmizdəki səfiri Per Ştankina iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə bir sıra addımların atılacağını deyib. Səfir bildirib ki, Məhəmməd Əsəd Bəyə həsr olunmuş film gələn il Almaniyada keçiriləcək Azərbaycan İlində nümayiş olunacaq. Tədbirdə iştirak edən Məhəmməd Əsəd Bəy haqqında çəkilən filmin rejissoru və ssenari müəllifi Ralf Marşallek də filmin yüksək səviyyədə hazırlanacağını əminliyini ifadə edib.





Yüklənir...