XARİCİ ÖLKƏLƏRİN KİTABLARI TƏQDİM OLUNUR
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 17 Ekim, 2007Məqsəd xarici ölkələrin nəşriyyat yeniliklərindən vaxtında xəbər tutmaqdır
Kitab Klubu Bakıda “Xarici ölkələrin kitabları” adlı layihəyə başlayır. Məqsəd Azərbaycan oxucularını xarici ölkələrdə nəşr edilmiş kitablarla tanış etmək, xarici ölkələrin kitab yeniliklərindən vaxtında xəbər tutmaqdır. Bu tanışlıq xarici ölkənin kitablarının nümayiş həftəsi formasında həyata keçiriləcəkdir. Bu barədə dünən Kitab Klubunda bu yöndə ilk tədbirin açılışında bu qurumun rəhbəri Elxan Rzayev açıqlama verdi.
İlk addımda üç türk ölkəsi – Qazaxıstan, Özbəkistan və Türkiyə nəşriyyatlarında işıq üzü görmüş ən müxtəlif məzmunlu – siyasi, iqtisadi, bədii kitablar təqdim olunurdu. Bunları həmin ölkələrin səfirlikləri təqdim etmişdilər.
Oxucular kitablara baxmaq, Klubda oxumaq, sifariş etmək, satışda olanlarını isə almaq imkanına malik olacaqlar. Elxan Rzayev məlumat verdi ki, bu istiqamətdə tədbirlər müvafiq ölkələrin Bakıdakı səfirliklərinin dəstəyi ilə həyata keçiriləcəkdir. Növbəti tədbirdə İranda nəşr edilmiş kitabların təqdimatı nəzərdə tutulur.
Bundan başqa, Kitab Klubunun “Sınaq nüsxəsi” layihəsi də gündəmdədir. Bu layihə çərçivəsində maddi imkanı olmayan müəlliflərin dəyərli əsərləri bir neçə nüsxədə çap ediləcək və naşirlərə təqdim olunacaqdır. Onlar bu kitaba tələbatı dəyərləndirib, onun nəşrini öz üzərlərinə götürə və müəllifə qonorar ödəyə biləcəklər.






Yüklənir...