ABŞ Kino Akademiyasının təsisi etdiyi və dünya kinosunda ən nüfuzlu mükafat sayılan “Oskar”ın builki sahibləri arasında azərbaycanlı kinorejissor Fərid Hümbətov da ola bilər. Onun çəkdiyi “Qafqaz” filmi “Oskar” mükafatının “Xarici dildə ən yaxşı film” (The Best Foreign Language Film) nominasiyasındakı siyahıda yer almış 63 lent arasındadır.
Ekspertlərin fikrincə, postsovet məkanı dövlətlərindən təqdim olunmuş əsərlərin arasında “Qafqaz”ın ən güclü rəqibi rusiyalı kinorejissor Nikita Mixalkovun “12″ lentidir. Bu əsər Sidni Lümetin məşhur “On iki hirslənmiş kişi” məhkəmə dramının rimeykidir.Nominasiyanın favoritləri isə rumın kinorejissor Kristian Munqiunun “Dörd ay, üç həftə və iki gün”, 98 yaşlı portuqal Manuel de Oliveyranın “Həmişə Gözəl”, polyak Ancey Vaydanın “Katın” və italyan Cüzeppe Tornatorenin “Yad qız” filmləridir.
Amerika Kino Akademiyasının prezidenti Sid Genisin dediyinə görə, 2008-ci ilin yanvarınadək bu filmlər arasında 5-i seçiləcək və əsas nominantlar sayılacaq, gələn ilin fevral ayının 24-də Los-Ancelesdəki “Kodak” kinoteatrında keçiriləcək 80-ci təqdimat mərasimində əsas mükafatı almaq şansı əldə edəcək.
Azərbaycan tarixində ilk dəfədir ki, “Oskar” nominasiyasına qatılıb.
“Enterteimant” telekanalının verdiyi məlumata görə, Akademiyanın üzvləri “Qafqaz” filminə ilkin baxışdan sonra lent barədə fikirlərini açıqlamayıblar. Azərbaycanlı kinorejissorunun əsərinin ekspertlər tərəfindən qiymətləndirilməsinə gəldikdə isə, “Oskar”ın qaydalarına görə, onlar resenziyalarını açıqlaya bilməzlər. Lakin Birləşmiş Ştatların nüfuzlu “Variete” dərgisinin fikrincə, “Qafqaz” filmi “nə zəif, nə də güclü əsər” deyil: “Postsovet məkanının kinorejissurasına nəzər salsaq və burada son illər ərsəyə gətirilmiş lentləri yada salsaq, təbii ki, “Qafqaz”ı uğur saymaq olar. İllah da ki, Cənubi Qafqazda kinomatoqrafıın ümumi vəziyyətinin ürəkaçan durumda olmadığını da xatırlasaq, azərbaycanlı kinorejissor Fərid Hümbətovun işi uğurdur təbii ki”.
Maraqlıdır ki, builki “Oskar”da F.Hümbətovdan başqa ikinci azərbaycanlı nominant da var. O, N.Mixalkovun “Oskar” almış “Günəşlə usanmışlar” lentinin ssenari müəllifi Rüstəm İbrahimbəyovdur.
Məşhur soydaşımızın ssenarisi əsasında Qazaxıstanda rusiyalı kinorejissor Sergey Bodrovun çəkdiyi “Köçəri” filmi də “Xarici dildə ən yaxşı film” mükafatının 63 nominantı arasındadır.
“Qafqaz” Azərbaycan kinomatoqrafiyasının tarixində ən bahalı və rol almış aktyor heyətinin “ulduz”luğuna görə fərqli əsərdir.
Burada Rusiyanın tanınmış aktyorları ekranda görünür.
“Antikiller”in ulduzu Lyubov Tolkalina; Sovetlər Birliyi dönəmininə əfsanəvi “Ovod”, “Pavka Korçagin” filmlərində çəkilmiş Rusiyanın xalq artisti Ada Roqovtseva, habelə “Lenkom” teatrının aktyoru Andrey Çernışev soydaşımızın lentinin oyunçu heyəti arasındadır.
Yeqor Konçalovskinin xanımı, Rusiya şou-biznesinin ən bahalı ulduzlarından biri olan Lyubov Tolkalina “Qafqazda” simvolik qonorara çəkilməyə razılıq verib.
“Filmin ssenarisi oxudum, çox xoşuma gəldi və Fəridin işində rol oynamağa qərar verdim”, - L.Tolkalina deyib.
O, filmdə gənc Sofyanı oynayır. A.Roqovsteva Mariyanı, A.Çernışev gənc fotomüxbir Aleksandrın obrazını canlandırıb.
Film Qafqazda başlayır. Savaş gedir, Mariyanın oğlu cəbhədə həlak olur və qadınlar qərara alırlar ki, onlar Moskvaya getməlidir. Mariya kiçik itini, Sofya isə kiçik çemodanının götürüb qatara otururlar və yola düşürlər…
Filmdə azərbaycanlı aktyorlar Elmira Şabanova, Ənvər Vəliyev, Zərnigar Atakişiyeva, Vəfa Zeynalova, “Şən və Hacırcavablar Klubu” komandasından tanınan Elçin Əzizov da çəkiliblər.
Humay
« İlk dəfə Azərbaycan filmi “Oskar” müsabiqəsində | Əsas səhifə | «Yuğ» teatrı: «Toxumu səpmişik, necə cücərəcəyini zaman göstərər» »




Bölmə: 








