Qaynar xəbər portalı

Kitab dünyası


DETEKTİV FİLMLƏR ÇƏKİLMİR


Bölmə Bölmə: Kino | Göndər Göndər | Çap et Çap et | 240 oxuma

filmKino adamlarının fikrincə, dövlət buna bir o qədər maraq göstərmir

Milli kino fonetekamızı bəzəyən detektiv filmlərin sayı bir o qədər az deyil. 1960-cı illərdə “İstintaq davam edir”lə başlayan ekran əsərindən sonra ekranlara “Arxadan vurulan zərbə”, “İstintaq”, “Şahid qız”, “Qara volqa” və s. filmlər çıxmağa başladı. Lakin 10 ildən artıq sürən durğunluq dövründən sonra kino inkişaf mərhələsini tapsa da, sözügedən janr istiqamətində sıçrayış hiss olunmur. Müasir ədəbiyyat kitabxanasına diqqət yetirsək, burada detektiv əsərlərin dəbdən düşmədiyinin şahidi olarıq.
Qeyd edək ki, 1998-ci ildən başlayaraq hər il qonşu Rusiyada Beynəlxalq Detektiv Filmlər Festivalı keçirilir. Lakin Azərbaycan filmləri arasında bu janrda olan boşluq ölkəmizin orada təmsil olunmasına imkan vermir.
Bu məqalədə müasir kinonun bu maraqlı və tamaşaçı tələbatı sarıdan heç də zəif olmayan janrına qarşı münasibətin səbəblərini kinoya bilavasitə dəxli olan adamlar izah edəcəklər.
Hər il keçirilən “Start” Tələbə Filmləri Festivalının prezidenti və təşkilatçısı Feyruz Şamıyevin fikrincə, hazırda kino sənayesi hələ də dövlətdən asılıdır və dövlət detektiv filmlərin çəkilməsində maraqlı deyil: “Sovet hakimiyyəti illərində çəkilən “Arxadan vurulan zərbə”, “İstintaq davam edir” və digər filmlərin çəkilməsində dövlət özü maraqlı idi. Dövlət Təhlükəsizlik Komitəsi, Daxili İşlər Nazirliyi belə filmlərə pul ayırırdı. İstəyirdilər ki, bu dövlət müəssisələrinin fəaliyyətinin müəyyən hissəsindən tamaşaçı məlumatlı olsun. Real hadisələr bədiiləşdirilib ekranlaşdırılırdı. İndi isə dövlətin və cinayətkar aləmlə mübarizə aparan qurumların belə filmlərə maliyyə ayırmaq arzusu yoxdur. Bu yaxınlarda söz gəzirdi ki, Hacı Məmmədov hadisəsi ilə bağlı detektiv film çəkiləcək. Bu işi, deyəsən, rejissor Əbdül Mahmudbəyov öz üzərinə götürmüşdü. Lakin bildiyimə görə, o bu filmin ssenarisini yazmaq üçün yazıçı Çingiz Abdullayevə müraciət edib, sonuncu isə mənə məlum olmayan səbəblərdən boyun qaçırıb”.
Kinoşünas Aygün Aslanlının fikrincə, detektiv film çəkmək üçün riyazi fantaziya, məntiq lazımdır: “Bəzi kino adamları isə nə belə fantaziyaya sahibdir, nə də məntiqlə işləyə bilirlər. Buna görə də bizim rejissorlar detektiv film çəkə bilmirlər. O ki qaldı kino tariximizdə olan detektiv filmlərə, onların da keyfiyyətini nəinki yaxşı, heç qənaətbəxş də hesab etmək olmaz. Məncə, məyus olmağa dəyməz. Əgər biz detektiv film çəkə bilmiriksə, məsələn, Baltikyanı respublikadan audiovizual festivala gəlmiş qonaqlar da şikayətlənirdilər ki, onlar soyuq millət olduqlarından sevgi filmləri, melodram çəkə bilmirlər”.
Aktyor-rejissor Ramiz Əzizbəyli isə detektiv janra girişməyə “ürək etmədiyi”ni söyləyir: “Bizdə detektiv filmlər həmişə az olub. İndi də bizim rejissorlarda bu janrda film çəkməyə meyl yoxdur. Əvvəla, bu iş xüsusi istedad tələb edir. İkincisi isə, detektiv elə bir janrdır ki, istədin-istəmədin, cinayətkar aləmdən bəhs etdiyinə görə gedib bəzi “qaranlıq” yerlərə çıxırsan. Və burada məsələni təkcə istedad həll etmir. Buna görə də bizim rejissorlar hələ ki detektiv film çəkməyə ürək eləmirlər”.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: