bizlər ağlamaqçün doğulmamışdıq
nələr yapdılar nələr yapdılar
ağlatdılar
silah çiyinlərimiz atılmağa hazır
bizlər yıxılmaqçün doğulmamışdıq
necə yıxdılar necə yıxdılar
uçuq divarlara sıxdılar
bizlər sevilməkçün doğulmuşduq
sevmədilər
yaşamaqçün doğulmuşduq
qıymadılar
offff offf
bizi öldürməkdən doymadılar
Bazarlıq
qadın bir özünə
bir bəbəsinə baxdı
vaz keçdi yaşamaqdan
vaz keçdi
vaz keçdi özünü yaşamaqdan
gülümsəmələr yox oldu dodağından
gözlərindən işıq yox oldu
bir qadın yox oldu otağından
bir qadın vaz keçdı yaşamaqdan
bir qadın yıxıldı…
anasına oxşadı bir az
qardaşına, bacısına, atasına oxşadı bir az
qonşusuna, iş yoldaşına oxşadı
hər səhər mindiyi avtobusun sürüsünə oxşadı bir az
yeriyən məzarlığıydı qadın
ümid məzarlığı
eşq məzarlığı
qadın məzarlığı
… həyat bazarlığı…
Sənin küçən
küçə hər şeyi bilir
küçə heç nəyi bağışlamır
üzünü zirzəmilərdə
tinlərdə açır bizə həyat
üzə çıxır
hə, qardaşım,
orda ki qan dizə çıxır
orda ki bir-birinin qanına susayır adamlar
həyat var deməli
həyat var deməli həyatın yoxa çıxdığı yerdə
üzünü aç
indi ki sən də gəldin aramıza
sən də gəldin hər şeyi bilən gecəyə
üzünü aç
gecə hər şeyi bilir
gecə heç nəyi bağışlamır
Dil Xətası
sən susduğun yerlərdəyəm
sən tərk etdiyin köşələrdə
salam vermədiyin
üzünü heç görmədiyin adamlarla bir aradayam
sən vurduğun yaradayam
ağaclar həmən deyil
quşlar həmən deyil
sən dinləmədiyin nəğmələrdəyəm
sən gəlmədiyin
sən getmədiyin oradayam
azmışam məni tapmadığın yerlərdə
səsini versən yetər amma
əlini uzatsan yetər amma
gəl, şeytanım, gəl,
buradayam, buradayam!!!
Sən və ayaqqabım
sevmirsən sevmə
daha yuxularıma girib
ujas filmlər niyə göstərirsən
sən gedəli onsuz da
televizorum xarab olub
mırıq dişləriylə sirk göstərən
məmiş kişi də öldü
son günlər isə yenə kəskin düşüb
Nyü-York birjasında
Bir azərbaycanlının dəyəri
cəhənnəmə ki
sevmirsən sevmə
daha rəqsanənin mahnısına oynamağın nəydi
bu da ilk bahar yağışı
havalar küçələr qəzet köşkləri
araq qoxuyur
adamlar evə tələsmir
adamlar darıxır
sən də sevmirsən sevmə
daha ayaqqabım niyə su buraxır
Uşaq, Gənc, Qoca
uşaq idim
siyib
qar üzərində qonşu qızının adını yazardım
hərdən də yaz günlərində
bahar qoxuyan kənd yollarına
gənc idim
sevdiyim qızların adını
divarlara çizərdim
ağaclara
kitablara
ya da ucuz kafelərin
kasıb masalarına
əllərim utanardı…
indi qocayam, qoca
tərk etdiyim qadınların
adını tüpürürəm yalnız
xatirələrin üzünə
Qadın sözlüyü
bizi tərk edən qadınlarla gedən
yalnız ümidlər deyil hər dəfəsində
sevişdiyimiz yerlər də yoxa çıxır
hələ bu harasıdı?
balacam, pişiyim, sərçəm deyərdik…
dip-diri sözlər yoxa çıxar dilimizdən…
eh, qadınlar yalnız qəlbimizdən deyil
coğrafiyamızdan
sözlüyümüzdəm gedər həm də…
nə sevişməyə yerimiz qaldı
nə deməyə sözümüz…
yox olmağın zamanı gəldi
Haqqımız
sənin də könül qırmaq haqqın var
sənin də sevməmək haqqın
sənin də öldürmək haqqın var
sənin də ölmək
mənim də!
Uçqun divarlar
İçimdə bir qaranlıq,
İçimdə bir yuxu var.
Uçurumlar içində
Uçuram divar-divar.
Susadım səhərlərə
Susadım yağışlara
Bu ara sən də yoxsan-
Səhradan betər oldum.
İçimdə bir qaranlıq
İçimdə bir yuxu var
Bu yuxudan yoruldum
Bu şəhərdə heç kiməm,
Bu şəhərdən yoruldum
Gedirəm uzaqlara,
Sən yoxsan- mən də yoxam.
Gecəyəm, qaranlığam-
Özümdə, səndə yoxam.
Əlimdə soyuq pivə,
Damağımda siqara.
Çəkilməmiş şəkiləm-
Asılmışam divara.
Qaranlığam, gecəyəm-
Öz içimdən qopmuşam
Reklam bəzəklərinə
Metro işıqlarına
Qarışmışam, hopmuşam.
Şəhər məni əritdi-
İtirmişəm özümü-
Bu yan-yana düzülü
Bu üs-üstə yığılı
mərtəbələr, binalar
dəbdəbələr, zinalar…
səfsəfələr içində
Bu tıxaclar içində
Bu tox-aclar içində
özümü də itirdim
sözümü də itirdim.
Sən də yoxsan…
Soyuqsan…
Bu da sonum, sonluğum-
Şəhər məni əritdi-
Gedirəm… uzaqlara
Orda yağan yağışlar
Orda doğan günəşlər
Bəlkə məni kiritdi.
Bəlkə…
Məni…
kiritdi…




Bölmə: 










artyazar adlı istifadəçi, Oktyabr 28, 2007 tarixində, saat 17:00 yazıb:
Bir məkan vardı, adı Poeziya
Bir kəlam vardı, adı Şer -
indi şe(i)r
Bir cocuq qalxırdı, boylanırdı, irilənirdi - İrəliləyirdi
Söz adlı sevginin arxasından…
Bir Zahir içindən getmişdi,
Gəlmişdi çölünə - Bakıya
Sözün Paytaxtına,
sevginin xarabaxanasına
Ölmüş Sözü diriltmək
Ona sevgi canı vermək
İstədi…
Qolunu, qanadını,
qələmini - dilini
Kəsdilər, ədəbiyyat ocağına basdılar
Yandı, alovlandı,
Sözündən, düşüncəsindən
“Sənət qəzeti” yapıldı,
Ardınca da “Kitab.Net”
Külündən - “Alma”,
Atəşindən “İnternet-Forum”…
Sonra da Zahir göz yaşı sıxdı
Sızıldayıb yenə şeir,
solaxay düşüncələr yazdı…
Fəqət unutdu ki,
Burası Azərbaycandır!!!
Yıxılanı elə təpikləyirlər ki,
Bir də qalxa bilmir…
P.S. Zahir, məncə, səndə köşə və Forum yazılar daha duzlu alınır, nəinki solaxay şeirlər…
Aydın Xan
lily adlı istifadəçi, Oktyabr 28, 2007 tarixində, saat 17:06 yazıb:
teshekkur edirem sherlere gore. birinci superdi
MANIS adlı istifadəçi, Oktyabr 30, 2007 tarixində, saat 19:29 yazıb:
“Sən və Ayaqqabım” çox xoşuma gələn şeirdir! Bravo, Zahir!
Samir adlı istifadəçi, Oktyabr 31, 2007 tarixində, saat 02:44 yazıb:
maraqli serlerdir, formaca, uslubca zengin/// Tebrikler
Rəbiqə adlı istifadəçi, Noyabr 1, 2007 tarixində, saat 23:27 yazıb:
Zahiri bele kederli gormeye adet etmemishem… uzuldum biz az… hech olmasa, bir optimist sheir de yerleshdireydin de…
qeza xidmeti adlı istifadəçi, Noyabr 2, 2007 tarixində, saat 15:12 yazıb:
zahir plagiatligindan el chek.indi de aqshinin ele senin almaqezetindeki” avtobusun namusu”-ndan bazarliq etmisen.heqiqeten 1 qezetchi kimi,teshkilatchi kimi koshechi kimi maraqlisan,shair kimi yox
Loli adlı istifadəçi, Noyabr 2, 2007 tarixində, saat 15:48 yazıb:
“Ushaq genc qoca” - sheiri tesirlidir…
ehtiram adlı istifadəçi, Noyabr 5, 2007 tarixində, saat 21:58 yazıb:
tipik zahir ezemet sheirleri.yeni kitabini gozleyirem.
Qəşəm Nəcəfzadə adlı istifadəçi, Noyabr 6, 2007 tarixində, saat 00:40 yazıb:
Zahir, yaxşı şeirlərdi, təbrik edirəm
qeza xidmeti adlı istifadəçi, Noyabr 6, 2007 tarixində, saat 13:35 yazıb:
qeshem,bele sherh olmur.umumiyyetle isteyirem plagiatliqla bagli yuxarida dediyim fakta munasibet bildiresiniz.xususen muellif
artyazar adlı istifadəçi, Noyabr 9, 2007 tarixində, saat 18:53 yazıb:
Zahir, depressiyadan hachan qurtulmaq fikrindesen???
qeza xidmeti adlı istifadəçi, Noyabr 22, 2007 tarixində, saat 16:05 yazıb:
BU SAYTDA ZAHIR ESERLERINIZI YERLESHDIRIR DEYE HECH BIRINIZ PLAGIATLIQ MESELESINE SHERH VERMEDINIZ EY CANIM-GOZUM SHERHCHILER.VAR OLSUN AZERBAYCAN GENCLIYI.MENIM KIMLIYIME GELINCE ZAHIR YAXSHI TANIYIR