Ramiz Rövşən: “Yenidən “suya baş vurub” yaradıcılıqla ciddi məşğul olmağı düşünürəm”
Şair Ramiz Rövşənin yaradıcılığı Güneydəki soydaşlarımızın da diqqət mərkəzindədir. Xəbər aldıq ki, şairin “Göy üzü daş saxlamaz” adlı kitabı İranda Azərbaycan dilində çap olunan “Yaşmaq” ədəbi-bədii jurnalının təşəbbüsü ilə nəşr edilib. Müəllifin məlumatına görə, Azərbaycan dilində, lakin ərəb qrafikası ilə çap olunan kitabın rəssamı Ərdəkir Rüstəm olub. Öyrəndik ki, iki min nüsxədə nəşr olunan kitab İranda geniş oxucu kütləsi üçün nəzərdə tutulub. R.Rövşən bildirib ki, İranda Azərbaycanın müasir şair və yazıçılarının əsərlərinə maraq böyük olduğundan bu səpkili nəşrlərin çapı davamlı şəkil alacaq.
Ədiblə söhbət zamanı başqa məqamlara da toxunmağa çalışdıq. Yaradıcılığının erkən dövrünə nəzər yetirən şair belə deyir:
- İlk kitabım 1970-cı ildə nəşr olunub. İndiyə qədər dörd kitabım çıxıb. O hesabla 12 ilə bir kitab düşür. Bundan sonra elə bilirəm ki, kitabların arası ən çoxu iki il çəkər. İki ildən sonra ikinci cildi nəşr etdirəcəyik. O da “Nəfəs - kitablar kitabı” kimi toplu olacaq.
Etiraf edim ki, son on-on beş il yaradıcılığımda o qədər də məhsuldar dövr olmayıb. Elə illər oldu ki, adam içindən çox çölü ilə yaşadı. Çöldə çox böyük gərginliklər yaşandı. Özü də çöldəki o problemlərin heç də hamısı həll olunub qurtarmayıb. Amma ömrün elə çağına çatmışıq ki, bundan sonrakı limit çox qalmayıb. Allahın bizə verdiyi istedadın məsuliyyətini anlayıb çöldən içəriyə yığışmağın, özümüzə qayıtmağın vaxtıdır. Yazan adam amfibiyanı xatırladır - yarı suda, yarı quruda. Mənim də ömrümün son on-on beş ili daha çox quruda keçib. İndi yenidən “suya baş vurub” yaradıcılıqla ciddi məşğul olmaq vaxtıdır. Hər halda, yaza biləcəyimdən az yazmışam. Yarımçıq işlərim çoxdur, onları tamamlamaq lazımdır. Bilmirəm, ömrün nə qədəri qalıb. Əgər həyatda və sənətdə görüləsi işlərimi nəzərə alsaq, sizi inandırıram ki, ömrün çoxu qalıb.
- 80-ci illərdə yazdığınız şeirləri oxuyanda insana elə gəlir ki, Ramiz Rövşən o illərin şairidir…
- Şairi illərlə ölçmək olmaz. Şeirin içində əbədiyyət yoxdursa, nə vaxt yazılır-yazılsın, fərqi yoxdur, deməli, ölü doğulub. Mən bu gün də yazıram. Düzdür, heç vaxt çox yazan olmamışam, amma az da yazmıram. Haqqımdakı miflərdən biri də az yazmağımla bağlıdır. Gördüyüm işin həcmi az deyil, çünki mən təkcə şeir yazmıram. Bunlar yavaş-yavaş açılacaq. 60-dan sonra sandıqda yazı-pozu gizlətməyin adı yoxdur.
Yeri gəlmişkən, ötən əsrin 60-70-ci illərində, xüsusilə də gənclik illərində yazdıqlarımın heç də hamısı sonuncu kitabımda getməyib. O vaxt tələbələr arasında oxunan ən məşhur şeirlərimin çoxunu bugünəcən çap etdirməmişəm. Baxmayaraq ki, nə qədər şeirimi yandırmışam. Ona görə çap etdirməmişəm ki, onlardan sonra daha güclü şeirlərim çap olunub. Elə şeirlərim var ki, neçə dilə tərcümə edilib, amma ana dilimizdə hələ də işıq üzü görməyib.
Bir də ki, məsələ sayda deyil. Bəzi şairlərin cild-cild kitabı var, amma bircə şeiri də yoxdur. Əgər 80-ci illərdə “İlan balası”nı yazmışdımsa, 90-cı illərdə “Ölüm kölgəsi”ni, “Çarmıxdakı İsa”nı yazmışam. Sadəcə, indi şeirə reaksiya fərqlidir. “Şair - ayrıca insan növüdür” deyirlər. İndi bu növ insanların azalan dövrüdür. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Qərb mədəniyyəti sivilizasiyaya çevrilib, sivilizasiya isə hər bir mədəniyyətin sonu deməkdir. Çox şey artıq texnologiyaya dönüb, şeir də o cümlədən. Amma poeziyanı sevən adamlar, cəmiyyətdəki o “qızıl damar” həmişə var. Sadəcə, indi o “qızıl damar”ın üstü köpüklə, zir-zibillə örtülüb.
Azərbaycanda bu gün gedən proseslər isə çox ciddi və böyük söhbətin mövzusudur. Bu gün Azərbaycanda ədəbiyyatdan daha çox, ədəbiyyat ətrafı çirkli mühit mövcuddur. Yəni insanlar ədəbiyyatla məşğul olmurlar. İş görməkdən daha çox görülən işə qiymət verməklə məşğuldurlar. Özü də çox ədalətsizcəsinə… Nadanlıq baş alıb gedir. Bir az da cəmiyyətdəki aqressivliyin ədəbiyyata keçməsi hiss olunur. Bakıdakı bu tikintilər kimi, ədəbiyyatda da Hacıbala Abutalıbov üslubunda işləmək istəyənlər var. Bir binanı söküb, yerinə başqa bina tikdikləri kimi, bir şairi də götürüb, yerinə başqa şair əkmək istəyirlər. Bu mümkün deyil axı. Ədəbiyyatda heç kəsin yeri kvadrat metrlə ölçülmür. Bu ərazi sonsuzdur və burda hərənin öz yeri var. Ədəbiyyatda əsas qiyməti müqayisə ilə verirlər. Müqayisə üçün isə ortaya predmet qoyulmalıdır. Bu gün bizi bəyənməyən şair oxucu üçün bizdən daha maraqlı olmağa çalışmalıdır. Şairin şairi üstələməyinin yeganə yolu budur…
Ayna




Bölmə: 








