İranda Markesin kitabına yasaq
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 15 Kasım, 2007
Dünya şöhrətli Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin «Mənim qəmli fahişələrimin xatirələri» romanına İranda qadağa qoyulub.
Bununla bağlı İranın islami irşad və mədəniyyət naziri Məhəməd Hüseyn Səffar Hərəndi xüsusi əmr imzalayıb. Əmrə əsasən, üç həftə əvvəl İranda Kavə Mir Abbasinin tərcüməsində «Mənim qəmli sevgililərimin xatirələri» adı ilə işıq üzü görən romanın nəşrinə qadağa qoyulur və kitabın satışda qalan nüsxələri müsadirə olunmalıdır. Artıq əmrin icrasına başlanıb – «Mənim qəmli sevgililərimin xatirələri» kitabının nüsxələri İranda satışdan yığışdırılır.
İslami İrşad və Mədəniyyət Nazirliyi bundan əvvəl də romanın çapına razılaşmamışdı. Ancaq sonradan nazirlik əsərin əsl adının dəyişdirilməsi şərti ilə nəşrə razılıq verib.
5500 nüsxədə çapdan çıxan roman ölkədə maraqla qarşılanıb. Kitabın əksər nüsxəsi bir neçə gündə satılıb və bu səbəbdən naşir romanı ikinci dəfə nəşr etməyə başlayıbmış.
Ədəbi dairələrdə «Mənim qəmli sevgililərimin xatirələri» ətrafında müzakirələr qızışandan sonra İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») keçmiş komandanı Möhsün Rzaiyə yaxınlığı ilə tanınan «Tabnak.ir» saytı «Mənim qəmli sevgililərimin xatirələri»ni əxlaqsızlığı yaymaqda günahlandırıb və İranda onun çapına lisenziya verənləri tənqid atəşinə tutub. «Tabnak» yazıb ki, Kuba lideri Fidel Kastro Latın Amerikasından olan Markesi çox sevir və ola bilsin, İranın Latın Amerikası ölkələri ilə yaxın, dost münasibətini nəzərə alaraq, onların xoşuna gəlsin deyə Markesin romanının İranda nəşrinə göz yumulub.
Tənqidlər nəticəsində islami irşad və mədəniyyət naziri romanın nəşrinə icazə verilməsini səhv addım adlandırıb, nazirliyin kitaba lisenziya vermiş məsul şəxsini işdən çıxarıb, bir daha belə səhvlərin təkrarlanmayacağını bəyan edib və «Mənim qəmli sevgililərimin xatirələri»ni yasaq edən əmri imzalayıb.
Sözügedən romanda fahişəxanaya yenicə gətirilmiş 14 yaşlı bir qızın bakirəliyini əlindən almaq fikrinə düşən 90 yaşlı bir qocadan bəhs edilir. Qoca fahişəxanaya başçılıq edən qadınla razılaşdıqdan sonra qızın qaldığı otağa girir. Ancaq baxıb görür ki, fahişəxananın başçısı qıza narkotik maddə içizdirib və qız dərin yuxuya gedib. Qoca öz niyyətini həyata keçirə bilmir və səhərədək qızın başı üstdə oturub ömrü boyu cinsi əlaqədə olduğu 500 fahişəni xatırlaya-xatırlaya keçmişinə nəzər salır.
«Mənim qəmli fahişələrimin xatirələri» Markesin son romanıdır. Roman Azərbaycanda yazıçı Saday Budaqlının tərcüməsində, «Mənim qəmli gözəlçələrimin xatirələri» adı ilə 2006-cı ildə «Xəzər» jurnalında dərc olunub.






Yüklənir...