Alov, KÜLƏK VƏ AĞAC (nağıl)
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 16 Kasım, 2007
Bir dəfə Külək veyil-veyil yamacları dolaşarkən dağ döşündə tənha, məğrur, əzəmətli, pərişan saçlı Ağaca rast gəldi.
Agacın gözəlliyi qarşısında Külək bir anlıq dayandı.
“Necə olub ki, indiyə kimi bu gözəlliyi görməmişəm” – deyə, heyrətlənmiş Külək yumşaq, sərin mehə çevrilib Ağacın başına bir dövrə vurdu. Ancaq ona bir söz deməyə cəsarəti çatmadı və Ağacdan uzaqlaşdı. Ertəsi gün Külək yenə Ağacın yanına gəldi, yumşaq, ilıq mehə çevrilib Ağaca bir az da yaxınlaşdı, asta-asta onun yarpaqlarına toxundu, onları sığallaya-sığallaya pıçıldadı:
– Sən nə qədər gözəlsən. Niyə indiyə kimi qarşıma çıxmamısan?
Ağac utanıb budaqlarını bir az da aşağı saldı.
Külək ürəkləndi:
– Ağac! Sən mənim çox xoşuma gəlirsən! Bir söz de, mənə laqeyd olma!
Ağac qarışıq duyğular içində susurdu. O, Torpağın idi və Torpağa bütün kökləri ilə bağlı idi. Amma Küləyin ona heyranlığından, onun sığallarından xoşhallanırdı.
Küləyin üzü üzlər görmüşdü, Ağacın susmağı onun ümidlərini artırırdı:
– Bilirım ki, sənin də məndən xoşun gəlir. Gədək mənimlə. Gəl səni buralardan alım aparım.
Küləyin təklifi Ağacı diksindirdi:
– Yox, yox! Mən Torpağınam. Mən bütün köklərimlə ona bağlıyam. Məni yaşadan odur, sən məni məhv edərsən, get!
Gözləmədiyi cavabdan Külək şiddətlə vıyıldamağa başladı:
– Torpaq? Bu saat mən onu toza çevirərəm, sovurub dağa-daşa çırparam!
Külək qeyzindən əsib coşdu, bir anda aləmi toz bürüdü, o Torpağı dişiylə, dırnağıyla qazıq-qazıq eləyib göyə sovurdu.
Və acıqla çıxıb getdi.
Bir-iki gün sonra Külək yenə yumşalmış, həzinləşmiş vücuduyla Ağacın qarşısında peyda oldu.
– Hə, indi nə deyirsən, Ağac? Mən sənin Torpağından güclüyəm, ehtiraslıyam. Mən öz çilğın sevgimlə onun sənə vermədiyi xoşbəxtliyi verəcəyəm. Axı mən görürəm ki, sən də mənə laqeyd deyilsən. Ürəyinin səsinə qulaq as, Ağac…
Ağac yorğun-yorğun dilləndi:
– Hə, etiraf edirəm ki, səndən xoşum gəlir, amma mən səninlə gedə bilmərəm, Torpaqdan qopa bilmərəm!
– Yenə Torpaq! – Külək hirslə uğuldadı – Axı inkar eləməzsən ki, o səni heç vaxt xoşbəxt etməyib!
Ağac əsəbiləşdi:
– Bəs sən? Sən necə, məni xoşbəxt edə biləcəksənmi? Dünyada sənin kimi qeyri-sabit, dəyişkən varlıq yoxdur! Gah meh olursan, gah tufana dönürsən, gah qasırğaya çevrilirsən. Bu qədər dəyişkənliklə sən məni necə xoşbəxt edəcəksən? Bax, əgər mən razı olsam sən məni Torpaqdan qoparıb özünlə aparacaqsan. Amma yarı yoldaca məni atacaqsan və mən məhv olacağam. Bəlkə belə deyil, bəlkə məni əbədi olaraq yanında gəzdirəcəksən?
Külək bir müddət cavab vermədi.
Amma Ağacı haqlı hesab etsə də onunla razılaşmadı:
– Əbədi nə var ki? Mən səni aldatmaq istəmirəm, şübhəsiz mən xoşbəxtlik deyəndə əbədi sevgidən danışmıram. Xoşbəxtlik bilirsənmi nədir? Bax, əgər razı olsan, mən sənə sarılıb səni qaçıranda xoşbəxtliyin nə olduğunu onda görəcəksən! İllərlə yaşadığın bu sükunətli, yeknəsək, cansıxıcı həyatına nifrət edəcəksən. Razı ol, Ağac. Bir yerdə dayanıb durmaq yaşamaq deyil.
– Yox, Külək. – Ağac kədərlə səsləndi. –Bizim təbiətimiz başqa-başqadır. Bir yerdə dayansan sən ölərsən, bir yerdə dayanmasam mən. Digər tərəfdən sən sabah məndən gözəlinə rast gəlib məni unudacaqsan. O zaman mən təzədən Torpağa dönə bilməyəcəyəm. Daha doğrusu, o məni qəbul etməyəcək.
Mən Torpağın lal məhəbbətini sənin çılğın məhəbbətindən üstün tuturam, onunla qalıram.
Məğlub olmuş Külək acığından tufana çevrildi. Ağacın yarpaqlarını yolub toza qarışdırdı. Bütün günü əsib tüğyan elədi, amma Ağacı fikrindən döndərə bilmədi.





Yüklənir...
Alov xanım, siz ki, TV-lərdə Düşüncə sunamisi kimi liberalaşma dalğasıyla insanların şüurunu dəyişməkdəykən, həm bu nağılla, həm də Lit.az saytındakı “Su pərisi və kentavr” (nağıl) əsərinizlə didaktiv-eşq məcaralarını poetikləşdirməkdə məqsədiniz nədir?
P.S. Boynuma alım ki, çoxdandır belə romantik nəsr nümunələri oxumamışdım…
pis deyil. “su perisi ve kentavr”dan ferqli olaraq bunun sonlugu sonukdur mence. Daha da maraqli ve dramatik bitirmek olardi.