Ucqar şairinə mərkəz məktubu
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 25 Kasım, 2007Görəsən kim itirdi, kim qazandı bu dünyada? Ucqarda yaşayanmı, mərkəzə qaçanmı? Mərkəzdə diqqət mərkəzində olanmı, ucqarda gözdən iraq, könüldən qıraq qalanmı? Mərkəzdə küllənənmi, ucqarda öz içəri dünyasına çəkilənmi? “Ərəbi ölən dəvəninmi dərdi çoxdu, yoxsa dəvəsi ölən ərəbinmi?” Cavabı çətin olan bu suallar hələlik qalsın öz yerində. Günlərin bir günü ucqar şairi İbrahimxəlildən ünvanıma iki kitab daxil oldu. “Cəllad günü”, (“Adiloğlu” nəşriyyatı – 2004), “Yar” (“Qanun” nəşriyyatı – 2007). Hər birinin tirajı – sayı 300, iki kitab cəmisi 600 tirajla nəşr edilib. Kitablar təzəcə əlimə düşmüşdü ki, aradan bir həftə keçməmiş Ana Borçalıya Kürüstü Kəpənəkçiyə azman sənətkarımız Aşıq Kamandar Əfəndiyevin 75 illik yubileyinə gedəsi oldum. Bu yubiley tədbiri, demək olar ki, bütün Borçalı ziyalılarını bir yerə toplamışdı. Hamıda yüksək bayram əhvali-ruhiyyəsi vardı. Bu tədbirdə Borçalı mahalının istedadlı qələm sahiblərinin əksəriyyəti iştirak edirdi. İbrahimxəlillə də orda görüşdük. Bu kövrək təbiətli, gəlin ismətli, qız həyalı, bənövşə çiçəyi qədər zərif körpə kimi utancaq şairə nə tədbirdə bir şeir oxuda bildim, nə də tədbirdən sonrakı qonaqlıq məclisində. Hamı danışırdı, deyirdi, gülürdü, zarafat eləyirdi. Susan, danışmayan tək bircə nəfər şair var idi o məclisdə. O da Peyğəmbər adı daşıyan, danışanda pıçıltıyla danışan, daha çox dinləməyə, eşitməyə çalışan və təbii ki, elə bu nadir xüsusiyyətilə də hamının diqqətini çəkən şair İbrahimxəlil idi. İkilikdə söhbət edəndə elə verdiyim suallara qırıq-qırıq cavablar verir, ancaq mənə qarşı sevgisini, ehtiramını gizlətmirdi. Görüşümüzə çox sevinirdi. Bu qədər yazıçının, şairin içində təkcə o bənövşəni xatırladırdı mənə. Boynu bükük və utancaq duruşuyla. Sussa da, danışmasa da, qəlbindəki narahatçılığı, gözündəki nigarançılığı, ürəyindəki təlatümü, ruhundakı çırpıntıları çox gözəl duyur, yaxşı dərk edirdim. Bu görkəm, bu mənzərə Bolnisi rayonunun Qazreti qəsəbəsində müəllim işləyən, şagirdləri çiçək kimi sayrışan, son illərin tufanları, qasırğaları, doğma bala kimi sevdiyi şirin-şəkər körpələri-şagirdlərini əlindən alan, hal-hazırda cəmisi ikicə nəfərə dərs deyən, müəllim kimi yetim qalan, ziyalı kimi təklənən, qəhərindən göz yaşını güclə saxlayan, baxışlarından “bizi niyə qoyub getdiniz, Borçalı niyə bu günə düşdü” məzəmməti oxunan bir şairin nə vaxtsa püskürəcək tufanından xəbər verirdi. Çox dəqiq hiss edirdim ki, ən dəhşətli qasırğa da, ən güclü tufan da, ən amansız zəlzələ də, ən dərin uçurum da onun sükutunda, səssizliyində hələlik sakitcə baş-başa vermişdi. Bir həqiqəti çox aydınca dərk elədim ki, bəzən dünyanın bir susan şairi min danışan şairindən güclü və möhtəşəm olur. İbrahimxəlillə bağlı elə bu kövrək və yaralı duyğularla Bakıya qayıtdım. Kağız mürəkkəbi, maqnit dəmiri, yer göyü, mərkəz ucqarı özünə çəkən kimi İbrahimxəlilin göndərdiyi kitablar məni özünə çəkdi. Günlərlə susuz qalan təşnə bir adam çeşmənin gözünə dodaq söykəyib bulaqdan suyu necə içərsə, mən də İbrahimxəlilin şeirlərini həmin yanğıyla ciyərimə çəkdim. Ancaq onun ilham çeşməsinin suyu ürəyimə sərinlik gətirmək əvəzinə, hər damlası oda-atəşə dönüb ciyərimi parçalamağa, yandırmağa başladı. Çünki onun poeziyası – sönən ocaqların, üstündən paslı qıfıllar asılmış bağlı qapıların, qırılan ümidlərin, solan arzuların, nəğmədən sonrakı sükutun, toydan sonrakı yasın, üstünü ot basan cığırların, yolçulara həsrət qalan yolların, dodaqdan qaçan təbəssümün, dildən perik düşən nəğmənin, bizsiz darıxan aran-yaylaq yollarının, Vətəndə qürbətin, evinin içində əli hər yerdən üzülən qəribin poeziyasıdı. Onun poeziyası – göz yaşının, ağrı-acılarımızın, həsrətimizin, yarımçıq qalan toylarımızın, bulanan bulaqlarımızın, deməklə bitib-tükənməyən nisgillərimizin poeziyasıdı. Onun cəmisi 600 tirajla çıxan 2 kitabını oxuyurdum. Göz yaşlarım varaqların üstünə tökülür. Bu qədər ağrını, azarı, qəm şələsini, dərd yükünü, fikir karvanını sayı 600 olan kitablarla necə çatdırasan, Allaha, bəndəyə, iblislərə, mələklərə, şeytanlara dünyanın dörd bucağına. Necə deyəcəksən ki, “burda bir şir darda qalıb, bağırır, mürüvvətsiz insanları çağırır”. Kim eşidəcək səsini, kim duyacaq harayını, kim yanacaq halına, kim şərik olacaq möhnətinə? Allahın verdiyi ilahi neməti, böyük sözü Allahın bəndələrinə çatdırmaq bu qədər müşkül bir işə çevrilibsə şair axına qarşı nə qədər üzə bilər? Kimə vursun şilləni, kimdən alsın heyfini, kimdən çıxsın acığını? Yaz odun, üşüyən ev, soyuyan divar, buza dönmüş qələm, səssiz otaq və bu tükürpədən mənzərənin içində puç olan, gözündən vurula-vurula, içindən qırıla-qırıla, sözündən yıxıla-yıxıla neyləsin şair? Neyləsin, neyləsin şair, başına haranın daşını töksün? Tənhalığın, təkliyin, yalqızlığın, yetimliyin, kimsəsizliyin, payızın, cəllad gününün poeziyasını yaratmaq, şəklini çəkmək, rəngini göstərmək hər gün ölümlə pəncələşmək, əcəllə hampa-çərək oynamaq, öləndən sonra dirilmək, diriləndən sonra ölməkdi. Zindan həyatımız mübarək olsun, Yeraltı yollarda azaram, xanım. Bağlı qollarımı cəllad açantək, Sizə təbriknamə yazaram, xanım. Ayağına qandal, qoluna zəncir, dodağına qıfıl vurulan şair deyə bilər bu fikirləri. O qədər duz basdıq yaramıza biz, Eh, budu ölkədə duz qıtlığıdı. Yarasına duz basılanlar yaradır ölkədə duz qıtlığını. O yerdə ki, həqiqət qıtlığı, duz qıtlığı var, orda nə rahat yatmaq olur, nə arxayın oyanmaq. Mənim qanım yaxşı tutur payıznan, İkimiz də cəllad günü doğulduq. Payız fəsli deyiləndə insanın fikrinə, xəyalına nələr gəlirsə bütün rəngləri və şəkilləri ilə onun hamısı var İbrahimxəlilin təfəkkür dolu, fikir yüklü poeziyasında.. Qadağan yerdə gördüm Cudamı… adam etdi. Bu yerdə kimdi cəllad, Məni dərd edam etdi. Bu yerdə cəlladın günahı yoxdu, onun mənim ölümümdən xəbəri yoxdu, məni dərd bu günə saldı, dərd məni dar ağacının altına gətirdi. Əzrayılı qanlı tutmasın anam, Məni bir alagöz ceyran öldürür. Ələsgərin ölümündən də Əzrayılın xəbəri yoxdu. Ancaq Ələsgəri öldürən dərdlə, İbrahimxəlili öldürən ayrı-ayrı qütblərdə dayanan dərdlərdi. Allah yuxarıda, padşah uzaqda, Həzin həyəcanlar qara çökdürür. Allaha yazırsan açılmır səhər, Padşaha yazırsan dara çəkdirir. Allahdan ümidi, padşahdan əli üzüləndə yaradır insan oğlu bu misraları. Dəniz havasıtək, dağ havasıtək, Şair havası da var bu dünyada. Bir az yağışları kədərdə yağar, Bir az qəmli yağar qar bu dünyada. Şair havası… İbrahimxəlilin havası vurub məni, özümə gələ bilmirəm. Hərdən bir nəfəsim kəsilir, boğuluram, qəhər məni boğur. Şeirləri dalbadal, ardıcıl oxuya bilmirəm. Kitabı bir tərəfə qoyub, yoxuşda nəfəsi təngiyən adam kimi fikirlərimə, xəyallarıma dirsəklənirəm. Bu qədər yükün altında İbrahimxəlilin diri qalmağı məni şübhələndirir. Bu qədər poetik ağırlığın altında sağ-salamat qalıb, şax yerimək Allahın möcüzəsidir. Getdi, yaz dirilmək ümidi getdi, Ümid verən səsin az gəlir, Allah! Mən dar ağacında tumurcuqladım, Kimsə elə bildi yaz gəlir, Allah! Bundan gözəl, bundan dəqiq və poetik insan əzabını ifadə eləmək mümkün deyil. Yaz dirilmək ümidi əldən gedən günü yıxılır insanın evi. Kərəmi onda ağlamaq tutur. Qapılar onda bağlanır, ocaqlar onda sönür. Köçmədim, köçə bilmədim, Sınıq körpü sınar deyə. Bu ikicə misrada on kitaba sığışmayan yük var. Bu yükü nə dəvə karvanı çəkə bilər, dədə nə də yer üzünün qatarları dartıb apara bilər. Şairin gücünə və hökmünə bax ki, yenə də “şükür” sözünü dilindən qoymur. Yerə verdiyinə şükür, nə deyim, Gündoğan yerinə qürub verirdi. Heç nəyin yarsını istəmirdim mən, Verən verdiyini qırıb verirdi. Araz haqqında bu günə qədər minlərlə şeir yazılıb. İtib-batanları yadda qalanlardan çox olub. Kimisi dəb xatirinə deyilib, kimisi dərdin, ayrılığın həqiqəti kimi. İbrahimxəlilin Arazı başqa Arazdı. Elə yarpaq-yarpaq, ya varaq-varaq, Qübarlı yollara töksünlər məni. Kəfənlik parçadı Araz elə bil, O taylı-bu taylı büksünlər məni. Bu yerdə Arazın taleyi şairin taleyi ilə üst-üstə düşür, hər ikisi eyni dərdin yükünü daşıyır. Arazı kəfənlik parçaya bənzətməyin özündə də bir poetik təzəlik, yeni baxış var. Payızı xəttindən tanıyıram mən, Səni xətti-xaldan tanıyan kimi. Payızı xəttindən tanıyan şair uzaqda qalan, bir də qayıdıb gəlməyi sual altında olan baharın həsrətini çəkir, dərs dediyi məktəbdə arı kimi qaynaşan uşaqların həsrətini çəkir. Boşalan sinif otaqlarının bir də dolub-dolmayacağı haqqında fikirləşir. İstər zəif olsun, istərsə güclü, İbrahimin heç bir şeirinin üstündən sükutla keçmək, biganə yanaşmaq olmur. Ona görə ki, hər şeirdə, hər beytdə, hər misrada Borçalının, Göyçənin, Təbrizin – ucqardan mərkəzə, mərkəzdən ucqara Böyük Vətənin böyük dərdləri sadəcə xatırlanmır, sadalanmır, poetik misraların gücünə dərdlərimizi, borcumuzu, qayğılarımızı bizə yenidən göstərir, yenidən xatırladır. Canım, birər-birər Borçalılartək, Səndəmi payızın sirdaşısan ki? Dedikcə, bacımın dili titrəyər, Mən yox, Borçalıdır qardaşı sanki! Və yaxud: Payız köynəyindən keçirdi məni, O gündən mən payız şairi oldum. Payızın köynəyindən keçən şair bahardan daha çox payızdan, çiçəkdən daha çox qardan, istidən daha çox soyuqdan, günəşdən daha çox buluddan, səsdən daha çox sükutdan danışır, ona görə ki, təbiət ona yazın sifətindən daha çox qışın boz sifətini göstərib. Cəmiyyət ona sevincdən daha çox kədər, toydan daha çox yas, işıqdan daha çox qaranlıq tərəfini göstərib. Aşıq gördüyünü çağırar, deyiblər. Təbiət və cəmiyyət nəyi veribsə, İbrahimxəlil də onların dostu olub, onların köynəyindən keçib. Mən yarı adamam, yarı kitabam, Mənim yarammı var, yaram ağrısın. Haranız ağrıyır? – soruşan olmur, Eh, mənim haram var, haram ağrısın. Böyük ağrıların cavabı böyük şair ürəyində ancaq bu cür yaralı misralar ola bilər. Sananan tellərtək dərdimi sayın, Sayıb yoxsulluğa yozmurdularmı? Dəftər qıtlığısa… dərimi soyun, Bir vaxt dəri üstə yazmırdılarmı? Bu yazını yaza-yaza elə havalanıram, az qalıram, İbrahimxəlilin bütün şeirlərini başdan-ayağa bu yazının ruhuna hopduram. Ayrılmaq olmur göynədən, üşüdən, ağrıdan, düşündürən misralardan, buz salxımı kimi sallanan sətirlərdən. Əlini vurursan əlini göynədir, dilinə alırsan dilini üşüdür, narahat, nigaran şair ürəyinin amansız çırpıntıları!!! Ax Mirzə Fətəli, ax Mirzə Cəlil, Azmı qarqabağı kəsən, asdıran. Sizə cəllad günü yazmamışdımmı: İtsəm bilən olmaz, ölsəm basdıran… Və yaxu:d Bəlkə heç üzünü görmədik yazın, Kim bilir, bəlkə heç yaza çıxmadıq. – deyən əzizim İbrahimxəlil! Hərə bir cana borcludur. Daşıdığın bu dərdlər səni öldürə bilər. Cismən qışdan yaza çıxmaya bilərsən. Ancaq sənin yazdıqların öz işini görəcək. Neçə-neçə qışı yaza çıxardacaq. Mirzəcəlillər, mirzəfətəlilər gör neçə illərdi dünyadan gedib. Bu gediş ancaq cismani gedişdir. Heç bu xalqın Mirzə Fətəlisiz, Mirzə Cəlilsiz bircə günü olubmu, mənim Mirzə Cəlil yollu, Sabir taleli şair qardaşım?! İtsəm bilən olmaz, ölsəm basdıran… Sapı özümüzdən olan baltalar, cahillər və nadanlar Şərqin böyük mütəfəkkiri Mirzə Fətəlinin cənazəsini də bir neçə gün ortalıqda qoymamışdılarmı? İndi onlar yoxdu, böyük Mirzə Fətəli var, onun yaratdıqları var. Sənin poetik təfəkküründən qaynaqlanan, dərddən şirə çəkən, böyük mənada xalqın böyük dərdlərinə ayna tutan əsərlərini getdikcə böyüyəcək, qol-budaq atacaq, yaddaşların sərvətinə çevriləcək! Buna mənim zərrə qədər şübhəm, tərəddüdüm yoxdur. “Yarəb, bəlayi-eşq ilə qıl aşina məni”. Əzizim İbrahimxəlil! Sizin ünvanınıza yazılan bu məktubdan istifadə edib Borçalı ədəbi mühitinin bütün istedadlı nümayəndələrinə – Osman Əhmədoğluya, Rafiq Hümmətə, Tapdıq Yolçuya, Allahverdi Təhləliyə, Afiq Muxtaroğluya, Həvillək Bayramlıya, Dilqəmə, Məhəmməd Həsənliyə, Yunus Novruza səmimi salamlarımı yetirirəm. Ana öz doğma balalarının nazını, qayğısını çəkən kimi sənin kitablarının işıq üzü görməsində əsl vətəndaşlıq qeyrəti göstərən sevimli, yazıçımız, çox istedadlı tərcüməçimiz, təkcə sənin yox, bütün Borçalı ədəbi mühitinin ağır və şərəfli yükünü çiynində daşıyan Nəriman Əbdülrəhmanlıya ürəkdən təşəkkürümü və minnətdarlığımı bildirirəm. Ucqar şairinə mərkəz məktubunu Zəlimxan Yaqubun bu misraları ilə tamamlayıram. Mərkəzlə ucqarın düz gəlmir sözü, Mərkəz toz-dumandı, uc qardı qardaş. Qəlbində qəriblik olan şairə Mərkəzin özü də ucqardı, qardaş.
Zəlimxan YAQUB, xalq şairi





Yüklənir...