UNUDULMUŞ BİR KİTAB
Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 25 Kasım, 2007Günəş şüalarını Kəpəzin sivri zirvələrinə təzəcə sancmış, səfalı gölün mərmər köksünü şölələndirməyə başlamışdı. Bərq verən ləpələr aramla gəlib sahili yuyaraq geri çəkilirdi. Əlvan çiçəklərin, yamyaşıl otların, yarpaqları hələ buxarlanmamış leysan suyu ilə çimmiş qocaman ağacların xoş ətri ətrafı bürümüşdü. Bu iddilik təbiətin bir ovuca sığan mənzərəsinin müəllifi kimdir? Peşəkar yazıçımı, dünyagörmüş insanmı, idrakını torpağın xəzinəsini aşkara çıxarmağa əsirgəməyən alimmi?
Başqa müqayisələr də tapardım və bu mənimçün elə bir zor iş də olmazdı. Amma buna ehtiyac duymadım. Ona görə ki isti və kövrək qələmin pıçıltısından süzülən sətirlərin müəllifi həm yazıçı, həm müdrik insan, həm də zəngin idraklı alimdir. Mənim bu şəxs barədə ilk dəfə yazmağımda da qəribəlik axtarmaq mümkündür. Axı o nə mənim müəllimim, nə rektorum, nə yol yoldaşım olub. Sadəcə, tələbəykən, aspirantkən küçədə gedərkən onun qaməti, yerişi, ətrafına diqqətliliyi, çallaşmış sıx saçları, eynəkdən süzülən baxışları məni çox maraqlandırıb, bu üzdən də başqalarından onun kimliyini öyrənmişəm. Düşəndə imzasına rast gəlmiş, radioda pyesinin montajını dinləmişəm.
Əlbəttə, bu iki tanıtıma səbəb birinci olub. Cavab almışam ki, bu seçilən adam məşhur akademik Şəfaət Mehdiyevdir. Və dərhal da demişəm ki, BDU-nun keçmiş rektorumu? Yanılmadığımı bildiriblər.
Sonralar ədəbiyyat aləminə daxil olanda, ədəbiyyat nümayəndələriylə görüşüb söhbətləşəndə yaradıcılıq prosesinin ərköyünlüyünü, küsəyənliyini görəndə və kiminsə qapısını döyüb qəlb evinə icazəsiz-filansız girəndə susmuşam. Bu sehrli aləmin kimləri əsir eləmədiyini görmədim?! Darvin, Eynşteyn, Opengeyer… Bunlar ki elm adamlarıdı, hər halda, “sərt” qələmlə əlləşənlərdi. Bəs məşhur hökmdarlar, tiranlar necə? Şah İsmayıl Xətainin, Harun əl Rəşidin, Soltan Səlimin azarı nəydi? Nə aləmdi bu bədii xəzinə ki maddi sərvətlərə etina etmədən vaxt tapıb onunla pıçıldaşıblar. Hətta döyüş səngərində bir küncə çəkilib şeir yazan hökmdar-sərkərdələr də hisslərini gizlətməmişlər. Görünür, İlahidən gələn bu qələm payı tərəf-müqabilini daim məğlub eləyib. Şəfaət Mehdiyev də eləcə.
Məni mərhum alimimiz barədə yazmağa yalnız daxili istəyim yox, həm də nüfuzlu yazıçıların, yaradıcı-vəzifəlilərin unutqanlığı məcbur etdi. İstəyəndə beş-altı şeirin, bir-iki hekayənin, bir povestin müəllifini göyə qaldırır, anım günü keçirir, hətta sifarişli məqalələr yazdırırlar. Elmdə yüksək zirvədə dayanan, təhsil sahəsində böyük təşkilatçılıq göstərən ictimai xadimlərimizin ədəbiyyatda ləyaqətli, öz yerini bilən örnəklərini xatırlamaq yada düşmür. Dəqiq elm sahiblərinin ədəbiyyatda maraqlı söz deyənləri barədə yazanda elə ədəbiyyatın öz nüfuzu artır, kütləviləşir. Bu unudulanlar sırasında Şəfaət Mehdiyevi görəndə unutqanlıq psixologiyamıza təbii baxmaq olmur.
1990-cı ildə onun ilk və son kitabı işıq üzü görmüş, oxucular tərəfindən pis qarşılanmamışdı. Adı da bədii səslənməmişdi: “Ədəbi əsərlər toplusu”. Vaxtilə Ş.Mehdiyevin “Mirzə Fətəli” dramı ədəbi tənqid tərəfindən pis qarşılanmadı, bunun da səbəbləri vardı. Əvvəla, dramaturgiyamızın banisi haqqında heç bir sanballı səhnə əsəri yazılmamışdı. İkincisi, bu mövzuya cəsarət göstərən məhz peşəkar dramaturq deyil, akademikdi. Sözün yaxşı mənasında pyes özünün dramaturji konflikti, obrazların dialoqu, səhnə mizanları ilə tələblərə cavab verirdi. Müəllif yazır: “Bu pyes ürəyi xalqının xoşbəxtliyilə döyünən böyük ədibimiz, Azərbaycan dramaturgiyasının banisi, filosof və ictimai xadim M.F.Axundzadənin müdrik simasının bəzi cəhətlərini səhnədə canlandırır”. Fikir verin, müəllif qısa annotasiyasında belə birinci şəxsin diliylə danışmır; bu, Şəfaət Mehdiyevin ədəbiyyatda da təvazökarlığını əyaniləşdirir. Yaxşı ki, müəllifin sağlığında pyesin radiotamaşası olmuşdur. Mövzunun aktuallığına bir fakt da nümunədir. Sabiq nazir Həsən Həsənov da Mirzə Fətəli Axundovun dövrünə qayıtmış və onun maraqlı pyesi Akademik Dövlət Dram teatrında oynanılmışdır. Mənə elə gəlir ki, Şəfaət Mehdiyevin “Mirzə Fətəli” dramına da səhnə həyatı verməyin vaxtı çatmışdır…
Ədəbiyyat içərisində intellektuallığı yaşadır və onun mahiyyətində elmi düşündürən mübhəm proseslər yox deyil. Dahi yazıçı F.Dostoyevski barədə başqa bir dahi – A.Eynşteynin sözlərini xatırlamağa lüzum yoxdur.
Bu yanaşmalar “fiziklər – liriklər” məsələsini şərtləndirmirmi? Şəfaət Mehdiyev hekayələrində, miniatürlərində və şeirlərində tamam kövrək, lirik ovqata sahib kəsilir. 1969-cu ildə qələmə alınmış “Su pərisi” hekayəsi ekologiyamızın təmizliyinə həsr olunsa da, əfsanə motivlərinə əsaslanmışdır. Müəllif yuxu görür və yuxunu söyləyir, Su pərisi sən demə dənizi çirkləndirən, onun başına min bir oyun gətirən bizlərin faciəsinin qurbanıdır.
Ş.Mehdiyev həyatdan doğan bilavasitə əski cəmiyyətdə qeyri-insani əxlaqi normalara rəvac verən vəzifələri də kəskin tənqid atəşinə tutan maraqlı hekayələr yazmışdır. “Rüşvət ustası”, “Falçının məsləhəti”, “Fil həkimi”, “Dissertasiya duası”, “Keçi əhvalatı” və sair kiçik, maraqlı əsərlər bu qəbildəndir. Adlarından göründüyü kimi, adi məişət və iş prosesindən alınan bu mövzuları müəllif özü bilavasitə duymuş, müşahidəçiyə çevrilmişdir.
Şəfaət Mehdiyevin “Dissertasiya duası” hekayəsini oxuyanda yenə bu günümüzün qəribəliklərini xatırladım. Hekayədə mollaların artması və alim olmaq üçün dissertasiya yazmaq eşqinə düşməsindən bəhs olunur. Bir qadın mollanın yanına lotereya və istiqraz uduşu üçün gəlir, xahiş eləyir ki, molla dua yazsın, ya “Volqa”, ya da pul udsun. Molla bunun siyasi məsələ olduğundan ehtiyatlanır və yalnız dissertasiya duasını yazmağa söz verir. Nə qədər həyati, ölməz mövzudur. Yazıçının da ustalığı və peşəkarlığı ondadır ki, yazdığı əsər zaman kəsiyində də ölmür, oxucusunu tapır. Bu hekayələrin mövzusu və süjet həlli, dilinin şirinliyi bir daha təsdiqləyir ki, Şəfaət yazıçıdır, zəngin müşahidə qabiliyyətlidir. Və bu hekayələr vaxtilə dövri mətbuatda da işıq üzü görüb.
Mən kitabda toplanan “Miniatürlər” barədə bir qədər ətraflı danışacağam. Bir qələm əhli kimi, lirik, lakonik hissləri qələmə almaq daxili tələbdir və yazıçılar yaradıcılıq ovqatlarını bu janrda sınayırlar. Adi əhvalat, replika, duyum və s. psixoloji məqamlar nasiri daha ibrətli nəticə çıxarmağa çağırır. Süjetli olduqda isə, oxucunu müşahidədən konkret nəticə çıxarmağa çağırır. Təbii ki, belə səpkili miniatürlər lirik və satirik planda yazılır. Hər iki cəhət Şəfaət Mehdiyevdə yüksək ovqatla qələmə alınmışdır. “Palıd kötüyü”, “Nəzəri müalicə”, “Şükür elə”, “Timsahın qazancı”, “Suallar və cavablar”, “Üç nəhsdir”, “Dəhşətli faciə”, “Ağıl vahidi”, “Yorğa müfəttiş” və digərlərini həvəslə oxudum. Hiss eləmək çətin deyil ki, Şəfaət həyatda həssas, diqqətli, yazı masası arxasında təmkinli, ciddi şəxs olmuşdur. İstər hekayələrində, istərsə miniatürlərində onun yazıçı obrazını görmək mümkündür. İnsanın daxili aləminə varanda həzinləşir, müdrikləşir, insanlıqdan kənar işlərlə qarşılaşanda ciddiləşir, tündməcazlaşır.
Bir epizod:
“Yazıçı tənqidçidən dostuna şikayətlənib deyirdi:
- Zalım oğlu əsərimdən baş çıxara bilməyib, tənqid adı ilə ağzına gələni yazıbdır.
- Nə yazıbdır?
- Yazıb ki, əsəri əlimə aldım, oxuya bilmədim, masanın üstünə atdım. Bir qədər sonra özümü məcbur etdim, yenə də oxuya bilmədim.
- Şükür elə, çox şükür elə ki, oxuya bilməyibdir.
- Daha nə şükür, məni rüsvayi-cahan edibdir.
- Şükür elə ki, oxuya bilməyibdir. Oxuya bilsəydi, dərinə gedərdi”.
Miniatürlər əslində kiçik həcmli hekayələr təsiri bağışlayır. Və süjetin mərkəzində mənalı dialoqlar dayanır. Yazıçı sadə və yumorlu dillə fikrini çatdırır. Onu da deyərdim ki, bu miniatür-hekayələr əsasən satirik planda yazılıb, həyati hadisə və əhvalatlardan danışır.
Şəfaət müəllim, şəhadətə görə, həyatda ciddi şəxs olub. Buna da təbii baxıram. Satirik yazıçılar heç vaxt adi situasiyalarda yumor hissini büruzə vermirlər. Sonda hazırcavablıqla cavablandırırlar.
Yazıçının “Atamın katibəsi var” miniatürü fikrimizi təsdiqləyir:
“Bir məktəbli öz dostunun atasını tərifləyib dedi:
- Mənim atam yaxşı çay dəmləyir, səninki necə?
- Mənim atamın yaxşı katibəsi var”.
Kiçik epizod əslində düşündürücü mənanı ifadə edir.
Akademik Şəfaət Mehdiyev ictimai xadimdi və müxtəlif rəsmi günlərdə, mərasimlərdə çıxış etmiş, gəzdiyi yerlərin təəssüratını yaşamış, müxtəlif insanlarla ünsiyyətdə bulunmuşdu. Bu bütün vəzifəlilərin, rəsmi şəxslərin qarşılaşdığı vəziyyətdir. Lakin belə vəziyyətə iki münasibət olur: bir qrupu obyektə poetik, canlı, düşündürücü, tərbiyəedici fikirlə, sözlə yanaşır və publisist istedadı ilə qələmə alıb əbədiləşdirir. İkinci qrup isə bunlara etinasız yanaşır, quru, akademik çıxışını auditoriyaya sırıyır. Şəfaət Mehdiyev birincilərdəndir və bişmiş qələmiylə, publisist deyimlə öz ürək sözünü yazıya köçürmüşdür.
Onun “Publisist qeydlər” başlığı altında yazdıqlarını həvəslə oxudum. Bu qeydlərdə alim-yazıçının milli sərvətlərimizin tükənməzliyi fonunda torpağın sirlərinin açılması səyi, insan zəkasının sivilizasiyanı şərtləndirməsi, atmosferin qorunması, əhali artımı kimi qlobal məsələlərin şirin dillə təsviriylə üzləşirsən. Və hiss eləyirsən ki, Şəfaət müəllim dərin intellektlə yanaşı, poetik düşüncəli şəxsiyyətdir, “Fiziklər-liriklər” parametrini özündə birləşdirən qələm sahibidir.
O, “Şəxsiyyətlər” yazısında öz düşüncələrini ümumiləşdirmiş, şəxsiyyətin həm fərdi psixologiyasına, həm də cəmiyyətdəki yerinə öz prizmasından yanaşmışdır. Şəxsiyyətlərin tipologiyasını da istisna etməmişdir. Belə ki, İmadəddin Nəsimi, Xosrov Rüzbeh, M.F.Axundzadə və digərləri barədə çox orijinal fikirlər söyləmiş, daha doğrusu, onlara fəlsəfi baxışla yanaşmışdır. “İmadəddin Nəsimi! Bu böyük ad son dəqiqəyə qədər “ənəlhəqq” – “mənəm haqq” deyə çırpınan, diri-diri dərisi soyulan dahi şair və mütəfəkkirin nəhəng surətini gözümüz önündə canlandırır”. Yaxud: “Xosrov Rüzbehin şəxsiyyəti doğma vətəninin, sevimli xalqının azadlıq və istiqlaliyyəti uğrunda həyatını qurban verən mətin inqilabçını tanıdır, minlərlə canlı səhnələri – dar ağaclarını xatırladan acı və ağır həyatın amansız zərbələri altında inləyən yoxsulların dözülməz vəziyyətindən xəbər verir”.
Şəfaət müəllimin Amerikaya səyahətləri (1967) barədə yol təəssüratı xüsusi qeyd olunmalıdır. Üç dəfə bu ölkəni gəzərkən o bu sivil dövlətin iqtisadi, mədəni, tərbiyəvi mühitini faktlarla, zəngin müşahidələriylə səmimi, obyektiv yanaşma ilə açır. Sovet məkanında bəlkə də “ABŞ çox inkişaf etmiş qüdrətli bir ölkədir” epitetini işlətmək elə də asan deyildi. Lakin Şəfaət Mehdiyev şəxsiyyətindən irəli gələn düzgünlüyü, hər şeyin öz qiymətini vermək xarakterini etiraf edir. Və bu sözlərin üstündən 35 ildən artıq vaxt ötmüş, bütün həqiqətlər durulmuşdur.
“Maskalı şəhər”də müəllifin vətənpərvərlik hissi müşahidəsindən irəli gəlir və heç bir detalı nəzərdən qaçırmır. Bütün dəbdəbəsinə baxmayaraq, Tokio şəhərinin ekologiyası onu rahat buraxmır. Bəlkə də burada hər şey – hava da yaxşıdır, lakin Vətənin ab-havası yada düşəndə şəhərin maskası yırtılır. Şəfaət Mehdiyev yenə öz üslubuna, dilinə sadiqliklə yazır: “Biz ayrıldıq. Otelin 32-ci mərtəbəsindəki otağımızdan dözülməz məhrumiyyətlər, acı, çıxılmaz fəlakətlər pəncəsində çırpınan bu maskalı şəhərin maskalı və maskasız acınacaqlı həyatını bir növ təmin etmək üçün müxtəlif yollarla pul qazanmağa can atan adamları seyr etdikcə qəlbimdə Vətən eşqi sönməz bir məşəl kimi alışıb yanırdı”.
Mən “Fiziklər-liriklər” xəttini təsadüfən xatırlamadım. Tarixən yüksək zəka sahibləri bədiiyyatın qonşuluğunda nəfəs alıblar. Bunsuz yaradıcı şəxslərin yaratması sual altındadır. Əslində, dəqiq elmlərin poeziyası olduğu kimi, poeziyanın da elmliliyi yox deyil. Sadəcə, bu iki dəyəri görən oxucu zövqü gərəkdir. Alimin şeir yazmasına peşəkar şair gözüylə yanaşmaq düzgün olmazdı: poetik ovqatla ürəyini boşaldır, intellektual düşüncəyə özünü hazırlayır. Belə ki, intellekt fərziyyələr kompleksidir, xassələrin iyerarxiyasıdır. Bədiiyyat hisslərin elmi abstraksiyasıdır, həndəsi çevrilməsidir. Mətləbdən uzaqlaşmamaq xatirinə deyərdim ki, Şəfaət şeir yazıbsa, intellektlə bədiiyyatı bir “öpüşdürə”, “barışdıra” bilib. Mən şeir barəsində nəsə deyəndə əgər o poetik nümunə məni ruhən təmin edirsə, yüksək ovqatla danışmaya bilmirəm: şeir qeyri-adi hissin, özü də heç bir hakimə tabe olmayan ovqatın məhsuludursa, ya şərti, ya da mütləq zövqün inhisarındadır.
Şəfaətin şeirlərini ilk dəfə oxudum. Düzü, otağım soyuqdu, əyalətin işığı və qazı bir-birini “boğursa”, auditoriyadan çıxan pedaqoqun əhvalını təsəvvürə gətirmək elə asan da deyil. Mən, əvvəla, şeirlərin adlarıyla tanış oldum: “Uçur-uçur bülbülcüyüm”, “Oxu gözəl”, “Unudulmur ilk məhəbbət”, “Qoyma görsün xəzan eşqim” şeirləri canıma yayılan soyuqluğu istiləşdirdi.
Şair Şəfaət “Hissiyyatlı insan inamı”nda yaddaşlı günlərini unutmur. “Ötən ötdü” şeirində şairin illərə qayıdışının həzin, kövrək çırpıntısıyla tanış oluruq. Şair bu şeiri hansı yaşında yazıbsa, bir həzin xatirə duyğusu ilə tanış oluruq:
Bəzən xəyal aləmində ötən günlər düşür yada,
Qanad çalır könül quşu, getməyibsə ömür bada.
Düşür yada sevinc, kədər, o günlərin səadəti
Düşür yada bahar seli, pıçıldaşan çinarlar da.
Mən, demək olar, böyük alim və özünəməxsus qələm sahibi Şəfaət Mehdiyevin hələlik bir kitabını həvəslə oxudum, hərçənd, mənə belə “operativlik” yaddır. Lakin şairin “gündəlik” şeir yazmağa aludəçiliyi və bu “gündəlik” eksperimentdə uduzması onun poetik qələbəsidir. Şəfaət Mehdiyev bir daha təsdiqləyir ki, artıq dünyasını dəyişmiş bu görkəmli alim ləyaqətindən doğan bədiiyyatla bu dünyada yaşayanların bədii-estetik zövqünü oxşayan, haradasa düşünməyə, nəticə çıxarmağa təhrik edən bir kitab qoyub getmişdir. Bu ədəbi-bədii yadigar üçün onun ruhuna rəhmət diləyirəm.
Mən məqaləmi necə başlamışdımsa, elə də tamama yetirəcəyəm. Bu fikirlər Şəfaət Mehdiyevin şəxsiyyətlər barədə dediyidir və bu sözləri bu yazıya epiqraf da vermək olardı: “Şəxsiyyətlər müxtəlif olur… Yüksək mənəviyyat, saf qəlbi, təmiz vicdanı olan şəxslərlə yanaşı, təəssüf ki, heç bir siması olmayanlar da var. Ancaq həyat xalq üçün yazıb-yaradan, heç bir fəxri adda, yüksək mükafatda gözü olmayan şəxsiyyətləri sevir, onlara yenilməz heykəl qoyur. Bu heykəlin adı xalq məhəbbətidir”.







Yüklənir...