Noyabrın 29-da Köln şəhərinin mərkəzində Almaniya-Azərbaycan mədəni əlaqələrilə bağlı tədbir təşkil olunub. Köln şəhər bələdiyyəsinin maliyyə dəstəyilə həyata keçirilən bu tədbirin təşkilatçıları Alman-Azərbaycan Forumu və Avroqafqaziya (EuroKaukasia) Elmi və Mədəni Araşdırmalar Mərkəzi olub. Gecədə çıxış edən şəhər mədəniyyət idarəsinin rəhbəri Yohannes Bunk qeyd edib ki, Köln bələdiyyəsi şəhərdə yaşayan digər millətlərin nümayəndələrinə öz mədəni ənənələrini davam və inkişaf etdirmək üçün hər cür şərait yaratmağa, onların bu istiqamətdəki səylərini həm təşkilati, həm də maliyyə baxımından daim dəstəkləməyə çalışır. Amma, təəssüf ki, şəhər bələdiyyəsinin xəttilə indiyə qədər Azərbaycanla bağlı hansısa ciddi bir tədbirin keçirildiyi qeydə alınmayıb. Y.Bunk bu səviyyədə ilk dəfə həyata keçirilən tədbirin təşəbbüskarlarına öz təşəkkürünü bildirib və gələcəkdə bu istiqamətdə yeni proyektlərə ümidli olduğunu söyləyib. Azərbaycan səfirliyinin mədəniyyət üzrə attaşesi Rizvan Nəbiyev salona toplaşan qonaqları salamlayaraq, alman xalqının mədəniyyətimizə olan marağını yüksək qiymətləndirdiyini vurğulayıb: “Adətən ölkəmizi neftə, qaza və digər təbii sərvətlərinə görə tanıyırlar. Amma istərdik ki, alman xalqı bizim təkrarolunmaz və zəngin mədəniyyətimizdən də xəbər tutsun, mədəniyyətimizin bənzərsiz inciləri ilə yaxından tanış olsun. Bu məqsədlə 2008-ci ili Almaniyada Azərbaycan Mədəniyyəti İli elan etmişik. Keçirdiyimiz bu tədbir bir növ həmin böyük proqramın başlanğıcı sayıla bilər”. Rəsmi çıxışlardan sonra gecənin aparıcısı, Köln şəhərində yaşayan musiqişünas Samirə Patser-İsmayılova Azərbaycan musiqi sənəti, onun ayrı-ayrı qolları və korifeyləri haqqında dolğun məlumat verib. Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Vaqif Mustafazadə və başqa nəhəng sənətkarlarımızın yaradıcılıq uğurları, musiqiyə gətirdikləri yenilikləri yığcam şəkildə tamaşaçıların nəzərinə çatdırıb. Bonn Universitetinin professoru, Avroqafqaziya Mərkəzinin rəhbəri və Azərbaycanın tanınmış tədqiqatçısı xanım Eva-Mariya Aux mədəni əlaqələrin tarixinə həsr olunmuş, zəngin faktlar və parlaq müşahidələrlə dolu məruzə ilə çıxış edib. Müzakirələrdən sonra Azərbaycan bəstəkarlarının yaradıcılığından bir sıra nümunələr canlı ifada səsləndirilib. Gənc ifaçılar - bir sıra beynəlxalq mükafatlar laureatı olan skripkaçı Erik Şuman və pianoçu Elnarə İsmayılovanın ifa etdikləri Azərbaycan bəstəkarlarının əsərləri dinləyicilərdə dərin təəssürat oyadıb. Tədbirdə Azərbaycan rəssamlıq sənəti də təmsil olunub. Zalda Almaniyada yaşayan rəssamlarımızdan Əşrəf Heybətovun, Sabir Çopurovun və Şahpələng Məmmədovun rəngkarlıq əsərlərindən ibarət sərgi nümayiş etdirilib. Həmin sərgi hələ bir neçə müddət tədbirin keçirildiyi Kopelov Forumunda davam edəcək.
« Əlillərin yaradıcılıq sərgisi açılıb | Əsas səhifə | Muzey Mərkəzində Avanqard musiqi konserti keçirilib »




Bölmə: 








