Dünən Tofiq İsmayılov adına “Uşaq Dünyası” Qalereyasında “Lotos” Əlilliyin Dərki və Təlim Mərkəzi, Gənclər və İdman Nazirliyi, həmçinin “Baksell” şirkətinin dəstəyilə yeniyetmə və gənc əlillərin işlərinin satış-sərgisinin açılışı olub. Məlum olduğu kimi, BMT Baş Assambleyasının bəyannaməsinə əsasən 1992-ci ildən 3 dekabr Beynəlxalq Əlillər Günü kimi qeyd edilir. Bu münasibətilə açılan dünənki sərgidə 100-dən artıq fotoşəkil, rəsm, həmçinin müxtəlif əl işləri nümayiş olunub. “Lotos”un nümayəndəsi Hafiz Əliyev bu sərginin gənc əlillərin maraq müxtəlifliyini və bacarıqlarını, həmçinin onların cəmiyyət üçün faydalı olmaq cəhdlərini nümayiş etdirmək məqsədi ilə təşkil olunduğunu bildirib. Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərid Qurbanzadə hər zaman bu kimi tədbirlərə dəstək verdiklərini deyib O, hər bir əlilin ölkənin inkişafına öz töhfəsini verməyə çalışmasını təqdirəlayiq hal kimi dəyərləndirib. “Baksell” şirkətinin nümayəndəsi Riçard Bens sərginin təşkilində müəyyən rol oynamalarından məmnunluq duyduqlarını vurğulayıb. Tədbirin sonunda bütün iştirakçılara diplomlar və xatirə hədiyyələri verilib.
« “Nəsnələr danışır, onların dilini öyrənməliyik” | Əsas səhifə | Almaniyada Azərbaycan mədəniyyəti »




Bölmə: 








