Aydın Xan (Əbilov),
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq
İçində süründüyümüz sutka, yəni 23 noyabrın 24 noyabra məğlub olduğu gecə saat 00 15-də - əvvəlcədən də xəbər verdiyim kimi, - İctimai TV-nin intellektual tele-dəyirmi masasında - “Gecənin aydınlığı” verilişində yenə mühafizəkarlarla liberal gənclıyın nümayəndəsi olan mən baş-başa gəldim. Dostlarımın sözü olmasın, son illərin intellektual-kulturoloji tele-ulduzuna çevrilsəm də, boynuma alım ki, bu dəfə də mənə çətin oldu: insanlarımızı düşüncə davasına çəkmək yaman çətindir - heç kim özünü başqalarının yanında, xüsusən də xalq, nə bilim millət adlandırılsa da toplumdan o tərəfə addımlaya bilməyən kütlənin qarşısında pis etmək istəmir və növbəti dəfə Don Kixotluq etməyə məcbur olursan.
Baxmayaraq ki, çöldə-qıraqda, televiziya kameralarının gözündən uzaqda, cəmiyyətdən kənarda səns bəh-bəh deyirlər, fikirlərinlə yüzə-yüz razılaşdıqlarını pafoslayırlar…
Mövzü - əbədi-həyati, kulturoloji-fəlsəfi problem kimi bəşəriyyətin tarixində ən uzun mübahisələrə səbəb olan atalar və oğullar idi: insafən, həmpolemikadaşlarım səviyyələrindən irəli gələn formatda məsələyə normal münasibət bəsləyirdilər və bir az da mənim düşüncə basqılarım altında fikirlərinə bir yenilik gətirirdilər…
Alim Cahangir Məmmədli, fəlsəfəçi-dramaturq Firuz Mustafa, yazıçı-tərcüməçi, publisist Yaşar, BMT-nin ölkəmizdəki Nümayəndəliyinin əməkdaşı Gülşən Paşayeva və yazıçı-kulturoloq olaraq mən atalar və oğullar probleminə fəlsəfi-realist baxışlarımız pis alınmırdı - yəqin bu e-sətirləri oxuyanların sırasında həmin verilişə baxanlar az deyildi.
…Azərbaycanda atalar-oğullar məsələsi daha çox düşüncədə əngələ çevrilib; azərbaycanlı atalar tənbəl olur; Azərbaycanda bütün yeniliklərin başında oğullar durur (Babək hərəkatı, Çah İsmayılın yaratdığı milli Səfəvilər imperiyası, hətta Mirzə Fətəli Axundov da gəncliyində ateist və inqilabçı olub, atalaşanda hacılaşdı…); azərbaycanlı ata həmişə basqı maşını olub… və b. bu kimi liberal fikirlərimin cəmiyyət üçün nə qədər maraqlı səslənəcəyi amilinə toxunmadan içimi göynədən bir məsələyə toxunacaqam…
Bu gecə eyni vaxtda milli teleməkanda gedən verilişləri yada salıram:
- AZ TV - dövlət telekanalı iki zırlamanın savaşını, bir-birinin sir-sifətini qana boyamağını - qaydasız döyüş adlanan vəhşiliyini reklam edir, zorrakılığı təbliğ edirdi. Maraqlıdır, bizim bəzi milli rusdilli intelegentlərimiz Novruz bayramında teatrlaşdırılmış xoruz döyüşdürülməsini görən kimi daş atıb başlarını tuturlar, amma yeni-yeni Hacıməmmədovların yetişməsinə xidmət edən insan qladiatorluğunu görübən ağızlarına su alırlar…
- ANS meyxanaçı və toy müğənnisinin dueti ilə televiziya tamaşaçılarının zövqlərini zorlayır, SMS-lərini çırpışdırırdı. Maraqlıdır, manıslar qurtarandan sonra, görəsən, kimləri teleulduzciyəz çıxararlar?
Mənim yaxşı bir təklifim var: mollaları…
Məzəlı bir gülməcə yadınızdadır da: ingilisdilli yeni azərbaycanlılardan biri yas məclisində “Yasin”i avazla oxuyan molladan soruşur:
- Molla əmi neçə ildir oxuyursan?
Molla qayıdır ki:
- İyirmi beş ilə yaxındır, necə bəyəm?
- Deyirəm, nə əcəb klipiniz çıxmayıb…
İndi, dəyərli tele-başıbilənlər, gəlsənə, mollaların iştirakıyla şou yaradasınız - onlardan o dünyanın ulduzu edin…
- “Lider” TV-də yenə telequmarxana açılmışdı: filan sözü tap, 100, 200, 500 manat qazan. Bircə şərtlə, sən filan nömrəyə zəng et: hər on nəfər zəng açanın arasından birini seçən kompyuter sonra işə düşəcək. Güya SMS, ya da telefon nömrənin üstünə qonan bəxt faylı seçilmişlərin arasından səni ayırıb aparıcı ilə calaşdıracaq və bu həngamədən sonra əgər dilin dolaşmasa, yaxud da, çaşıbən səkkizdən üçü çıxa bilməyib, düz cavab əvəzinə altı kəlməsini dilinə gətirsən, onda vay cibinin pullarına…
- “Space” yenə yerində sayırdı, amma bu dəfə Brus Linin simasında deyil, hansısa milli manıslarımızın laqqırtısıyla…
- “Azad Azərbaycan” (ironik qəbul etməməyinizi xahiş edirəm) TV-də yenə də manısxanaydı: hansı toy muğənnisi rəqibini yaş sərib quru sıxırdı, nə bilim, mavilərin kişiliyindən, xanım ulduzların Dubayda Azərbaycan incəsənətini təbliğ edibən mədəniyyətimizi yaymaqlarından, daha nələrdən dəm vururdu…
- Xəzər TV-də yenə dini serial qəhrəmanları ağlaşmaqla məşğul idilər…
Tele-qəbuledicimdəki bir Rusiya, iki Türkiyə kanalıyla işim yoxdur: bircə onu deyim ki, “RTR” - Mədəniyyət kanalında (deyilənə görə, bu yaxınlarda məmurlarımız onun da başına daş salacaqlar) adına uyğun bir proqram vardı, fəqət bəndəniz özünün iştirak etdiyi verilişə tamaşa etdiyindən, o maraqlı, baxımlı tele-diskussiyanın qiyabi iştirakçısına çevrilə bilmədi…
Beləcə, dostlar, tarixi torpaqlarımızı qonşularımızın, Qarabağımızı düşmənlərimizin zəbt edildiyi, dinimizin xaçpərəst missionerlərin, vəhhabiçilərin, nurçuların məğlubiyyətinə duçar olduğu, mentalitetimizin qloballaşmanın ən pis yanları tərəfindən zorlandığı, dilimizin ingiliscənin basqılandığı, insanlarımızın da elektron KİV, xüsusən də ən çox təlabatlanan telekanallar vasitəsilə pis (elə busaydaca hərflərdən ibarət sözü də işlədə bilərdim, ehtiyac varmı, onsuz da anlaşılandır…) günə qoyulduğu bir çağda mən necə susum və pafoslu tərifbazlıqla millətimin beynini - zövqünü məhv edim?!.
P.S. Yazını bitirməyə imkan etməmiş, telekanalların növbətisindən yeni bir verilişə dəfət aldım: ya Azərbaycanda danışanların sayı kasaddır, ya da Aydın Xan adlı brendi artıq pula çevirməyin zamanı çatıb. Yoxsa televiziyaçılar biz yaradıcı intellektualları istismara məruz qoyaraq özlərinin reytinqini qaldırırlar, çəkilişlərdəki iştiraka görə qonorar tələb edəndə isə tez deyirlər:
- Bura nə Avropa ölkəsidir, nə də ABŞ, siz Azərbaycanda yaşayırsız, məgər televiziyalarımızın iqtisadi durumunun necə ağır olduğunu bilmirsiz?..
Nə olar, qoy bizim tərəfimizdənsizlərə intellektual-kulturoloji yardım olsun, qardaşlar.
Fəqət, biz də siz televiziyaçıları tədbirlərimizi işıqlandırmağa çağıranda, bir dəfə də bizlərə efir sədəqəsi bağışlayın…
« Azərbaycan Dövlət İrəvan Teatrına yeni bina verdilər | Əsas səhifə | Naxçıvanda ədəbiyyat müsabiqəsi »
Yazıya səs verin
Şərhlər
Bu yazı Bazar, Dekabr 9th, 2007 tarixində 15:46 radələrində Publisistika bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.




Bölmə: 


(4 səs, təxmini: 4 ilə 5)






Literaturen adlı istifadəçi, Dekabr 10, 2007 tarixində, saat 10:57 yazıb:
Ala Ayın yekə kişisən, yazmağa bir şey tapmadın?