Qaynar xəbər portalı

“Gələn il mədəniyyət və incəsənət xadimlərinin əmək haqqılarında artım ola bilər. Biz 2007-ci ildə bu sahədə çalışan insanların əmək haqqlarını səhiyyə və təhsil işçiləri ilə eyni səviyyəyə çatdırmağa müvəffəq olmuşuq. Çox güman ki, bu artım gələn il də davam edəcək”. APA-nın məlumatına görə, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, cari ildə mədəniyyət və incəsənət müəssisələrinin işçilərinin əmək haqqları 25 faizə yaxın artıb. Əbülfəs Qarayev mədəniyyət və incəsənət xadimlərinə fəxri adların verilməsi məsələsinə də münasibət bildirib: “Mədəniyyət xadimlərinə adların verilməsi məsələsi tədricən başqa bir formaya keçəcək. Bu, onların fəaliyyəti üçün əlavə stimuldur. Biz heç kəsi bu məsələdə incitməyəcəyik. Fəxri ad alan mədəniyyət və incəsənət xadimləri buna layiqdirlər”.


“Bütün türk dillərində olan səsləri nəzərə alan ümumi, universal bir latın əlifbası yaradılmalıdır. Bütün türk xalqları öz dilləri üçün lazım gələcək işarəni burdan götürməlidir. Yəni bir ümumi əlifba olmalı, həm də hər bir türkcənin öz əlifbası olmalıdır. Amma bu əlifbalar eyni işarələrlə hazırlanmalıdır. Səs yoxdursa, işarəsi də olmamalıdır”. APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin Mədəniyyət məsələləri komissiyasının sədri, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov deyib. Millət vəkilinin fikrincə, bu prosesin gedişində Azərbaycanın əlifbasında da, Türkiyə əlifbasında da müəyyən dəyişiklik gözlənilə bilər. N. Cəfərov bəzi Türkiyəli mütəxəssislərin Atatürkün qəbul etdiyi əlifbanı dəyişməyin əleyhinə olduğunu da qeyd edib: “Amma mən düşünürəm ki, Atatürkün etdiyi modern inqilablarda müasirləşdirməni davam etdirmək lazımdır. Atatürk özü sağ olsaydı, türk dünyasının əlifbasının birliyi naminə özünün qəbul etdiyi əlifbada hər bir dəyişikliklərə hazır olardı”. Vahid əlifbanın yaradılması prosesinin nə qədər davam edəcəyinə gəldikdə, N. Cəfərov bunun müvafiq komissiyanın işindən asılı olduğunu qeyd edib: “Bu kimi komissiyalar vaxtilə də çox yaradılıb. Amma onların işi lazımı müvəffəqiyyətlə getməyib, uğurlu olmayıb. Yəqin ki, artıq dövlət səviyyəsində bu işlərlə məşğul olma prosesi başlayıb. Əgər bu iş ardıcıl olaraq davam edərsə, düşünürəm ki, bir ilin içərisində ümumi, normal, hər bir türk dilinin və hər bir türk insanını qəbul edəcəyi əlifba ortaya çıxa bilər”