“Bütün türk dillərində olan səsləri nəzərə alan ümumi, universal bir latın əlifbası yaradılmalıdır. Bütün türk xalqları öz dilləri üçün lazım gələcək işarəni burdan götürməlidir. Yəni bir ümumi əlifba olmalı, həm də hər bir türkcənin öz əlifbası olmalıdır. Amma bu əlifbalar eyni işarələrlə hazırlanmalıdır. Səs yoxdursa, işarəsi də olmamalıdır”. APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin Mədəniyyət məsələləri komissiyasının sədri, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov deyib. Millət vəkilinin fikrincə, bu prosesin gedişində Azərbaycanın əlifbasında da, Türkiyə əlifbasında da müəyyən dəyişiklik gözlənilə bilər. N. Cəfərov bəzi Türkiyəli mütəxəssislərin Atatürkün qəbul etdiyi əlifbanı dəyişməyin əleyhinə olduğunu da qeyd edib: “Amma mən düşünürəm ki, Atatürkün etdiyi modern inqilablarda müasirləşdirməni davam etdirmək lazımdır. Atatürk özü sağ olsaydı, türk dünyasının əlifbasının birliyi naminə özünün qəbul etdiyi əlifbada hər bir dəyişikliklərə hazır olardı”. Vahid əlifbanın yaradılması prosesinin nə qədər davam edəcəyinə gəldikdə, N. Cəfərov bunun müvafiq komissiyanın işindən asılı olduğunu qeyd edib: “Bu kimi komissiyalar vaxtilə də çox yaradılıb. Amma onların işi lazımı müvəffəqiyyətlə getməyib, uğurlu olmayıb. Yəqin ki, artıq dövlət səviyyəsində bu işlərlə məşğul olma prosesi başlayıb. Əgər bu iş ardıcıl olaraq davam edərsə, düşünürəm ki, bir ilin içərisində ümumi, normal, hər bir türk dilinin və hər bir türk insanını qəbul edəcəyi əlifba ortaya çıxa bilər”
« Naxçıvanda ədəbiyyat müsabiqəsi | Əsas səhifə | Mədəniyyət sahəsində çalışanların əmək haqlarında artım gözlənilir »




Bölmə: 








