Kultaz: Bu gündən etibarən məşhur türk yazarı Orhan Pamukun ötən il ədəbiyyat üzrə Nobel ödülünə layiq görülən “İSTANBUL: Xatirələr və şəhər” romanını dəyərli oxucularımıza təqdim edirik. Roman həftədə (hər bazarertəsi) bir fəsil olaraq yayımlanacaq. Roman haqqında, yazıçının maraqlı və mürəkkəb üslubu haqqında danışmadan, sizi əsərlə baş-başa buraxırıq.
Atam Gündüz Pamuka həsr edirəm (1925-2002)
1. Başqa bir Orhan
İstanbulun küçələrində hardasa, bizimkinə bənzəyən bir başqa evdə hər şeyilə mənim bənzərim, əkiz tayım, hətta tam eynim olan başqa bir Orhanın yaşadığına uşaqlıqdan başlayaraq uzun illər boyu inandım. Bu fikrin ilk dəfə haradan və necə beynimə düşdüyünü xatırlaya bilmirəm. Böyük ehtimalla səhv başa düşərək, təsadüflər, oyunlar və qorxularla hörülmüş uzun prosesin sonunda bu fikir içimə dolmuşdu. Bu xəyal beynimdə işarmağa başlayınca nələr hiss etdiyimi açıqlaya bilmək üçün, onu ən müəyyən şəkli ilə ilk dəfə hiss etdiyim anlardan biri barədə danışmalıyam. Beş yaşımdaykən bir dəfə başqa bir evə yollanmışdım. Anamla atam dalaşıb ayrıldıqdan sonra nəhayət Parisdə görüşmüş, İstanbulda qalan məni və böyük qardaşımı da bir-birimizdən ayırmışdılar. Böyük qardaşım Nişandaşında Pamukların mülkündə nənəm və böyük ailə üzvləri ilə birlikdə qalırdı. Məni isə Cahangirə xalamın evinə yollamışdılar. Həmişə sevgiylə və gülümsər üzlə qarşılandığım bu evin divarında ağ çərçivə içərisində kiçik uşaq şəkli asılmışdı. Aradabir xalam, ya da xalamın əri divardakı şəkli göstərib “bax, bu sənsən” deyə gülümsəyərdilər.
Şəkildəki bu irigözlü sevimli uşaq doğrudan da bir az mənə bənzəyirdi. Onun da başında küçəyə çıxdıqda taxdığım papaqlardan biri vardı. Amma buna baxmayaraq, onun mənim şəklim olmadığını bilirdim (əslində, şəkil- Avropadan gəlmiş “kitsch”, bir sevimli uşaq reproduksiyası idi). Həmişə düşündüyüm bu idi ki, görəsən başqa bir evdə yaşayan digər Orhan bu ola bilərdimi?
Amma indi mən də başqa bir evdə yaşamağa başlamışdım. Sanki İstanbulda başqa bir evdə yaşayan bənzərimlə görüşə bilmək üçün mənim də başqa bir evə getməyim lazım olmuşdu, amma bu görüşdən heç də şad deyildim. Əsl evə - Pamukların mülkünə geri dönmək istəyirdim. Divardakı şəklin mənim şəklim olduğunu söylədikləri zaman fikirlərim qarışar, mən, mənim şəklim, mənə bənzəyən şəkil, bənzərim, başqa bir ev xəyalları bir-birinə qarışar, evə geri qayıtmaq, həmişə oradakı ailə tünlüyü içində olmaq istəyirdim. Bu istədiklərim oldu və qısa müddət sonra Pamukların mülkünə geri qayıtdım. İstanbulda başqa bir evdə yaşayan başqa bir Orhan xəyalı isə məni heç vaxt tərk etmədi. Uşaqlığımda, yeniyetməlik dövrümdə bu sehirləyici düşüncə beynimin asanlıqla çata biləcəyim guşəsində həmişə hazır olaraq dayanardı. Qış axşamları İstanbul küçələrində gəzərkən narıncı işığını gördüyüm, içində şən-firavan adamların rahat həyat yaşadığını xəyal etdiyim və daxili aləmini görməyə çalışdığım bəzi evlərdə digər Orhanın yaşadığı fikri bir anlığa ürpərti ilə xəyalımdan keçərdi. Yaşım artdıqca bu xəyal fantaziyaya, fantaziya da yuxu səhnəsinə çevrildi. Yuxularımda bəzən dəhşətlə bağıraraq digər Orhan ilə - həmişə başqa bir evdə - qarşılaşırdım, ya da təəccüblü və ciddi bir soyuqqanlılıqla iki Orhan bir-birimizə baxardıq. O zaman yastığıma, evimə, küçəmə, yaşadığım yerə, yuxu ilə reallıq arasında, daha möhkəm sarılardım. Qəmli olduğum zamanlar isə başqa bir evə, başqa bir həyata, digər Orhanın yaşadığı yerə gedəcəyimi təsəvvürümdə canlandırmağa başlayır, digər bir Orhanın olduğuna bir az inanır, onun sevincli xəyalları ilə başımı qatırdım. Bu yuxular məni elə şad edərdi ki, başqa bir evə getməyə ehtiyac olmazdı. Əsl məsələyə gəldik: doğulduğum gündən etibarən yaşadığım evləri, küçələri, məhəllələri heç tərk etmədim. Əlli il sonra (arada İstanbulun başqa yerlərində yaşamağıma baxmayaraq) yenə Pamuk mülkündə, anamın məni qucağına alıb dünyanı ilk dəfə göstərdiyi və ilk fotoşəkillərimin çəkildiyi yerdə yaşamağımın, İstanbulun başqa yerindəki digər Orhanın fikrilə, bu təsəlliylə bir əlaqəsi olduğunu bilirəm. Hekayəmin mənə və buna görə həm də İstanbula özəl edən məqamın da bu olduğunu hiss edirəm: köçlərin çoxluğu və mühacirlərin yaradıcılığıyla müəyyənləşmiş bir dövrdə həmişə eyni yerdə, hətta əlli il həmişə eyni evdə qalmaq. “Bir az küçəyə çıx, başqa yerə get, səyahət elə” - anam kədərlə həmişə bu sözləri deyərdi.
Konrad, Nabokov, Naipaul kimi uğurla dil, millət, mədəniyyət, vətən, qitə, hətta sivilizasiya dəyişdirərək yazan yazıçılar var.
Onların yaradıcı şəxsiyyətləri sürgündən və ya köçdən necə güc almışdırsa, mənim də həmişə eyni evə, küçəyə, mənzərəyə və şəhərə bağlanıb qalmağımın da məni müəyyənləşdirdiyini bilirəm. İstanbula bu bağlılığın, şəhərin taleyinin də insanın taleyi olması deməkdir.
Mən dünyaya gəlməzdən yüz iki il əvvəl, İstanbula gəldikdə şəhərin qələbəliyi və fərqliliyindən təsirlənən Flaubert bir məktubunda Konstantinopolun yüz il sonra dünyanın paytaxtı olacağına inandığını yazmışdı. Osmanlı imperiyası çöküb yox olunca bu uzaqgörmənin tam əksi gerçəkləşdi. Mən doğulduqda İstanbul dünyadakı mövqeyinə görə iki min illik tarixinin ən zəif, ən yoxsul günlərini yaşayırdı. Osmanlı imperiyasının tənəzzülə doğru getməsi, yoxsulluq və şəhəri bürüyən dağıntıların verdiyi hüzn bütün həyatım boyunca İstanbulu müəyyənləşdirən şeylər oldu. Həyatım, bu hüznlə savaşaraq, ya da onu bütün istanbullular kimi ən sonda mənimsəyərək keçdi. Həyatı başa düşməyə çalışan hər kəs ömründə ən azı bir dəfə doğulduğu şəraiti və zamanın mənasını da başa düşməyə çalışır. Dünyanın bu guşəsində bu tarixdə doğulmağımızın mənası nədir? Bizə lotereyadan çıxmış kimi verilən, sevməyimiz gözlənilən və ən sonunda səmimi qəlbdən sevməyə başladığımız bu ailə, bu ölkə, bu şəhər ədalətli seçimdirmi? Çökən imperiyanın çökdükcə dağılan xarabası, külləri altında kasıblıq, yorğunluq və kədərlə solaraq köhnələn İstanbulda doğulduğum üçün bəzən özümü talesiz hesab edirəm (amma içimdən bir səs əslində bunun xoş tale olduğunu mənə söyləyir). Söhbət var-dövlətdən gedirsə, görkəmli ailədə doğulduğum üçün bəzən bəxtimin gətirdiyini də düşünürəm (bəzən bunun əksi də söylənilib). Çox vaxt da eynilə şikayətlənməli olduğuma özümü inandırdığım bədənim (bir az daha irisümüklü və yaraşıqlı olsaydım) və cinsiyyətim (əcəba qadın olsaydım cinsim daha kiçik dərd olardımı?) kimi doğulduğum və bütün həyatımı keçirdiyim İstanbulun da mənim üçün mübahisəsiz alın yazısı olduğunu anlayıram. Bu kitab bu tale haqqındadır…
1952-ci il iyunun 7-də gecəyarısından bir az sonra İstanbulda - Modada kiçik bir özəl xəstəxanada dünyaya gəlmişəm. Gecə dəhliz və dünya sakit idi. Planetimizdə iki gün öncə İtaliyada Stambolini yanardağının birdən-birə püskürməyə başladığı alovlardan və küllərdən başqa sarsıdıcı heç nə yox idi. Qəzetlərdə Şimali Koreyada döyüşən türk əsgərləri haqqındakı bəzi qeydlərlə şimallıların bioloji silahdan istifadəyə hazırlığı barədə Amerika mənbələrinin verdiyi şübhələr kiçik xəbərlər idi. Məni doğmazdan bir neçə saat əvvəl bütün istanbullular kimi anamın da diqqətlə oxuduğu əsl xəbərlər “şəhərimiz” haqqında idi: iki gecə əvvəl üzündə qorxunc bir maska ilə Lanqada bir evə ayaqyolu pəncərəsindən girməyə çalışarkən görülən, keşikçilərin və Konya Tələbə yataqxanasının “cəsur” tələbələrinin küçələrdə qovması nəticəsində taxta-şalban anbarında sıxışdırılan və polisləri söydükdən sonra intihar edən oğrunun dünən cəsədini təşhis edən manufakturaçı keçən il Harbiyedəki dükanını silah gücünə günün günorta çağı yenə bu quldurun soyduğunu təsbit etmişdi. Anam xəstəxanada, təkbaşına bu xəbərləri oxuyurdu, çünki illər sonra bir az qəzəb və kədərlə mənə danışdığına görə, onu xəstəxanaya yatırdıqdan sonra atam doğum gecikdiyi üçün darıxmış, yoldaşlarıyla görüşməyə getmişdi. Xəstəxananın doğum otağında anamın yanında təkcə gec saatda bağça divarından adlayıb içəri keçə bilən xalam vardı. Anam məni ilk dəfə gördükdə məndən iki yaş böyük qardaşıma görə daha zəif, daha həssas və arıq olduğumu düşündü.
Əslində, “düşünmüş” deməliydim. Türk dilində yuxular, nağıllar və birbaşa yaşamadığımız şeylərdən danışarkən istifadə etdiyimiz və çox sevdiyim “mış” keçmiş zaman şəkilçisi beşikdəykən, uşaq arabasındaykən, ya da ilk dəfə yeriyərkən yaşadıqlarımızı danışmaq üçün daha uyğundur.
Çünki bu ilk həyat təcrübələrimizi bizə illər sonra ata-anamız danışır, biz də başqa birisinin ilk sözlərini söyləməsini eşidəndə, ilk addımlarına baxanda olduğu kimi özümüz haqqındakı əhvalatları dinləməkdən ürpərərək zövq alırıq.
Özümüzü yuxuda görməyin ləzzətini xatırladan bu xoşagələn duyğu daha sonra bütün həyatımız boyunca bizi zəhərləyəcək alışqanlığı da ruhumuza yerləşdirir: həyatda yaşadığımız anların - hətta ən böyük zövqlərin belə - mənasını başqalarından öyrənməyi vərdiş edirik. Eynilə başqalarından dinləyərək həvəslə mənimsədiyimiz və sonralar xatırladığımızı güman edib inamla başqalarına danışdığımız bu ilk körpəlik “xatirələri” kimi həyatda gördüyümüz müxtəlif cür işlər və hərəkətlər haqqında başqalarının nə dediyi bir müddət sonra yalnız bizim fikrimiz olmur, yaşadıqlarımızın özündən də mühüm xatirəyə çevrilir. Yaşadığımız həyat kimi yaşadığımız şəhər haqqında anlayışları da çox vaxt başqalarından öyrənirik. Başqalarının mənim haqqımda və İstanbul haqqında danışdıqlarını öz xatirəm kimi mənimsədiyim zamanlar mənim də içimdən belə demək gəlir: “Bir zamanlar şəkil çəkirmişəm, İstanbulda doğulmuş, İstanbulda böyümüş, yaxşı-pis hər şeyə maraq göstərən uşaq olmuşam, daha sonra iyirmi iki yaşımda, bilmirəm nəyə görəsə roman yazmağa başlamışam”. Bütün həyatı həm başqasının yaşaması kimi nağıl etdiyi, həm də insanın öz səsinin və iradəsinin zəiflədiyi şirin yuxuya bənzətdiyi üçün bu kitabı bu dillə yazmaq istərdim. Amma bu həyatı daha sonra yuxudan çıxan kimi oynayacağımız daha gerçək, daha aydın ikinci həyata hazırlıq kimi göstərdiyi üçün də bu gözəl nağıl dili mənə inandırıcı görünmür. Çünki mənim kimilərin sonralar yaşaya biləcəyi ikinci həyat əlindəki kitabdan başqa bir şey deyildir. O da sənin diqqətinə bağlıdır, ey oxucu. Mən sənə hər şeyi düzgün göstərim, sən də mənə şəfqətlə bax.
(ardı var)
« Mədəniyyət sahəsində çalışanların əmək haqlarında artım gözlənilir | Əsas səhifə | Rasim Balayev komediya janrında özünü görmür »




Bölmə: 


(4 səs, təxmini: 4.5 ilə 5)






elminhesenli adlı istifadəçi, Dekabr 11, 2007 tarixində, saat 02:10 yazıb:
ejdaha proyektdir zahir ellerine saglik =)
Ilahə adlı istifadəçi, Dekabr 11, 2007 tarixində, saat 05:48 yazıb:
Bu əsəri Azərbaycan türkcəsinə uyğunlaşdırana “Sağolun, əllərinizə sağlıq, zəhmət çəkmisiniz” deyirəm.
4 sozdə hərf yanlışlığı gördüm. 1)”doğrudan” əvəzi–”dorudan”,
2)”yanardağ” əvəzi “yanardığ”
3)”manufaktura” yerinə– “manifaktura”
4)”adlayıb” yerinə “atlayıb”.
Oxuculardan bu aksiyanı davam etməyi xahiş edərdim. KİTAB xətrinə…
Elmeddin Haciyev adlı istifadəçi, Dekabr 11, 2007 tarixində, saat 09:33 yazıb:
Orxan Pamuk eserlerini mutalie eden bir shexs kimi bu eserin tercume edilmesi meni sevindirir.Ugurlar
Kulturist adlı istifadəçi, Dekabr 11, 2007 tarixində, saat 18:07 yazıb:
Tərcümə çox zəifdir.
Zahir Əzəmət. Bu kitabı da Orxan Pambıqın Qar romanını etdiyiniz kimi ayaqüstü tərcümə etmisiniz?
Admin adlı istifadəçi, Dekabr 11, 2007 tarixində, saat 21:15 yazıb:
Herf sehfleri duzeldi, buna gore diqqetli oxucumuza tesekkur edirik.
Tercumeci ise men deyilem, sona qeder izleyenler onun da kimliyini bilecek.
Tercumenin zeifliyi ve ya yanlisligi ile bagli konkret delilleri dinlemekden menmun olardiq. Ki, yanlislari dizelde-duzelde yolumuza davam edek… ya delil yoxsa, sadece topdansatish dusuncelerdirse… yene yolumuz adavam edek :)))
Kulturist adlı istifadəçi, Dekabr 13, 2007 tarixində, saat 00:31 yazıb:
Admin, yenə yoluna davam edə bilərsən…
Mən bunu çox dəqiq bilirəm ki, Orhan Pamukun “Qar” romanını 10 - cu fəsilə qədər sən tərcümə etmisən. Bu çox yaxşı, lap əcəb eləmisən. İnan ki, səni heç reklam eləmək fikrim də yoxdur. Mən sənə konkret faktlar gətirə bilməyəcəm, çünki həm bu romanı mən lap çoxdan oxumuşam (bəlkə bir il olar), həm də sən deyən o qədər vaxtım yoxdur, açığı mən Seymur (Baycan) XXX kimi bekar və avara birisi deyiləm (tərifləmək olmasın…).
Yadımda qalan budur ki, sən “Qar” romanını tərcümə edərkən bəzi türk sözlərini tərcümədə elə olduğu kimi də vermisən. Kitabı oxuyanda inan ki, tərcümənin tez-tələsik edildiyi hiss olunur. Seymur XXX tez-tələsik “18,6” romanını bir aya necə yazıbsa (bu hələ harasıdır? Seymur XXX birinci kitabı - “Ət və ətməhsulları”nı bir həftəyə yazmışdı – uşaqda fərasətə baxa…), sən də həmçinin “Qar” romanını elə tərcümə etmisən.
Sən məni düzgün başa düşmədin. Bu kitabı kim tərcümə edibsə lap yaxşı edib.
Amma bu kitab elə də güclü əsər deyil. Orhan Pamuk həyatında baş verən hadisələri elə olduğu kimi də götürüb köçürdüb kağıza, sonra da gedib bunları eləyib bir kitab.
Onu da deyim ki, kitabın dili ağırdır. Kitabda uzatma şeylər də çoxdur. Məsələn Orhan Pamuk hədii – buluğa çatarkən (dudusu ilə) onanizm etməsi hadisəsini o qədər ətraflı, hərtərəfli, geniş canlandırır ki, sanki bu bizə çox marağlıdır.
Kitabdakı xatirələrdə iyrəndirici şeylər boldur.
Mən deyirəm ki, əgər bu romanı sən tərcümə etmisənsə, onu da “Qar” romanını tərcümə etdiyin kimi ayaqüstü tərcümə etmisən. Bunu mən dəqiq bilirəm.
Tərcümə edəndə tərcüməçi ən azı beş-altı ay bəlkədə bir il tərcüməyə vaxt sərf etməlidir. Yoxsa tərcüməçi sənin kimi bir – iki həftəyə topdansatış tərcümə etməməlidir. Bəlkə dünya rekordu filan vurmaq istəyirsən…
Ilahə adlı istifadəçi, Dekabr 14, 2007 tarixində, saat 05:47 yazıb:
Kulturist, məncə, pis tərcümə olunmuş kitab kitabın olmamasından bir qədər yaxşıdır (əksər hallarda). Misal üçün, rus dilinə çoxdan çevrilmiş Hadamerin məşhur hermenevtika haqda kitabı böyük hadisəyə səbəb olmuşdu, neçə-neçə fəlsəfə, filologiya, politologiya və s. sahələrdə dissertasiyalarin müdafiəsinə, mətnşünaslıq elmində araşdırmalara səbəb olmuş. Hələ Azərbaycanda da xeyli təsir buraxmış. Amma Bakida çox az adam bilir ki, sonralar Hadamerin bu əsəri Rusiyada yeni tərcüməçilər tərəfindən “brak” , yəni keyfiyyətsiz tərcümə adlandırılmış və yeni tərcümə variantına ehtiyac olduğu müzakirə obyekti olmuş. (Mənbə: BSU, prof. Aslan Məmmədli.)
Başqa misal. Qədim Yunan fəlsəfəsinin bu günümüzə gəlib çatması yalnız və yalnız ərəbdilli tərcümələrə borcludur. Axı əsl mətnlər Roma imperiyası dağılanda məhv edilmişdi… Təsəvvür eləyin ki, Avropa o tərcümələri yenidən yunan dilinə ərəbcədən çevirmişdi…
Bir də deyərlər, “balıq olmayan yerdə xərçəng də balıqdır”. İmkan verin biz də oxuyaq, görək bu Orxan nədir, kimdir və s.
Anti West adlı istifadəçi, Dekabr 14, 2007 tarixində, saat 14:34 yazıb:
Sizə nə olub ay camaat. Niyə bu vətəninin satqını və düşməni olanla belə maraqlanırsınız? Kimdir axı Orhan Pamuk?!
Öz yazarlarımız bundan min dəfə istedadlı və bacarıqlıdır.
Ay-hay…
Kulturist adlı istifadəçi, Dekabr 17, 2007 tarixində, saat 16:19 yazıb:
Admin cavabın niyə gəlmədi? Yoxsa cavab vermək sərf etmir…
Həmşəri adlı istifadəçi, Avqust 14, 2008 tarixində, saat 17:32 yazıb:
Orhan Pamuk bir plagiat vurqunuduşşonun butun eserlerinin pik noqtesi ana movzusu hansisa bir naməlum eski əsərlərdən götürülüb. Bunu məncə tərcümə etməyə ehtiyac yoxdu onun eserleri onsuzda türk dilindedir oxumaq istəyən oradan da bəhrələnə bilər… yəni oxuyub ozünüzü yormayın bu adam sadece yazmağın yolunu bilir. Uzun uzadı söz yığını
Vanyan adlı istifadəçi, Avqust 14, 2008 tarixində, saat 21:54 yazıb:
Həmşəri, seninle tam razi deyilem. Duzdur Orhan Pamukun her hansisa bir eserinin ana xetti plagiat olsa da dekonstruksiyadir. O.Pamuk yaxshi yazardir, Serqe ve Islama yalnish movqede olsa bele.