“Kommersiya filmləri xəcalətdən başqa bir şey deyil”
Azərbaycan kino tarixində “Nəsimi” filmi ilə tanınan, “Dədə Qorqud”, “Babək”, “Nəsimi” və bu kimi qəhrəman obrazlarını yaratmaqla hər kəsin sevimlisinə çevrilən xalq artisti Rasim Balayevlə həmsöhbət olduq. Yaratdığı saysız-hesabsız obrazlara görə özünü xoşbəxt hesab edən Rasim Balayevin qarşıdan 60 illik yubileyi gəlir. Onunla söhbətimizə elə buradan başladıq. – Mən ad günümü təntənəli keçirməyi sevmirəm. Ona görə də kiçik bir məclis düzənləyərək ailəmin və yaxın dostlarımın əhatəsində qeyd edəcəyik, vəssalam. Gələn il də dövlət səviyyəsində qeyd olunacaq. Amma mən dövlətdən heç nə ummuram, ev veriblər, fəxri ad veriblər, daha nə lazımdır?
– “Qala” filmində aparıcı rollardan birinə çəkilirsiniz. Hazırda filmin çəkilişləri nə yerdədir?
– Artıq demək olar ki, çəkilişlər yekunlaşıb, səsləndirmə işləri gedir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilən bu filmi 15-20 günə qədər təhvil verəcəyik. Bundan başqa, mən rejissor Ayaz Salayevdən yeni bir filmə çəkilmək üçün dəvət almışam, bu barədə danışıqlar gedir. Bundan başqa, tragikomik və psixoloji məzmunda filmə, baş rollardan birinə çəkilmək təklifi almışam. Gələn ildən çəkilişlərə start veriləcək. Bununla yanaşı, komediya filmlərinə də dəvət almışam, amma bu dəvəti qəbul etmədim. Baxmayaraq ki, neçə ildir sənətdəyəm, bu janra qarşı məndə maraq yoxdur, həm də bu sahə ümumiyyətlə təbiətimə uyğun deyil. Çoxları mənə sual verir ki, bəs nəyə görə komik janrlarda özünüzü sınamırsınız, amma mən demək istəyirəm ki, nədənsə özümdə bu sahədə istedadı görmürəm.
– Kommersiya filmlərini sənət əsərləri kimi qəbul edirsiniz?
– Əslində kommersiya filmləri xəcalətdən başqa bir şey deyil. Belə filmləri heç nümayiş etdirmək də düzgün deyil. Keçmişdə çəkilən filmlərimizin yerini heç nə vermir.
– Ona görə digər həmkarlarınızdan fərqli olaraq kommersiya filmlərinə çəkilmirsiniz?
– Əgər bunun kommersiya tərəfini götürsək, məlumdur ki, aktyorlar maddiyyatla əlaqədar olaraq belə filmlərə çəkilir. Əvvəllər ssenari bizə təklif olunanda baxırdıq, əgər o rolda özümüzü görmürdüksə, çəkilmirdik. İndi isə təəssüf ki, bunun fərqinə varılmır, kimə hansı obraz verilirsə, ona da çəkilir. Digər tərəfdən aktyoru bu məsələdə qınamaq düzgün deyil, neyləsin, məcburdur ki, istər maddi durumu ilə bağlı, istərsə də digər səbəblərdən çəkilsin. Bu işlərlə məşğul ola biləcək şura təşkil olunmalıdır və onlar aşağı səviyyəli filmləri ekranlara buraxmamalıdır.
– Deməli, senzuraya ehtiyac duyursunuz.
– Əlbətə, çünki bu gün istedadlı aktyor və rejissorlarla yanaşı, etiraf etməliyik ki, ümumiyyətlə bu sənətə dəxli olmayan adamlar da var. Ona görə də bu kimi problemlərin aradan qalxması üçün fikrimcə, senzura hər şeyi həll edə bilər.
- Rasim Balayev sənətə gələr-gəlməz aktyor kimi sevilməklə yanaşı, xanımların qəlbində “ideal kişi” obrazı yaratdı.
– (Gülür). Düşünürəm ki, bu, mənim xoşbəxtliyimdir və burada qeyri-adi heç nə yoxdur. Amma bir şeyi qeyd edim ki, mən “Nəsimi” filmindən sonra tanındım. Onda artıq mən evli idim və iki övladım da vardı. O vaxt deyirdilər ki, sənət adamlarının normal ailəsi olmur. Çünki onlar ailəcanlı olmurlar. Yeri gəlmişkən, bu fikir indi də var.
Amma nə o vaxt, nə də indi bu fikirlə heç razılaşmıram. Hər iki tərəfin münasibətindən çox şey asılıdır. O zaman kənardan belə fikirlər səslənəndə çalışırdım ki, hamıya sübut edim ki, yox, aktyorun və sənət adamının da gözəl ailəsi ola bilər. Artıq şükür ki, buna nail ola bilmişəm.
– Həyatda nəyi bağışlaya bilmirsiniz?
– Riyakarlığı. Eyni zamanda, təkəbbürlü insanları sevmirəm. Həyatda böyük uğurlar qazananda və normadan artıq ruzi veriləndə də onu adi qəbul etməlisən və Allaha şükür etməlisən, mənəm-mənəm deməməlisən. Mən fikir vermişəm, lovğalıq həmişə istedadı az olan insanlarda olur.
– Sənətdə tutduğu mövqeyə və yaratdığı obrazlara görə, xoşbəxt aktyorlar sırasına daxil olan Rasim Balayevin fikrincə, yaxşa aktyor olmaq üçün ilk növbədə insanda nə lazımdır?
– Sevgi, eşq və dözümlülük lazımdır. İnsanda bu üç xüsusiyyət olmasa, obrazı yarada bilməz. Çünki obrazı oynayarkən onu özününkü etməlisən və qəlbini, ürəyini yaratdığın obraza verməlisən, orada sünilik olmamalıdır. |SİMNARƏ
Yüklənir...
Bu əlüstü, atüstü, yolüstü, ayaqüstü müsahibəni kim və niyə alıb?