İlyas Əfəndiyev Fondunun İdarə Heyəti 2006-cı ildə “İlyas Əfəndiyev Beynəlxalq Mükafatı”nı təsis etmişdir. Mükafat xüsusi hazırlanmış miniatür heykəldən, diplom və laureat haqqında yazılmış monoqrafiyadan ibarətdir. Mükafatın laureatlarının təyin edilməsini, sənədləşmə işlərini və mükafatın laureatlara təqdim edilməsini nüfuzlu Mükafat Komissiyası həyata keçirir.2006-cı ildə “İlyas Əfəndiyev Beynəlxalq Mükafatı” üç nominasiyada təqdim edilmişdir. “İlyas Əfəndiyev Beynəlxalq Mükafatı 2006”-nın laureatı adına Azərbaycan Rspublikası Milli Məclisinin deputatı, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva, Litva Respublikasının Prezidenti, YUNESKO-nun Xoşməramlı Səfiri cənab Valdas Adamkus və Macarıstan Respublikasının “Duna TV” Teleşirkətinin Prezidenti cənab Laslo Çelenyi layiq görülmüşlər.
2007-ci ildə isə AMEA Nizami adına Əbəbiyyat İnstitutunun direktoru, akademik, filologiya elmləri doktoru, professor Bəkir Nəbiyevin sədrliyi ilə keçirilən Mükafat Komissiyasının iclasında mükafatın 5 nominasiyada -
1. “Sülh və demokratiyanın tərəqqisində göstərdiyi xidmətlərə görə”,
2. “Xeyriyyəçilik sahəsində göstərdiyi xidmətlərə görə”,
3. “Elmin inkişafında göstərdiyi xidmətlərə görə”,
4. “Maarifin tərəqqisində göstərdiyi xidmətlərə görə”,
5. “Azərbaycan ədəbiyyatının təbliğində göstərdiyi xidmətlərə görə” nominasiyalarında təqdim olunması qəbul edilmişdir.
Komissiya üzvləri ölkəsində sabitliyin bərqərar olması, uğurlu iqtisadi inkişaf və demokratik islahatların həyata keçirilməsinə nail olması və sivilizasiyalararası dialoq prosesində böyük xidmətlər göstərməsini nəzərə alaraq Finlandiya Respublikasının Prezidenti xanım Tarya Kaarina Haloneni Sülh və demokratiyanın tərəqqisində göstərdiyi böyük xidmətlərə görə” nominasiyasında; dünyanın müxtəlif ölkələrində müxtəlif sahələrdə, o cümlədən QİÇS-lə mübarizə, yoxsulluğun aradan qaldırılması, gənclərə dəstək və digər sahələrdə apardığı səmərəli xeyriyyəçilik fəaliyyətini nəzərə alaraq Norveç Krallığının Tac Şahzadəsi Əla-Həzrət Haakon Magnusu “Xeyriyyəçilik sahəsində göstərdiyi böyük xidmətlərə görə” nominasiyasında; dünyada kosmik, kompüter, foto, audio və video, tikinti və digər sahələrdə yeni texnologiyaların əldə edilməsində qeyri-səlis məntiq nəzəriyyəsinin müstəsna rolunu nəzərə alaraq Soft Computing İnstitutunun direktoru, professor Lütfi Zadəni “Elmin inkişafında göstərdiyi xidmətlərə görə” nominasiyasında; təhsildə innovasiyaların tətbiqi, təhsil islahatlarında və təhsil haqqında qanunun hazırlanmasında yaxından iştirak etməsini nəzərə alaraq Moskva Humanitar Universitetinin rektoru, fəlsəfə elmləri doktoru, professor İqor İlyinskini “Maarifin tərəqqisində göstərdiyi xidmətlərə görə” nominasiyasında; Azərbaycan ədəbiyyatına böyük maraq göstərən və onun 20-dən çox nümunələrini Ukrayna dilinə tərcümə edib, təbliğ etməsini nəzərə alaraq Ukrayna Milli Yazıçılar Birliyinin üzvü Valentin Tsipkonu “Azərbaycan ədəbiyyatının təbliğ edilməsində göstərdiyi xidmətlərə görə” nominasiyasında “İlyas Əfəndiyev Beynəlxalq Mükafatı 2007”nin laureatları adına layiq gördülər.
Komissiyanın üzvləri: AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, filologiya elmləri doktoru, professor Bəkir Nəbiyev (sədr); Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev; Xalq şairi, əməkdar incəsənət xadimi, millət vəkili Vaqif Səmədoğlu; Millət vəkili Fəttah Heydərov; Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyev; Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın və SSRİ xalq artisti, dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəyli; Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Kamal Abdulla; Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor Azər Paşa Nemətov; Azərbaycan Jurnalistlər Birliyinin sədri, Azərbaycanın əməkdar jurnalisti Elçin Şıxlı.
İlyas Əfəndiyev Fondunun
Mətbuat Xidməti
« Azərbaycan Fotoqraflar İttifaqına yeni sədr seçilib | Əsas səhifə | Bir neçə şair məhbuslarla görüşdü »




Bölmə: 








