Qaynar xəbər portalı

Kitab dünyası


…zəifləri dövlət dəftərxanasına, güclüləri yeniçəri ordusuna!

Həmid Herisçi, İlhamiyyə Rzayeva
marakaqol@rambler.ru
Çox da uzaqlarda qalmayan şirin sovet dövrünə qayıtmaq imkanı hələ ki elə öz ixtiyarımızdadır - paslanmamış yaddaşını azca silkələ, gözlərini bircə anlığa yum, nəfəsini içəri çəkərək onu bir dəqiqəliyə eşiyə buraxma, gör, necə möcüzə baş verir, gör, necə 20 il geriyə, Bakının «İskra» küçəsinə qayıdıb ordakı alabəzək qəzet köşkündən «Oqonyok» jurnalını alırsan. Sevincinin həddi-hüdudu yoxdur, çoxları sənə həsəd aparır ki, «paho, bu oğlanın bəxtinə bir bax, gedib lap səhər ertədən qəzet köşkünün qarşısını kəsdirib, «Oqonyok»u qapazlayıb alıb satıcının əlindən, bu gün kefdədir, bütün günü maraqlı məqalələr oxuyacaq»…Bakının «İskra» küçəsi, bəli, tarixin kök atdığı əcaib bir yerdir - vaxtilə buradakı tam məxfi «Nina» mətbəəsində- eşidin, bilin! - bolşeviklərin «İskra» qəzeti nəşr edilib. Həmin «iskra»- yəni «qığılcım» kəlməsi, dekabristlərin «qığılcımdan alov doğar!» şüarından götürülüb. Siz gördüyünüz kabab manqallarından sıçrayan qığılcımlara -bəli!- zərrə qədər dəxli yoxdur onların, ay başdanxarablar! 20-ci yüzilin əvvəlində alışmış həmin bu «İskra»nın davamçısı sonralar adını çəkdiyim «Oqonyok» jurnalı oldu. Yəni burda biz, qığılcımın ocağa çevrilməyini, Lenin «qığılcımı»nın Stalin «Oqonyok»una çevrilməyini müşahidə etməli, onun işığında qiraətlə məşğul olmalıydıq. Bəli, Oktyabr inqilabının «qığılcım» fəlsəfəsi uşaq-muşaq söhbəti deyil, onun son məqsədi əslində «Oqonyok» jurnalı da yox, bütün dünyada inqilab kabusunu alışdırmaq idi. Ancaq «İskra» qəzeti ay dadi-bidad, inqilabçıların odlu silahı idiysə, «Oqonyok» tam tərsinə, tfu sənə, sovet bürokratiyasının, stalinizmin isti ocağına çevrilərək, son nəticədə öz canındakı Prometey alovunu tamamilə qeyb etdi.
Bakının eyni adlı küçəsində o vaxtlar «İran siyasi pənahəndələr klubu» məskunlaşmışdı - «Nina» mətbəəsinin, «İskra»nın iki addımlığında. Mən uşaqlıqda oralara çox getmişəm. Həmin mənzərələr indi də yadımdadır, bilirəm ki, qoca tarix məni oralara elə belə qonaq aparmayıb - Lenin «iskra»sını görünür, nə vaxtsa mən alova çevirməliydim. Bakıda, İranda… Bir Allah bilir daha haralarda…
Sovet kinematoqrafı həmin qığılcımı bir başqa cür alova çevirirdi.
Ayı dərisi geyinmiş qəhrəman

Diqqət, diqqət! Söhbət burda hamınıza tanış olan «Kölgələr günortalar itir» (Mosfilm, 1971) kinodastanından, hər bir sovet insanının ürəyində alışdırdığı onun sənət alovundan gedir. Rejissor Valeriy Uskovla Vladimir Krasnopolskinin böyük ustalıqla lentə aldığı bu dastanın canındakı ən qədim Prometey alovunu tapmaq, inanın, bu yazımızda başlıca məqsəddir. Yadınıza salın, həmin əsərin ilk mənzərələrini: kapitalizm məngənəsində boğulan Nikolay Rusiyası. Sibir meşələri içində itmiş yoxsul Zelenıy Dol adlı rus kəndində varlı qolçomaqlar araqdan vurub eyş-işrətlə məşğul olduqları vaxt işə bir bax, kənd bəybalalarının kefi qalxıb ala buluda dirənir…
- Mənim nökərlərim, vallah, bir sözümü iki eləməzlər, - deyib arağı boğazına tökən əclafın biri, azca duruxub cümləsinin ardını gətirir. - Marya, get meşəyə, ordakı ayıların birini ovla, dərisini soy, gətir görüm o, gün işığında necə parlayır!
Mülkədar malikanəsindəki əlisüpürgəli qadınların biri- Marya Voronova, ucaboy, ancaq beli bükülü kənd gözəli, süpürgəni yerə buraxıb qəfildən diksinir. Ağasına diqqətlə baxa-baxa, birdən üzünü qarşı tərəfə- qalın Sibir tayqasına doğru çevirir…
Kəndin ağalarından ayrılıb meşənin ağasına - rus ayılarının məmləkətinə doğru yol alır…
Çəkdikləri kinolentin hind filminə çevrilməsindən qorxan rejissorlar sonrakı epizodların mənzərəsini xəyallarımızın ixtiyarına buraxaraq, öz kinokameralarını ancaq Marya Voronovanın meşədən döndüyü vaxt işə salırlar. O, əyninə ayı dərisi keçirmiş halda, sir-sifəti qan içində meşədən çıxıb yorğun addımlarla qolçomaq malikanəsinə yaxınlaşır… Bütün Zeloniy Dol kəndinin ac-yalavacları vahid kütləyə çevrilib Maryanın ardınca hərəkətə keçir… Səhərisi gün Marya öz komasının pəncərələrinə taxta parçalarını çarpaz mıxlayıb kənddən şəhərə köç edir. Qucağında südəmər cocuğu var…
Az sonra Rusiyada Oktyabr inqilabı baş verir. Kinodastana görə, Marya onun igid fəallarından biridir.

* * *
Ayını meşə padşahı bilən qədim slavyanlar, ayı ovuna xüsusi istisna hallarda- öz talelərini dəyişmək, həlledici qərar qəbul etmək anlarında əl atar, bunu bir çox animalistik ayinlərlə müşayiət edərdilər. Ayı onların totemi - yəni, həmzadı! - idi deyə, ovçuları bircə məqam düşündürürdü - öldürülmüş meşə sultanının ruhu kimə keçəcək? Rus alimi B.A. Rıbakov slavyanlardakı «ayı kultu»nun ovçuluq zamanında yarandığını göstərsə də, onun təsirini əkinçilik dövründə belə tapır: «Slavyanlarda bu meşə şahının adı fikir verin, tabulaşmış, məcazi halda qalmaqdadır- «med+ved», yəni balın yiyəsi. Ayının əsl, yasaq edilmiş adı isə yəqin ki, şimal hind-avropa dillərində olduğu kimi (almanca «Ber») səslənib, fəqət biz onu artıq demək olar ki, unutmuşuq. Xoşbəxtlikdən həmin kəlmənin qalıqları ayı yuvasının adında -bəli, bəli! - özünü indiyədək qoruyub saxlamağı bacarıb - «Ber+loqa», yəni «Ber»in yuvası».

* * *
Bir sözlə, sarısaç, yaşılgöz slavyanlar gördüyünüz kimi, yaxşı konspirator olmayıblar- ova gedərkən araqdan bolluca vurduqlarına görəmi, nədi… öz qədim həmzadları olan ayının adını - lənət şeytana! - yad qulaqlardan, bədnəzərlərdən yaxşıca gizləyə bilməyiblər! Necə deyərlər, ov zamanı «cinayət yerində saysız izlər qalıb».
Həmin qədim ayinlərin izinə düşən yazıçı Anatoliy İvanov öz zavallı qəhrəmanı Marya Voronovanı bu yollarla birtəhər, min cür əzab-əziyyətlə gətirib çıxarıb Sibir tayqasının lap dərinliklərinə. Meşə balının yiyəsiylə mübarizədə qələbəni Maryaya, sinfi çarpışmalarda birinciliyi kommunistlərə bağışlayır. Meşə padşahının günəş şüaları altında parlayan dərisi kənd Afroditasının kürəkləri üstə geri qayıdır. «Ayı dərisi geyinmiş» qəhrəman qız, meşə sultanının ruhuna yiyələnərək irəliyə doğru daha bir addım da atır - Sibirin, tayqanın sahibinə çevrilir, çarizmin ikibaşlı qartalını tapdalayaraq qırmızı bayrağı qolçomaq malikanəsi üzərinə sancır.
Əlbəttə, bütün bunlar çoxseriyalı kinodastanın alt qatında, əlçatmaz dərinliklərindədir. Filmin müəllifləri onun canında yatan bu ilkin ovçu mifini mahircəsinə gizləyib, üst qata adi məişət qayğılarını, sibir kəndlilərinin zarafat dolu həyatını atıblar. «Kölgələr günortalar itir» filmini izləyən ən qədim kölgələr isə bayaq dediyimiz kimi, Sibir tayqasında bir qadının qətlə yetirdiyi nəhəng ayının kölgəsidir. Zarafatı buraxın, onun dərisini üzüb, ruhunu oğurlamış inqilabçı qadın Marya Voronova ölüm ayağında belə, öz əqidəsindən dönənlərdən deyil - bəli, qolçomaq Menşikov qardaşları bu qorxmaz qadını uca qayalığın zirvəsində xaincəsinə qətlə yetirsələr belə, Sibir meşəsindən çıxmış ayı ruhu bir daha geri qayıtmayacaq.
Həmin ayının bağırtıları kinodastanda bircə dəfə səslənməsə belə, diqqətli tamaşaçı onu hər zaman eşidir. Bilir ki, bu ayını öldürmək əslində mümkün deyil, o, hər zaman, tarixin hər yeni pilləsində dirilib öz dərisini, ruhunu geri istəyəcək. Ağzın nədi onu geri qaytarmayasan.

* * *
Film üzərində apardığımız arxeoloji qazıntıları qurtarıb bir başqa mətləbə keçək. Bəli, hər bir bədii əsərin ən dərin qatında vəhşicəsinə qətlə yetirilmiş bir ayınınmı, yoxsa şahınmı, zavallı qızcığazınmı ağrısı, acı fəryadı yatır. Ziqmund Freyd bu ağrıya «Edip kompleksi» adını verib. Şekspirin «Hamlet»ində biz bu narahat kölgənin min cür söhbətini eşidirik… Mahir yazıçı o kəsə deyərəm ki, həmin o acı fəryadları dinləyib qorxuya düşməsin, qələmi barmaqları arasında sıxıb, yaradıcılıq fəaliyyətinə başlasın.
Yaxşı, bəs bizim «Edip kompleksi»miz varmı? Ruslarda, bildik, bu, meşə sultanının bağırtılarıdır. Bəs biz türklərdə necə, həmin haraylar hansı dərin quyuların içində yatıb yuxuya dalıb?
Ürəyinizi sıxıb təşvişə qapılmayın, bizlərdə də tarixin dibinə çökən bu cür acı harayları eşidib qələmə sarılan yazarlar varmış sən demə. Söhbətimizin baş qəhrəmanı türk yazıçısı Reha Çamuroğludur deyib, hekayətimizin bu yerində sizi daha da diqqətli olmağa çağırırıq.
Onun yazdığı «Son yeniçəri» romanı tariximizin çox ilginc bir nöqtəsinə - 1826-cı ildə yeniçəri ordusunun tam amansızlıqla məhv edilməsi mövzusuna həsr edilib. Bəli, tariximizin dibində məhv edilmiş, qılıncdan keçirilmiş yeniçəri ordusunun acı fəryadı mövcuddur.
Deyilənə görə, son dövr çağdaş Avropa tarixi öz əzəl mübtədasını heç də Fransız inqilabı dövründən deyil, əsrlərlə əvvəl - 14-cü yüz ilin ilk rübündən işarələyir. O vaxtdan ki, məşhur tampiyer ordeni üzvləri Fransa kralı tərəfindən amansızcasına qətlə yetirilir. Hərbi cəngavərliyin, hərbi mistisizmin sonu sayılacaq bu tarixdən etibarən Avropa özünün bütün həqiqi mistik mənasını itirərək, adi məişət həyatına tullandı. Bizim tarixi təcrübədə isə oxşar hadisə yeniçərilərin qətl günü sayılmalıdır. Düzdür, qırmızı komissarların öldürüldüyü 1937-ci il də həmin hadisələrə qohum sayıla bilər. Məqaləmizin yazılma səbəblərindən biri də məhz budur - yeniçəri cəngavərlərinin qətli, fəlsəfi baxımdan, komissarlarımızın qətliylə təxminən eyni mənanı paylaşır. Yeniçərilərin fəryadlarını eşitdikcə komissarlarımızın hansı səbəbdən öldürüldüklərini, az-çox dərk edə bilərik.
Reha Çamuroğlunun romanı bəlkə elə məhz bu səbəbdən yaxın günlərdə Rusiyada çapa hazırlanır (Moskva, «Dostoyevski kitablığı» yayınevi). Mövzular olduqca oxşardır. 1826-ci il, Türkiyənin tarixi yaddaşına qanla həkk edildiyi kimi, bizim yeniçərilərin- qırmızı komissarların! - tarixdən silindiyi 1937-ci il də yaddaşımızın ən ağrılı yeridir. Düzdür, türkiyəli müəllif mətbuata verdiyi müsahibələrindən birində əsərinin rusca çapını bir başqa olayla izah edir. Onun sözlərinə görə, 1-ci Pyotrun streletsləri öldürməyi (1698-ci il) haradasa yeniçərilərin qətlinə oxşadığına görə ruslar onun əsərinə belə maraq göstəriblər. Yox, bu qətiyyən belə deyil. 1937-ci il qətlləri - bax, məhz onlar tarixi müqayisələrin konusu ola bilər. Umberto Eko Kembridcdə keçirilən «Tenner dinləmələri»ndə orta əsr sxolastikasını araşdıran tədqiqatçılara məsləhət verib ki, «həmin sahəni öyrənməkçün sizin əlinizdə çox dəqiq sənədlər var - stalinçilər (ortodokslar) ilə trotskiçilərin (heterdokslar) siyasi mübarizəsi! Götürün onları müqayisə edin, orta əsrlərin sirləri ovcunuza düşəcək». Gördüyümüz kimi, təəccüblənməyə dəyməz, 1826-cı il Osmanlı imperiyasında baş verən qanlı olaylar bizə imkan verir ki, oxşar hadisələri 1937-ci il Stalin imperiyasında da tədqiq edək.
Reha Çamuroğlunun əsəri bu işdə əvəzolunmaz bilgi qaynağıdır.

Yeniçərilərin qazanı

Bütün əski cəmiyyətlər kimi, Osmanlı imperiyasının quruluşu da ilk növbədə sakral-mistik məna daşıyırdı. İctimai quruluş «zahiriyyə+batiniyyə» modeli üzərində köklənmiş çox dəqiq «mizan-tərəzi»yə söykənməkdəydi. Bəktaşiyyə təriqəti (heterdokslar, bir növ gizli şiələr) batiniyyə qüvvələrinin mərkəzini təşkil edərək öz təkyələrində sadə xalqı, əsnaf silkini, ən vacibi - yeniçəri ordenini tərbiyə edirdi. Nəqşbəndiyyə (ortodokslar, bir növ, sünnilər) daha çox əyan sinfinə, saraya, padşaha meylliydi, bütün qüdrətini onları öz nəzarəti altında saxlamağa sərf edirdi. Təsvir etdiyimiz «mizan-tərəzi» 1826-cı il tarixinə qədər, pis-yaxşı, osmanlı cəmiyyətini ayaq üstə saxlamağı bacarmışdı. Müəllifləri Hacı Bektaş, Cəmaləddin Rumi kimi ünlü insanlardan oluşmuş bu quruluş modelində - dəqiqliyə bir bax! - hər təbəqənin öz piri varmış. Məsəlçün, həkimlərin piri Həzrət İsa sayıldığı halda, yeniçərilərin piri Hacı Bektaş idi. Əfsanələrə görə, məhz bu tarixi şəxsin iştirakı ilə 14-cü əsrin əvvəllərində yeniçəri ordusu yaranıbmış. İmperiyanın xristian əhalisi 7 ildən bir, öz oğlan uşaqlarının ən sağlamlarını sultanın ixtiyarına verirdi. İstanbula gələn bu uşaq dəstələrinə el arasında «durna qatarı» deyilirmiş. Onlar sadə türk ailələrinə təhvil verilir, orda türk dilini öyrənib, ağır fiziki əməyə qatlaşır, sonra saf-çürük edilirdilər - zəifləri dövlət dəftərxanasına, güclüləri yeniçəri ordusuna yazılırdı…
Diqqət edin son cümləmizə - zəiflər dövlət bürokratlarına, yəni nəqşbəndi təriqətinə, güclülər yeniçəri sıralarına, yəni bəktaşilərin ixtiyarına buraxılır. Reha Çamuroğlu bu təbii seçimə əsla fikir vermir, osmanlı bürokratlarıyla yeniçəri ordusunu ayıran həmin xətt zolağına diqqət göstərmir. Halbuki bizcə, onların arasındakı amansız ziddiyyətin kökü məhz burdan qaynaqlanaraq son nəticədə 1826-cı il fəlakəti ( bu kəlmənin «fələk» kəlməsindən doğduğunu unutmayın!) ilə bitir. 500 illik təbii seçim nəticəsində yetişdirilmiş osmanlı bürokratı ilə yeniçəri əsgəri - Osmanlının yetişdirdiyi yeni insan tipləri! - lap axırda bir-birilərinə qənim kəsilirlər!
Maraqlı… çox maraqlı tarixi nümunə!
Yeniçəri bölüklərinin adına «orta» deyilir, üzvlərinin qoluna döymə rəmz həkk edilərmiş. Saraydan, yəni oradakı öz qan qardaşlarından- saray bürokratiyasından zülm görən yeniçərilər, öz nəhəng yemək qazanlarını əlləri üstə göyə qaldırıb Topkapının qapılarını tez-tez döyərmişlər. Çox vaxt da həmin sədr-əzəmləri, yəni bürokratları edam edib yenidən öz qışlalarına çəkilərmişlər. Yaxud cəbhəyə yollanıb Avropa sərhədlərində gavurları cəhənnəmə vasil edərdilər. Qazanları da ki, ən müqəddəs əşyaları kimi həmişə gözlərinin önündəymiş onların…
Onu itirmək bayrağı itirmək qədər yolverilməz sayılırmış yeniçərilərə.

Siam əkizləri

Bir-birinə tam zidd olan iki insan tumunu- bürokratlarla əsgərləri yetişdirib, axırda onları qladiator meydanına buraxmaqdan ötrü Osmanlı dövləti 500 il vaxt sərf etdisə, sovet imperiyasında buna cəmi 20 il zaman xərcləndi. Lev Trotskinin nifrət etdiyi Stalin bürokratiyası yarandığı elə ilk günlərdən inqilabın qatı düşməninə çevrilərək, qırmızı yeniçərilərin- komissarların qətlini hazırlamağa başladı.
Bütün bunlar bizə belə qənaətə gəlməyə imkan verir - bürokratiya ilə kşatriyaların ( yəni əsgər silkinin) arasındakı dərin fərq heç də tarixi zamanla, onun şərtləriylə tənzimlənən iş deyil. Bunun daxilində biri digərinə ziddiyyət təşkil edən iki fərqli, həm də əsas insan tumu dayanıb, mat-mat gah sultanın, gah Stalinlə Trotskinin üzünə baxır. Onlardan qəti qərar gözləyir ki, bax bu dəfə qoca tarixin sükanı hansı istiqamətə dönəcək.
Məsələnin izahı tarixi materializmdə olmadığı kimi, heç tarixin özündə də deyil, tam başqa məqamda - insanın daxilindədir. Yeniçərilərlə saray bürokratiyası tam 500 il yetişdirilib vaxtaşırı daim öz aralarında elə hey çəkişdilər… çəkişdilər. Sözsüz ki, bunun bir qanlı sonluğu olmalıydı.
Oldu da. On minlərlə yeniçəri edam edildi. Türk tarixinin qızıl səhifəsini yazmış, 500 illik təbii seçim nəticəsində yaranmış tarixi bir təcrübə - yeni insan növü! - 1826-cı ilin sentyabrında qəfildən yoxa, qeybə çəkildi. Həmin «bürokrat», «kşatriya» tipləri eyni zaman kəsiyində eyni insan kütləsindən alınmış damazlıq insan növü kimi bir sualın cavabını da özündə gizləyir - hər birimizin içində bu insan tipləri var. Vəhdətdədir onlar. Trotskilər, Stalinlər, Hacı Bektaşlar bir işdə hamıya nümunə olmalıdırlar - bu Siam əkizlərini qanlı bıçaqla bir-birindən ayırmalarında! Onların biri mütləq ölməlidir.
Təbiətin, siyasətin qanunudur bu.
Nədən qoca tarix bu cür tərpənib qəfildən sıfır nöqtəsinə qayıdır, yaratdığı bir təcrübənin üzərindən qara mürəkkəblə xətt çəkir?

Yeniçəri maskaradı

Reha Çamuroğlu bütün bu, deyərdim ki, əsas məsələlər üzərində dayanmayaraq tamam başqa mətləblərə xüsusi fikir verir. Məsəlçün, Mustafa Kamal Atatürkün 1912-ci ildə Sofiyada hərbi atteşe olarkən saray balına yeniçəri qiyafəsində gəlməsinə. Yaxud Cəzairli yeniçəri Çalık Ahmetin, dünya tarixində ilk dəfə haray çəkib, padşah səltənəti deyil, hələ 1705-ci ildə cümhuriyyət istəməyinə.
Yeniçərilərin gerizəkalı deyil, əslində modernizmə meylli olmaları Çamuroğlunun daim diqqət mərkəzindədir. Sən demə, Fransa cümhuriyyətçiləri İstanbulda gəmidən sahilə çıxarkən həmişə yeniçəri qəhvəxanalarında dinlənirmişlər. Demək, yeniçərilər cümhuriyyətə meylli imişlər! Hələ bilmək olmaz, yeniçərilərin təklif etdiyi yeniləşmə Türkiyəyə o vaxtlar nələri vəd edirmiş! Atatürkün yasaq etdiyi qırmızı fəs papaq, işə bir bax, məhz yeniçəri ordusu ləğv edildikdən sonra əsgərlərin başına taxılıb! Atatürk də ki, canında elə həmin yeniçəri cümhuriyyəti ideyasını gəzdirən bir insanmış, fəsi də bu səbəbdən türklərin başından götürüb…

* * *
Bir sözlə, Çamuroğlu məsələnin siyasi-sosioloji cəhətlərinə daha çox fikir verir, metafizik məsələlər qalır bir kənarda. Unudur ki, kşatriyalar (yeniçərilər) ilə braxmanların (nəqşbəndi üləmaları) savaşı, əzəli metafizik bir konu kimi, dahi Reno Qenonun bütün əsərlərindən qırmızı xətlə keçir. Yeniçəri mövzusuna bu baxış bucağından nəzər yetirməmək, vallah, əsərə elmi cəhətdən xeyli nöqsan gətirir. Qenon braxmanları metafizika, yəni dəyişməz əbədi aləmlə əlaqələndirərək, kşatriyaları fiziki, yəni dəyişən fani dünya ilə bağlı olduqlarını sübut edir, bu məsələdə braxmanların vəkili kimi çıxış edirdi. Çağdaş islamçıların ən parlaq nümayəndəsi kimi ad çıxarmış Heydər Camal isə tradisionalist Rene Qenonu məhz bu baxımdan tənqid atəşinə tutur, birinciliyi braxmanlara, onların vəhdəti-vücud fəlsəfəsinə deyil, kşatriyalara verir. Sübut edir ki, bütün digər ibrahimi dinlər kimi islamın baş məqsədi vəhdəti-vücud (panteizm) deyil, əslində həmin fani həyatı süni şəkildə yaratmış braxmanizmi dağıtmaq, tarixi ləğv etmək, məhşər gününü yaxınlaşdırmaqdır. Panteizm, vəhdəti-vücud lahiyəsi isə, kahin braxman tayfası tərəfindən maddiləşdirilərək «müasir cəmiyyət» şəklində artıq çoxdan mövcuddur!

* * *
Braxmanlarla kşatriyaların, bürokratlarla əsgərlərin əbədi savaşına stalinistlərlə trotskiçilərin ziddiyyəti kimi baxsaq, onda məsələnin mənzərəsi bir az da genişlənər. Stalinizmin panteizmə, vəhdəti-vücuda, braxmanizmə, yəni totalitarizmə yaxın olduğunu görərik. Trotskiçilər isə bu dünyanı ləğv edib axirəti çağıran ən əski kşatriyaların canlı varisləri kimi canlanar gözlərimiz önündə.
1937-nin metafizikası açılar bizlərə.
Bəktaşiyyə təriqətinə bağlı yeniçərilərin saray bürokratiyası ilə apardığı əbədi mübarizədə, diqqət edin, bu metafizik döyüşlərin izlərini müşahidə etmək mümkündür.
Heyf ki, Çamuroğlu bütün bunlara qətiyyən fikir vermir.

* * *
Çamuroğlunun əsəriylə tanışlıqdan sonra oxucu çağdaş Türkiyə modelində, xüsusən onun indiki ordu quruluşunda əski yeniçəri ordeninin dirildiyini də hiss edir. Son dövr türk tarixində tez-tez baş verən əsgəri dərbələrinin (1960, 1968, 1971, 1980) orta əsrlərdəki yeniçəri üsyanlarına oxşamağı diqqətli oxucunun gözlərindən qaçmır.
Bircə fərqlə- bu dəfə üsyan edənlər, yeniçəri adətincə, öz qazanlarını göylərə qaldırmayıblar.
«Yeniçəri» türkcə «yeni əsgər» deməkdir. Osmanlı padşahları bu yeni əsgərləri bir cür, Atatürk bir başqa tərzdə düzənlədi. Ancaq hər iki halda söhbət «yeni əsgər»dən gedir.
Türk tarixində ad çıxaranlar, bir sözlə, həmişə ilk növbədə ordu quruculuğuna bir yenilik gətirməlidirlər.
Bayaq qeyd etdiyimiz fəlsəfi döyüşlər tariximizin yeni kəsiyində yenidən qızışdığı vaxt, kşatriyalar bu dəfə braxmanlara qətiyyən məğlub olmamalıdırlar.
Rus mətbuatında isə həmin roman haqqında bu sözlər yazılıb: «Türk yazıçısı Reha Çamuroğlunun «Sonuncu yeniçəri» romanı Böyük Yekaterina zamanındakı rus-türk müharibələrindən birində türk ordusuna əsir düşmüş slavyan əsilli gənc Pyotrun maraqlı taleyindən bəhs edir. Pyotr islamı qəbul edərək, Kürən Abdulla adında yeniçəriyə çevrilir. Bu tarixi roman yeniçəri korpusunun tarixi və onun sufi hocalarından, qələbələr və məğlubiyyətlərdən danışır. Bu, rus-türk müharibələrinə o tayın baxışıdır - türk çalması altından boylanan rus baxışı. «Sonuncu yeniçəri» romanı F.Dostoyevski adına Dil Mərkəzində, Anna Dmitriyevanın gözəl tərcüməsi və «Troy Media» türk nəşriyyat mərkəzinin iştirakı ilə nəşr olunub».






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: