Aslan Quliyev, Yovşan ətri, çöl küləyi
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 24 Aralık, 2007
(Qəşəm Nəcəfzadənin «Qadının ölümü» kitabı haqda düşüncələrim)
Yağışlı günlərdə qüssə qəlbimi didir, xüsusi ilə də soyuq payız yağışları yağanda kədərimin sonu olmur, hətta bir anlıq mənə elə gəlir ki, bu yağışın, dərələrdən-təpələrdən ağır-ağır sürünən soyuq yağış dumanının sonu yoxdu, ağaclara, evlərə çırpılan, düzü-dünyanı ağuşuna alan yağış əbədilikdi, ara vermədən yağacaq. Yağacaq ömrümə, günümə. Xoşbəxtçilikdən yağış əbədi olmur, ara verir, yağışın yuduğu yollarla gedəndə, arxlardan axan bulanıq sulara, dərələrə çökən və hər an da yenidən yağacağını xatırladan dumana baxanda, torpağa hopmuş yağış ətrini, yağış qoxusunu udanda hər yerdə poeziya axtarıram. Ağaclarda, sularda, dumanda, yazıq, kimsəsiz görünən payız çöllərində, kədərlə titrəşən, ayaq üstəcə qurumuş payız güllərində və bu payız axtardığım, qulaqlarımda ən çox səslənən də nədənsə Qəşəm Nəcəfzadənin poeziyası, şeirləri olub.
Çiçəklər nəfəs alar atların dodağından
Çölün eyni açılar atların ayağından
Göbələklər tökülər atların dırnağından
Qarışqa yorğan salar qırxbuğum
yarpağından
Səhərəcən Muğanı atlar Muğam oxuyar
Bir anlığa atların dodağından nəfəs alan çiçəkləri, çölün üzünü güldürən at ayaqlarını, atların dırnaqlarından payz çöllərinə səpələnən göbələkləri, qırxbuğum yarpağından özlərinə yorğan salan, soyuq qış üçün isti yatacaq düzəldən qarışqaları, xüsusi ilə də səhərəcən Muğam oxuyan Muğanı atları xatırladım. Yağış dumanı arxasından fərəhli bir mənzərə boylanır, yellənirdi. Qəşəm bu kiçik parça ilə mənə bu mənzərələri olduğu kimi xatırlada bildi, şair təxəyyülünü, istedadını, bacarığını şərtləndirən başlıca amildi.
Əslində Qəşəmin şeirlərini çoxdan oxuyurdum, yeniliyə can atması, bir qədər fərqli üslubu, heç də hamar, dərhal anlaşılan, mənası üzdə olmayan şeirləri ilə həmişə diqqətimi cəlb eləyib. İnternet saytlarındakı fəallığı, şeirləri ətrafında yaranan qalmaqallı mübahisələr, müzakirələr onu mənə daha yaxından tanıtdı. «Kultaz. com» saytındakı intervüsü ilə sanki yeni bir şairi, insanı kəşf elədim. «Yaşadığım Muğan torpağının, yovşan ətrinin, söyüd kölgəsinin, çöl küləyinin adamın beyninə işləyən havası bəlkə də min illik Azərbaycan poetik təfəkkürünün çalarlarıdır ki, mən onları dadmışam. Şeir yazmağıma yaşadığım bu mühitin əsas təsiri olub. Biz tərəkəmə idik, uzaq yerlərə gedərdik. Mənim tərbiyələndiyim və heç bir qatışığı olmayan poeziya bu idi: xalqın danışığı, xalqın təfəkkürü, arvadların ağlaşması, qoyunların mələşməsi, sürünün kəndə qayıtması. Soruşanda ki, filan hadisə nə vaxt olub, deyirdilər ki, qoyunun örüşdən qayıdan vaxtı. Bunlar tərəkəmənin saatı idi, poeziya elementləri idi, mən buradan qidalanmışam». Dəqiq deyilib!
Sonralar bir-birimizi tanıdıq, yağışlı payız günü, – əslində həmən gün hava tutqun idi, havadan yağış qoxusu gəlsə də, yağacağı gözlənilmirdi, ancaq biz açıq havada ağacların arasında oturub çay içəndə yağış başladı, məcbur qalıb içəri keçdik. Burda isə səs-küy idi, kimin nə danışdığını, nə dediyini eşitmək olmurdu. Açıq qapıdan içəri yağış damcıları vurur, gur soyuq hava axını dolurdu. Əslində mən həmsöhbətimlə özümü ədəbiyyatda tamami ilə fərqli düşüncə, təsəvvür sahibləri hesab edir, hansısa mövzuda baxışlarımızın eyni olacağını sadəcə düşünmürdüm. Söhbət əsnasında yanıldığım məlum oldu, nə qədər qəribə də olsa, çox məqamlarda fikirlərimiz üst-üstə düşürdü.
Qəşəmdə təsvir üzdə deyil, lövhəni birbaşa çəkmir, oxucuya öz bildiyi, gördüyü kimi təqdim eləyir və mənim üçün də maraqlı olan elə budu. Şeirlərinin rəngi səsi ilə uyuşur, bir qayda olaraq işıqlı şeirlər yazır.
Şəhərdəki ağaclar
oxumağa gələn tələbəyə bənzər.
Yoxsul əyin-başları
adamın ürəyini üzər.
Görkəmlərindən yalqızlıq yağan, ağac sevincini, ağac fərəhini yaşamayan, betonların arasından, binaların, maşınların arxasından boy verən, əskərlər kimi soyuqda büzüşüb dayanan şəhər ağaclarını bunca dəqiq təsvir eləmək şairin uğurudur.
Elə bil ağacın
torpaq anlayışı yox.
Bəlkə kənd bu ağacları
əskəriliyə göndərib,
amma əskərlərin də
bir baxanı yox.
Bu şeiri oxuyandan sonra hər dəfə yolum şəhərə düşəndə, şəhər ağaclarını hər görəndə qulaqlarımda bu misralar səslənir.
Belə şeirləri çoxdu. Biz kənd uşaqları dağ ətəklərinə, xiffət içində ilğımlanan yamaclara, Muğanın yellər oynaşan yovşanlı çöllərinə səpələnmiş kəndlərindən şəhərə gələndə böyük binaları ayrıca kəndlər zənn eləmişik. O anları yaşayan Qəşəm də düşüncələrini gözəl təsvir eləyib
Bakıda hər bina kənddi,
Görən itlərini
Hara bağlayıblar?
Sürülərinhansı
yamaca ötürüblər?
Qızları hansı
bulağa gedirlər?
İtləri hansı
tərəfə hürürlər?
Poeziyanın gözəlliyi onun sadəliyində, saflığında, hardan qidalanmasındadır. Bəri başdan deyim ki, Qəşəmin şeirləri oxucuları tərəfindən heç də həmişə bir mənalı qarşılanmır, öz həmkarları tərəfindən də o cümlədən. Bunun əsas səbəbi haqda yuxarıda qısaca da olsa yazmışam, bu poeziya ilk baxışda anlaşılan deyil, bəzən məna oxucuya çatmır. Oxucu şairin:
Ay mənim qəbrimdə
gəzən qarışqa,
sənə qan qalmadı
məni bağışla.
və ya
Təkəm evim elə genişdi ki,
bu genişlik qədər acam,
bu genişlik qədər yoxam.
kimi deyimləri ilə nə demək istədiyini sona qədər başa düşmür və bu təbiidir. Həmkarlarında isə bunun başqa səbəbləri də var. Nə yazıq ki, bu səbəblərdən başlıcası və bəlkə də ən birincisi Qəşəmin şöhrətidir, çox çap olunması, üç dildə kitablarının çıxması, saytının yaradılması, Hollandiyada şer müsabiqəsində iştirakı, yazıları haqqında respublikanın üzdə olan söz adamlarının gözəl yazılar yazması və s. Digər səbəb də var və həqiqəti deyim ki, Qəşəm buna özü şərait yaradır. Özünə məxsus sadəliklə, cəsarətlə, inadla geri çəkilmədən, az qala qəbul edilməyən bir inadkarlıqla, öcəşkənliklə, zərrəcə güzəştə getmədən axına qarşı üzür, həmkarlarının yazıları haqda bir qayda olaraq həqiqəti deyir, obyektiv şərhlər yazır, çoxlarının duyub, görüb deməyə cəsarət eləmədiklərini deyir və çox vaxt da elə buna görə özünü zərbə altda qoyur. Ona qarşı haqsızlıq eləyirlər. Mən onun «kultaz» – da getmiş, yuxarıda xatırlatdığım müsahibəsinə şərh yazıb, bu məqamlara toxunanda mənimlə razılaşmayanlar tapıldı. Amma bu həqiqətdir və mən həqiqəti deməkdən heç vaxt çəkinməmişəm, haqsızlıq eləyənin yox, haqsızlıq edilənin tərəfində olmuşam.
Düzünü deyim, bəzən bu poeziyada mənim də razılaşmadığım məqamlar olur, amma əsas bu deyil, əsas Qəşəmin şeirlərindəki özünəməxsusluqdur, öz üslubu, öz səsi, öz sözü, öz yolu var. Çox az şairlərimizdəndir ki, şeirlərinin üstündən adını silsən, kimə məxsusluğu aydın bilinəcək.
Bu poeziyada, «arxın başındakı bulud söyüd kimi qalxır», «qayanın oyuğuna dolmuş tozun içində çiçək bitir», «göy otların üstündə hər səhər qoyunlar bitir», «adamlar da evlər kimi sökülür», «zir-zibilin içindən ay parçası tək qadın əlləri yellənir», «günlər külək kimi əsir», «vağzallarda həmişə payız olur», «yağış köynəklərin sökülmüş düymələrini iynələyir», «əllərdən üzüklər payız yarpaqları kimi tökülür». Əslində bunları yazandan sonra nəsə yazmamaq da olardı, təkcə elə bu misralara görə oxucu üçün bu poeziya bütün möhtəşəmliyi, sadəliyi, doğmalığı ilə göz önündə açılır.
Qəşəmdə elə sadə deyimlər var ki, öz hədsiz sadəliyi ilə məni heyrətdə buraxır.
Ən yaxşısı budur ki,
bax, gör sənə nə almışam.
Bu ikicə misra nə qədər doğma gəldi mənə, duyğularımı çaxnaşmaya saldı, bu ikicə adi, sadə misrada şairin nə boyda kədərinin, qüssəsinin gizləndiyini duydum, hiss elədim. Dünyanın qayğılarını, ehtiyacını, iş-gücünü, haqsızlıqlarını qoy bir tərəfə, beləcə sakit, kədərlə, özünəməxsus tərzdə denən. «Yaxşısı budu, bax gör sənə nə almışam».
Müasir poeziyamızda ağlaşma, elegiya bəzən ifrata varır. Az qala dəbə çevrilib, hər misradan başına dərd-qəm yağır. Şair oxucunu zor-xoş ağlatmaq istəyir, amma bu istəyin arxasında səriştəsizlik dayandığından heç nə alınmır, oxucu nəinki şairin dərdinə, kədərinə şərik olur, əksinə, bu bayağı kədərə etinasızlaşır, ağlaşmalar tükünü də tərpətmir. Qəşəmdə isə üzdə olan çırpaq kədər yoxdu, dərddən-kədərdən yazmasa da, şeirlərini oxuyandan sonra qəlbinə sonsuz kədər çökür.
«Namizədliyim – 2005» şeirində «sənə səs verəcəyik dedilər, sonrası nə oldu, bilmədim» misralarının səssiz kədəri şeir boyu özünü hiss elətdirir, qatı payız dumanı kimi bütün şeirin üzərinə çökür. «Xocalı mövsümü fevral» şeirində də eynən. Xocalı soyqırımı, dəhşətləri haqda çoxlu şeirlər yazılıb, amma bu şeirdəki böyük həqiqət, o faciəyə etinasızlıq heç bir şeirdə bu qədər dəqiq verilməyib. «Yanvar ayından başlayır Azərbaycanın matəm mövsümləri» «Oğlum deyir ki, mənə keçən ilki lentdi… həmən uşaqdı, yanında potu» yazan şair şeiri belə tamamlayır.
Fırlat qardaş,
Onsuz da işin bu lenti fırlatmaqdı,
Allah gələn iləcən sənə ömür versin,
Çünki sən bilirsən bu lentin yerini.
Oxuduqca varlığını anlaşılmayan bir qorxu hissi bürüyür, şair az qala sənə təlqin eləməyi bacarır ki, bu lenti fırlayan gələn iləcən sağ qalmasa bu xadq öz tarixini, faciələrini unudacaq. Lap elə unutmasa da uzaqbaşı hansısa tozlu rəfdə düşüb qalmış lenti fırlamaqla işini bitmiş hesab edəcək.
Aşağıdakı misralardakı böyük kədəri duymamaq da sadəcə mümkün deyil
Bəlkə səndən başqa
Sevməyə kimsə var.
Bəlkə o daha təbəssümlü
Daha da təcrübəsiz və əlacsız,
Mənim kimi kimsəsiz,
Mənim kimi anasız.
Və ya
Qapını bağlamışam ki,
döyməyə bir şey olsun.
Hayıf deyil,
O səsə qədər yüyürüb yaşamaq.
Vətən dərdləri, həsrəti, sevgisi Qəşəmin şeirlərindən daima boy verir, az qala hər misrasında özünü hiss elətdirir. Bu şeirlərində Qəşəm sona qədər səmimidir, həqiqəti etiraf eləməkdən çəkinmir. «Şuşam getdi, bir balam var, dinmədim», «Səni vurduq, sonra sözlə bələdik», «Şeir yazdıq, bəlkə təzə ev alaq». «Vətəni tərifləməklə çörək yedik, Vətənə yalvarmaqla maşın aldıq». Həm də Qəşəm şeirlərində Vətənə konkret şəxs kimi müraciət eləyir.
Təndir çörəyini kökə elədik,
Torpağını seçdik, bölgə elədik,
Böldük səni, tikə-tikə elədik,
Bacın ölsün, anan ölsün, ay Vətən!
Qəşəmdə Vətən sevgisi kor-koranə deyil, həqiqətə köklənir, söhbət «ən yaxşı dolanışıq yeri olan Vətən»dən getmir. «Vətən onda Vətən olur ki, o Vətəndə nazirin oğlu ilə əskər yoldaşı olursan, televizora çıxıb oxuyursan, müqabilində kimsə səndən pul istəmir, yaxşı maaş alırsan, maaşınla pul yığıb maşın, bağ evi alırsan. Bir sözlə Vətən onda Vətən olur ki, bu Vətəndə adam olduğunu hiss eləyirsən». Adi, hamının bildiyi deyimlərdir, amma Qəşəm poeziya dili ilə bu misraları oxuculara elə çatdırır ki. sanki ilk dəfədi eşidirsən.
Yazıya başlayanda yağışlı günlərin kədəri haqda yazmışam, amma bu o anlama gəlmir ki, yağışı sevmirəm. Düzdü bu arada «Yağışı sevmirdi» adlı povestimin üzərində işləyirəm və əsərimin qəhrəmanı doğrudan da soyuq payız yağışlarını sevmir. Mənə qalanda isə mən ilıq, xəyal kimi yağan gümüşü yaz yağışlarının vurğunuyam, payız yağışlarının da o cümlədən. Yağışdan sonra yollarda poeziya axtardığımı da yazmışam, amma yağışda yuyunub təmizlənmiş o yollarla gedərkən qulaqlarımda səslənən misralar da olur. Qəşəmin bu misraları kimi.
Əllərin bulud kimi
kölgə salır
Saçlarımın işığına,
Deyəsən yağış yağacaq
axşama,
Xəbərin varmı, bilmirəm!
Təbii ki, hələ çoxlu yağışlar yağacaq, sular axacaq, yağan yağışlar yolları, küçələri, kolları, ağacları yuyacaq. Hər yağış yağanda da göydən yerə şeirlər ələnəcək, misralar ələnəcək, yüngül, kədərli misraları yağışdan sonra əsən küləklər bütün yer üzünə yayacaq, Qəşəmin bu misrasını da o cümlədən. «Bu şeiri də yazdım əlvida kimi!»
Vida nəğməsi kimi səslənsə də, vida nəğməsi deyil. Qənaətimcə Qəşəm ən gözəl şeirlərini hələ bundan sonra yazacaq. Evi olacaq, bağ evi alacaq, gözəl kitabları çap olunacaq, xoşbəxt, fərəhli şair həyatını yaşayacaq. Yazını bu inamla da bitirirəm.




(3 səs, hardasa: 3,67 ilə 5 arası)

Yüklənir...
Maraqli yazidi, Aslan beye tesekkurler.
Aslan müəllim, mənim sizə böyük hörmətim var. Amma məncə hər şey haqqında düşünməyin.
eeladi.cox duygulu,derinden nece deyim bilmirem cox gozel yazirsiniz