Elnur ASTANBƏYLİ
Pis əsər yazmaq üçün də xüsusi istedad lazımdır. İki cüt, bir tək kitab oxuyanlar deyəndə ki, Seymurun romanı bərbaddır, inanmadım. Axı mənim tanıdığım, bir kitabını redaktə etdiyim, özü ilə bir-iki dəfə babat vurduğum Seymurun bu qədər müzakirə olunacaq roman yazmağa istedadı çatmaz. Adının it çeynəyən sayaq çeynənməyinə baxmayın, Seymur da bizim publisistikanın Rəqsanəsidir.Buna görə də, yaradıcılıq potensialına və perspektivinə bələd olduğum həvəskar yazıçının son çərənləməsini oxumaya da bilərdim. Amma mənim romanı oxumağımın səbəbi başqa idi. Romanın keyfiyyəti haqda gəzən söhbətlərdən daha çox, onun yazılma tarixi maraqlı idi.
Adamdakı həyasızlığa bax! Dost-tanışın dediyinə görə, Seymur məclislərdən birində dəsmal götürüb, ağlayıb ki, roman yazmışam, amma onu çıxarmağa pulum yoxdu. Məclisdəki imkanlı adamlardan bir ürəyiyumşağı əlini atıb cibinə, Seymura 1000 dollar pul verib. Seymur da bu pulu xəngəl-qutaba (özü də dost-tanışla birlikdə yox, təkbaşına!) xərcləyəndən bir müddət sonra sponsor həvəskar yazıçını görüb soruşur ki, pul deyirdin, onu da verdik, bəs roman hanı? Seymur da görüb başqa çıxış yolu yoxdur, pulu alıbsa, ortaya roman qoymalıdır. Oturub bircə həftənin içində, Mikayıl Rəfili kitabı əlinə alıb tərcüməni üzündən katibəyə yığdıran kimi, ağlına gələni danışaraq, bədahətən dediklərini Qan Turalıya yığdırıb. Hələ eşitdiyimə görə, Seymurun başı mesaj yazmağa, mətbəxdə boyat borş içməyə qarışanda bəzi yerləri Qan Turalı özündən yazıb.
Qayıdaq yazılma tarixçəsi özündən qat-qat maraqlı olan romanın adına. Seymur deyir ki, guya romanın adını «Menyu» qoymaq istəyirmiş. Buna gərək adamın istedadı çatsın. Romanının adını de, deyim necə yazıçısan. Yazdıqlarının oxucunu maraqlandırmayacağını ovcunun içi kimi bildiyindən Seymur romana guya öz aləmində intriqalı bir ad seçib - «18, 6 cm»! Hər şeyi qarnı ilə ölçdüyünü səmimi etiraf elədiyi vaxtlarda kitabının adını «Ət və ət məhsulları» qoymuşdu. Yenə bu ad bir az uğurlu idi. «18, 6 cm» nə deməkdir, nəyin uzunluğudur?
İndi də keçək romana. Kərpic qalınlığında romanda bir dənə də olsun qrammatik cəhətdən doğru cümlə yox, yazıçılıqdan xəbər verən bir abzas yox, orijinal bir fikir yox. Kitabda oxuduqlarımın hamısı dost-tanışın kafe söhbətləri, Füzuli rayonunun keçmiş icra başçısı Nofəl müəllimin aforizmləri (yeri gəlmişkən, Seymur bütün yaradıcılığını heç olmasa, bu adamın danışdıqları üzərində qursaydı, indi əməlli-başlı yazıçı idi), boş-boş söhbətlər. Bir-iki yerdə «heyif ki, plastik stəkanları toqquşduranda səs çıxmır», «süfrədəki yumurtalardan ən irisini seçib soydum», «bu dolmanı yeyəcək dustağa paxılıq elədim» kimi səmimi cümlələr də vardı ki, bu səmimiyyət də situasiyanın səmimiliyi idi, Seymurun özünün yox.
Bir az da Seymurun roman çıxandan sonrakı, türklər demiş, tavrı haqqında. Orda-burda müsahibə verib deyir ki, kitaba görə heç kim məni allahın sosiska-çörəyinə də qonaq eləmədi. A qardaş, adam bu qədər həyasızlıq eləməz. Roman çıxandan sonra nə qədər qonaqlıqlara getmisən, cibinə nə qədər pul basıblar, halal xoşun. Ta bu qədər naşükürlük niyə? Toyuq toyuqdu, su içəndə göyə baxır. Bəlkə istəyirsən ki, o cür mənasız bir romana görə camaat marşrutda sənin sənin əvəzinə gedişhaqqını da versin? Ya da yeyib-içəsən, axırda kafe yiyəsi hesabı almasın?
Yox, Seymur, yox, hamı sənin sponsorun kimi ağılsız olmaz ki…
« “Çiçəyim” Uşaq Teatrının kollektivi Gülüstan sarayında çıxış edəcək | Əsas səhifə | Gülər Sadıqova, hekayə »




Bölmə: 









Şahanə adlı istifadəçi, Yanvar 8, 2008 tarixində, saat 16:15 yazıb:
Seymurun bu kitabından nə qədər satılıb, kim bilir?
Mənim 3 manatım hələ ki, cibimdədi…
qardaş adlı istifadəçi, İyun 16, 2008 tarixində, saat 16:07 yazıb:
Afərin Elnur, əla tapıntıdır-publisistikanın Rəqsanəsi.
Ədəbiyyatın, bədiyyatın rəqsanələrini, aygünlərini,.. “kəşf” edəcəyin zamanı gözləmək ümidilə, sənə uğurlar!