Əli Kərim haqqında filmin çəkilişlərinə başlanılıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 31 Aralık, 2007

“Azərbaycantelefilm” Yaradıcılıq Birliyi bənzərsiz səsi, müstəsna dünyagörüşü olan şair Əli Kərim haqqında yeni sənədli filmin çəkilişlərinə başlamışdır. Filmin ssenari müəllifi Aydın Qurbanoğlu, rejissoru Tariyel Vəliyevdir. Əli Kərimi ədəbi sözün təsvir imkanlarını genişləndirən novator şair adlandırırlar. Yaradıcılığının çiçəklənən dövründə həyatdan köçmüş şair özündən sonra Azərbaycan dilində nəşr olunmuş 6 kitab və rus dilinə tərcümə edilmiş 2 kitab qoyub getmişdir. Ə.Kərim Azərbaycan poeziyasına gerçəkliyə konkret baxış, şəxsi və subyektiv yaşantılar gətirmişdir. Şair dövrünün təmtəraqlı poeziyasının əsas mövzu və süjetlərini bir kənara ataraq, öz fərdi poetik dünyasını yaratmışdı və bu dünyada hər şey adi, eyni zamanda da təkrarolunmaz idi.
Çəkilişləri şairin doğulub boya-başa çatdığı Göyçayda və Bakıda aparılan filmdə Əli Kərimin xanımı, uşaqları və həmkarları onun həyat və yaradıcılığından söhbət açacaqlar. Filmin 2008-ci ilin birinci rübündə Azərbaycan Televiziyası ilə nümayiş etdirilməsi nəzərdə tutulur.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın