“Fəyyum portretləri”

Yazar: Admin | Bölmə: Musiqi | Tarix: 31 Aralık, 2007

elmir Bəstəkar Elmir Mirzəyevin müəllif diski haqqında qeydlər
  
   Albomda bəstəkarın kamera-instrumental, eləcə də orkestr musiqisi təqdim olunmuşdur. Bura 1994-cü ildən (13 alət üçün “Intra Cancellos” – “Məhdud məkanda”) 2006-cı ilə qədər (bas fleyta, akkordeon, arfa, violonçel və musiqi mərkəzi üçün “Die gestorbene Zeit des Idealismus” – “İdealizmin ölmüş zamanı”) yazılmış 9 əsər daxildir. 
   Diskdə təmsil edilən əsərlərin hər biri müxtəlif sifarişlər əsasında yazılmış və demək olar ki, hamısı müxtəlif kollektivlərin konsert (canlı) ifalarında lentə alınmışdır. Belə ki, “Orkestr üçün 7 dəqiqə” (1999) alman dirijoru Bernhard Wulff `un rəhbərliyi ilə Bazel Simfonik Orkestrinin; 7 alət üçün “Görüntülər və Əks-səda” (2000) avstriya dirijoru və bəstəkarı Roland Freisitzer`in rəhbərliyi altında Azərbaycanın SoNoR müasir musiqi ansamblının (müəllif uzun illər boyu bu ansamblın bədii rəhbəri olmuşdur); fleyta, zərb alətləri, arfa, violonçel və musiqi mərkəzi üçün “Fəyyum Portretləri I” (2004) ABŞ`ın Seattle Chamber Players Ensemble kollektivinin; solo marimba və 3 zərbçi üçün “Ritual” (2002) Almaniyanın Freiburg Percussion Ensemble kollektivinin; 7 ifaçı üçün “Candentia I” (“Bərq”, 1995) Yaponiyanın Yokahama şəhərində keçirilən “Asian Music Days 2000” Festivalının residental ansamblının, 13 ifaçı üçün “Expromtus” (1999) Wim Boerman`ın rəhbərliyi altında Hollandiyanın de ereprijs ansamblının ifasında təqdim olunur. Yalnız 2003-cü ildə Marco Pedrazzini`nin rəhbərliyi altında İtaliyanın Icarus Ensemble kollektivi tərəfindən CD`yə yazılan bas-klarnet, zərblilər, piano və musiqi mərkəzi üçün “ReAKSİYA” (1998) bu baxımdan istisna təşkil edir.
   Diskə giriş sözü sənətşünaslıq doktoru Rauf Fərhadov tərəfindən qələmə alınmışdır:
   “Elmir Mirzəyev Azərbaycan bəstəkarlıq məktəbinin, öz professional təhsilini sovet dövründə, yaradıcı özünəməxsusluğu və adı isə postsovet dövründə qazanmış nəslinə mənsubdur. Bu nəsli bəzən tərəddüdlü, bəzən X nəsli, gah totalitarizmdən nisbi azadlığa keçid nəsli, hətta bəzən özünə aid olmayan, özünütəyinə, özünüidentifikasiyaya qabil və konkret tarixi dövrə, ideologiyaya, quruluşa aid olmayan nəsil kimi də səciyyələndirirlər. Bu nəsil üzvlərinin yaradıcılığına xas olan heç bir daimiliyin, bütövlüyün, stabilliyin olmaması, hər şeyin seqment, pərakəndə, mücərrəd və ziddiyyətli halda olması da bundan irəli gəlir. Bura sözü gedən nəslin içərisində vahid strategiyanın yoxluğu səbəbindən strateji həmfikirlərin də olmamasını əlavə etmək yerinə düşərdi, amma burada hər kəsin özünə fərdi strategiya seçmə cəhdi bunu kolossal müsbət amilə də çevirə bilər.
   Elmir Mirzəyev bütün mümkün strategiyalardan özünə ikisini: yaradıcılıqda Şərq və Qərb kültür ənənələrinin (məğzinə görə sonsuz olduğu qədər də mümkünsüz) qovuşmasına, sintezinə yox demək; əvəzində Şərqə aidi Qərbə mənsubda aşkara çıxartmağa, Qərb incəsənətinin dərinliklərində əzəldən iştirak edən Şərq spesifikasını üzə çıxartmağa cəhd yolunu seçib.
   Bəstəkarın yaradıcılıq strategiyasının fəlsəfi-psixoloji tərəfi isə aşağıdakından ibarətdir: Şərqin statikliyi orada hərəkətin, inkişafın, sürprizin olmamasında yox, bütün kəşflərə, nailiyyətlərə və yeniliklərə baxmayaraq, hər zaman eyni dəyərlərin və ənənələrin dirçəlməsində, yalnız özünəməxsus kültür və mental tipin təkrarlanmasındadır. Amma öz növbəsində Qərb də dialektikliyinə, böhranlılığına, antonimliliyinə (məs., kilsə və dövlət, din və incəsənət, fərd və cəmiyyət), ziddiyyətliliyinə baxmayaraq faktiki olaraq, özünün daim təkrarlanan təsəvvürlərini və mənalarını dəyişmir. Beləliklə, hər iki tərəf statikdir. Fəqət Şərqin statikası – öz daxilinə dərin qapılmış, Qərbin statikası isə – zahiri və geniş yayılmış haldadır. Elmir Mirzəyevə görə bunların ümumi cəhəti Şərqin də, Qərbin də çoxqütblü, çoxmilli, çoxdilli və çoxdinliliyindədir. Sadəcə olaraq, əgər bir tərəfdə bütün bunlar mənəvi mübarizəyə, radikalizmə, inkişafa və özünüdərkin gərginliyinə hesablanıbsa, digərində söhbət paralel dünyagörüşündən və yanaşı mövcudluqdan gedir.
   Kompozisiya və texnoloji planda isə Elmir Mirzəyevin yaradıcılıq strategiyası həm statik və dinamik funksiyaların güclənməsi, həm xarici dinamik inkişafının daxilə keçirilməsi, həm hansısa kompozisiya üslubunun variantlı və improvizasiyalı təfsiri yolu isə həyata keçir. Amma ən əsası, formanın bu cür genişlənməsində hər hansı qarşı duran nöqtələr, kontrastlar və fərqlər bir-birləri ilə mübarizə aparmır, sadəcə əlaqəyə girirlər. Daha doğrusu, müstəsna Qərb texnologiyalarının (serializm, aleatorika, sonoristika, genişlənmiş modallıq…) və ümumiyyətlə, material strukturuna görə açıq-aydın qərbliliyin daxilində musiqi fikrinin təşəkkülünün eyni zamanda proseslərin və halların kombinasiyası funksiyasını daşıması, əsərin forma hüdudlarının isə olduqca şərti, qərarsız və qeyri-müəyyən olması kimi Şərqə məxsus prinsiplər istifadə olunur. Bu oriental qanunauyğunluq isə Elmir Mirzəyevin yaradıcılığında doğma və yadın, azərbaycanlılığın və avropalılığın sintezinə cəhd yox, Guillaume de Machaut və Philippe de Vitry (orta əsr Avropa bəstəkarları) zamanından qərb musiqi ənənəsində iştirak edən şərqliliyin tapılması, üzə çıxarılması və aydınlaşdırılmasıdır. Sadəcə Elmir Mirzəyevdə qərb musiqisinin bu “şərqliliyi” müasir kompozisiya texnologiyaları və səslənmələri hesabına daha da güclənir.
   Ümumiyyətlə, Elmir Mirzəyev yaradıcılığına müxtəlif yanaşa, onun sənətinin perspektivli, seçdiyi yolun düz olub-olmaması barədə düşünə, güman edə bilərik. Fəqət bu yolun özünəməxsusluğuna və individuallığına heç bir şübhə ola bilməz.”
   Qeyd: Diski əldə etmək istəyənlər “Kultaz”a müraciət edə bilərlər. Qiyməti 7 manatdır. (Əlaqe telefonu: 055-625-09-25 Zahir Əzəmət)
 

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın