Viktor Pelevin, Keçmək istədiyim körpü
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 31 Aralık, 2007
Romanlarının birində Milan Kundera sualı insandan insana keçən anlayış körpüsü adlandırır. Bu bənzətmə hər iki mənada işləyir. Sual körpüyə, körpü isə insanın zamana və məkana ünvanladığı «o biri üzdə nə var?» sualına bənzəyir. Amma daha çox cavaba bənzəyən körpülər də olur.
On iki yaşım olanda, mən hər gün velosipedə minib, şosse ilə nə zamansa QULAQ zeklərinin inşa etdikləri kanala doğru gedirdim. Kanala çatan şosse iki metal qövsün saxladığı körpüyə çevrilib, onun üzərindən keçirdi – körpü, üst hissəsi aşağı çevrilmiş soğana bənzəyirdi. Altında Sarı çay qumunun zolağı vardı – elə mənim məqsədim də buydu. Mən qumdan hər dəfə böyük barjanın və ya çay teploxodunun yanından keçərkən dağıtdığı evlər düzəldirdim. Saatlarla sahildə uzanarkən, kanalın o biri üzündəki şüşələrdən mən günəşin şəfəqini, uzaq taxta çəpərləri, meyvə bağlarının tozlu yaşılını görürdüm. Qəribədir, mən bəzən istəsəm də, heç vaxt bu körpünü keçməmişdim.
On beş il sonra mən yenə bu şosseyə gəlib çıxdım və yenə də velosipeddə. Nə vaxtsa keçməyə hazırlaşdığım körpünü xatırladım. Bunu indi edəcəyimi düşünmək məni gözləmədiyim dərəcədə sevindirdi. Mən anladım: bunu etməklə hazırki mənim və keçmişdəki mənim arasındakı sərhəddi keçəcəyəm və bu o deməkdir ki, həmin balaca oğlan və mən – tamamilə eyni adamlarıq. Bu, əsl əlkimyəvi akt olardı. Qabaqcadan bu ləzzəti duyaraq, yavaşca maşınla yola düşdüm. Artıq məqsədə çatmağa çox az qalmışdı ki, mən qeyri-adiliyi hiss etdim: şosse genişlənmişdi və əvvəllər olduğu yerdən sağa çəkilmişdi. Sonra isə onun indi keçdiyi yeni beton körpünü gördüm, köhnəsi soldan yüz metr aralıda dururdu – heç dəyişməmişdi, sadəcə, qarşısındakı yol sahələri dağılmışdı və hər iki tərəfdən o boşluğa açılırdı. Bu yaxşı cavab idi.
Amma mənim şübhəm var ki, Leta – bizim ölümdən sonra ayaq basacağımız su yox, sağlığımızda ondan keçib əriyib emal olunduğumuz çaydır. Körpü bizim ayağımız altındadır. Sahillər necə, varmı? Mən üstüylə getdiyim sərhədləri xatırlamıram. Yaxınlaşdığım sərhədləri görmürəm. Demək olarmı ki, mən hardan gəlirəm və ya hara gedirəm? Və hələ də həyatla, ümidsizcəsinə keçmək istədiyim körpü üzərində gəzinti arasında duyduğum bənzərlik məni ovundurur. Əslində, hərdən düşünürəm ki, axı həyatda heç yana aparmayan yolun – keçməyi bu qədər çox istədiyim körpünün boşluqda asılmış parçasını addımlarımla ölçməkdən başqa bir şey etməmişəm.
Çevirdi: Rəbiqə





Yüklənir...