Qaynar xəbər portalı

Kitab dünyası


Kitabların divanı


Bölmə Bölmə: Publisistika | Göndər Göndər | Çap et Çap et | 237 oxunma

ibrahim selİbrahim  Sel, Professional  Oxucu  Liqası

(devito75@mail.ru)

Ah zalım şahlar,
Zalım şahlar
Sizlərdən bir yoxsul
məmləkət qalar
bir dilənçi uşaqlar,
bir fahişələr                                   
bir də
nələr,
nələr.
( İ. Kəbirli)

1549-cu ildə müstəmləkəçilər arasında Meksika torpaqlarına gənc ispan rahibi Dieqo de-Landa da ayaq basdı. Arzularla coşub dasan rahibin əsas məqsədi yenicə zəbt olunmuş torpaqlarda köhnə inancların kökünü kəsmək və yerli əhalini xristian dininə qaillik etməyə yönəltmək idi.Əsl siyasət konkret və real işlərdən ibarətdir. Rahib birbaşa əməli fəaliyyətə keçdi. Məkrli siyasət nəticəsində qədim mayya xalqının minilliklər boyu yazıb-yaratdığı  mədəni abidələr yerli-yeksan edildi.
Məbədlərdən birində qədim əlyazmaların nəhəng bir kolleksiyası tapıldı. Bütün günü ispan əsgərləri Dieqo de-Landanın əmri ilə anlaşılmaz rəsm və işarələrlə dolu kitabları, lülə halında burulmuş kağızları daşıyaraq məbədin qarşısındakı meydançaya qalaqladılar. Axşama yaxın rahib əlindəki məşəli əlyazmalar yığınına yaxınlaşdırdı. ”Bu kitablar mövhumat və şeytanın məkrli əməlləri ilə dolu idi”- sonralar o yazırdı- “Biz  hamısını yandırdıq”.
Qədim mayya mədəniyyətini özündə əks etdirən kitab və səlnamələrdən bizim günlərə cəmi üç yazı gəlib çatmışdır. Qalanları tarixin acı keşməkeşlərinə tab gətirməyərək məhv olmuşdur.
 Qədim ink yazılı abidələri də bu cür tale ilə üzləşmişlər. Hökmdarlardan birinin dövründə şiddətli yoluxucu xəstəliklər baş alıb gedirdi. Ölkənin ən yaşlı sakinini tapıb ondan məsləhət istədilər. ”Bütün yazıları məhv etmək lazımdır”- ağsaqqalın məsləhəti belə oldu.  Guya ki, xalq yazı sənətini icad etməklə allahların işinə şərik çıxmıs və buna görə də onların qəzəbinə düçar olmuşdur. Onda ink rəhbəri yazı sənətinin ləğv edilməsini əmr etdi. Bütün yazı ləvazimatları məhv edildi, ədəbi əsərlər və mətnlər yandırıldı, yazı işinə isə ölüm təhlükəsi altında qadağa qoyuldu. Bircə Günəş məbədində inklərin şanlı tarixi təsvir olunmuş bir neçə kətan parça saxlanıldı. Məbədin bu təsvirlər saxlanılan hissəsinə isə ali inklərdən və bir neçə xadimdən başqa heç kimsənin girməyə ixtiyarı yox idi.
  Qadağadan uzun illər keçdikdən sonra kahinlərdən biri yazı sənətini dirçəltmək qərarına gəldi. Bununçün o, yeni əlifba icad etdi. Lakin məsələdən xəbər tutan hökmdar qəzəbləndi və məlunu diri-diri yandırmağı əmr etdi.
  1572-ci ildə yerli xalqın dörd qiymətli əlyazması ispanların əlinə keçdi. Əlyazmaları okeanın o tayına, kral 2-ci Filippin Madriddəki iqamətgahına göndərmək qərarına gəldilər. Lakin qiymətli yük İspaniya sahillərinə gedib çıxmadı. Güman edilir ki, gəmi yolda qəzaya uğramış və batmışdır. Batmış əlyazmalar qədim ink yazılı mədəniyyətinin avropallara məlum olan son nişanələri oldu.
  Volter deyirdi ki,”insan zəkasının tarixi insanın axmaqlıqları tarixindən ibarətdir”.
 Karfagenin irimiqyaslı kitabxanalarından bizim günlərə cəmi bircə kitab gəlib çıxmışdır, o da ki  latın dilinə edilmiş tərcümədir. Bu kitabxanalarda isə tarixçilərin fikrincə, 500 000 cildə yaxın kitab vardı. Karfagenlilərin qanına susamış romalılar onların tarix və mədəniyyətini məhv etmək məqsədilə hamısını yandırmışlar.
  Müsəlman istilaçıları da mədəni irsə qarşı mülayim davranmamışlar. Tutduqları ərazilərdə onlar nəinki qədim kitab və əlyazmaları zorla əhalinin əlindən alır, həm də bu kitabları könüllü gətirənləri kifayət qədər əhəmiyyətli məbləğlə mükafatlandırırdılar.Müsadirə olunmuş kitablar küfr mənbəyi kimi dərhal yandırılırdı.
  Tarixi araşdırarkən görürük ki, tarixin yazıya alınması prosesi abidə və əlyazmaların məhv edilməsi prosesi ilə yanaşı addımlamışdır. İnsanoğlu tarixi nailiyyətlərini və elmi biliklərini yazıya almaqla paralel, şüurlu şəkildə bu mənbələrin yox edilməsi sahəsində də ciddi-cəhdlə çalışmışdır. Nəticədə qədimlərdə insanlığın əldə etdiyi geniş və hərtərəfli bilik və məlumatlardan bizə çox cüzi bir hissə gəlib çıxmışdır. Bəşəriyyət bu səbəbdən öz təbii yüksəlişindən yüz, min illər geri qalmış, tərəqqi və inkişaf çarxından kənara sıçrayışlar baş vermişdir.
  Eramızdan əvvəl 5-ci əsrdə yaşamış yunan filosofu Protaqorun bütün əsərləri    yandırılmışdır. Üstündən iki min il yarıma yaxın bır vaxt keçməsinə baxmayaraq, müasir sosioloq ve moralistlər hələ də həmin şölənin aci nəticələrini  duymaqdadırlar. Bu qədim filosofun  kitablarının alovlanması ilə, Yer üzündə yazılı mədəni abidələrə hücumun yeni mərhələsi başlanmışdır.
  E. ə. 3-cü əsrdə tonqallar Çində qalandı. Bu dəfə Tsin sulaləsinin gənc hökmdarı Konfutsinin əsərlərinə od vurdu.
  Qədim Misirdə çar Antiox Epifan yəhudilərin müqəddəs hesab etdikləri kitabları yandırdı. E. ə. 272-ci ildə isə tonqallar Romada qalandı. Bir qədər sonra imperator Avqust astronomiya və astrologiya sahəsinə aid olan kitabları yandırmağı əmr etdi.
  Nəzərə alın ki, biz yalnız tarixçilərə məlum olan faktları sadalayrıq.
  Məhz bu səbəblərdəndir ki, keçmişlərdə insanlığın yazıb yaratdığı böyük tarixi şəhadətnamələrdən, irihəcmli elmi sübut və dəlillərdən bizim günlərə yalnız cüzi fraqmentlər gəlib çıxmışdır. Bu qırıntılar, rabitəsiz sədalar, ora-bura səpələnmiş qəlpələr əsasında tarixin əzəmətli mənzərəsini təsəvvürümüzdə canlandırmaq zorundayıq. Məhz bu kontekstdən yanaşanda başa düşmək olur, niyə tarixi təhrif etmək üçün bu qədər böyük şanslar meydana cıxmışdır. Tarix, Pərviz Yusifin qeyd etdiyi kimi, məhz təhrif olunduğu üçün kədərlidir. Xırda süjetlər, sönük saqalar, ötəri qeydlər bizə lazımi nəticələri vermir. Bu, bir növ Varşavanın 2-ci Dünya müharibəsindən sonra bərpasına bənzəyir. Dağıdılmış, yerli-yeksan edilmiş paytaxtlarını polyaklar min bir ciddi-cəhdlə əvvəlki formasına salırdlar: əldə edilmiş çertyojlara görə, sahidlərin dediklərinə əsasən, uçuqlar altındakı bünövrələrə uyğun…
  Dağınıq epizodlar isə insana heç nə vermir və ona tarixin qaranlıq səhifələrinə baxaraq fikrə dalmaq qalır. Ardınca isə tarixin itirilmiş səhifələrini özündən quraşdırmaq gəlir…Burada yazıçı Düma Atanın bir fikrini xatırlatmaq yerinə düşərdi.  “Tarix mənimçün mıxa bənzər bir şeydir, mən ora oz romanlarımı asıram” yazan dahi fransıız yazıçısı öz fikrini belə tamamlayır:”Tarixlə hər şey eləmək olar, təki nəticəsində uşaq alınsın…”
 Tarix kitablarnda oxuyuruq ki, Nil vadisində ilk dövlətlər e. ə. 4-cü minillikdə əmələ gəlmişdir. Bəs onda Herodot və müasirlərinin bu barədə fikirlərini necə başa düşək? Onlar iddia edirdilər ki, Misir səlnaməçilərinin istinad etdikləri qaynaqların 17 min il yaşı vardı. Misir tarixçisi Manefonun məlumatları isə daha uzaqlara gedib çıxır. Belə ki, o, öz səlnaməsini e.ə. 30 627-ci ildə yaşamış hökmdarın adı ilə başlayır.
  Bizans tarixçisi Sinelliusun hələ də mübahisələrə səbəb olan yazıları qalmışdır. O, Misir kahinləri tərəfindən  aparılan “Qədimi Xronika”dan danşır. Həmin xronika 36 525 il ərzində Misirdə hakimlik etmiş hökmdarların həyatından bəhs edirmiş. E. ə. 3-cü əsrdə yaşamış yunan tarixçisi Diogen Lauertli isə iddia edirdi ki, Misir məbədlərində Makedoniyalı İsgəndərdən 48 863 il əvvələ gedib çıxan yazili sənədlər saxlanılır.
  Məlumdur ki, qədim dövrün görkəmli tarixçilərindən biri Tit Liviy (e.ə. 58-17-ci illər) özündən sonra irimiqyaslı sənət əsəri saxlamışdır. “Romanın tarixi” adlanan bu əsər 142 kitabdan ibarət idi. Müasir tarixçilər onların otuz beşindən bəhrələnmək imkanına malikdirlər. Qalanları tarixin acı keməkeşlərində itib batmışlar.
   Cəmiyyətin inkişafında önəmli rol oynaya biləcək əsərlərin zamanın sərt döngələrində məhv olması faktları bitib tükənməzdir.Polibiyin yazdığı 40 kitabdan yalnız 5-i, Tatsitin 30 kitabından 4-ü məhvdən xilas ola bilmişdir. Pliniy Böyük tarixə dair 20 əsər yazmışdır; onlardan heç biri dövrümüzə gəlib çıxmamışdır.
  Belinski deyirdi ki, “Bayron yaradıcılığı bəşər tarixinin bir səhifəsidir. Əgər həmin səhifəni cırsanız tarixin bütövlüyü itəcək, heç nə ilə əvəz edilə bilməyən bir boşluq yaranacaq”.
   Və yaxud onu götürək ki, Viktor Hüqo yaradıcılığı barədəe belə bir fikir formalaşıb ki: “Əgər dünya ədəbiyyatı bütünlüklə məhv edilsəydi və təkcə Hüqo əsərləri saxlanılsaydı, ədəbiyyat bundan heç bir şey itirməzdi”. Tarixin künc-bucaqlarnda isə bir görün nə qədər bayronlar və viktor hüqolar ilişib qalmışdır…
   Məsələn, əgər Sofoklun 120 dram əsərindən bizə yalnız yeddisi gəlib çıxmışsa,  Sofoklun yaradıclğı haqqında tam təsəvvürə malik ola bilərikmi? Evpinidin yazdığı 100-ə yaxin dramdan 19-u salamatdirsa, biz onun fikirlərini tam və düzgün anlaya bilərikmi? Ən yaxşı halda təsəvvür edin ki, Axundovun pyeslərini “Kəmalüddövlə məktubları”sız oxuyursuz. Aristotelin özünü ğötürək. Hərtərəfli elmi işlərindən təkcə bircə əsər qorunub saxlanılmışdır, qalanları şagird və müasirlərinin böyük mütəfəkkir haqqında dediklərini əhatə edir. Anakteron təxminən e.ə. 570-478-ci illərdə yaşamışdır. Qədim zamanlarda bu şairin şeirləri geniş yayılmşdı. Lakin onun beş kitabdan az olmayan ədəbi irsindən indi yalniz cüzi bir hissəni oxumaq olar. Anakterona aid edilib yeni dövrdə şöhrət qazanmış şeirlər məcmuəsi isə onun olmayıb, şairə nəzirələrdən ibarətdir.
   Kiçik Asiyada yerləşən Perqama şəhərinin kitabxanasında 200 000 cildə yaxın unikal yaradıcılıq məhsulu toplanmışdı. Bu kitabxananın adı müxtəlif məxəzlərdə çəkilir. Sonralar həmin kitablar Roma imperatoru Antoniy tərəfindən aparılır və Kleopatraya hədiyyə edilir. İndi həmin kitabların hec bircəciyi də salamat deyildir.
   Memfisdəki Pta məbədində və Yerussəlimdəki kilsədə olan saysız-hesabsız kitabların da taleyi məlum deyildir. Heç kəs deyə bilməz ki, firon Xeopsun məşhur oxu otaqları, Yeddinci Dinastiyanın nəhəng saxlancları və yaxud Ptolomeylərin kütləvi kitabxanaları özündə hansı qiymətli inciləri gizlədirdi.
   Tarixi mənbələrə görə, Ptolomeylərin bir kitabxanasında 40 min, digərində isə 500 min (basqa bir mənbəyə görə  700 min) cildə yaxın kitab vardı. Onların əksəriyyəti yeganə nüsxədəydi və dünyanın müxtəlif güşələrindən daşınmış nadir əlyazmalar idi. E.ə. 47-ci ildə Yuli Sezar İsgəndəriyyə limanında misirlilərin donanmasını  darmadağın edərkən başlanan yanğın şəhərə də keçdi, bununla da kitabxanalardan birincisi, daha az tutumu olan od aldı. İmperator Diokletian taxt-taca oturduqdan sonra ovsunçuluq və sehrbazlıq mənbələri saydığı kitabları ikinci kitabxanadan çıxarıb yandırdı. Onun dövründə cahil xalq kütlələri dəfələrlə hücum çəkərək kitabxanadakı qiymətli inciləri tar-mar etdilər. İsgəndəriyyəni fəth etmiş müsəlman ərəblər isə bu kitabların məhvində son nöqtəni qoydular.
  Tarix boyunca kitabların Diokletian kimi hökmdarların qəzəbinə tuş gəlməsi halları dəfələrlə müşahidə olunmuşdur. Maraqlı burasındadir ki, nə qədər gerizəkalılıq və vandalizm aktı kimi görünsə də, bu cür münasibət hər hansı bir axmaqlığın, anlamazlığın nəticəsi deyildi. Bəşəriyyətin inkişafı yolunda dəhşətli əngəllər yaradan bu hərəkətləri ali ixtiyar sahibləri sadəcə əyləncə xatirinə etmirdilər, şılltaqlıq təzahürü kimi də başa düşülməməlidir. Nə qədər qəribə olsa da, bu cür hərəkətlər qəsdən edilirdi, şüurlu şəkildə həyata keçirilən siyasətin tərkib hissəsi idi. Bununla hökmdarlar hakimiyyətlərini saxlamaq və möhkəmləndirmək məqsədi güdürdülər. Zəngin elmi biliyi və məlumatları ilə əlahiddə gücə malik olan insan və ya toplum tarixən yuxarılar tərəfindən təhlukə mənbəyi kimi qiymətləndirilmişdir. Sirli süur indi də nadanlar ücün qorxu mənbəyi olaraq qalır. Odur ki, aşağıdakı epizod da bizi təəccübləndirməməlidir. 
  Bir dəfə çar İvan Qroznıya xəbər verirlər ki, əcnəbi tacirlərdən biri özüylə Moskvaya coxluca kitab gətirmişdir. Çarı maraq götürür və həmin kitablardan  baxmaqçün gətirməyi əmr edir. Ruslara bu kitablar müəmmalı görünür, belə ki, çar onlardan bircə kəlmə də olsun anlamır. Əyanlardan biri xatirələrində yazır: ”Xalq bu təqvimlərdə yazılanlardan nəsə öyrənərək kələkbazlıqlarla məşğul ola bilərdi, odur ki,  çar onların hamısını tələb olunan məbləğə tacirdən almağı və yandırmağı əmr etdi”.
  Qiymətli məxəzlər hətta yaxın keçmişimizdə də yandırılırdı. 20-ci əsrin ortalarında Hitler Almaniyasında yəhudiləri Avropadan qovub çıxarmağı qərar vermiş nasistləri ilk növbədə onların kitablarını yandrdıılar. Yəhudi alimlərinin yenicə ayaq tutub yeriyən elmi nəzəriyyələri və tayı-bərabəri olmayan fundamental işləri məhv edildi.
  Maraqlıdır ki, tarixdə müqəddəslik statusu qazanmış kitablar da qəribə tale ilə üzləşmişlər.
  Belə bir ehtimal var ki, Zərduştlüyün əsas kitabı əhəmənilər dövründə gizli yandırılıb. Yerində isə əhəmənilər tərəfindən dövlət dininə çevrilən, siyasi və etnik maraqlara cavab verən bir kitab yaradılmışdır.
  Lakin 12 000 camış dərisində yazılmış bu “şah əlyazması” da Makedoniyalı İsgəndər tərəfindən yandırıldı. V.İ..Rak  göstərir ki, sonradan yaranan “Avesta’’nı eramızın 1-ci-3-cü əsrlərində, erkən sasanilər dövründə yazılı şəkildə kanon kimi tərtib etməyə başladılar. Burada ağızdan-ağıza keçən mətnləri yazıya köçürəndə məzmun xeyli təhrif olunmağa başladı. Belə ki, şahənşah 1-ci Artaşir vilayətlərə məktub göndərərək əmr etdi ki, “Avesta”dan şifahi və yazılı nə qalıbsa, Zərdüştün adı ilə bağlı nə varsa, hamısı yığılsın və saraya gətirilsin. Şahənşah saraya gətirilən bütün “əlyazmaları” özü yoxlayır, lazım olmayanını kanondan çıxarır və əlavələr edirdi. Redaktələr, əlavələr isə sistemsiz həyata keçirilirdi.
  Beləliklə, “Avesta’’ əsas kitab kimi bizə gəlib çatmamış, tanrı tərəfindən göndərilmiş müdrikliklər və sirlərlə dolu kitab bəndələr tərəfindən adiləşdirilmişdir.
   “Quran” da yazıya köcürüldüyü zaman bəzi dəyişikliklərə məruz qalmışdır. Moskvada yaşayan həmyerlimiz, görkəmli alim Çingiz Hüseynovun fİkrincə, insanlar «Quran»ı  musəvi və isavilərlə qarşıdurma çağlarında toplayarkən göy üzünün (ərşin) hökmünü deyil, yer üzünün diqtəsini rəhbər tutmuş və yolverilməz bir iş görmüşlər. Məsələ burasındadır ki, Allahın kəlamına  toxunmayıblar, amma  surələrin sirasını pozublar.Bəzi ayələri bir-birinə birləşdiriblər, ayələrə toxunublar. Belə ki, son və həcm etibarilə böyük surələri əvvələ salıb ön sıraya çəkiblər, ilk və qısa, poetik üslublu ayə və surələr sonda qalıb. Bu dəyişiklik kitabın ideya, fikir, konsepsiya ardıcıllığına , kompozisiya bütövlüyünə xələl gətirib, hətta Tanrı məntiqinin xətti, axarı itib. Bunun nəticəsidir ki, «Quran»ın dərki çətinləşib. Tədqiqatçı alim öz versiyasını təqdim edir:”Mən o sıranı bərpa eləmişəm. Özü də bütün bunları mətnə toxunmadan etmişəm…Ancaq nazil olduğu kimi qalsaydı, tamam başqa kitab alınardı”.
  Ucsuz-bucaqsız imperiyadan daşınan vergilərlə ərəblər varlı həyat sürməyə başladılar. Ancaq məqlub edilən xalqlar üçün islam dininin faydası çox az oldu. Öz inanclarından uzaqlaşdırılan xalqlar  “Quran” oxumağa məcbur edilərək, Allahla anlamadıqları özgə bir dildə ünsiyyət qurdular. Ərəb dilini bilmədikləri üçün onlar bu sivilizasiyadan bəhrələnə bilməyib dini fanatizm ilə üz-üzə qaldılar.
  Sonralar farslar tərəfindən dəyişdirilmiş vəhdəti-vücud islamının Azərbaycandan izi-tozu da silindi, yerində ortodoksal şəriət-molla islamı qaldı.Xalqın öz dini haqqında heç bir fikri olmadı, onun din dediyi şey, dərk edilməyən etiqadlar sistemi və sirli əməllərə kor-koranə bağlılıqla başa çatdı.
   Onu da deyək ki, İslam intibahı dövründə kitab çapının yayılması sayəsində müsəlman ölkələrindəki ümumi şəxsi kitabxanaların bəziləri hətta Avropanın bütün kitabxanalarindan daha zəngin idi. Məşhur tarixçi Vaqidi vəfat etdiyi zaman evindən 600 sandıq kitab çıxdı; sandıqların hər biri iki nəfərin qaldıra biləcəyi ağırlıqqda idi. 10-cu əsrdə yaşamış əmir Sahib ibn Əbbadın kitabxanasında Avropa kitabxanalarının  hamısında olanların  sayına bərabər kitab vardı. Xəlifə 2-ci Həkəmin Kordovadakı kitabxanasında 600 000 kitab toplanmışdı.
  Çox təəssüf ki, müsəlman aləmi həmin kitab bumundan da lazımınca bəhrələnə bilmədi.
  Orta əsrlər Azərbaycan şahı, Səfəvilər imperiyasının banisi Şah İsmayıl Xətainin şəxsi kitabxanasında 30 000 kitab vardı. Azərbaycanlı şah üçün qeyri-adi olan kitab toplamaq həvəsi və elm öyrənməyə bu qədər meyl yəqin ki, onu imperiyalar yaratmaq qədər qüdrətli etməkdə az rol oynamayıb, hə, siz necə fikirləşirsiz?
   37-ci il repressiyaları zamanı Tağı Şahbazinin evindən üç maşın kitab aparıldı. Kim bilir, bəlkə onların içərisində “Kitabi-Dədə Qorqud” və “Oğuznamə” səviyyəsində neçə-neçə kitablarımız vardi? Kim qarantiya verə bilər ki, Salman Mümtazın ucqarları belə gəzərək topladığı qiymətli kolleksiyanın içində Azərbaycanın öz müqəddəs kitabı (Asif Atanin dediyi kimi, “öz peyğəmbərinə mənsub kitabı”) olmamışdır? Bu əvəzsiz xəzinə NKVD tərəfindən müsadirə olunaraq məhv edildi.
  Belə bir məsəl var, deyir, əlyazmalar yanmır. Məsəllərsə həmişə yanlış olur. Məntiq tam başqa bir şey deyir. Əlyazmalar yanmır, əgər yandırmasalar…
  Əlyazmalar yanır, cənablar, özü də çırtaçırtla…
  Hötedən də bir vacib deyim qalıb: ”Elə bir kitab yoxdur ki, insan ondan yaxşı bir şey öyrənə bilməsin”…
  Kitabları qoruyun!                                                                                  






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (3 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar, Yanvar 6th, 2008 tarixində 15:13 radələrində Publisistika bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

6 şərh var


  1. Orxan adlı istifadəçi, Yanvar 9, 2008 tarixində, saat 02:07 yazıb:

    yazi maraqli movzuya hesr olunub. Hem de xeyli maraqli informasiya var yazinin icinde. Muellife tesekkur.


  2. e110365 adlı istifadəçi, Yanvar 15, 2008 tarixində, saat 12:00 yazıb:

    Mən yazını yerləşdirildiyi ilk gün oxumuşdum. Maraqlıdır. Oxuma sayının az olduğunu görüb şərh yazmaq qərarına gəldim. Müşahidələrim, müəllifin bilinən bir imza olmadığı hallarda, uğurlu şəklinin “standart oxucu”nun diqqətini çəkdiyi yönündədir. Məncə, şəkil uğursuz seçilib. Müəllifə isə uğurlar!


  3. zaur adlı istifadəçi, İyun 10, 2008 tarixində, saat 13:14 yazıb:

    kitablarin tebliqine hesr olunduqu ucun qiymetlendirirem. ela!


  4. sel adlı istifadəçi, İyun 11, 2008 tarixində, saat 15:35 yazıb:

    bratva, mende bu yazinin taam variaanti var, gonderirem, bunu cixarin, onu qoyun daa. alinar? ve baasqa yaazilar. sizde almadaki kimi yazar arxivi olmur? e-mailinizi mene gonderin de. devito75@mail.ru sel


  5. mir baqir adlı istifadəçi, Oktyabr 8, 2008 tarixində, saat 10:13 yazıb:

    oxudum, bezi maraqli faktlar vardi, kocurdum, gelecekde lazim olar


  6. komsomol adlı istifadəçi, Noyabr 8, 2008 tarixində, saat 15:41 yazıb:

    deyerli tedqiqat eseridir.hiss olunurmu ki, muellif bunu alninin teri ile yazib?

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: