Azərbaycanın böyük şairlərindən olan Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 100 illiyi ilə əlaqədar Təbrizdə beynəlxalq konfrans keçirilib. Bu barədə APA-nın Türkiyə bürosuna açıqlamasında həmin tədbirdə iştirak etmiş, filologiya elmləri doktoru, “Şəhriyar: Türkcə bütün şerləri” kitabının müəllifi Yusif Gədikli məlumat verib. Onun sözlərinə görə, M. Şəhriyarın ölümünün 20-ci ildönümündə Türkiyədə silsilə xatirə tədbirləri keçiriləcək. Y. Gədikli onu da bildirib ki, M. Şəhriyara həsr olunmuş beynəlxalq konfransa Türkiyədən iki nəfər qatılıb. Azərbaycandan isə konfransa qatılan olmayıb. İranın vitse-prezidenti, yüksək vəzifəli şəxslər,alimlər konfransda çıxış ediblər. Konfransda şairin “Heydərbabaya salam” əsəri, həmçinin digər Azərbaycan dilində yazdığı şerləri oxunub: “Xüsusilə qadınların Şəhriyar irsinə böyük maraq göstərmələri diqqətimi çəkdi. Konfrans zalının yarısı qadınlar idi. Bir də diqqətimi o çəkdi ki, zala toplaşanlar sona qədər çox sakit və səbrlə dinlədilər, kimsə toplantını yarımçıq tərk etmədi. Bu da Şəhriyara böyük sevginin göstəricisidir. Şəhriyarın məzarını, evini və Təbriz muzeyini ziyarət etdik”.Y. Gədikli İran TV-nin M. Şəhriyara həsr olunmuş 23 seriyalı film çəkdiyini də bildirib. Y. Gədikli onu da vurğulayıb ki, o filmin Türkiyədə də nümayiş etdirilməsi üçün artıq TRT-yə ərizə ilə müraciət edib: “İstanbul Bələdiyyəsinə də Şəhriyarın ölümünün 20-ci ildönümü münasibəti ilə tədbirlər keçirməsi üçün müraciət edəcəyəm. Mütləq beynəlxalq konfrans keçirib, dünyanın hər yerindən alimlər dəvət etməliyik.Türkiyyat Araşdırmaları İnstitutu ilə də bir simpozium keçirməyi planlaşdırırıq. Konfrans və simpoziumlarda Şəhriyarın kitablarının nümayiş etdiriləcəyi sərgilər də açacağıq”.
« Səxavət Məmmədov adına “Qarabağ” ansamblının konserti olacaq | Əsas səhifə | Gənc Tamaşaçılar Teatrı Kinostudiyaya köçürülüb »




Bölmə: 








