4. YIXILAN PAŞA BİNALARININ HÜZNÜ: KÜÇƏLƏRİN KƏŞFİ
Pamukların mülkü Nişantaşında bir zamanlar böyük bir paşa evinin bağçası olan geniş ərazinin kənarında inşa edilmişdi. Nişantaşı məhəlləsi adını on səkkizinci əsrin sonu, on doqquzuncu əsrin əvvəlində islahatçı və qərbliləşmə tərəfdarı olan padşahların (III Səlim, II Mahmud) idman üçün yaxud kef üçün boş təpələrə nişanladıqları oxların düşdüyü, bəzən də tüfənglə vurduqları boş səhənglərin qırıldığı yeri işarələmək üçün tikilən (üzərində də hadisəni izah edən bir-iki misra yazılan) daşlardan almışdı. Osmanlı padşahları qərbli komfort, dəyişiklik fikri və vərəm qorxusuyla Topqapı sarayını tərk edib Dolmabağça və Yıldızda tikdirdikləri yeni saraylara köçüncə, buraya yaxın olan Nişantaşı təpəsində vəzirlər, baş vəzirlər, şahzadələr böyük taxta binalar inşa etdirdilər. İbtidai sinfə şahzadə Yusif paşa binasında (İşıq litseyi) başlamış, sədrəzəm Xəlil Rifat paşa binasında (Şişli Terakki) davam etmişdim. Bu iki imarət mən orada oxuyarkən, bağçada futbol oynadığımız zaman yanıb dağıldı. Qarşımızdakı bina Mabeyinci Faiq bəy imarətinin xarabalığı üzərində tikilmişdi. Ətrafdakı yeganə möhkəm imarət on doqquzuncu əsrin sonunda tikilən, bir zamanlar baş vəzirlərin yaşadığı və Osmanlı dövləti yıxılıb, paytaxt Ankaraya köçüncə isə qubernatorlara qismət olan daş tikili idi. Çiçək peyvəndi vurulması üçün başqa bir Osmanlı paşasının artıq icra hakimiyyəti binası kimi istifadə olunan binasına gedərdim.
Bir zamanlar Osmanlı dövlətinin qərbli qonaqlarının qarşılandığı xarici işlər binası, Abdülhamitin qızlarının binaları, ya da yanmış, dağılmış imarət qalıqları - kərpic divarlar, şüşə qırıqları, bir-iki çevrilmiş nərdivan pilləsi və qıjı ilə əncir ağaclarından yaranan və məndə hələ də dərin hüzn və uşaqlıq fikirlərini oyandıran bir məqam - yaşayış binaları tərəfindən hələ bütünlüklə yox edilməmişdi. Teşvikiyə prospekti üzərindəki bizim binanın arxa pəncərələrinin baxdığı bağçadakı sərv və cökə ağaclarının arasında dağıntıları duran bina 1877-78-ci il türk-rus müharibəsi zamanı qısa müddət baş vəzir olan tunuslu Hayrettin paşa tərəfindən tikdirilmişdi. Qafqaz əsilli çərkəz olan paşa Flaubertin “İstanbula köçüb özümə bir kölə satın almaq istəyərdim” deyə yazmasından on il əvvəl, 1830-cu illərdə uşaqkən kölə kimi İstanbula, oradan da Tunus qubernatoruna satılmış, gəncliyini Fransada keçirib ərəb dili və mədəniyyətinin təsirilə böyümüş, Tunusda orduya daxil olub sürətlə yüksəlmiş, komandirlik, qubernatorluq, diplomatlıq, maliyyə mütəxəssisliyi kimi ən yüksək səviyyəli vəzifələrdə olub ömrünün sonunda Parisə köçmüşdü.
Paşanı altmış yaşına çatdıqda Abdülhamit (yenə də tunuslu olan Şeyx Zafirinin tövsiyəsi ilə) İstanbula çağırmış, qısa müddət maliyyə işlərinin başında saxladıqdan sonra baş vəzir vəzifəsini ona həvalə etmişdi. Borc içindəki ölkəni xilas etməsi üçün artıq bir parçası olduğu Şərq ölkəsindən islahat xəyallarıyla çağırılan xilaskar maliyyəçi-idarəedicilərin Türkiyədəki (və yoxsul ölkələrdəki) ilk böyük nümunələrindən olan paşaya - eynilə daha sonrakı bənzərləri kimi yetərincə osmanlı, yerli, türk olmadığı, artıq qərbli bir zəkaya sahib olduğu üçün böyük ümidlər bağlandı və eyni səbəblərlə də - yəni yetərincə türk və yerli olmadığı üçün də yerlə-yeksan edildi. Şayiələrə görə, tunuslu Hayrettin paşa saraydakı görüşləri qayıdanda mindiyi at arabasında ərəb dilində kağıza qeyd edir, sonra fransız katibə fransızca yazdırırdı. Müxaliflərinin yaydıqları yetərincə türkcə bilmədiyi şayiələri və gizli məqsədinin ərəb dövləti qurmaq olduğunu bildirən jurnala görə (Abdülhamit həqiqətə uyğunluq ehtimalının az olduğunu hiss etdiyi xəbərləri də ciddi qəbul edirdi) baş vəzirlikdən uzaqlaşdırıldı. Gözdən düşmüş Osmanlı sədrəzəminin çox sevdiyi Fransaya dönməsi yasaq olduğundan ömrünün geri qalanını qışda sonralar bizim bağçamızda bina tikəcəyimiz imarətdə, yayda Boğaz kənarında, Kuruçeşmədəki sahil evində qəmli yarıhəbs həyatı keçərək, Abdülhamitə hesabat yazıb, Fransa xatirələrini qələmə aldı. Türk dilində səksən il sonra çap edilən və paşada satira duyğusundan çox vəzifə duyğusu olduğunu sübut edən bu xatirələri oğullarına ithaf etmişdi. İyirmi il sonra bu oğullardan biri Mahmud Şefket paşaya olunan sui-qəsddə əli olduğu səbəbilə edam edildikdə imarət artıq çoxdan Abdülhamit tərəfindən satın alınıb qızı Şadiyə Sultana hədiyyə edilmişdi.
Hər biri dəli şahzadə, tiryəkbaz saraylı, evə həbs olunan övlad, xəyanətə uğramış padşah qızı, sürgün edilmiş, ya da vurulmuş paşanın hekayəsilə və Osmanlı dövlətinin çürüyüb dağılması ilə fikrimizdə bərabərləşən, eyniləşən bu uçuq-sökük imarətlər bizim binada səssizliklə üstündən keçilirdi. Biz Nişantaşına 1930-cu illərdə bütün bu Osmanlı paşaları, şahzadələri, yüksəkrütbəli məmurları Respublika ilə birlikdə təmizləndikdən sonra və saray balaları olan imarətlər baxımsızlıqdan boşalmağa, yanıb-dağılmağa başladığı zamanlarda gəlmişdik.
Digər tərəfdən bu ölən mədəniyyətin, batan imperiyanın hüznü hər yerdə idi. Qərbliləşmə cəhdi mənə müasirləşmə istəyindən çox yıxılan imperiyadan qalan kədərverici, acıqlı xatirələrlə dolu əşyalardan qurtulma təlaşı kimi görünürdü: eynilə qəfildən ölən gözəl sevgilinin məhvedici xatirəsindən qurtulmaq üçün paltarlarının, bəzək əşyalarının, əşya və fotoşəkillərin təlaşla atılması kimi. Yerində güclü, qüvvətli, yeni bir şey, qərbli, ya da yerli müasir dünya qurulmadığı üçün bütün bu cəhd daha çox keçmişi unutmağa yaradı. İmarətlərin yandırılıb dağılmasına, mədəniyyətin adiləşdirilib cılızlaşdırılmasına, evlərin içinin yaşanmamış bir mədəniyyətin muzeyləri kimi tərtib olunmasına yol açdı. İllər onra ağır-ağır mənim içimə işləyəcək bütün bu qəribəliyi və hüznü, uşaqlığımda sıxıntı və mənəvi əzab kimi yaşadım. Şəhərin içinə gömülən və heç cürə oradan çıxmayan hüzn duyğusu eynilə nənəmin fərqinə belə varmadan tərliyinin ucuyla ritmini tutduğu “alaturka” musiqisini dinləyərkən çox zaman hiss etdiyim kimi ölümcül bir sıxıntıya qapılmaq istəmirəmsə, xəyal qurmağın vacibliyini mənə xatırladırdı. Təkcə xəyala dalanda ətrafdakı dəhşətli susqunluğu unudub, özümə məxsus olan ikinci dünyada xoşbəxt ola bilirdim.
Hüzn və sıxıntıya qapılmadan yaşamağın ikinci yolu da anamla küçəyə çıxmaq idi. Uşaqları parklara, bağçalara, hava almaları üçü harayasa aparmaq vərdişi həmin dövrdə olmadığı üçün, küçəyə çıxarıldığım bu günlər mənim üçün xüsusi əhəmiyyət daşıyırdı.
“Sabah mən küçəyə çıxacağam” - xalamın məndən üç yaş kiçik oğluna qürurla deyərdim. Dəyirmi pilləkənlərdən fırlana-fırlana düşülürdü. Böyük hissəsi yer altında olan qapıçı mənzilinin qapıya baxan (evə girən-çıxanın yoxlanması üçün) pəncərəsinin önündə üst-başım, düymələrim son dəfə gözdən keçirilir və küçəyə çıxınca da “küçə!” deyə heyranlıqla zümzümə edirdim.
Günəş, təmiz hava, işıq. Ev bəzən o qədər qaranlıq olurdu ki, küçəyə çıxınca yay günündə pərdələr açıldıqda olduğu kimi işıqdan gözlərim qamaşırdı. İlk anda səkilərdə gəzmək çox xoşuma gəlirdi. Anam əlimdən tutarkən dükanların vitrinlərinə diqqətlə baxardım. Çiçək mağazasının tərləmiş şüşələrinin arxasındakı siklamenləri uzun burunlu rəngli qurdlara bənzədir, ayaqqabı dükanının vitrinində qardaşımın “Sinif bilgisi” adlı dərs kitabının eynisinin sərgiləndiyini görüncə, küçələrin verdiyi ilk informasiyanın başqalarının da bizim binadakına bənzər həyatların mövcudluğuna dair ipucu olduğunu sezərdim. Qardaşımın getdiyi və mənim də bir il sonra başlayacağım ibtidai məktəb hər kəsin cənazəsinin aparıldığı Teşvikiyə Camesinə bitişik idi. Böyük qardaşım evdə “müəllimim, müəllimim” deyə həvəslə danışdığı üçün eynilə hər bir adamın dayəsi olduğu kimi hər şagirdin də bir şəxsi müəlliminin olduğunu güman edirdim. Ertəsi il ibtidai məktəbə getdikdə ağzına kimi dolu sinifdə otuz iki nəfərə bir müəllim düşdüyünü görmək evin rahatlığından və anamdan uzaq qalmağın hüznunə çoxluq içində bir zərrəcik olmağın kədərini də əlavə etmişdi. Aradabir baş çəkdiyimiz və lap çiçək dükanı kimi buxar qoxuyan başqa yer atamın köynəklərinin nişastalanıb ütüləndiyi yer idi. Anam İş bankına girincə səbəbini əvvəllər heç demədim, amma altı pilləli pilləkəni çıxıb kassaya onun yanına gedə bilməzdim. Çünki taxta pillələr arasındakı boşluqlardan sürüşüb yıxılacağım fikrimə gələrdi. “Niyə bura gəlmirsən?” deyə anam kassanın yanında növbədə gözləyərkən yuxarıdan səslənirdi. Cavab verməz, dərdimi deyə bilməmək və qəribə hesab olunacağımdan narahat olaraq bir müddət özümü bir başqası zənn edir, anama aradabir baxaraq xəyallar arasında dolaşardım: bura saray, ya da quyunun dibidir…Osmanbəy, Harbiye tərəfinə guşədəki mobil benzin məntəqəsinin bütün bir binanın yan cəbhəsini əhatə edən uçan atı bu xəyallara qarışırdı. Atların, qurdların, qorxunc məxluqların ağızları, burunları fikrimdə qalır. Oradakı bir dəlikdən yıxılıb itəcəyimi güman edirdim. Bir yandan neylon corab yamayan, bir yandan düymə, kəmər satan yaşlı bir yunan qadını vardı, siyirmədən cəvahirat kimi tək-tək çıxardığı “kənd yumurtaları”nı çox özəl şeylər kimi satardı. Onun dükanındakı kiçik akvariumda ağır-ağır salınan qırmızı balıqlar şüşəyə söykədiyim barmağımı yemək üçün kiçik, amma qorxunc ağızlarını qətiyyətlə və xoşuma gələn səfehliklə oynadırdılar. Yol boyunca baş çəkdiyimiz başqa bir dükan Yaqub ilə Vasilin işlətdikləri kiçik tütün, jurnal və dəftərxana dükanı idi, amma bura o qədər kiçik idi ki, çox zaman sıxlıqdan içəri girə bilməzdik. Lap bir zamanlar Latın Amerikasında ərəblərə “türk” deyildiyi kimi İstanbulda bir ovuc zənciyə “ərəb” deyildiyi üçün “ərəbin dükanı” kimi tanıdılan quruqəhvəçinin dükanındakı qayışlı böyük qəhvəüyütmə maşını gurultuyla lap evdəki paltaryuyan maşın kimi silkələnərək işləməyə başlayınca bir az uzaqlaşır, “ərəb”in sevgiylə gülümsəyərək baxdığını hiss edərdim.
Sonrakı illərdə hər biri dəbə görə, keçici həyəcanlarla bir-bir bağlanan, yerinə başqalarının açılıb yenidən bağlandığı bu dükanların qırx illik tarixini böyük qardaşımla keçmişə həsrətlə baxmaqdan çox hafizə təmrini edən kimi saymağa başlayardıq: məsələn, birimiz axşam Qız litseyinin qarşısındakı dükan deyərdi: 1 - yunan madamın şirniyyat dükanı; 2 - çiçək mağazası; 3 - çanta dükanı; 4 - saatsazın dükanı; 5 - bir ara idman toto filialı oldu; 6 - rəsm qalereyası və kitab dükanı; 7 - aptek.
Əlli ildir eyni yerdə duran Alaaddinin kiçik tütün- oyuncaq-qəzet-dəftərxana dükanının mağaraya bənzər qaranlığına girmədən əvvəl planlaşdırdığım kimi anamdan mənə fit, bir neçə şar, ya da bir rəngləmə kitabı, yaxud yo-yo almasını istəyərdim. Hədiyyə anamın çantasına girər-girməz evə qayıtmaq istəyi içimdə alovlanmağa başlayırdı.
“Parka kimi gedək”-anam deyərdi.
Birdən-birə ayaqlarımda, sonra bədənimdə qəribə bir ağrı başlayar, istəksizlik bədənimdən ruhuma yayılardı. İllər sonra eyni yaşlardakı qızımı eyni küçələrdə gəzintiyə çıxardıqdan və onun da eyni şikayətləri etdiyini eşitdikdən və bir həkimlə də danışdıqdan sonra irsi yorğunluq və sıxıntının ayaqlardakı böyümə ağrısıyla adi yorğunluqarası bir şey olduğuna özümü inandırmağa başlamışdım. Yorğunluq və sıxıntı içimə əməllicə yerləşməyə başlayınca bütün küçələr, artıq baxmaq istəmədiyim vitrinlər yavaş-yavaş rəngini itirər, şəhəri ağ-qara yer kimi görməyə başlayırdım. Yorulduğum, artıq gəzmək istəmədiyim üçün dayanııb anama deyərdim:
“Ana, qucağına al”.
“Maçkaya qədər gedək, - deyərdi anam, - tramvaya minərik”.
1914-cü ildən bəri bizim küçədən keçən Maçkanı, Nişantaşını Taksim meydanına, Tünelə, Qalata körpüsünə, şəhərin mənə o zaman başqa bir ölkə kimi görünən yoxsul, köhnəlmiş və tarixi guşələrinə çatdıran tramvayı sevərdim. Erkəndən yatdığım gecələr qulağıma hüznlü musiqi kimi gələn iniltisini, taxta ilə örtülmüş içini, sürücü məkanı ilə sərnişin oturacaqları arasındakı sürgülü qapının mavi şüşəsini və son dayanacaqda biz anamla tərpənmə saatını gözləyərkən dəmir manivelalarla oynamağıma icazə verən sürücüsünü… Dönüş yolunda küçələr, binalar, hətta ağaclar belə mənə ağ-qara rəngdə görünərdi.
« Ukrayna da rus dilində filmlərin efirə verilməsini qadağan etdi | Əsas səhifə | Ötən il Azərbaycan Milli Kitabxanasının fonduna 18290 kitab daxil olub »




Bölmə: 









Humanoid adlı istifadəçi, Fevral 1, 2008 tarixində, saat 02:39 yazıb:
yaxwi eserdi. bes arxasi? bitdi??