Manısxanada qalmaqal

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 12 Ocak, 2008

Aydın XanAydın Xan (Əbilov), yazıçı-kulturoloq
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri

“Azad Azərbaycan” televiziyasında müzakirə: analarımızı ağladan mahnı mətnləri…

Vaxtilə indi bəyənmədiyimiz sabiq SSRİ məkanında bir deyim dillər əzbəriydi – təqribən ana türkcəmizdə mənasını belə çatdırmaq mümkündür: “Rusiyada şair yaradıcı şəxs olmaqla yanaşı, həm də böyük qüvvədir”…
Deyəsən, indilərdə Azərbaycanımızda intellektual kimi ad çıxarmaq yaradıcı düşüncə sahibi olmaqdan daha artıq nəsə deməkdir. Fikrimi qısaca izahlayım: istər elektron, istərsə də yazılı – mən hələ şəbəkə, yəni İnterneti basıram bir yana – KİV-də tər tökən əhli-qələm dostlarımın böyük əksəriyyəti mövzü qıtlığından əziyyət çəkəndə, yaxud yaratmağa bir təkan olmayanda, üz tutur mənə sarı. Mən də – gəzən söz-söhbətlərə görə, tele-reklam, nə bilim, PR olmaqdan ötrü sino gedirəm deyə -  hamının yanan beyninə düşüncə-intellekt səpməyi olduqca çox sevənəm: təvəzökarlığıma baxın e!!!Əslinə varanda isə, əziz dostlarım, Azərbaycanımız son zamanlar düşünən fərdlər qıtlığına düçar olub, əsl beyin böhranına düşüb deyə, mənim kimi (özünütərifin dərəcəsi çox olsa, qusur saymayın) bir qədər liberal, azca intellektual, azacıq da yaradıcı şəxs olan, ən əsası isə düşündüklərini müxtəlif yeni texnologiyaların formatında, özü də televiziyanın diqtəsinə uyğun – mini polemik mövqelər toqquşduraraq efirdən insanlara təsir etmək bacarığına malik insanların azlığından əziyyət çəkdiyini müşahidə edirik.
Bəs nə, kifayət qədər ağrılı olsa da, boynumuza almalıyıq ki,  Azərbaycanımızda intellekt qıtlığı duyulur, beyin böhranı get-gedə dərinləşir, lokal-qlobal kulturoloji sapıntılar güclənir. Qloballaşma və inteqrasiya çağında isə onların neçə böyük fəsadlar yaradacağıyla bağlı dərin fikirlərimlə özümü sizlərə çox ağıllı göstərmək fikrindən isə bilə-bilə imtina edirəm…
Bu problemin basqısını dostum Elçin Əlibəylinin “Azad Azərbaycan” telekanalındakı “El içində” verilişinin çağdaş milli mahnı mətnlərimizin səviyyəsinə həsr olunmuş növbəti buraxılışının pavilyon-studiya çəkilişi zamanı daha qabarıq dərk etdim.
Elçin bəy, heç də yazar dostum Günel Mövlüdün “Gün-səhər” qəzetindəki köşə sayıqlamasında vurğuladığı kimi, itmiş televiziyaşünasımız deyil, əksinə, düşünürəm, XXI əsrdə milli telefəlsəfəçilərimizdən biri kimi inkişaf etməkdədir: tam məsüliyyətlə vurğulayıram ki, Elçin Əlibəyli fərqli-fərqli yeni dünya tele-düşüncə və vizual-kulturoloji texnologiyaların Azərbaycanda milliləşdirməyi bacaracaq intellektuallarımızın önündə gedəcək – şözsüz, əgər ondan başqa da bir kimsə bu qlobal sahəylə ciddi məşğul olacaqsa, şəxsən mən bu baxımdan həddən-ziyada bədgümanam…
Bunu dostumun www.elcinelibeyli.azeriblog.com e-ünvanlı fərdi saytındakı maraqlı və biligili televiziyaşünaslıq materialları da sübut edir.
Keçim əsas mətləbə, nə başınızı ağrıdım, “nəğməkar” şair, həm də professor, filologiya elmləri doktoru Vüqar Əhməd, naşir, eyni zamanda riyaziyyatçı alim Rafiq Babayev, tanınmış şair, sovet dövrünün senzoru, həmçinin yaxın ağsaqqal dostum İlyas Tapdıq (bir fikir versəniz kimlər və hansı titullar!!!),  adını yaddaşımda daşlaşdırammadığım musiqişünas, mənim özüm, eləcə də adını bilmədiyim, fəqət bəsit mahnı mətnləriylə qaz vurub qazan asdıran bəstəkar-həvəskar, bəstəçi şairə-mairələr, ortabab sənətçilər, dəbdə olmuş manıslar, manısçalar, bir də jurnalist əhlinin üzdə olanları – geniş – düşük yox a!!! – kütlə tərəfindən böyük şövqlə yazıları oxunan, başqa sözlə, bərk gedən, mediamızın qaymaqları sayılan şou-biznes yazarları, hə, tamam unutmuşdum, azlıqda qalan ciddi qələm adamları: qeyd etməsəm də siz yəqin tutdunuz, televiziyaçılar, canım desin, işi-gücü olmayan tamaşaçılar və başqalarının (kimləri xatırlamadımsa, özünü bu “vəbaşqaları”nın içində rahatca sala bilər) iştirak etdiyi çəkiliş meydanı ATV-nin çardaq-studiyasında idi.
Həmişəki kimi çalışdım ki, söhbətin səmtini intellektual məcraya, polemik istiqamətə yönəldim, kimə deyirsən, millətin manıslarını, bir sözlə, çörəyi şou-biznesdən, milli şənliklərdən, toy və xalq çal-çağırlarlarından çıxan əhlı-məclisin sənətə pərçimlənmiş bölümü iki ayağını bir başmağa dirədi, kifayət qədər efir səbriylə öyünən yazardaşınızı, sadə ifadəylə yazsam, şəxsimi – mən Aydın Xanı hövsələdən çıxartdı və istədiyinə nail oldu…
İnsafsızlıq olardı, bir də ki, düşərəm onun qara siyahısına, bir də məni çağırmaz verilişlərinə (əslində isə, mən düşünürəm, toplumun geniş qatlarıyla ciddi saydığın düşüncələrini bölüşmək imkanını verən istənilən kütləvi informasiya ötürücüsündən yetərindən də artıq bəhrələnmək lazımdır – nəzərə alsaq ki, ölkəmizin vətəndaşlarının böyük əksəriyyəti, deyərdim, bəlkə də anaların bətnində gizlənməyə məhküm azərilərdən savayı bütün soydaşlarımız manıspərəstdirlər, bu fürsəti əldən buraxanları zaman bağışlamaz!!!), bu yerdə vurğulamasaydım ki, Elçin Əlibəyli də məclisi-çəkilişin tənqid ruhunda və səviyyəli alınmasından ötrü çox çalışırdı. Fəqət, biz ikimiz beyin hesabımızı saydıq, amma axırıncı oxuduqları kitab – ədəbiyyat – şeir yəqin “Min bir gecə”nin hansısa cildindəki erotik qəzəllər olan manıslar (sözsüz, əgər mütaliəni yadırğamayıblarsa və Azərbaycanımızın 10 il bundan əvvəl ellikcə latın qrafikalı əlifbaya adladığından xəbərləri varsa:  şəxsən mənim buna inamım çox cüzi olsa da, indi yadıma düşdü ki, milli tədavül vasitəmizə rəğmən ABŞ dollarının məzənəsi get-gedə kapital dərəsinə sürüşdüyündən, toybaz manıs-manısçalarımız estetik-fonoqramatik zəhmətləri əvəzinə tələb etdikləri, üstündə latın hərfləriylə daşıdıqları nominatın-rəqəmlərin adı həkk olunmuş manatdan yararlanmaq imkanları genişdir), əlbəttə orada içtirakçı kimi oturan bütün sənətçilərə bu satirik intonasiyanı şamil etmək fikrindən çox-çox qırağam – baş tutdular, daş atdılar…
Bircə faktı deməklə yazını yekunlaşdırmaq əzmindəyəm: manısçalarımızdan dilli-dilavərlisi bir ağıza qayıtdı ki, bəs mənciyəz – yəni 34 övlad sahibi olan (yəqin milli manyaklarımızdandır) aşıq atasının sənətçi qızı olan o – “Ceyranım” mahnısını milli hitə çevirmişəm.
Anam Rəşqəndə xanımın kəlməsi olmasın, bir yekəpər cin vurdu təpəmə, özü də böyük zərbəylə…
Hirsləndim, açıldım, nə açıldım, dedim: xanım, XXI əsrdə insanı heyvana bənzətməklə siz nə demək istəyirsiz və necə düşünürsüz, Azərbaycan gənci üçün bu qəbil musiqili mənasız söz quraşdırmaları nə qədər maraqlıdır?
Qayıtdı ki, bəs ay müğənni, – baxın, bizlərə kimlər dərs keçir, bu xanımciyəz çəkiliş gedəsi 45 dəqiqə ərzində səslənən söz-söhbətlərin fərqində deyilmiş ki, mənə gah pullu sənətçi, gah oğlan, gah da şair dedi, Elçin Əlibəylinin dəfələrlə “Verilişimizin eksperti Aydın Xan müəllim yazar-kulturoloqdur!!!” xatırlatması da bir kara gəlmədi… – sizin zövqünüz korlanıb, ceyranın gözəlliyindən hallana bilmirsiz…
Mən də cavabında studiyadakı yazar dostlarımın alqış və gülüşləriylə müşahidə edilən bu fikrimi çatdırmağa səy göstərdim:
- Xanım, mən zoofil-manyak deyiləm, əksinə, normal bir Azərbaycan kişisi olaraq gözəl xanımlardan zövq almağa öyrəşmişəm…
Və əcəb də etdim: kimsə insanlarımızın düşüncələrini, musiqi-estetik-etik və milli zövqlərini zorlayan bu manıs və manısçalara kobud cavab qaytarıb onları yerində otuzdurmalıdır, ya yox…
Sonra qalmaqal, ucuz, həm də qara PR texnologiyasının bərbad hala salınmış milli variasiyasından bəhrələnmək üçün çabalayan manısçanın qışqırığ-bağırtıları, mənim əsəblərimin əriməsi və…
Qalanını danışmayacağam: montajdan sonra nə qalacaqsa, özünüz baxarsınız, A TV-nin bazar ertəsi saat 23.00 efirini gözdən-qulaqdan buraxmayın, maraqlı olacaq!

P.S.  Əvvəldən-axıra kimi mən bizim paramıza sənətçi olmuş manıs və manısçalardan öyrənə bilmədim: güldən-bülbüldən, sevgidən, ayrılıqdan… yüz mahnı oxuyan onlar repertuarlarına nə üçün bircə dənə sosial şərqi salmırlar – sevimli-dinləməli Rəşid Behbudov,  Əhməd Kaya, Vladimr Vsotski, lap elə Madonna, Freddi Merkuri (bizimkiləri onlarla müqayisə etmirəm ha!) kimi dünyaşöhrətli sənətkarlar tək?!.
Axı xalqımız mahnıyla-nəğməylə, ədəbiyyatla-poeziyayla dünyanı daha rahat dərk edir: doğulanda bayatıyla, evlənəndə bəytərifiylə, öləndə isə ağıyla-mərsiyəylə oxşanır azəri insanı…  

1 səs2 səs3 səs4 səs5 səs (5 səs, hardasa: 4,20 ilə 5 arası)
Loading ... Loading ...

16 Şərh var
Şərh yazın »

  1. Maraqlı yazı oldu şəxsən mənimçin…həm də bir qaranlıq mətləbə də işıq düşdü…əla…!-))
    Sabah baxacam o verilişə, Elçin bəyin hər şousuna baxdığım kimi…amma, Aydın bəy, sizə elə gəlmirmi ki, artıq ədəbiyyatımızda iki yox, üç də yox, dörd də yox…daha çox cəbhələr yaranır və bunların hər birisi yerdə qalanların hər birisinə qatı düşmən mövqeyində dayanmağında israrlıdır…?!
    Manıs və manısçalardan gedən yazının önündə ədəbiyyatımızdan söz etmək mənə ağır olsa da, etiraf edək ki, bu gün elə ədəbiyyatımızda da şou-biznesimizlə sanki paralel olaraq demək olar ki, eyni bir xətt gedir…Klassika, yeni ruh, və siyahını uzada bilsəm də bunu etməyib sonuncunu deyim…manıslıq…Ədəbi manıslarımız daha dəhşətlidir, razılaşaq lütfən…-))
    Şəxsən siz, Aydın bəy, ədəbiyyat naminə telekanalların hansı birində super bir veriliş görmüsünüz? Əgər belə bir şey olubsa, və xəbərimiz yoxdursa, nolar, deyin, bilək…yoxsa manıs və manısçalara kulturoloji bilik verməklə işinizi bitmiş hesab edirsiniz?

  2. Bizim YYSQ bu yaxınlarda Azərbaycan telekanallarının birində – düşər-düşməzi və arxada saplanan pislikdən çəkinərək hələlik bütün kartları açmırıq – ciddi ədəbiyyatın inkişafına güclü təkan verəcək bir kulturoloji-şou (nə etməli, kütləni xalq səviyyəsinə, daha sonra millət zirvəsinə itələkməkdən ötrü buna getməyə məcburuq – azəri insanı çal-çağıra adətkardır deyə, bundan texnologiya kimi yararlanmağa qərar verdik) hazırlayır.
    Necə deyərlər, bir az da dözün…

    Qaldı ki, ədəbi manıslara, o barədə növbəti tənqidi hirsimdən izləyə bilərsiniz…

  3. eladir,amma yazmaqla ish yola getmir vallah.mence o verilishe baxmaga deymez,chunki Aydin Xanin dediyi kimi o verilishde de manislar bashda olub.bu gun tv-lerin hamisinda manis yarishmasi gedir,Allah ozu bizi qorusun

  4. Aydın bu saat verilişə baxdım… Ümumiyyətlə oradakı 1-2 nəfəri çıxmaq şərtilə oradakıların heç birisi səninlə polemikaya girmək səviyyəsində deyildilər (yəni burada bəzən sənin yazılarına nə qədər irad bildirsəm də, səni sancsam da)… Sən Xumar Qədimovaya o sualı verəndə…can-can sənə lap yazığım gəldi… Qardaş sənin yerin elə virtual məkandı… Elə adamlarnan bir də mübahisə eləməyə, ümumiyyətlə onların yanında danışmağa çalışma… Sözünü elə burda de… Sən gərək Vüqar Əhməddən soruşaydın ki, ay qağa sən özün öz yazdığından bir şey anlayırsan ya yox… Bir də ki, ceyran məsələsi… oyunun olsun Aydın!!!

  5. Heyif ki, bəzi hissələri kəsiblər… Amma adamın insafı olar da, İsmayıl Dadaşovu Vüqar Əhmədlə bir etmək də olmaz… Aydın, dostum, müasir ədəbiyyatı ədəbiyyatı təmsil etdiyini düşünən İlyas Tapdıq (və o birilər) özü oxumursa, Xumar Qədimovadan (hələ o şükürlüsüdü) ya İbrahim Borçalıdan nə gözləyəsən… Biabırçılıqdı… Üstəlik, heç birisinin də elementar dinləmə bacarığı da yox. O Gültəkin xanımı hardan tapıb gətirmişdilər anlamadım…

  6. Baxdım…Aydın bəy, Almanın eks-forumundakı mübahisələrimizi belə unutdum…Ay Allah, bu ölkədə nə qədər baraban varmış!!!
    İçləri bomboş, di gəl səsləri elə guruldar, elə guruldar ki, dəhşətə gələrsən…
    Özü də həmin bu verilişdə hələ xırda-xırda dumbullar idi ha, nəhəng təbillər yox idi…
    Mən yenə də fikrimdə israrlıyam ki, bu məmləkətin ən ciddi adamını da ortalığa gətirib ondan şou təlxəyi düzəltmək (və ya siz orda nə deyərsinizsə…)olar, və əksinə, ən təlxəyini də ən ciddi birisi hər kəsə qəbul etdirmək mümkündür…
    Veriliş istəyirəm…!
    Ədəbiyyatımızı yerindən tərpədəcək bir proyekt, gənc yazarları təbliğ edəcək bir layihə, nə bilim, fontan, vulkan, sunami…!
    Bunu kimsə edəcəkmi…?
    Daha niyə paytaxtda yaşayırsınız ki, elə Torqovıda-filanda gəzib-dolaşmaq üçün…?
    Çox sağ olun, Aydın bəy…

  7. Ne danishirsiz siz…? Aydin Xan hansi inqilab eledi ki, o verilishde…?

    …susub oturdu bir terefe, Xumar xanimin dersine qulaq asdi…Yox bir, “cavan oglan” -))

    Aydin, senin yuxaridaki yazin o verilishdeki ugursuzlugunu ort-basdir etmek uchun qabaqdangelmishlikden bashqa bir shey deyil…

    Bunlar hech, de gorum o el-qolunu olche-olche danishan gozel jurnalist xanimin koordinatlarini hardan tapa bilerem…?

  8. Aydın bəy verilişi izlədim və yazını da oxudum. Bir proqrama ki Vüqar Əhmədi şair kimi çağırıblar heç o verilişə getmək lazım deyil.Adam Vüqar Əhməd adının yanında şair sözünü görəndə …………… bu nöqtələri ona görə qoydum ki , söz tapa bilmədim yazmağa.
    Ceyranım məsələsinə gəldikdə isə yəqin bu animal sex-lə məşğul olanlar özlərini kamufle etmək üçün heyvana aid xüsusiyyətləri sevgililərinə aid etməklə vəziyyətdən çıxırlar.Doğrudur əvvəllər ədəbiyyatda olub bu obraz lakin siz demiş indiki əsrdə gülməlidir. Discovery,Discovery civilisation,National geografic və s kanallarda elə informasiyalar eşidirik,görürük ki, bu bayağılıqlardan utanır adam.
    Mübarizənizdə uğurlar.

  9. Aydın bəyin susduğunu mən də gördüm…

    Amma ümid edirəm, bu, montajın məhsulu idi…

    Elçin harda səs-küy salan var, yığır ora, sonra da səslərini kəsə bilmir. Özü də aparıcıya yaraşmayan kobudluq eləməyə məcbur olur, veriliş də dönür dəyirmana.

    Bütün bu problemlər düzələcək, ona görə də heç dərdlənmirəm. Amma orda eşitdiyim bir cümləni heç unuda bilmirəm – Gültəkin xanım dedi ki, qadının saçı qara olar!

    Vüqar Əhməd şair olanda…deyək ki, mən Ayda ayaqyalın gəzəcəm….

  10. A kishi,

    Men basha dushe bilmirem, bugun kime lazimdir, hansisa Gultekin ne fikirleshir, hansisa Aydin Xan ne yazir, ya Vuqar Ehmed hansi sheirlerin muellifidir…? Dogrudan, biri semimi cavab versin mene, BUNLAR KIMIN NEYINE LAZIMDIR..???

    Axi bunlar, ele Aydin`in, Gultekin`in, Ilyas`in, Elcin`in ve diger bunlarabenzerlerin belke ozleri de bilmeden milletin az-chox dushunme qabiliyyeti olan hissesinin vaxtini almaqdir… men shexsen sutkamin en semereli vaxtini bu lenete gelmish shounu izlemeye serf etdim ve it kimi peshimanam… Insan ne qeder boshbogaz, ishsiz-gucsuz olar ki, ilin-gunun bu vaxtinda bele bir verilishe muelliflik etsin, yigsin ora iki-uch taninmish insani ve bir-birinin sozunu kese-kese, ichinde 18 toyuq ve cemi bir xoruz olan hine girmish erkek qaz kimi, qishqiriqla, tehqirle, ne bilim, ne ile onsuz da chashmish bu milleti bir daha chashdirsin…

    A kishiler,

    BUGUN SIZE MAHNILARIMIZDA KIMESE CEYRAN DEYIB-DEMEMEYIN MUMKUNLUYUNU ARASHDIRMAQ DOGRUDANMI LAZIMDIR…???

    Pay atonnan, intellekt yiyesi…

  11. Amma sonra ANS`den GORA-ni izledim ve… -)) …den element chixarmayin, taxta-taxta… -))

  12. Novarg, gopa basma, GORA elə ATV-də verildi…”posle kaznya tantsı” kimi…-))

  13. Duzdur, dunen gece men de xatirladim ki, sehv yazmisham, film ATV-den verildi… -))

  14. Men o verlishde Vugar Ehmede ^sen sair deyilsen^ deyende studiyada hec kimin sesi cixmadi..
    Verilish gurtaran kimi hami mene teshekkur etdi ki Vugar Ehmede yaxshi eledin dedin…
    Viktor Soyun mahnisi var- Men yalana nifret edirem, amma hegigetden e bezmishem!
    Indi Azerbaycan da hegigetden bezenlerin yurdunu xatirladir!

  15. Nə varıqsa, sevgili millətim, siyasətçilərimiz də, iş adamlarımız da, yazarlarımız da, manıslarımız da, hətta… fahişələrimiz da bizə yaraşır…

    Dildə hamı qəhrəman, düşüncədə intellektualdır, fəqət hamımız manısxanadakı şitbazlığa uyuruq…

  16. Gora chox espiritual filmdi. Verilishin en maraqli hissesi ise reklamlar idi.Chunki orda Elchin muellimden (yazichi) bashga seviyye numayish etdirecek bir kes gormedim.Yox ne bilim ceyran deme , insan de… Onda Azerbaycanda teqriben 10 mine yaxin Ceyran adli xanim var onlari ne edek ,ezizim?

Şərh yazın