Sonun başlanğıcı (pritça)

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 13 Ocak, 2008

filosofRasim İlyasov,
zaratusrta@box.az
 
Sən dinc filosofsan. Sənin şəhər kənarında xudmani bir evin, xoşbəxt ailən, uşaqların, çoxlu dostların, mükafatların, hətta bir neçə dilə tərcümə olunmuş kitabların (dostlar sağ olsun), bir sözlə, həyatda insana nə lazımsa hər şeyin var. Həyat baş tutdu. Indi sən dəhlizdə öz düzəltdiyin yellənən kreslonda oturub layiqli qocalığını qarşılaya bilərsən. Sən öz həyatının mənasına, məqsədinə çatdın.Səni əhatə edən insanlar sənin istedadına və uğurlarına həm hörmət, həm də paxıllıq edirlər, hətta meşşanlar belə. Sən hər yerdə və hər şeydə birinci olmusan, nəinki sadə kütlədən, hətta yaradıcı kütlədən də fərqlənmisən, elə xarici görünüşünlə də.
Sən yaradıcı insansan və sən yaratmalısan, əgər sənin məmləkətində sənin istedadına qiymət verilməzsə, sən başqa ölkəyə üz tutarsan. Bu məmləkəti düzəltmək sənin işin deyil, qoy bunu başqaları etsin, axı sən şirin həyatin qəhrəmanısan. Bu dünyada dahi nə varsa, hər biri sənin üçün gün kimi aydındır. Sən çoxlarının görmədiklərini görür, eşitmədiklərini eşidirsən, məhz bu xüsusiyyət bir insanın digərindən üstünlüyünü təmin edir və sən bunu bilirsən. Çoxları dedikdə, mən nə sadə kütləni, nə də ki meşşanları deyil, yaradıcı kütləni nəzərdə tuturam – əsas maneəni dəf edə bilməyən zavallı kütlə. Bəşəri dildən, plastik və cazibəli jestlərdən bixəbər bu “yaradıcı” kütlə öz dilində danışır, öz biçimsiz jestlərini edərək adamı lap əsəbləşdirir, elə düşünür ki, nə isə yaradır.
   Sən dahi nə varsa, hamısını dəyərləndirməyi bacarırsan, çünki hesab edirsən ki, özün də dahisən, bir toplumun dahisi. Sən ancaq bu toplum üçün çox şeylər yaratdın, amma dünya üçün heç zərrə qədər də, çünki bunun üçün sən kifayət qədər sərbəst deyilsən. Buna görə də dünya uçün dahi ola bilmədin, yalnız kiçik bir kütlənin içərisində uca oldun; qotik qüllə kimi, uca və onun qədər də primitiv (rəhmət sənə, Fellini!). Sən lap əvvəldə özünü seçim qarşısında qoydun – bu seçim yox, hətta bu sözün özü belə sənin qarşında dayanmamalı idi. Sən asanı seçdin, bunu etdiyini özün-özündən gizlətdin. Hətta bu ədalətsiz seçiminə qarşı da səmimi olmadın, çox bacardığın halda az yaratdın, şirin həyatına xələl gəlməsin deyə, çox şeyləri gizlətdin, məişəti təsvir etməklə kifayətləndin, öz yaşayışımızla əsl sərbəstlik arasındakı “heyrətamiz” təzadları ( bu təzadlar, əslində nə qədər təhqiramiz və acınacaqlıdır) təsvir etməyə özündə cəsarət tapmadın. Çünki sənin öz həyatın da əsl sərbəstliklə heç uzlaşmırdı. Bu təzadların gözəlliyi ondadır ki, onları yalnız seçilmişlər duya bilər. Bəli, sən seçilmişdin, ancaq sən nəyi isə seçməli deyildin.
   Dahi nə varsa hamısının, təhrif olunmuş bəsitliyinə qədər enmək, dinc filosofun acı aqibətidir. Çünki belə bir cəmiyyətdə nəyə isə göz yummaqla dahi olmaq mümkün deyil, hələ üstəlik də natamam , ancaq düz xətlə və yalnız bir istiqamətdə hərəkət edən, geri dönməyi bacarmayan bir istedadla, bu elə az qala istedadın yoxluğu deməkdir.
   Sən bu məmləkətdə deyilsən, sənə elə gəlir ki, sən Odisseysən, Troyanı fəth etməyə getmisən, yerdə özünü Tanrı elan etmisən. Əslində sən özün-özündən qaçmısan, və buna hər vasitə ilə bəraət qazandırmağa (özün üçün, amma ətrafdakılar üçün yox) çalışırsan. Səni geri dönməyə Tanrıların qəzəbi deyil, mənasız həyat yaşamaq qorxusu qoymur. Sən Odissey kimi öz məmləkətinə qayıdıb, haqq ədaləti bərpa edib öz evinin sahibi ola bilmədin, çünki sən zəif və qorxaqsan, sən dinc filosofsan…

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 1,00 ilə 5 arası)
Loading ... Loading ...

2 Şərh var
Şərh yazın »

  1. dinc filosof olub sözlə də mübarizə aparmaq olar, vacib deyil ki, əlinə silah alasan. Pritçada söz açılan filosof isə əsil filosof deyil, sadəcə müasirliyin “nəbzini” tuta bilmiş və öz “fikirləri” (fəlsəfəsi) ilə xudmani həyat qurmuş adi konformistdir – Əsil Düşüncə və Həqiqəti maddiyyata qurban vermiş bir kəs.

  2. İnsana həmişə secim şansı verilir yaxı ya da pis əməl, cənnət ya da cəhənnəm, ölmək ya da yaşamaq sən seçməlisən amm onu da bil ki yalnız seçiminədə özün günahkarsan hər iki mənada mən filosofluq etmək fikrində deyiləm deməli dincəm bu mənim seçimimdi özüm də özümə cavabdehəm kimnən də qaçsam özümdən seşimimdən qaça bilmərəm.

Şərh yazın