Elməddin İbrahimov: “Böyüyəndə də sənətimi davam etdirəcəyəm”
Yazar: Admin | Bölmə: Musiqi | Tarix: 19 Ocak, 2008
II televiziya muğam müsabiqəsinin qalibi 10 yaşlı Elməddin İbrahimovla müsahibə
- Özün barədə məlumat verərdin…
- Azərbaycanın Gəncə şəhərində anadan olmuşam, əslən gədəbəyliyəm. Üç uşağıq, evin balacası mənəm. Ailədə ilk musiqiçi mənəm.
- Musiqiyə həvəsin haradandır?
- Məni Gəncədə musiqi məktəbinin muğam sinfinə qoydular və orada muğamı öyrənməyə başladım. Gəncədə Sərdar Bağırovun sinfində oxumuşam. Amma müsabiqədəki çıxışlarımı xalq artisti Mənsum İbrahimov hazırlaşdırıb. Bugünkü uğurlarıma görə hər iki müəllimimə borcluyam. Onu deyim ki, müsabiqədə münsiflər heyətinin, tamaşaçıların qarşısında çıxış eləmək mənim üçün o qədər də çətin olmadı.
- Müsabiqədə ən çox hansı çıxışın ürəyincə oldu?
- Xalq mahnıları və muğamların hamısını oxumaqdan xoşum gəlir. Evdə də hamısını özüm üçün oxuyuram, zümzümə edirəm. Çıxışlarımın içində isə ən çox xoşuma gələni “Qarabağ şikəstəsi” idi.
- Bu sənəti davam etdirməyi düşünürsən?
- Əlbəttə. Mən bu sənətdən ayrılmaq istəmirəm. Böyüyəndə də qavalla oxumaq istəyirəm.
- Hansı sənətçinin ifası daha çox xoşuna gəlir?
- Sənətçilərin hamısına hörmət edirəm, amma hamıdan çox Mənsum müəllimə qulaq asıram. Müsabiqənin digər iştirakçılarının da hamısını bəyənirəm.
- Böyüyəndə hansı ölkədə yaşamaq istərdin?
- Heç bir ölkədə yaşamağı arzulamıram, Azərbaycanda qalmaq istəyirəm.
- Sənə konsert verməyi, disk çıxartmağı təklif edən olub?
- Olub, deyirlər ki, konsertimiz də olacaq, diskimiz də çıxacaq… //APA
Fotolar




(3 səs, hardasa: 3,67 ilə 5 arası)

Yüklənir...
Halal olsun vallah Bu uwaqin sesi emelli bawdi Allah vergisidir Mugamlarimiz Geleceyde yaxwi ellerdedir.