Qaynar xəbər portalı

Kitab dünyası


Kitab150 cildlik «Dünya ədəbiyyatı kitabxanası»na daxil olunmuş əsərlərin siyahısını hazırlayanlar naşılıqda, pulgirlikdə, savadsızlıqda və «xalturşik»likdə ittiham edildi
  
 Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyev dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Ölkə başçısı sərəncamla dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik «Dünya ədəbiyyatı kitabxanası»na daxil olunmuş əsərlərin siyahısını təsdiq edib. Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) bu sərəncamla təsdiq olunmuş siyahıya daxil edilmiş əsərlərin tərcüməsi, tərtibatı və çapa hazırlanması barədə təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinin İcra Aparatına təqdim etmək tapşırılıb. Gənc yazarlar isə bu sərəncamın Azərbaycan mədəniyyətinə heç bir müsbət töhvə verməyəcəyini, üstəlik, saxtakarlıqlara yol veriləcəyini iddia edirlər.
  
   Qan Turalı: «Bu, böyük pulların havaya sovrulması, ya da kimlərinsə cibinə axmasından başqa bir şey deyil»
  
Qan TuralıGənc yazıçı və publisist Qan Turalı hələ Sovet vaxtından tərcümə olunan əsərlərin latın əlifbasına çevirəcəklərindən və oxuculara köhnə tərcümələrin sırınacağından danışdı: «Prezidentin bu fərmanının da əvvəlkilər kimi, heç bir xeyri yoxdur. Siyahıda adları olan yazıçıların az qala hamısının əsərləri hələ Sovet vaxtında Azərbaycan dilinə çevrilib. Bu müəlliflərin əsərlərini oxumaq istəyən adamlar istənilən köşkdən həmin əsərlərin kiril əlifbasında olan variantını alıb oxuya bilərlər. Heç bir yeni əsər tərcümə olunmayacaq. Bu iş böyük pulların göyə sovrulması ya da kiminsə cibinə axmağından başqa bir şey deyil. Daha bir məqam da var ki, siyahıda ötən əsrin 80-ci illərindən bəri ədəbiyyata gələn bir nəfər də yoxdur».
  
   Nərmin Kamal: «Yazarların siyahısı naşı adamlar tərəfindən tərtib olunub»
  
Nərmin Kamal Gənc filosof və şairə Nərmin Kamalın iradları isə daha çoxdur: «Nəşr olunacaq kitabların 150 cildlik siyahısını hazırlayan adamı, yaxud qrupu konkret olaraq üç məsələdə ittiham edirəm: mühafizəkarlıqda, 19-20-ci əsrlər ədəbiyyatına başdansovdu yanaşmada və maskulinizmdə». Nərmin xanım ittihamlarını əsaslandırdı da: «Orxan Pamukun əsərlərini «Seçilmiş əsərləri» adıyla bir cilddə nəşr etməyi plana salmış bu siyahının müəllifi həmin müəllifin elə təkcə bir əsərinin 500 səhifədən artıq olduğunu bilirmi? Bu gün yaradıcılığına ciddi ehtiyac olan Orxan Pamuka bir ümumi cild yer verən adam bəs niyə Lev Tolstoya 3 cildlik yer ayırıb? Sovet vaxtı çap olunmuş uğursuz ədəbi əsərləri tarixin zibilliyindəki yuxudan oyadıb yenidən nəşr etməyə hazırlaşan bu qrupun 1950-60-cı illərdə dünya ədəbi prosesindəki çevrilişdən xəbəri varmı? Varsa, niyə həmin böyük dövrdən bir müəllif də yoxdur bu siyahıda?»
   Nərmin xanım siyahıda boşluqlar olduğunu da vurğuladı: «Müasir ədəbiyyat bölməsi həddən artıq naşı hazırlanıb. İlk baxışdan sevindiricidir ki, Umberto Ekonun adını siyahıya daxil ediblər, amma bu, müasir ədəbiyyat sahəsində naşı bir adamın təşəbbüsünə oxşayır, çünki Ekonu Eko edən Ceyms Coysun yaradıcılığıdır. Məəttəl qalası işdir. Eko da daxil olmaqla, açıq mətn estetikasına əsaslanan bütün müasir nəsrin atası və müəlliminin Ceyms Coys olduğunu, Coysun müasir dünya ədəbiyyatı üçün necə nəhəng bir sərvət olduğunu bu adamlar bilirlərmi? Bilirlərsə, niyə Coysun adını bu siyahıya daxil etməyiblər? Bu ki siyahıda böyük boşluq deməkdir. Jan Pol Sartrın adı Nobel mükafatçıları sırasına daxil edilib, halbuki Sartrın Nobel mükafatından imtina etməsini nəzərə alıb, yazıçının iradəsinə hörmət etmək lazım idi. Belə xeyli böyük səhvlərlə dolu olan siyahının ən böyük ayıbı burda maskulinist (kişimərkəzçi) bir əlin olmasıdır: siyahıya salınmış müəlliflər arasında cəmi 3-4 qadın müəllif var. Bu, dünya ədəbiyyatının mənzərəsini qəsdən təhrif etməkdir. Dünya ədəbiyyatında xidmətləri olmuş onlarla qadın yazıçı və şair, 19-20-ci əsrlər bədii ədəbiyyat tarixinin görkəmli qadın nümayəndələri bu siyahıdan kənarda saxlanıblar. Bu siyahıda heyrət ediləsi patriarxal qərəz var».
   Nərmin xanımın iradları bununla bitmir: «Başa düşürük ki, bütün dünya müəlliflərini əhatə etmək mümkün deyildi. Amma bir sıra əhəmiyyətsiz müəlliflər əbəs yerə siyahıya doldurulub, bir çox layiqli və zəruri müəlliflər isə kənarda qoyulub. Siyahını belə tartan-partan hazırlayanların tərcüməni hansı keyfiyyətdə edəcəklərini də təxmin eləmək çətin deyil. Yaxşı olar ki, biz siyahını sona qədər ictimai nəzarətdə saxlayaq. Məsələn, mən Ekonun «Qızılgülün adı» romanının tərcüməsinin bu sahədə qeyri-peşəkar, bu müəllifin yaradıcılığından uzaq bir insana həvalə ediləcəyindən narahatam. Odur ki, Umberto Ekonun dilimizə tərcüməsi prosesi ilə yaxından maraqlanacağam».
  
   Rasim Qaraca: «Təəssüflənirəm ki, milli varlığımız üçün hava-su qədər zəruri olan bu məsələ acgöz məmurların əlinə düşəcək»
   
Rasim QaracaAzad Yazarlar Ocağının (AYO) sədri, şair Rasim Qaraca 150 cildlik «Dünya ədəbiyyatı kitabxanası» nümunələrinin çap olunması barədə məlum sərəncamı təqdir etdiyini bildirdi: «Amma bu sərəncamın icrası zamanı nələrin baş verəcəyindən şəxsən mən çox narahatam. Əvvəla siyahını tərtib edənlər açıq-aşkar «xaltura»ya yol veriblər. Azərbaycan dövlətinin indiki imkanlarıyla bu günə qədər heç çap olunmamış xarici yazıçıların əsərlərinin tərcüməsi və nəşri mümkün idi. Halbuki siyahıda gördüyümüz kitabların əksəriyyəti, bəlkə də 70 faizi Sovet vaxtı tərcümə edilən, bəzi hallarda pis, başdansovdu dilimizə çevrilən əsərlərdir. Daha sonra prezidentin sərəncamı ilə əsərlərin latın qrafikası ilə yenidən çapı layihəsi çərçivəsində həmin kitabların bir çoxu artıq çap edilmişdi, özü də hər biri 25 min tirajla. Bu kitablar nə üçün təzədən bu siyahıya daxil edilib? Bu faktın özünə «xaltura»dan başqa ad vermək çətindir. Hamıya məlumdur ki, Azərbaycanda kitaba belə yüksək oxucu tələbi mövcud deyil, elə isə xalqın və dövlətin pullarını havayı yerə sovurmanın nə mənası var?» Rasim bəy deyir ki, təkrar 25 min tirajla Anton Çexov, Sədi Şirazi, Aleksandr Puşkin, Fridrix Şiller, Emil Zolya, Nikolay Qoqol, Yunus Əmrə və digər müəlliflərin əsərlərinin çapı əhəmiyyətsiz işdir: «Şekspirin, Heminqueyin, Götenin zəif tərcümələri məncə, yenidən çap edilməməlidir. Dedektiv yazarlar Jorj Simenonum, Aqata Kristinin (bunlardansa Ceyms Hedli Çeyz daha maraqlı olardı), ezoterik Kastenadanın, aktuallığını itirmiş Romen Rollanın, Jorj Amadunun, Leon Feytxvangerin (nə var, nə var bu müəllifin Jan Jak Russonun həyatından bəhs edən bir romanı Sovet dönəmində tərcümə edilib), Paolo Koelyonun bu siyahıda nə işi var? Bunların əvəzinə Türkiyə yazıçılarının, şairlərinin adlarına daha geniş yer vermək olardı. Bunlar mənim subyektiv baxışlarımdır. Amma hər halda bu siyahı gizli qapı arxasında hazırlanmamalıydı. Bu işdə səriştəsi olan ziyalıların görüşü nəzərə alınıbmı? Alınmayıb! Və layihənin həyata keçirilməsinə ictimai nəzarət mexanizmləri varmı? Yoxdur! Nə üçün bu məsələ mətbuatın müzakirəsinə buraxılmayıb?
   Təəssüflənirəm ki, milli varlığımız üçün hava-su qədər zəruri olan bu məsələ acgöz məmurların əlinə düşəcək. Xalqın necə maariflənməsi sualına cavab axtarılmalıykən, «hər kitabdan nə qədər qazanmağın» yolları axtarılacaq». AYO sədri kitabların siyahısının yenidən tərtib edilməsini istəyir: «İndiki şəkli ilə bu layihənin faydalılıq əmsalı sıfra çox yaxındır.
   Siyahıda bir çox müəlliflərin adlarının qarşısında ümumi şəkildə «əsərləri» sözü yazılıb, konkret hansı əsərin çap olunacağı göstərilməyib. Bir məşhur yazıçının bütün əsərləri yaxşı olmaya bilər. Məsələn, Q.Q.Markesin ən məşhur əsəri “Yüz il tənhalıqda” dilimizə tərcümə edilməyib. Bu yazıçının artıq dəfələrlə çap olunmuş əsərlərinin yenidən oxuculara təqdim edilməsinin bir faydası olmayacaq. Markesin Azərbaycan dilində çap olunmuş yeganə tərcüməsini - «Gözlənilən qətlin tarixçəsi» əsərini istisna etmək olar, əsər Ə.Əylisli tərəfindən ustalıqla tərcümə edilib». R.Qaraca mətbuatı və əlaqədər ictimai qurumları prezident sərəncamının hansı şəkildə yerinə yetirilməsini nəzarətdə saxlamağa çağırdı.
 






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: