İşdi-şayət, birdən Nobel mükafatı alsanız, özünüzü necə aparmalısınız?
Düz 106 ildir ki, hər il dekabrın 10-da dünyanın diqqəti Stokholma - Nobel mükafatının təqdimetmə mərasiminə yönəlir. Təqimetmənin səs-küyü nə qədər çox olsa da, mərasimin özü çox zəhlətökəndi. Yəqin həmişə adamlardan qaçan, təkliyə can atan nitroqliserin kəşfinin müəllifi Alfred Nobel hansısa möcüzə nəticəsində indiyədək sağ olsaydı, bu mərasimdə özünü narahat hiss eləyərdi. Nobel “xoşbəxtləri”nin adı hələ oktyabrda açıqlansa da, mərasimin özü həmişə dekabrın 10-da, mərhum Nobelin anım günündə keçirilir. Nobel tarixçəsi boyu cəmi bircə dəfə - 1920-ci ildə mükafatı iyun ayında verməyi planlaşdırıblar. Amma eksperiment uğursuz olub. Həmin ərəfədə varis şahzadə Marqaret dünyasını dəyişib, kral ailəsi matəmə batıb və təqdimetmə mərasiminə heç biri gəlməyib. Elə həmin vaxtdan təqdimetmə mərasiminin vaxtını heç vaxt dəyişməməyi məsləhət bilməyiblər.
Təqdimetmə mərasiminin şərtləri illər keçdikcə o qədər möhkəmlənib ki, bu şərtlərə kral ailəsinin üzvlərindən tutmuş təşkilatçılara, laureatlardan tutmuş adi tələbələrə, hətta Stokholm və Oslonun sadə camaatına qədər hamı tabe olur. Düzdü, zaman keçdikcə Nobel ritualının detalları elə hey çoxalır, amma heç nə eləmək mümkün deyil - başda laureatlar olmaqla, hamı bu detalları bilməlidir. Mərasimdə heç kimə güzəşt olunmur. Nobel Fondunun indiki prezidenti həmişə bu sözləri təkrar edir: “Bizim bütün laureatlar nəzarət altında gəzir - mərasim gününə qədər onları öyrədir, yönəldir, başa salırıq”.
Nobel “dustaq”ları
Laureatlar mərasim keçiriləcək şəhərə düz bir həftə əvvəldən gəlməlidirlər. Şərtlərə görə, hər mükafatçı özü ilə 16 nəfər yaxınını, dostunu, ailə üzvünü gətirə bilər. Təntənəli mərasimlərdən birincisi budur - nobelçilər mətbuat konfransı keçirərək, jurnalistlərə öz “bəxtəvərliklərinin” sirrini onlara aydın ola biləcək dildə başa salmalıdırlar. Yeddi gün ərzində laureatlar sonradan xüsusi “Nobel mükafatçıları” nəşrində çap olunacaq nobel məruzələri oxumalıdır. Stokholm Universitetinin məruzə zalı belə vaxtlar ağzına qədər dolu olur - axı burada giriş azad, mühit isə olduqca demokratikdir. Mükafatı alandan sonra isə nobelçilər bir il boyu dünyanı gəzərək öz Nobel nitqlərini oxumalıdırlar. Stenford Universitetinin alimləri hesablayıblar ki, mükafatçılar bu nitqləri söyləyərkən düz yüz min mil məsafə qət etmiş olurlar. Qorxmayın: piyada yox, təyyarə ilə.
Xırım-xırda Nobel dərdləri
Ənənəyə görə, mükafatçılar və onların “başlarının dəstəsi” Stokholmun ən yaxşı mehmanxanasında - Qrand-Oteldə yerləşdirilir. Yeri gəlmişkən, otel kral sarayı ilə üzbəüzdür - aralarında cəmi bir göl var. Mərasim ərəfəsi hər ölkədən gələn nobelçinin şərəfinə oteldə onların təmsil etdikləri ölkələrin bayrağı dalğalandırılır.
Bunu isə gərək mütləq qeyd eləyək: nobelçilər və “əhli-əyalları” oteldə qaldığı ərəfədə buranın işçiləri jurnalistlərin qeyri-rəsmi məlumat qaynağına çevrilir. Ona görə də bu ərəfədə otelin adi xidmətçisi belə jurnalistlərdən ömründə görmədiyi hörməti görür. Nobel həngaməsi bitəndən sonra il uzunu otel xidmətçilərinin xatirələri mətbuatda yer alır: biri hansısa bir alimin arvadını oteldə unudaraq, mərasimə tək, biri isə məşhur yazıçının həyəcandan şap-şuplarını dəyişmədən mükafat almağa ayaqyalın getməyindən danışır.
Nobelçilər alt paltarında…
Nobel əhvalatının daimi qəhrəmanlarından biri dərzi Yarl Dankvistir. Mükafatçıların fraklarını lap əvvəllər onun babası tikirmiş, sonra düz qırx il bu işi onun atası görüb, indisə Yarlın özü.
Protokol qaydalarına görə, adi kostyum və ya adi don geyinmiş adam kralın əlindən medal və mükafatı ala bilməz - kişilər mütləq frak və kəpənək-qalstukda, qadınlar isə uzunətəkli gecə donunda olmalıdır. Bunu mükafatçıların hamısına öncədən xəbər verirlər. Amma bu, həmişə kömək eləmir: dahilərin arasında mütləq hər il frak haqda heç nə bilməyən bir nəfər “antirəsmiyyətçi” tapılır.
Dankvistin sözlərinə görə, hər nobelçinin atelyeyə gəlişi burada böyük bir canlanma yaradır. O, deyir ki, bu yazar və alimlərin hamısı canlı və maraqlı adamlardı - onun qarşısında alt paltarında dayandıqları zaman az qala hamısı lətifə danışar, ya da köhnə xatirələrə qapılarlar.
Yeri gəlmişkən, mərasim üçün gərəkən frakı və ya gecə donunu birovuz da götürmək olar. Bütün Nobel təntənəsini nəzərə alsaq, qiymətlər babatdı: frak iki yüz dollar, gecə donu 200-500 arası. Amma hərdən tərs müştərilər də tapılır. Məsələn, 1993-cü ildə qaradərili yazar xanım Toni Marrison Stokholma gecə donunu gətirmədən gəlibmiş. Dankvist ona təklif edib ki, donu birovuz götürsün. Amma Marrison deyib ki, mərasimə gecə donu gətirmədən gəlməsinin səbəbi başqadı - o, ömrü boyu belə bir tədbirdə əynində kişi frakı olaraq dayanmaq istəyib və ümid eləyir ki, belə bir şey etmək üçün ona icazə verərlər.
Uzun çək-çevirdən sonra vəziyyətdən çıxış yolu tapılıb - Dankvist Marrison üçün arxasında frakda olduğu sayaq iki quyruq olan gecə donu tikib.
Həmişə belə olmur haa! Məsələn, dramaturq Samuel Bekketlə məsələ bir az qəliz olub. Dahi dramaturq şalvarlarının aşırmalarından ayrılmaq istəmirmiş. Deyirmiş ki, onlar onsuz da jiletin altında qalacaq və görünməyəcək.
- Mən şalvarınızı daraldaram və onda aşırmalara ehtiyac qalmaz, - Dankvist deyib.
- Mənim şalvarımı daraltmaq olmaz, çünki mən şalvarımın içinə “qrelka” qoyuram, - Bekket israr edib.
- Niyə?! - Dankvist heyrətlənib.
- Həkim deyib. Axı mənim qan təzyiqim var, belə səs-küy olan yerdə isə həmişə həyəcanlanıram və təzyiqim qalxır. Beynimə qan sıza bilər.
Məşhur sovet nobelçilərinə isə frakları öz dərziləri tikirmiş. Özü də Xarici İşlər Nazirliyi bu frakları özü tikdirirmiş. Onların “köhnədənqalma” dərziləri nobel üçün gərək olan frakın tələblərini yaxşı bilirmiş və üçcə günün içində möcüzə yaradırmış. Yazıçı Mixail Şoloxov və fizik-alim Pyotr Kapitsa öz mükafatlarını onun fraklarının içində alıblar.
Hələ kralın “həngamə”si də var…
Elə ki dekabrın 10-da qaranlıq düşür, bütün Stokholm sükuta qərq olur. Camaat televizorların qarşısına yığışıb, əvvəlcə təqdimetmə mərasimini, sonra isə şəhər ratuşuında başlanacaq ziyafəti izləyir. Nobel ənənəsinə görə, bu mərasimlərə bütün dünyadan aralarında bir nəfər də televiziya adamı olmayan 12 jurnalist dəvət edilir. Çünki Nobel mərasimini lentə almaq və sonra dünya telekanallarına yaymaq hüququ təkcə İsveç televiziyasına məxsusdur.
Təqdimetmə mərasiminə aralarında dövlət xadimləri, mötəbər qonaqlar - bir sözlə, ölkənin qaymağı olan 1700 nəfər dəvətlidir.
Səhnənin sağında kral və ailəsi, solunda isə “əsərin qəhrəmanları” əyləşir. Səhnənin ortasında Alfred Nobelin gül-çiçəyə qərq olmuş heykəli dayanır. Yeri gəlmişkən, Nobel mərasimini bəzəyən gül-çiçək Nobelin son günlərini keçirdiyi İtaliya şəhəri San-Remodan gətirilir. Mükafatı almazdan əvvəl bəxtəvərlər özlərinin pafoslu Nobel nitqlərini deyirlər. Nitqdən sonra isə onlar İsveç kralının (hazırda bu Karl 16-cı Qustavdır) əlindən üstündə adlarının qravüra olunduğu qızıl medalı, diplomu alırlar. Amma bir dəfə rus iqtisadçısı Leonid Kantoroviçlə amerikalı Callinq Kupmansın medalları dəyişik düşüb və nobelçilər bir-birinin adı yazılmış medalları alıblar.
Adətən mükafat veriləndə nobelçini onun ölkəsinin bayrağını qaldırmaqla salamlayırlar. Amma 1933-cü ildə, ədəbiyyat üzrə mükafat alan Bunini - “qaçqın” yazarı “Voronejdə doğulmuş və vətəndaşlığı olmayan yazar” kimi təqdim edərək, onun şərəfinə İsveçin bayrağını qaldırıblar.
Kralın əlindən medal və diplomu alandan sonra mükafatçı üç dəfə ona və Akademiya üzvlərinə təzim etməlidir. Bundan sonra konsert zalında Stokholm Kral Filarmoniyası orkestrinin ifasında musiqi səslənir. Bir dəfə - 1968-ci ildə təşkilatçılar mərasimə dünyanın ən yaxşı sopranolarından olan Birgit Nilsonu dəvət ediblər. Zal onun ifasına o qədər uyub ki, mükafatçıların təltif olunması mərasimi arxa plana keçib. Bundan sonra təşkilatçılar özlərini belə eksperimentlərdən sığortalayıblar. Mərasimin özü isə o qədər də uzun çəkmir - saatdan bir az çox.
Nobel “avariyaları”
Əslinə qalsa, nobelçi canını bütün bu həngamələrdən qurtara bilər. Məsələn, avstriyalı yazıçı Elfrida Elinik təqdimetmə mərasiminə gəlməyib. Səs-küylü yerlər onda güclü mənəvi diskomfort yaradırmış. Onun mükafatını gətirib evində veriblər.
Hamının bəxti belə gətirmir. Mərasim səhəri alimlər və yazarlar üçün ciddi məşqlər başlayır. Onlara necə yeriməyi, necə təzim etməyi, bütün situasiyalarda özlərini necə aparmalarını öyrədirlər. Özü də təlim vaxtı çəkiliş qəti qadağandır, kənar şəxsləri isə içəri buraxmırlar. Protokol qaydaları izah edildikdən sonra onlara əsas hərəkəti - təzimi öyrədirlər. Sizə zarafat gəlməsin - mərasimdə hər situasiya üçün fərqli təzim qaydaları var. Yaşlı adamlar danışır ki, 1968-ci ildə yapon yazıçısı Yasunari Kavabata təzim məsələsində hamını “tozda” qoyub. O, yaponsayağı üç dəfə, özü də qurşaqdan əyilirmiş və bununla da təşkilatçıların canına vəlvələ salırmış - axı ənənəyə görə, kral hər təzimə eynilə o cür cavab verməlidir.
Digər bir qəza isə təşkilatçıları bir əsrlik Nobel qayda-qanununda dəyişiklik etməyə məcbur edib. İndiki kralın babası Qustav 15-ci Adolf səhnədə yox, parterdə, camaatın arasında əyləşirmiş. 1971-ci ildə yazıçı Pablo Neruda “quş buraxıb”. O, pis görürmüş və Nobel nitqini söyləyəndən sonra aşağı - Kralın yanına enəndə yıxılıb. Xidmətçi onu qaldırıb və yoluna davam edən Neruda kralı xidmətçi ilə səhv salıb, təşəkkür sözlərini krala deyil, qızılı mundir geyinmiş xidmətçiyə deyib.
Bu əhvalatdan sonra kralı və ailəsini səhnədə otuzdurmağa məcbur olublar. Zamanın tələblərinə uyğun olaraq, dəyişən isə təkcə mükafatın məbləğidir. Hazırda bu məbləğ bir neçə milyon isveç kronu, yəni 1 milyon dollardan azacıq çoxdur.
Birbaşa efirdə - Nobel qonaqlığı!
Nobel təntənəsnin iştirakçıları oradan birbaşa Stokholm şəhər ratuşunun Mavi zalına - min nəfərdən artıq adam üçün hazırlanmış ziyafət salonuna keçirlər. Qonaqlığın iki yüz nəfərlik yer tələbələr üçün nəzərdə tutulur və bu yerlər xüsusi lotereyalarda oynanılır. Onların çiynində çarpaz keçirilmiş lent - İsveç bayrağı olur. Zalın mərkəzindəki 25 metrlik, 90 nəfərlik fəxri masa kral ailəsi, mükafatçılar, nazirlər və ölkəsindən Nobel alan səfirlər üçün nəzərdə tutulur. Xüsusi Nobel servizindən olan qab-qacaq isə 65 masanın üstünü bəzəyir.
Qonaqların yerbəyer edilməsində hamının əvvəlcədən xüsusi anketdə qeyd etdiyi istəklər nəzərə alınır. Amma kimin harada əyləşəcəyi mərasim gününə qədər sirr saxlanılır. Yalnız içəri girəndə onlara yerləri, kimlərlə bərabər oturacaqları yazılmış vərəqə verilir.
Ziyafət menyusu hələ oktyabrdan tutulsa da, həmin günə qədər sirr saxlanılır. Mərasimə iki gün qalmış 50 aşpaz qollarını çırmalayır. Menyu son günədək məxfi saxlansa da, mərasimdən sonra il uzunu Stokholm restoranlarında “Nobel menyuları” təqdim olunur. Gözüylə görənlər deyir ki, bütün təntənəsinə rəğmən Nobel ziyafətində mühit olduqca demokratikdir. Hətta yazıçılardan hansısa bu ziyafəti “kral qəbulu, ailə məclisi və tələbə gecəsi arasında bir şey” adlandırıb.
Qonaqlığın “gözü” isə yüzlərlə ofisiantın eyni anda xidmətə başlamasıdır. Onların geyimi eyni, hərəkətləri sinxrondur. Xidmət isə bir neçə dəfə - yeməklərin sayına görə təkrar olunur.
İsveç vaxtıyla saat düz 22:15-də kral ayağa qalxır və hamı rəqs zalına keçir.
Şənlik gec qurtarır - sonra isə laureatları və qohum-əqrəbalarını otelə aparırlar. Qəhrəmanların özlərini - Limuzində, qonaqları isə xüsusi avtobuslarda.
Ucdantutma hamısı yazar olan redaktorlar üçün qeyd: Hörmətli redaktorlar, düzdü buna inanmaq mümkün deyil, amma birdən, təsadüfən Nobel alsanız, əvvəlcədən sizi maarifləndirdiyimə görə mənə bir qonaqlıq verərsiniz.
Günel Mövlud
« “Contempo” ansamblının Türkiyədəki festivalda çıxışı baş tutdu | Əsas səhifə | 2-Cİ ALBALI BAĞLAR SAHƏSİ »
Yazıya səs verin
Şərhlər
Bu yazı Bazar, Yanvar 27th, 2008 tarixində 14:59 radələrində Publisistika bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.




Bölmə: 









Sima N. adlı istifadəçi, Yanvar 27, 2008 tarixində, saat 21:48 yazıb:
1. “Gecə donu” ifadəsi gecə köynəyini xatırladır. Əslində, ziyafət donu (geyimi, paltarı)olmalıdı.
2.Heyif ki, Nobel mükafatının konservativ təqdimetmə mərasimi də
şoulaşmağa meyillidi…