BAKI UŞAQ TEATRINA QARŞI ÖZBAŞINALIQ
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 28 Ocak, 2008
Teatrın kollektivi KİV-ə müraciət ünvanlayıb
KultAz: Balacaların sevimlisi olan Bakı Uşaq Teatrı məmur özbaşınalığının qurbanına çevrilə bilər. Yenicə yaradılmış Dənizkənarı Bulvar İdarəsinin rəisi heç bir qanuni səbəb olmadan teatrı fəaliyyət göstərdiyi binadan çıxarmağa çalışır. Baş verənlərlə bağlı teatrın kollektivi KİV-ə müraciət ünvanlayıb. Müraciəti olduğu kimi diqqətinizə çatdırırıq.
“Əziz dostlar!Bakı Uşaq Teatrının 6 ilə yaxın müddətdə qazandığı bütün uğurlarda sizin hər birinizin ayrı-ayrılıqda zəhmətiniz olub. Uğurlarımıza hər zaman sevinmisiniz, çətin günlərimizdə bizimlə birgə olmusunuz. Biz də işlədiyimiz bu müddət ərzində çalışmışıq ki, Azərbaycan uşaqlarının tərbiyəsi məsələsində əsas rollardan birini oynayaq.
Yarandığı gündən təziqlərə və təhqirlərə məruz qalan teatr kollektivi indi çətin günlərinin kuliminasiya nöqtəsini yaşayır. Belə ki, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının fərmanı ilə Dənizkənarı Bulvar İdarəsinin yaradılması (10 yanvar 2008-ci il). kollektivimiz tərəfindən də sevinclə qarşılandı. Lakin sevincimiz uzun sürmədi. Çünki bu idarəyə təyin olunan rəis işə başlayar-başlamaz teatra qənim kəsilib, hər addımbaşı ölkə başçısının adından istifadə etməklə bizim fəaliyyət göstərdiyimiz 1956-cı ildə uşaq teatrı kimi inşa edilmiş, uzun illər müxtəlif məqsədlər üçün istifadə olunmuş və yalnız 2001-ci ildə sərəncamla Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin balansına verilmiş binadan heç bir səbəb olmadan qeyd- şərtsiz çıxmağımızı tələb edir. Baxmayaraq ki, prezidentimizin imzaladığı məlum fərmanda Bakı Uşaq Teatrının mənafeyinə toxunan bir kəlmə belə yoxdur. İdarə rəisi isə, teatrın öz binasından çıxarılması ilə bağlı rəhbərliyə heç bir rəsmi sənəd təqdim etmədən və Bakı Uşaq Taetrının fəaliyyətini davam etdirmək üçün başqa bir yer təklif emədən buradan çıxmağımızı tələb edir. Biz hesab edirik ki, məqsəd prezidentin sərəncamına uyğun olaraq bulvar ərazisindəki binaların siyahısını hazırlayanda Bakı Uşaq Teatrının binasını boş bina kimi qələmə vermək və gələcəkdə buradan başqa məqsədlərlə istifadə etməkdir.
Qeyd edək ki, fəaliyyətimiz dövründə əlimizdə tutduğumuz şüar məhz hörmətli prezidentimizin- “Biz uşaq və gəncləri vətənpərvər ruhda tərbiyə etməliyik”- fikri olub. İndiyə kimi üst-üstə 25 tamaşa hazırlayıb 1000-ə qədər tamaşa oynayan, 150-yə qədər xeyriyyə tədbiri keçirən, bir çox dövlət tədbirlərinin və festivalların iştirakçısı olan teatr Dövlət Neft Şirkətinin, Avropa Şurasının, BMT-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Ədliyyə Nazirliyinin, Norveç Qaçqınlar Şurasının və bir çox başqa dövlət və qeyri hökümət təşkilatlarının sifarişi ilə tamaşalar hazırlayıb. Sifarişçilərimiz müxtəlif olsa da, məqsədimiz bir olub- Azərbaycana, onun dövlətçiliyinə, gələcəyimiz olan uşaqlara xidmət etmək!
İndi üzümüzü sizlərə tuturuq: bizim, başda ölkə rəhbəri möhtərəm prezidentimiz İlham Əliyev cənabları olmaqla sizin dəstəyinizə ehtiyacımız var! Yaranmış vəziyyətin qanun çərçivəsində nizamlanmasında bizə yardımçı olun! Gəlin hamımız əl-ələ verib Bakı Uşaq Teatrını məhv olmaqdan qoruyaq!
Öncədən təşəkkürümüzü bildiririk,
Bakı Uşaq Teatrının Kollektivi”





Yüklənir...