Arif Məlikov narazıdır

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 29 Ocak, 2008

 “Dünya səhnələrində əsərlərim nümayiş olunur, Azərbaycanda isə bir əsərim belə səhnəyə çıxarılmır”

“Heyfslənirəm ki, Azərbaycanda mənim heç bir baletim nümayiş olunmur. Hazırda 9-cu simfoniyamı bitirmək üzrəyəm. Bununla yanaşı, bu il uzun illər üzərində işlədiyim “Yusif və Züleyxa” baletini tamamlayacağam. Bu baleti Nazim Hikmətin pyesi əsasında yazıram”.Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın xalq artisti, bəstəkar Arif Məlikov deyib. Bəstəkar “Yusif və Züleyxa” baletini N. Hikmətin arzusu ilə bəstələdiyini bildirib. Orta və xırda həcmli musiqi əsərləri ilə yanaşı, bəzi kinofilmlərə də musiqi yazdığını deyən A. Məlikov televiziyalarda səviyyəli musiqili və ədəbi veriliş tapmadığından da təəssüfləndiyini bildirib: “Açığını deyim ki, mümkün qədər televiziyadan qaçıram. Televiziyaya baxanda işləyə bilmirəm. Özümdən başqa dünyanın müxtəlif ölkələrinin teatrlarında yetmişə kimi premyeraları keçirilən ikinci bəstəkar tanımıram. Təkcə “Məhəbbət əfsanəsi” baletimin 60-a yaxın premyerası olub. Mən bunu fəxrlə deyirəm. Bu gün də Sankt Peterburqun İmperator Teatrında, Rusiyanın böyük şəhərlərinin, həmçinin Özbəkistan, Fransa, Almaniya, İngiltərə və başqa ölkələrin tamaşaçıları mənim əsərlərimi dinləyir, sevir, amma öz xalqımdan bunu görmürəm. Ümumiyyətlə, dünya səviyyəsində mənə münasibətdən narazılıq edə bilmərəm. Mənim dünya arenalarında üç baletim nümayiş olunur, simfonik əsərlərim səslənir, ancaq nədənsə Azərbaycanda bunların biri belə səhnəyə çıxarılmır”. Bəstəkar hazırkı dövrdə insanların daha çox mahnı janrına alışdırıldığını da bildirib.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın