HƏVVA MAMAM
(portret)
Bərdəyə qaçqın gəldi,
Şaxı sınmışdı,
Şuxu sınmışdı
Həvva mamamın.
Suyu sıxılmış
nar kimi,
Səhrada əkilmiş
çinar kimi
çəkirdi qaçqınçılığı.
Məni çox istəyirdi…
Görəndə
«Dədəm» deyib
başımı bağrının
başına sıxardı.
Mamamdan öyrəndim,
sevginin ocağı bağır başıdı.
Balaca vaxtımda val qoyub
mama-qardaşoğlu
oynuyardıq.
Qohumlar dövrəmizdə əl çalardı.
Otaqların dörd divarından
biri görünərdi, qalanı
mamam toxuyan xalçalardı.
Ayağı sayalıydı,
Bir şirinliklə
ilkin mamam gedərdi
qurulan hanaların üstünə.
Əli tamlıydı,
Qabaqdan gələn toyların
şorabasını mamam qoyardı.
Toyda da diz qatlayıb
yuxa yayardı.
Mamam birdən düşdü,
Can verəndə dili batmışdı.
İşarəylə məni çağırdı,
Əlini bağrının başına,
Sevgi ocağına basıb
Dağlara tərəf uzatdı.
Arvadlar ağıya hazırlaşırdı,
Özümü saxlaya bilmədim,
Hönkürdükcə
gözümdə yaş üyünürdü,
ağzımda bu kəlmələr:
-Yaxşı, mama,
Alınanda səni də aparacağıq.
10.11.2007
QOCALIQ
Ona birdən ayan oldu
Bir zamanlar şahlıq edib.
Cavanlığın sarayında
Bir yaraşıq taxtı olub.
Qocalığı köhnə puldu,
Qızıla tən vaxtı olub.
22.11.2007
GÖZƏLLƏMƏ
Şəhərdə bir gözəl gördüm,
Nur tayası deyərsən.
Şəhərdə bir gözəl gördüm
Bax gözünə su ver sən.
Sağa-sola naz satır,
Əriyin əzdirirdi.
Gözəlliyi uşaqtək
Şəhərdə gəzdirirdi.
Bəxtəvər olsun başına
Bu gün xeyirdi şəhərə.
Elə bil əhd eləmişdi,
Yandıx verirdi şəhərə.
Fərqi nədi haradı,
Bakıdı, ya Şəkidi.
Şahdı - gözəllik onun
Səltənəti, mülküdü.
Geyimindən nə deyim,-
Tərs kimi də yayıdı.
Tamaşası qocaya
Uşağın şirni payıdı.
Soyuq suya düşmüş kimi
Onu görən ahı çəkir.
Elə usta addım atır
Bədənindən ruhu çəkir.
Ağzı açıla qalmaq
Baxanın heyranlığıdı.
Harda ayaq saxlasa,
Torpağın bayramlığıdı.
Kim irəli dura bilər,
Bir baxır toydan oxuyur,
Bir baxır vaydan oxuyur.
Şükür qüdrətinə, Ya Rəbb,
Bakının tən ortasında
Gözəllik meydan oxuyur.
Sonda bir onu bildim
Bu gözəl də zalımdı.
Çünki, onu görənin
İxtiyarı alındı.
10.01.2008
SEVGİ
Hər şeyin mayasıdı,
O dünyadı, aləmdi.
Sevgisiz bəndən, Ya Rəbb,
Mürəkkəbsiz qələmdi.
13.01.2008
« Azərbaycanlı rejissorlar BMT müsabiqəsində iştirak edə bilərlər | Əsas səhifə | 46 Dünya yazıçısının hekayəsi bir kitabda »




Bölmə: 








