“Azərbaycan” jurnalının son sayında Qarabağ savaşından bəhs edən “Dolu” romanının müəllifi yazıçı Aqil Abbasla müsahibə
- Azərbaycan ədəbiyyatında yazılanlara reaksiya verilmədiyi, böyük mənada oxucunun yoxa çıxdığı zamanda “Dolu” romanını yazmaq bu qədərmi vacib idi?
- Oxucuların sayı azala, ya çoxala bilər, amma onun tam yoxa çıxması ilə bağlı deyilənlərlə razılaşmıram. Şəxsən mən roman və povestlərimdən tutmuş , publisistik yazılarımadək bütün əsərlərinə yetərincə reaksiya görmüşəm. Bir də ki, “filan əsəri yazmaq nə dərəcədə vacib idi” sualının özündə səhv var. Əgər bu əsəri yazmışamsa, deməli, vacib bilmişəm. - Demək istəyirsiniz ki, “Dolu” romanı yazılmaya bilməzdi…
- Demək istəyirəm yox, deyirəm. Romanı oxuyanlar bilir ki, əsərdə söhbət hələ davam edən Qarabağ müharibəsindən gedir. Azərbaycan prezidenti cənab İlham Əliyev də Ağdam və Ağcabədiyə son səfəri zamanı bir daha vurğuladı ki, Ermənistanın Azərbaycanla apardığı müharibənin yalnız birinci dövrü başa çatıb. Yəni biz işğal altında olan torpaqlarımızı geri qaytarmayana qədər bu müharibə davam edəcək. Bu müharibədə hamımız əsgər olmalıyıq. Hələ ki, Ali Baş Komandanın silaha sarılmaq əmri yoxdur, ona qədər hər kəs bacardığı şəkildə düşmənlə müharibə aparmalıdır. “Dolu” romanı Dünyanın Ən Varlı Şəhərinin erməni işğalçılarına qarşı dirimsiz ölüm savaşının apardığı dövrdə orada yaşayan, döyüşən insanların yaşantılarını, həmin dövrdə ölkəyə rəhbərlik edən məmurların faciələrini əks etdirir. Əslində bu qiyamət günü idi, sağlığımızda gördük. Azərbaycan xalqı həqiqətlərdən çox uzaqdır. Bəlkə elə tarix boyu başımıza gətirilən oyunların səbəbi də həqiqəti görməməyimizdən, daha doğrusu, görmək istəməməyimizdən irəli gəlir. Mən “Dolu” romanı ilə çılpaq həqiqəti ortaya qoymağa çalışmışam.
- O necə həqiqətdir ki, obrazların dili ilə təqdim olunur? Mərdi, namərdi, bir sözlə hər kəsi öz adı ilə çağırmaq olmazdımı?
- Siz dediyiniz publisistikanın işidir. Obrazsız, fantaziyasız bədii əsər olmur. Əgər əsər kütləvi oxucu üçün nəzərdə tutulubsa, orada hər kəs görmək istədiyi insanı görməli, yaşamaq istədiyi hadisələri yaşamalıdır. Digər tərəfdən romandakı obrazlar real insanlardır. Mən onların heç birini özümdən uydurmamışam. Bizim Qarabağ müharibəsində Komandir kimi oğlanlarımız az olubmu? O qədər Pələnglər özünü tankın altına atıb ki? Mən müharibə vaxtı olduğum cəbhə bölgələrinin demək olar hamısında Drakona rast gəlmişəm. Onları bir-birindən heç nə ilə fərqləndirmək olmurdu. Əslində bütün mərdlər əkiz doğulurlar, elə qoşa da ölürlər.
- Romanda təsvir etdiyiniz hadisələrin üstündən 15 il keçəndən sonra onları qələmə almaqda gecikməyibsiniz ki?
- Həqiqətlər 50 ildən sonra da yazılır. Bir hadisəni isti-isti qələmə alanda, o əsər çiy olur, çünki sən yetərincə düşünməyibsən, həmin hadisənin səbəbləri barəsində dəqiqləşdirmə aparmayıbsan. Amma zaman keçdikcə, sular durulur və hər şey aydın şəkildə görünməyə başlayır. Onda oxucuya istədiyi həqiqəti çatdırmaq mümkün olur. Sadəcə, insanlara o həqiqəti elə dildə, elə biçimdə çatdırmaq lazımdır ki, bir daha xəyanətləri unutmasın, növbəti dəfə şirin vədlərə aldanmasın. Mən xalqımın aldanmamağı üçün bacardığımı eləyirəm. “Dolu” romanı ilə də buna xidmət etməyə çalışmışam. İstəyirəm insanlar yağış dolusu ilə, “Qrad” dolusunu səhv salmasınlar.
- Çox güman ki, adlarını obrazlarda gizlətməyə çalışdığınız mənfi qəhrəmanlar, sizin sözünüzlə desək, Namərdlər sizlə düşmən olacaq. Buna hazırsınızmı?
- Əlbəttə, hazıram. Ümumiyyətlə, müsbət, yaxud mənfi qəhrəman anlayışı sovet ənənələrindən qalıb. Obrazlardan biri pisdir, digəri yaxşı. İnsanlar hər ikisini qəbul eləyir. Kim deyə bilər ki, At Belində Olan Adamı qəbul edən oxucu olmayacaq. Məgər At Belində Olan Oxucu yoxdur? Kimə hansı obraz doğmadırsa, onu da sevəcək.
Dəqiq bilirəm ki, əsərimdə adını obrazlarda gizlətdiyim insanlar özlərini mütləq görəcəklər. Və ittihamlar başlayacaq. Əlbəttə, o adamlar məni məhkəməyə də verə, gizli, yaxud açıq düşmənçilik də apara bilərlər. Öz işləridir. Pələngin, Komandirin, Səhiyyə Nazirinin Müavininin, Rəisin, kişiliyindən danışan yazıçı At Belində Olan Adamın, Polyaniçkonun, Birincinin əclaflığından danışmamalı idi? At Belində Olan Adamlar oxuyub özünü görərsə və məni məhkəməyə verərsə, çox şad olaram. Birincisi, əgər həmən adam deyilsənsə, məni niyə məhkəməyə verirsən? Yox, həmən adamsansa, niyə indiyə qədər intihar etməmisən? Mən Dünyanın Ən Varlı Şəhəri deyəndə Azərbaycanın bir şəhərini göstərsəm də, bir şəhərini nəzərdə tutmamışam. Kimin üçünsə Ağdam Dünyanın Ən Varlı Şəhəridir, bir başqası üçün Tərtər, Şuşa, Laçın, Zəngilan, Füzuli… “Dolu” romanı ilə Azərbaycandakı müharibə gerçəkliyini qələmə almağa çalışmışam. Nə dərəcədə nail olmuşam, bunu oxucu deyə bilər.
- Əsərdə Dünyanın Ən Varlı Şəhəri uğrunda qəhrəmancasına vuruşan, əvəzində yurdunu itirən, qismətinə dəmir barmaqlıqlar düşən Komandirə həbsxanadan çıxandan sonra müxalifət partiyalarından elçi düşür. Yazırsınız ki: “Bu elçilərdən biri onu hövsələdən çıxartdı. İgid oğlan idi, vaxtilə bir şəhəri qoruyurdu, müharibənin yorğunluğunu və havasını çıxarmaq üçün onu da Bayıldakı bahalı otelin bahalı nömrələrinin birinə dincəlməyə göndərmişdilər. Canından müharibə havası çıxanadək dincəlmişdi, sonra Prezident əfv eləmişdi”. Komandirə elçi düşən bu adam sərt təpgi ilə qarşılaşır:
- Utanmırsan?
- Nədən?
- Bir şəhəri qoruyan oğlan indi bir adamı qoruyursan. Yəni bu adam o qoruduğun şəhərdən çox bahalıdır? Özün də qəzetdə bəyanat verirsən ki, ona bir söz deyən mənim meyitimin üstündən keçməlidir. Sənin meyitin qoruduğun şəhərdə qalmalıydı ey”.
Kimdi bu adam ki, bir şəhərin uğrunda yox, bir siyasətçinin uğrunda ölməyə hazırdır?
- Əvvəla, belə adamlar bir deyil, çoxdur. Xalq demək olar ki, onları tanıyır. Əlbəttə, mən bir ad çəkə bilərəm. Amma onda əsərimdəki qəhrəmanların hamısını konkretləşdirmiş olacağam. Söhbət özünü vətəninə qurban vermək əvəzinə siyasətçiyə qurban verən bir nəfərdən yox, nəfərlərdən gedir. Zamanın hansısa mərhələsində qəhrəmanlıq eləmək olar. Ən böyük qəhrəmanlıq isə necə olubsansa, elə də qalmaqdır. Kim deyirsə ki, həyat qısadır, yalan deyir. Həyat uzundur. Ona görə də az adam bu qədər uzun müddətdə öz mənliyini qoruyub saxlaya bilir.
- “Dolu” romanında müharibənin birinci mərhələsinin məğlubiyyətimizlə bitməsində əməyi olan adamların adları çəkilməsə də, hərəkətləri öz əksini tapıb. Onlardan hazırda sağ olanları da var…
- Bilirəm nə demək istəyirsiniz. Mənim heç kimdən qorxum yoxdur. Heyləyəcəklər axı? Dünyanın Ən Varlı Şəhəri düşmən işğalı altındadırsa, Dünyanın Ən Varlı Şəhərində doğulan bir Adam üçün bundan da böyük qiyamət ola bilərmi?
- Azərbaycan xalqına həm də lazımdır ki, onun başına gətirilən oyunlardan dünya xəbər tutsun. Təbii ki, bu işi də ədəbiyyat görməlidir. Konkret olaraq, “Dolu” romanının sərhədləri keçmək imkanı nə qədərdir?
- Əvvəla mən bu romanda bütün sərhədləri keçmişəm. Romanın da ölkə sərhədlərini keçəcəyinə inanıram. Əsərdə söhbət Qarabağ müharibəsindən getsə də, əslində ümumiyyətlə, mən müharibələrin dəhşətlərini, insanlığın faciəsini verməyə çalışmışam. Bu dəqiqə dünyanın altmış faizi bu dəhşəti, bu faciəni yaşayır.
- Romanda Dünyanın Ən Varlı Şəhərini cənnət kimi təsvir edirsiniz. Amma onu da yazırsınız ki, dünya şöhrətli Rəşid Behbudovun papağını və bahalı daşlardan hazırlanan xəncərini həmin şəhərdə oğurlayırlar. Bu necə cənnətdir ki, orada oğurluq baş verir?
- Elə dünyada ilk oğurluq, ilk günah cənnətdə baş verib də. İkincisi isə mən Dünyanın Ən Varlı Şəhərini cənnət kimi göstərməyə çalışmamışam. Sadəcə, sizdə belə təəssürat oyanıb. Bəli, Rəşid Behbudovun papağının və xəncərinin oğurlanması real hadisədir. Amma bu oğurluq heç də əclaflıqdan irəli gəlməyib. Romanda da göstərmişəm ki, Rəşid Behbudovun papağını və xəncərini oğurlayan uşaqdır və dostlarının yanında qürrələnmək üçün belə addım atıb. Rəşid Behbudov oğurluq hadisəsindən nə qədər əsəbiləşməyinə baxmayaraq, həqiqəti biləndə onu bağışlayır və papaqla, xəncəri uşağa hədiyyə edir. Rəşid Behbudovun papağını və xəncərini gəzdirən uşaq isə mütləq qəhrəman olmalı idi. Oxucuya Pələng adı ilə təqdim olunan bu uşaq müharibədə elə pələng kimi vuruşur, pələng kimi də həlak olur. Sizə bir acı həqiqəti deyim. Həyat göstərdi ki, bizim küçə uşağı, avara, oğru, dalaşqan, quldur kimi baxdıqlarımız müharibədə onlara elə baxanlardan daha vətənpərvər, daha qeyrətli çıxdılar. Romanda da bunu verməyə çalışmışam.
- Onsuz da Drakon söz vermişdi ki, uşaqların yanında ona əl qaldırdığı üçün Pələngi öldürəcək.
- Pələng onu öldürəcəyinə and içən Drakonu öz həyatı bahasına ölümdən qurtarır və can verəndə ondan soruşur ki, doğrudan məni güllələyəcəkdin? Drakon isə “hə” cavabı verir, ardınca deyir ki, səni Bulvarda öldürəcəkdim. Mən bununla oxucunun diqqətini sözü bütöv kişilərin varlığına çəkmək istəyirəm. Belə kişiləri olan torpaq işğaldan mütləq azad ediləcək.
- Bir oxucu kimi müşahidə etmişəm ki, Aqil Abbas əsərlərində yazıçı azadlığından geninə-boluna istifadə etməyi xoşlayır. Bu dəfə isə bir qədər də qabağa gedib, Allahı obrazlaşdırmısınız. Yazırsınız ki, Tanrının başı Qədir Rüstəmovun səsinə qulaq asmağa qarışmışdı. Yaxud mələklər güllələrdən deşik-deşik olmuşdu, Əzrayıl əlində çürümüş alma qalıb ortalıqda və sair və ilaxır. Siyasi təbəqə ilə yanaşı, dindarların da hücumuna məruz qala bilərsiniz axı…
- Burada bir qədər yanlışlığa yol verdiniz. Mən “Allah” yox, “Tanrı” ifadəsi işlətmişəm. Tanrı inam obyektidir. Bir ölkədə, konkret Dünyanın Ən Varlı Şəhərində yaşanan dəhşətlərə belə deyək də, məhəl qoymayan Tanrı barəsində necə deməyəsən ki, başı qarışıb? Həm də bu, ədəbi priyomdur. Qədir Rüstəmovun ilahi səsə məxsus olduğunu bir daha sübuta yetirmək üçün bu priyomdan istifadə etmişəm. Az insan tapılar ki, əlini göyə açıb gözəgörünməzə “tanrı, bu zülmlərə niyə göz yumursan” sualı ilə müraciət etməsin. Dünyanın Ən Varlı Şəhərinin sakinləri də tanrılarına bu sualla az müraciət etməyib. Bilirsiniz, mən yazıçı olmaqla yanaşı, həm də oxucuyam. Romana oxucu kimi yanaşanda məndə elə təəssürat yaranır ki, Tanrı yaratdığı bəndələrinin hərəkətindən usandığı üçün aşağıya baxmır, Qədirin səsinə qulaq asıb dincəlir. Amma belə olmamalıdır. Yoxsa onu yer üzündə tamamilə unudacaqlar.
- Aqil müəllim, Rəşid Behbudovun Pələngə bağışladığı papağın və qiymətli xəncərin aqibətinin necə olması qaranlıq qalır. Dünyanın Ən Varlı Şəhəri işğal olunandan sonra Pələngin anası hədiyyələri özü ilə qaçqın düşdüyü düşərgəyə gətirir. Pullu adamlar nə qədər təkid etsələr də, Pələngin anası nə papağı, nə də xəncəri onlara verir…
- Əslində papaq və xəncər yoxa çıxmalı idi. Azərbaycanlı mentalitetində papaq da, xəncər də kişilik rəmzidir. 20 faizi işğalda olan bir ölkədə hansı papaqdan, hansı xəncərdən danışmaq olar? Azərbaycanı dünyada tanıdan Rəşid Behbudovun yadigarını qoruya bilsəydik, heç bu əsər də yaranmazdı. Pələng can verəndə Drakona deyir ki, papaqla xəncəri Komandirə verərsən. Komandir də ki…
-…Dünyanın Ən Varlı Şəhərinin xaraba qalmasına yardım edənləri, onu həbsxanaya salanları, qəhrəmanlığını unutmayanları, bir sözlə, hamını tərk edib, balığa qoşularaq müharibə dostlarının yanına gedir.
- Komandir uduzmağı sevməyən insandır. O, uduzanların yanında qala bilməzdi. O, qalib olmaq üçün doğulmuşdu. Qələbələr üçün doğulan insanların məğlublar ordusunda intihar etməyə haqqı var. Qalib kimi şəhid olanların cərgəsinə qoşulmaq Komandirin də haqqı idi. Mən onun bu haqqını tanıdım.
- Roman dolu ilə başlayır, dolu ilə davam edir, dolu ilə də sona çatır. Həm başlanğıcdakı, həm də sonluqdakı dolu təbiət hadisəsidir. Yalnız əsər boyu göydən tökülən dolu vəhşi insan əməlinin nəticəsidir. Belə çıxır ki, yenə də təbiət insana qalib gəlir. İnanırsınızmı ki, əvvəldə və sonda yağan dolu ardınca bu məmləkətə günəş gətirəcək?
- İnanmasaydım, onda heç “Dolu” romanı da yaranmazdı.




Bölmə: 








