Qaynar xəbər portalı

Kitab dünyası


Aydın XanXorxe Luis Borxes: kimsə ona şair deyir, kimsə esseist; kimsə ona biblioqraf deyir, kimsə mifoloq; kimsə ona nasir deyir, kimsə kitabxanaçı… kulturoloq… filoloq… naşir… antologiya tərtibçisi … yeni ədəbi janr və istiqamətlərin banisi…
Mənsə ancaq onu bilirəm ki, tanıyandan sonra Borxesi br neçə dəfə itirdim: onun kiçik bir hekayəsini üç dəfə tərcümə etdim: ilk dəfə birbaşa kompyuter disketinə yazdığım mətn pozuldu, başqa vaxt kompyuterin yaddaşına virus düşdü, sonuncu dəfə isə sadəcə özüm həvəsdən düşdüm.O zaman Tanrıya çox yalvardım ki, Borxesi yenidən mənə qaytarsın.
Yaşadığımız dünyanın qaranlıqlarını - şərini görməməsi üçün Yaradan Borxesi dünya nurundan məhrum etmişdi. İndi isə onu, başqa bir bəndəsi olan mənə qısqanırdı. Ancaq Yaradan – yaratdığını sevən İlahi Qüvvədir. O, yenidən Borxesi mənə nə vaxtsa qaytarmalı idi və elə də oldu…
Adəmdən sonra  bu ağlı-qaralı dünyamıza təşrif buyurmuş milyardlarla insanlardan biri kimi 24 avqust 1899-cu ildə Buenos-Ayresdə doğulmuş (bəlkə də o dünya üçün ölmüş) Xorxe Luis Borxes 14 iyun 1986-cı ildə bu dünyadan köçəndə (öləndə yox, məhz köçəndə - həm də o biri dünyaya görə təzədən doğulanda) bilsəydi ki, minilliyin əvvəlində onun haqqında Azərbaycanda da danışmağa başlayacaqlar, - yazmağa deyil, məhz danışmağa: yazıçılar haqqında yazmaq onları anlamaq qədər çətin bir iş olduğundan, o yükün altına girməyə heç vaxt ürək eləmirəm - inanın, bəlkə də ölməzdi (məgər, o, ölüb?)…
Sirli (sehirli) Borxes həm də çox soyuq (bəlkə də İlahi) bir yazar, mütəfəkkir və kulturoloqdur. Onun əsərlərini oxuyanda, adamı soyuq (ilahi) tər basır. Lakin sonra hiss edirsən ki, bu soyuqluq, əslində, sənin qəlbinə od salıb: ardınca isə şiddətlənən sənət atəşində, heç özün də hiss etmədən, alışıb-yanmağa başlamısan…
Yenicə tarix səhnəsində itmiş XX əsrdə bəşər mədəniyyətinə - ümumdünya ədəbiyyatına Boprxes qədər kulturoloji (bu terminin hərtərəfli və geniş mənasında) təsir edən ikinci bir sənətkar tapmaq olduqca çətindir.
Yazarın çeşidli yaradıcılığı kimi özünün şəxsiyyəti və dünyagörüşü də az qala mifə çevrilib. Elə belə də olmalıydı: axı bu adam bütün yaradıcılığını və özünüdərkdən sonrakı olan-qalan ömrünü mifologiyaya, mifləri öyrənməyə, daha sonra isə sənət mifləri yaratmağa sərf edib. O mənada həm Borxes, həm  də onun mifik təfəkkürünün məhsulu olan bir çox ədəbi surətlər – hekayə qəhrəmanları dünya mədəniyyətində elə bir iz qoydu ki, bu “çapıqlarsız”  çağdaş kulturoloji durum belə inkişaf etməzdi, elə yerindəcə çabalayardı…
Dünya ədəbiyyatında kor kitabxanaçı (Argentinanın Milli Kitabxanasının direktoru təyin ediləndə Borxesin gözləri tutulmuşdu) surətlərin sayı-hesabı yoxdur - Umberto Ekonun “Qızılgülün adı” romanındakı baş mənfi qəhrəmanı Xorxeri xatırlayaq - lakin həyatı ilə yaratdığı obrazlar arasında bu qədər yaxınlığı heç bir yazarın yaradıcılığında müşahidə etmək mümkün deyil.
Borxesin qəhrəmanları - onların yaratdığı müxtəlif obrazlar öz şəxsi iradəsini göstərmək üçün dirilirlər (“Telyon, Ukbar, Obris Tertius” – “Üçünü Dünya”), ya da qəhrəmanlar özləri kimlər tərəfindənsə yazılmış ədəbi surətlər olurlar (“Alovun dairəsi”).
Xəfiyyəni hansısa tələyə salmaq üçün caniyə kompyuter proqramına - İnternet şəbəkəsinə oxşar düşünülmüş məntiqli konstruksiya – sənət labirinti yaratmaq lazım gəlir (“Babil Kitabxanası”)…
İlk baxışdan Borxesin yaradığı əsərlərin mövzusunu bir cümləylə ifadə etmək mümkündür, çünki özü kimi yazdıqları da quruluşca sadə, mənaca mürəkkəb, sonluğuna görə gözlənilməzdir.
Əslində, onun həyatı ilə yaradıcılığı bir-birinə elə qarışıb ki, əsərlərini oxuyanda düşünürsən: “Borxes, bəlkə də bizim özümüz - hamımız deməkdir…”
Ustadın ruhu inciməsəydi, həm də belə demək mümkündür: “Bəlkə də o, heç kimdir - sadəcə, İlahi sənətkardır, içimizdə hər gün qətlə yetirdiyimiz ruhumuz, düşüncəmizdə zorladığımız intellektimizdir”…
…Ustad Borxes bu dünyada olmasa da, əsərləri bizimlədir, yaxud bizdədir: əslində, sevimli-sehirli yazar və onun bizə hələ də yaxşı tanış olmayan yaradıcılığı həm mənim, həm də hamımızın ruhuna qovuşub, özü də lap çoxdan - dünya yaranandan…






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: