Mən meşəqıranam. Adımı bilməsəniz də olar.
İçində dünyaya göz açdığım və yəqin ki, elə oradaca həyatdan uzaqlaşacağım taxta daxma meşənin lap kənarında yerləşir.
Söyləyirlər ki, bu meşə dünyanı əhatə edən və mənimkinə oxşar taxta komaların qarşısını kəsən dənizə qədər uzanır. Fəqət mən heç vaxt o dənizi görməmişəm, onun barəsində də aydın təsəvvürüm yoxdur. Mən heç meşənin əks tərəfini də görməmişəm. Biz uşaq olanda böyük qardaşım məni and içməyə məcbur etdi ki, bu meşəni son ağacına qədər birlikdə qıracağıq. Qardaşım həyatla vidalaşdı, indi mən bu işi başa çatdırmaqdan ötrü bir adam axtarıram və güman ki, hələ çox axtaracağam.
Qərb tərəfdə kiçik bir çay axır və mən yalın əllə onun suyunda balıq tutmağı bacarıram. Meşədə həm də acgöz qurdlar fırlanır, lakin canavarlar məni qorxuda bilməzlər: baltam, bircə dəfə də olsa, yiyəsini darda qoymayıb.
Yaşadığım illəri saymamışam. Bilirəm ki, onlar lap çoxdan üst-üstə qalanır. Gözlərimin nuru get-gedə azalır. Yolu azmamaq üçün indi daha ayaq basmadığım kənddə məni, nəyə görəsə, xəsis hesab edirlər.
Lakin indi adi bir ağackəsən nəyə simiclik edə bilər ki?
Çöldəki qardan qorunmaq üçün, daşlardan dayaq vurmaqla, daxmamın sınıq-salxaq qapısını möhkəm sıxmışam.
Bu olay, çoxdan baş verib, bir axşam ağır addım səslərini, ardınca da qapının döyüldüyünü eşitdim. Qapını araladım və tanıdığım adam içəri soxuldu. Yırtılmış plaşa bürünmüş yaşlı və ucaboylu bir kişi idi. Yanağındakı iri bir çapıq sifətini iki yerə bölmüşdü.
Görünür, illər qəddini sındıra bilməmiş, əksinə, xasiyyətinə hökmranlıq əlavə etmişdi, lakin hər halda mən hiss etdim ki, o, əsasız yeriyə bilmir.
İndi xatırlamadığım sözlərlə salamlaşdıq.
Sonra o, dedi:
- Mənim doğma, isti ocağım yoxdur və harada gəldi, elə oradaca gecələyirəm. Eninə və uzununa keçməklə mən saksların bütün torpaqlarını ələk-vələk etmişəm. - Bu sözlər onun yaşı haqqında çox şeyi anladırdı. - İndi adamların İngiltərə adlandırdığı o torpaqlara mənim atam həmişə Saksoniya deyirdi.
Biz süfrədəki balıq və çörəyi yarıbayarı bölüşdük. Yemək vaxtı heç birimiz danışmadıq. Çöldən yağmağa başlayan yağışın səsi gəlirdi. Vaxtilə ölmüş qardaşımın meyitini uzatdığım torpaq döşəmədə onun üçün dəridən yataq yeri düzəltdim.
Sübh tezdən biz mənim komamdan çıxanda artıq dan yeri sökülmüşdü. Göy üzü açılmış və yer təptəzə qarla örtülmüşdü.
Qəfildən yol yoldaşım əsasını əlindən saldı və gözləmədiyim halda qəfildən mənə əmr etdi ki, onu yerdən qaldırım.
- Mən sənə nə üçün tabe olmalıyam ki? – özümdən asılı olmayaraq qeyzləndim.
- Ona görə ki, mən hökmdaram, - öz növbəsində o da boynuma minnət qoydu.
Öz-özümə düşündüm ki, yəqin dəli olub. Əsanı yerdən qaldırıb ona uzatdım. O, səsini qaldırararq danışmağa başladı.
- Mən Sekgenlərin kralıyam, - təkrar etdi, - Dəfələrlə ağır vuruşlarda döyüşçülərimə qələbə sevinci bəxş etmişəm: fəqət, lazımi anda öz hökmranlığımı itirmişəm. Adım İzerndir. Əslən isə Odindənəm.
- Mən Odinə tabe deyiləm, - dilləndim. – İsa Məsihə ehtiram göstərirəm.
O isə danışmağında idi, sanki məni eşitmirdi.
- Sürgün cığırlarında sürünsəm də əsl hökmdaram: çünki məndə disk var. Göstərimmi onu sənə?
Az qala sümükləri çıxmış sağ əlini açdı, ovcunun içini göstərdi. Məhz bu zaman xatırladım ki, gördüyüm andan onun əli yumruqlanmış vəziyyətdə bükülmüşdü.
Sərt baxışlarını gözlərimə zilləyərək məni başdan-ayağa süzdü:
- Sən toxuna bilərsən.
Mən ehtiyatlana-ehtiyatlana, barmaqlarımın ucu ilə onun ovcunun içinə toxundum. Canımdan soyuq bir üşütmə keçdi və onun ovcunun içindəki parıltını gördüm.
Yad adamın əli həmin dəqiqə büküldü. O, hövsələsiz halda izahlarına davam etdi, sanki uşağı anlatmağa çalışırdı.
- Bu, Odinin diskidir, - bildirdi. - Onun yalnız bir tərəfi var. Dünyada bundan başqa elə bir şey yoxdur ki, ancaq bir tərəfi olsun. Nə qədər ki, bu disk məndədir, əsl hökmdar da özüməm.
- O, qızıldandır? – tez maraqlandım.
- Bilmirəm. Bu, Odinin diskidir. Onun yalnız bir tərəfi var.
İçimdə diski əldə etmək arzusu doğdu. Əgər disk məndə olsaydı, onu qızıl külçələrə dəyişər və hökmdara çevrilərəm. İndiyə qədər də nifrət etdiyim səfilə dedim:
- Daxmamda sikkələrlə dolu sandıq gizlətmişəm. Sikkələr qızıldandır və onlar baltanın ağzı kimi parıldayırlar. Əgər Odinin diskini mənə bağışlasan, sandığın içindəkiləri sənə verərəm.
- İstəmirəm. – deyə o, inadkarlıq etdi.
- Onda, – hirsləndim, - gəldiyin yerə də sürüş.
O, arxasını mənə çevirdi. Bir zərbə bəs edərdi ki, onu yerə sərəsən: o, yerə yıxılanda ovcu açıldı və mən havada parıldayan haləni gördüm.
Balta ilə qaldığımız yeri nişanlayıb meyiti bir qədər yuxarıda axan çaya tərəf dartdım və elə oradaca onu suya atdım. …Daxmaya aparan yolda itirdiyim diski çox, lap çox axtardım. Lakin mən onu tapa bilmədim.
O hadisə çox-çox bundan öncə baş verib, lakin mən elə hey axtarmağımdayam…
Çevirəni: Aydın Xan (Əbilov)
« Aydın Xan (Əbilov). “X.L.Borxes: XX əsr ədəbiyyatının sirli mayakı” (Esse) | Əsas səhifə | Aqil Abbas: “Dolu” romanındakı obrazların heç birini özümdən uydurmamışam” »




Bölmə: 



(3 səs, təxmini: 3.67 ilə 5)





