Kənardan özümüzə baxmaq, - bu kənar dediyimiz dost və qardaş ölkə Türkiyə olsa belə məncə çoxları üçün maraqlı olar. Bunu düşünərək bir Azərbaycan vurğunu, əslən azərbaycanlı olan A.Ugur Olgarın «Andız» jurnalının 12-ci sayında dərc olunmuş yazısını dilimizə uyğunlaşdıraraq sizlərə təqdim edirəm
Aslan Quliyev
Siz heç muğam dinlədinizmi?
Texnolojinin yararlarını inkar eləməmək gərəkdir. Digital duyğu alıcılarının verdiyi imkanla evimdə rahat kreslomda oturub Azərbaycan Dövlət Televizorunu (Az-Tv) açaraq, həftənin hər salı və perşenbe axşamında muğam yarışmasını izləyirəm. Bu günlərdə böyük finalı yaxınlaşan yarışmanın məndə tam bir alışqanlıq yaratdığını deyə bilərəm. İçimdən üzümü uca dağlara doğru çevirib, əlimi qulağımın dibinə ataraq avazla, ucadan muğam oxumaq istəyi keçir. Azərbaycanda «salı günü»nə «çərşənbə axşamı», «perşenbe günü»nə isə «cümə axşamı», ya da həftənin 2-ci günü, həftənin 4-cü günü deyirlər. Bax bu 2-ci və 4-cü günün axşamları, bizim saatla 19.00- da, («Azərbaycan saatıyla 21.00, çünkü odlar ölkəsində günəş iki saat erkən doğur) bizim evdə axan sular durur, bütün ailə muğam yarışmasına kilitlənir.
Qaynaqlarını və köklərini xalq ənənələrindən alan, yüz illər içində cilalanıb günümüzə ulaşan və ustalaşmış peşəkar musiqiçilərin icra etdiyi olduqca yüksək səviyyəli bir sistemin məhsulu olan muğam sənəti, günümüzdə ən gözəl örnəklərini Əlibababa Məmmədov, Arif Babayev, Zabit Nəbizadə və Alim Qasımov adlı azəri sənətçilərinin verdiyi qədim bir azəri musiqisidir. Hətta keçdiyimiz illərdə Yunesko tərəfindən Alim Qasımova bu musiqi sahəsindəki uğurlu çalışmalarına görə yüksək musiqi mükafatı verildi. Heyrətləndirici duyğusallıqla zəngin müxtəlif çeşidli muğamların tamam başqa bir dünya olduğu və dinləyənlərə bir dünya ləzzət verdiyini demək lazım gəlir. Kronos Quartetin Rəhman Əsədullahı ilə birlikdə ifa etdikləri muğam çalışmalarını da unutmamaq gərəkdir.
Bu məqamda yarışma ( Azəri dilində müsabiqə) başlayır. İlk müşahidə etdiyim bizdəki pop-star yarışmalarına heç bənzəmədiyi, hər şeyin çox ciddi anlamda ələ alınıb düşünüldüyü və uyğulandığı… Bir də «münsiflər heyəti» deyilən və içərilərindən bəzilərinə «ağcaqqal müəllim» deyə müraciət edilərək xüsusi bir sayğı göstərilən son dərəcə bilikli, qürurlu, ölçülü-biçili ciddi bir seçicilər heyəti var. Hər yarışmanın ardından bu 8 nəfərlik heyətin üzvləri tək-tək yarışmaçının pərformansı haqqında danışıb müzakirələr aparır, şərhlərini deyir, sonra da xal verirlər. Yarışmaçının ələnib-ələnməməsi sadəcə bu heyətin verdiyi xallara görə müəyyən olunur, daha cib telefonları ilə göndərilən mesajların dəyərləndirilməsinə ehtiyac qalmır. Münsiflər heyətində hər kəs bir-birinə son dərəcə hörmətlə yanaşır, kimsə kimsəylə bizdəki kimi davaya can atmır, birbirlərinin xətrinə dəyəcək bircə söz belə demirlər.
Əslində kökü çox qədimilərə dayanan və qaynağını xalqdan alan bir musiqi növü olan muğamı oxumaq o qədər də asan deyil. Yaşca çox gənc olan yarışmaçılar, - Elməddin İbrahimov adlı yarışmaçı 11 yaşına yenicə girdi, - bu zor işin öhdəsindən gəlməyi bacarırlar. Hər muğam təxminən 15-20 dəqiqə çəkir. Milli və ənənəvi geyimlərdə səhnəyə gələn yarışmaçılar əllərində bizim dəf dediyimiz ( Əslində bizdə də çox yerdə dəf deyirlər, - tər.) qavallarıyla musiqiçilərin yanındakı yerlərini böyük bir ciddiliklə alırlar. Diqqətimi çəkən bir məqam da, - münsiflər heyətinin bir üzvü yarışmaçı gənclərə nə cür hirslənirsə hirslənsin, hətta yerdən yerə vursun, yarışmaçının sadəcə xəfif bir təbəssümlə cavab verməsi, ustadlarıyla dialoqa, mübahisələrə girməməsi oldu. Bizim pop-star yarışmasında yaşanan dialoqları (Bir misal: İbrahim Tatlısəsin yarışmaçı Aylinlə çirkin dialoqu) xatırladıqca müğam yarışmasını daha çox sevirəm.
3 yanvar cümə axşamı bu yarışmada səhnə alan və məncə yarşımanın favorisi olan Güllü Muradova bir «Sarı gəlin» səsləndirdi ki, indiyə kimi heç bu qədər gözəl «Sarı gəlin» dinləmədiyimi etiraf eləməliyəm. Bax bunun klipini yapıb «you tube»ya yəqin yüklərlər deyə düşünərək gözləməyə başlamışdım ki, ertəsi gün gözləntimin boşuna olmadığını gördüm. Güllünün «Sarı gəlin»ini dinləmək istəsəniz lütfən yazının altındakı sitəyə qonaq olun.
Həftənin 2-ci və 4-cü günləri yaxınlaşır. Muğam yarışmasını izləməyə nə deyirsiniz?
Http://azerbaycan994.sitemynet.com




Bölmə: 









Elnarə Şəms adlı istifadəçi, Fevral 2, 2008 tarixində, saat 20:10 yazıb:
Hörmətli A.Uğur Olgar,Sizin muğama,Azərbaycan musiqisinə olan sevginizi alqışlayıram.Muğam aləmi bir tərbiyə ocağıdır,burada tarix boyu yaşlı sənətçilərə hörmət göstərilib və ümidvaram ki,göstəriləcəkdir.
Aslan bəyə də həmişəki kimi öz təşəkkürümü bildirirəm ki soydaşımıza lazımi münasibəti göstərir.Hər birinizə ayrı-ayrılıqda uğurlar arzulayıram və sonsuz hörmətimi bildirirəm,hörmətlə.
Hə bu arada tam səs məndən(alınacaq alınmayacaq bilmirəm)
Qəşəm Nəcəfzadə adlı istifadəçi, Fevral 4, 2008 tarixində, saat 11:37 yazıb:
Əzizim Olgar, senin Azerbaycan ədəbiyyatı üçün böyük işlər gördüyünü hər kəs yaxşı bilir, Sənə minnətdaram. Bu yazını da Azərbaycan oxucularına çatdırdığına görə gözəl yazıçımız Aslan bəyə təşəkkür edirəm.
MANIS adlı istifadəçi, Fevral 9, 2008 tarixində, saat 07:38 yazıb:
……
:))
—-
Bu yazı deyəsən “kultaz”a təsadüfən düşüb.
Zahir, “kultaz” yavaş-yavaş “Sənət” qəzetinə bənzəməyə başlayır…