Uşaqlığımın İstanbulunu ağ-qara şəkillər kimi iki rəngli, yarıqaranlıq, qurğuşun rəngli yer kimi yaşadım və belə də xatırlayıram. Böyük bir muzey-evin yarıqaranlığında böyüməyimə baxmayaraq, evə çox bağlı olmağımın da bunda payı vardır. Küçələr, prospektlər, uzaq məhəllələr mənə eynilə ağ-qara qanqster filmlərində olduğu kimi təhlükəli yerlər kimi görünürdü. Hər zaman İstanbulun qışını yayından daha çox sevmişəm. Erkən gələn axşamüstülərini, gülcü külək əsəndə titrəyən yarpaqsız ağaclara, payızı qışa bağlayan günlərdə qara palto və pencəkləriylə yarıqaranlıq küçələrdən sürətlə addımlayaraq evlərinə tələsən adamlara baxmağı xoşlayardım. Köhnə binaların, dağılan taxta imarətlərin baxımsızlıq və boyasızlıqdan özünəməxsus İstanbul rənginə qovuşan divarları da məndə xoşladığım kədər və seyrtemə həvəsini oyandırır. Qış günləri axşam erkən gələn qaranlıqdan sonra tələsə-tələsə evlərinə dönən adamların ağ-qara rəngləri məndə bu şəhərə aid olduğum, bu insanlarla nələrisə bölüşmə hissini yaradır.
Həyatın küçələrin və əşyaların yoxsulluğunu gecənin qaranlığı sanki örtəcək və hamımız evlərimizdə, otaqlarda, yataqlarda nəfəs alıb-verərkən İstanbulun artıq çox uzaqlarda qalmış keçmiş zənginliyindən, yoxa çıxmış tikililərindən və əfsanələrindən düzəlmiş yuxularla, xəyallarla əsir-yesir olacağımız kimi hiss edirəm. Soyuq qış axşamlarını, tənha kənar məhəllələrə, solğun lampalarına rəğmən şeir kimi düşən qaranlığını yad, qərbli gözlərin nəzərlərindən uzaqda olduğumuz, şəhərin xəcalətlə gizlətmək istədiyimiz yoxsulluğunu örtdüyü üçün də sevirəm.
Tənha arxa küçələrdə, beton binalarla taxta evlərin mənim uşaqlığımdakı məqamını göstərdiyi (sonra yavaş-yavaş taxta evlər dağıldı və mənə sanki onların davamı kimi görünən binalar eyni küçədə, eyni yerdə eyni duyğunu verməyə davam etdi) küçə lampalarının solğun işığı heç bir şeyi işıqlandırmadığı və İstanbulu mənim üçün İstanbul edən “axşamüstü ağ-qara” duyğusunu çox yaxşı əks etdirdiyi üçün Ara Gülerin çəkdiyi fotoşəkil bəzən fikrimdə canlanır.
Mənim uşaqlıq illərimdən qalan plitə daşları, alban səkiləri, pəncərələrin dəmir məhəccərləri, içləri boşalmış, köhnələn taxta evlər qədər məni bu fotoşəklə bağlayan şey axşamın hələ tam düşməmiş olmasına rəğmən, küçədə gecədən xeyli keçməsi və arxalarınca kölgələri gələn bu iki adamın evlərinə qayıdarkən sanki özləriylə birlikdə şəhərə gecələri də gətirmələridir.
1950-60-cı illərdə şəhərin hər guşəsində bir kənarda saxlanılmış film şirkəti mikroavtobusu, generatorla işlədilən iri lampa, rollarını əzbərləməyən ifrat boyalı qadına yaraşıqlı kişi kömək edərkən generatorun gurultusuna görə var qüvvəsi ilə bağıran suflyor (pıçıldayan kişinin fransızcası) və onlara maraqla baxan adamları və uşaqları güc işlədərək kameranın önündən uzaqlaşdırmağa çalışan sərt işçilərdən ibarət filmçəkənlərlə qarşılaşır, mən də baş verənlərə uzun-uzadı baxardım. Qırx il sonra türk film sənayesi daha çox ssenari müəllifləri, aktyor və rejissorların bacarıqsızlığına görə, bir az da təqlid etməyə pullarının çatmadığı Hollivudun gücüylə çöküncə, televizorlarda hamısı yenidən göstərilən bu ağ-qara filmlərdəki küçə səhnələrini, keçmiş bağçaları, Boğaz sahillərini, dağılmış mülk və binaları onları yaşadığım və xatırladığım kimi ağ-qara olaraq görüncə bəzi vaxtlar baxdığımın film deyil, xatirələrim olduğu hissinə qapılar, bir an hüzndən sərsəmləyərdim.
Şəhərin bu ağ-qara toxumasının ayrılmaz hissəsini bu keçmiş kinolarda hər gördüyümdə məni həyəcanlandıran küçələrdəki parket daşlarıdır. Özümü İstanbul küçələrinin təəssüratçı rəssamı kimi xəyal etdiyim on ben-on altı yaşlarımda plitə daşlarını bir-bir çəkməkdən əzablı zövq alardım. Üzərləri cəfakeş bələdiyyələr tərəfindən amansızcasına asfaltla örtülməzdən əvvəl maşınların çox tez sıradan çıxarması səbəbilə marşrut və taksi sürücüləri yollardan şikayət edərdilər. Marşrut sürücülərinin müştəriləri ilə dərdləşdikləri bir başqa məsələ də əlbəttə kanalizasiya, elektrik və s. təmirinə görə yolların davamlı olaraq qazılıb tökülməsi idi. Bu növ təmir üçün plitə daşlarının bir-bir sökülməsinə baxmaqdan və daha çox heç bitməyəcəyi sanılan qazıntı - bəzən bir Bizans dəhliziylə qarşılaşırdılar - ən sonda tamamlanınca işçilərin daşları mənə sehrli görünən əl hünəriylə xalı kimi döşəmələrini seyr etməkdən çox xoşlanardım.
Şəhəri mənim üçün ağ-qara edən bir başqa şey uşaqlığımın taxta imarətlər, imarət deyilməyəcək, amma böyük və dağılmış vəziyyətdəki köhnə taxta evlər idi. Yoxsulluq və başısyouqluq ucbatından bu evlərin heç biri boyanmadığı, soyuqdan, nəmdən, çirkdən və köhnəlməkdən yavaş-yavaş qaraldığı üçün ortaya çıxan o xüsusi rəngi, qara ilə ağın bu qanqaraldıcı, amma qorxuducu şəkildə gözəl rəngdə olan bir çox taxta evi arxa məhəllələrdə yan-yana gördüyüm üçün uşaqkən bu tikililərin ilk rənglərinin də belə olduğunu zənn edərdim. Bəlkə ən yoxsul küçələrdə tikildikdən sonra heç vaxt rənglənməyən bir neçəsi bu qarayla ağ arası qəhvəyi rəngə çalan rəngi əvvəldən özündə daşıyırdı. Amma İstanbula 19-cu əsrin ortasında, ya da daha əvvəl gəlmiş Qərb səyyahlarının yazdıqları, xüsusi varlıların evlərinin rənglərinin və tərtəmiz havasının şəhərə güclü, doymuş, zəngin gözəllik verdiyinə şahidlik edir. Mən də bəzən uşaqlığımda bütün bu taxta binaların boyanacağı barədə xəyallar qurardım. Amma qaralmış köhnə taxtanın bu çox özəl görünüşünün, havasının şəhərdən və həyatımdan çıxıb getdikdən sonra kədərlə həsrətini çəkərdim. Yay günləri qupquru olub qəhvəyi rəngə çalan, ya da tabaşir kimi olan və kövrəkliyindən bir anda çıraq kimi yanıb alışa biləcəyi hiss edilən bu köhnə evlərin taxtası qışda uzun sürən soyuqdan, qardan və yağışdan sonra özünəməxsus nəm, kif və taxta qoxuyardı. Cümhuriyyətin qanunlarına görə, içində hansısa dini fəaliyyətin olmadığı, çoxu boşaldılmış olan və illərdir azğın uşaqlar, xortdanlar və qədimi əsər axtaranlardan başqa heç kimin girmədiyi taxta binalar da məndə eyni qorxu, maraq və cazibə duyğuları oyandırır, yarısökük bağça divarlarıyla islaq ağaclar arasından qırıq şüşələri görünən bu tikililərə ürpərərək, amma həvəslə baxardım.
Şəhərin bu ağ-qara ruhuyla məni dərhal təkcə qoyduğu üçün Le Corbusier kimi həvəskar Şərq səyyahlarının qara qələmlə çəkdiyi şəkillərə baxmaqdan, İstanbul haqqında əllə çəkilən ağ-qara şəkilli romanları oxumaqdan zövq alıram (yaradıcısı Hergenin çəkməsi üçün uşaqlığımda uzun illər gözlədiyim Tentenin İstanbul macərası heç çəkilmədi, amma ilk Tenten filmi İstanbulda çəkildi. 1962-ci ildə çəkilən bu uğursuz filmin bəzi kvadratlarının rəsimləşdirilməsi ilə və digər Tenten macəralarından kəsilmiş kvadratların montajı ilə istanbullu yaradıcı bir pirat yolla istehsal etdiyi “Tenten İstanbulda” adlı ağ-qara macəra vardır). Köhnə qəzetlərdəki (hamısı ağ-qara idi) cinayət, intihar və soyğun xəbərlərini də uşaqlığımdakı kimi qorxudan çox keçmişin həsrətini çəkərək hüznlə oxuyardım.
Telebaşının, Cihangirin, Balata, Fatih və Zeyrekin, bəzi Boğaz kəndlərinin, Üsküdarın arxa küçələri, izah etməyə çalışdığım bu ağ-qara ruhun hələ də gəzindiyi yerlərdir. Sisli-dumanlı səhərlər, yağışlı-küləkli gecələr, məscid qübbələrində köç salmış qağayı dəstəsi, havanın çirkliliyi, evlərdən küçələrə top gülləsi kimi uzanmış çirkli dumanı üfürən soba boruları, paslanmış zibil qutuları, qış günləri boş və baxımsız qalan parklar, bağçalar və qış axşamları qarlı, palçıqlı yollarla evlərinə qayıdan adamların təlaşı içimdə sevinc və kədər kimi qırvrılan qıraq-bucağı köhnəlmiş bulaqlar, kənar məhəllələrdəki keçmiş məscidlərin, ya da artıq fikir verilməyən böyük məscidlərin ətrafında öz-özünə yaranan dükanlar, qara önlüklü, ağ yaxalıqlı ibtidai sinif şagirdlərinin küçələrə bir anda yayılan qələbəliyi, kömür yüklənmiş yorğun və köhnə yük maşınları, içi köhnəlməkdən, işsizlik və tozdan qaranlıqlaşmış kiçik baqqal dükanları, kədərli işsizlərlə dolu kiçik məhəllə çayxanaları, enişli-çıxışlı, əyri-üyrü çirkli qaldırımlar mənə tünd neft rəngində deyil, qara kimi görünən sərv ağacları, təpələrə yayılmış köhnə qəbiristanlıqlar, dikinə yüksələn daş döşənmiş küçələr kimi görünən yıxıq-sökük şəhər qala divarları bir müddət sonra hamısı müəyyən şəkildə bir-birinə bənzəyən kinoteatr girişləri, firni dükanları, səkilərdə qəzet satan adamlar, gecəyarısı sərxoşların gəzdiyi küçələr, solğun lampalar, Boğazda aşağı-yuxarı gəzinən şəhər xətləri paraxodları və bacalarından çıxan dumanlar və şəhərin qar altındakı mənzərələri, mənə həmişə eyni ağ-qara ruhun əlamətləri kimi görünür.
Qarı uşaqların yay tətilini səyahətə çıxmağı iplə çəkərək gözləmələri kimi, mən də uşaqlığımda qarın yağmasını gözləyərdim. Küçəyə çıxıb qartopu oynayacağım üçün deyil, qar altında şəhər mənə daha “gözəl” göründüyü üçün. Bu gözəllikdən şəhərin palçığının, zibilinin, çat və baxımsız yerlərinin örtülməsindəki yenilik, ya da təəccüblənmə duyğusundan çox, qarın şəhərə gətirdiyi təlaş, hətta fəlakət havasını nəzərdə tuturam. Hər il üç-beş gün yağmasına, şəhərin bir həftə, on gün qar altında qalmasına rəğmən, qar hər dəfə istanbulluları ilk dəfə yağırmış kimi hazırlıqsız yaxalayır; yollar kəsilir, müharibə və fəlakət vaxtı olduğu kimi çörək sobalarının qarşısında dərhal növbə yaranır və ən önəmlisi bütün şəhər eyni məsələnin - qarın ətrafında icma duyğusu ilə birləşirdi. Şəhər və insanları dünyanın başqa yerlərindən yaxşıca qoparaq öz dərdləriylə içlərinə qapandıqları üçün qarlı qış günlərində İstanbul həm daha da tənhalaşmış, həm də nağıllardan gəlmə keçmiş günlərinə bir az da yaxınlaşmış kimi görünürdü.
Uşaqlığımdan xatırladığım və şəhəri birləşdirən, illər boyunca yenidən danışılan bu cür meteoroloji qeyri-adiliklərdən biri də Tunadan Qara dənizə axan buzların şimaldan aşağı enərək Boğaza girmələri idi. Bütün İstanbulu, ən sonda bir Ağ dəniz şəhəri olduğu üçün həm qəribəliyilə ürküdən, çaşdıran, həm də heç unudulmayacaq xatirə olduğu üçün uşaq kimi sevindirən bu hadisə haqqında illər sonra hələ də danışanlar vardı.
Bu ağ-qara duyğusunun bir cəhəti əlbəttə şəhərin yoxsulluğu, tarixi və gözəl olanın ortaya çıxarılmayıb, köhnəlmiş, solmuş, gözdən düşmüş və bir kənara itələnmiş olmasıyla bağlıdır. Bir başqa cəhəti isə ən təmtəraqlı, dəbdəbəli zamanında belə Osmanlı memarlığının təvazökar sadəliyilə bağlıdır.
Böyük bir imperatorluqdan sonra qalan coğrafi məkan kimi heç uzaqda olmayan Avropaya görə istanbulluların bir növ əzəli yoxsulluğa, çarəsiz xəstəliyə yaxalanmış kimi məhkum olmaları da şəhərin bu daxilə yönəlmiş ruhunu bəsləyir.
Şəhərin ayrılmaz hissəsi olan hüzn duyğusunu vurğulayan istanbullular tərəfindən alın yazısı kimi paylaşıldığı üçün yenidən, bir daha yaradılan bu ağ-qara havasını daha yaxşı anlamaq üçün varlı bir qərb şəhərindən İstanbula təyyarə ilə gəlmək və dərhal izdihamlı küçələrə girmək, ya da qış günü şəhərin qəlbi Qalata körpüsünə çıxıb camaatın burada necə həmişə rəngi hiss olunmayan, solğun, boz, kölgəvarı paltarlarla gəzdiyini görmək lazımdır. Zəngin və məğrur dədə-babalarından fərqli olaraq parlaq rəngləri, qırmızı, parlaq narıncı, yaşıl rəngli paltarları çox seyrək geyinən mənim illərimin istanbulluları kənardan gələn adama əvvəlcə gizli bir əxlaqi xüsusiyyət, sanki paltarlarının diqqəti cəlb etməməsinə çalışıldığı kimi görünür. Əlbəttə, belə bir gizli əxlaq yoxdur, amma təvazökarlıq əxlaqını məsləhət görən dərin bir hüzn duyğusu vardır. Son 150 ildir şəhərə ağır-ağır çökən məğlubiyyət və itki duyğusu, yoxsulluq və dağıntı izlərini ağ-qara mənzərələrdən istanbulluların paltarlarına qədər hər şeydə göstərir.
Lamartindən Nervala, ya da Mark Tvenə qədər 19-cu əsrdə şəhərə gələn bütün qərb səyyahlarının eyni həyəcanla haqqında yazı yazdığı küçələrdəki it dəstələri də məndəki ağ-qara duyğusunu gərginliklə zənginləşdirərək bəsləyir. Hər biri bir-birinə bənzəyən, ya da heç birinin ifrat müəyyənləşmiş rəngi olmayan boz, kül rəngi, rəngsiz, ya da qarmaqarışıq bir rəng yumağı olan və şəhərdə hələ də eyni azadlıq və və iqtidar duyğusu ilə gəzən bu itlər bütün qərbliləşmə və müasirləşmə cəhdlərinə, hərbi zərbələrə, dövlət, məktəb intizamı və qərbli bələdiyyə anlayış və ifadələrinə rəğmən İstanbulun gizli sərhəd nöqtələrində dövlət və iqtidarın gücündən çox bihudəlik, fikir verməmək və şəfqət duyğusundan oradan buraya sərsəri minalar kimi gəzindiyini xatırladır.
Ağ-qara duyğusunu daha da silinməz edən başqa bir şey isə şəhərin keçmişdə qalan müzəffər və şən rənglərin şəhərin içindən çıxan gözlə müəyyənləşdirilib əllə çəkilməməsidir. Bu gün gözümüzü oxşayacaq, diqqətimizi çəkə biləcək Osmanlı rəsm sənəti yoxdur. Osmanlı rəsminə və örnək aldığı klassik İran rəsm sənətinə göz zövqümüzü alışdıracaq, yaxınlaşdıracaq bir yazı, bir əsər də bu gün dünyanın heç bir yerində yoxdur. İran miniatüründən məhdud bir həyəcanla təsirlənən Osmanlı naqqaşları İstanbulu (eynilə divan şairlərinin şəhəri həqiqi yer deyil, kəlmə kimi tərif etmələri, sevmələri kimi) həcm, ya da mənzərə kimi deyil, səth və bir xəritə kimi gördülər (ən yaxşı nümunə Matrakçı Nasuhdur). Surnamələrdə (qala divarları haqqında yazılar) olduğu kimi diqqətlər padşahın qullarına, ticarətçilər lojasına, alətlərin, hünərlərin və əşyaların zənginliyinə yönəldikdə şəhər gündəlik həyatın yaşandığı yer kimi deyil, rəsmi keçid səhnəsi, ya da sanki bütün film boyunca eyni nöqtəyə istiqamətlənən kameranın görə bildiyi önəmli köşə kimi rəsm edildi. Beləcə, az-çox fotoşəkil və kartpostallara öyrəşmiş milyonlar üçün qəzetlərə, jurnallara, məktəb kitablarına İstanbulun keçmiş mənzərələri lazım olduqda qərbli səyyahların, rəssamların ağ-qaralaşdırılan qravürlərindən istifadə edildi. Mellinq nümunəsində irəlidə danışacağım kimi şəhərin ən xoşbəxt zamanları ciddi quaş rəngləriylə çəkildi, amma istanbullular xoşbəxt keçmişlərini o rənglərlə belə görmə ləzzətini dada bilmədilər və şəhərlərini çox da üsyan edilməyən və bir alın yazısı kimi qəbul edilən, texniki səbəblərlə hər zaman ağ-qara duyğusu ilə yaşadılar. Bu əksiklik onların hüznü ilə uyğunluq içində idi. Uşaqlığımda gecələr şəhərin yoxsullaşdıqca içinə gömüldüyü qarışıq və yorucu havanı - eynilə qar kimi - örtdüyü, şeirləşdirdiyi üçün gözəl idi. İstanbul gecəsi mənim uşaqlığımda şəhərdə hündür binalar da az olduğu üçün evlərə, ağacların, budaqların arasına, yay kinoteatrlarına, eyvanlara, açıq qalmış pəncərələrə qaba səth kimi deyil, şəhərin qıvrım-qıvrım quruluşuna, yoxuşlarına, təpələrinə uyğun zərifliklə yerləşirdi.
Tomas Allomun bir səyahət kitabı üçün 1839-cu ildə çəkilmiş olan bu qravürünü qaranlığı sirli bir nağıl ünsürü kimi göstərdiyi üçün sevirəm. Gecəni kor qaranlıq olmaqdan xilas edən bütöv - bədirlənmiş ayı, bütün İstanbulun bölüşdüyü ay mədəniyyətini, daha çox da qaranlığın sirli-sehrli gücünü bir pislik qaynağı kimi göstərməyə yaradığı üçün ayparanı, ya da şəkildə olduğu kimi önü buludlarla kəsilərək eynilə cinayət işlənsin deyə azaldılan lampa kimi zəif ay işığını sevirəm.
Gecə şəhərə röya və nağıl havası verdiyi, sirli pislik qaynağı olduğu üçün də İstanbulun ağ-qara ruhunu gücləndirir. Qərbli səyyahın gecəni sirli edən və örtən, şəhərin əlçatmaz qəribəliyini gizləyən və qaranlığıyla yeni pisliklər işlənməsini təmin edən bir şey kimi baxışıyla, sarayların içərisində istanbullunun baxışı bir-birinə bənzəyər. Sarayda qətl edilmiş bir hərəm qadınının, ya da bir təqsirkarın cəsədinin saray divarından Haliçə açılan qapıdan keçirilərək qayıqla dənizə atılması həm səyyahların, həm də istanbulluların sevdiyi, təkrarladığı bir əhvalatdır.
Oxuma-yazmanı öyrənməyimdən əvvəlki 1958-ci ilin yazında işlənən və gecə, qayıq, Boğazın suları kimi hər birinə ayrı bir bağlılıq hiss etdiyim oxşar vasitələrlə hazırlanmış Salacaq cinayəti yalnız başımdakı ağ-qara Boğaz suları işarəsini zənginləşdirməklə qalmadı, həyatım boyunca qorxulu bir xəyal kimi içimdə həmişə yaşadı. Evdəki söhbətlərdən ilk eşitdiyim, bütün İstanbulun və qəzetlərin təkrarlaya-təkrarlaya əfsanələşdirdiyi bu hadisənin qəhrəmanı gəzdirmək üçün qayığına minən bir ananı əldə etmək məqsədilə iki uşağını və bir də yoldaşlarını dənizə ataraq boğan “Salacaq canavarları”nın qorxuncluğu üzündən sadəcə Heybeliadada yaylaq evində balıqçılarla birlikdə balıq tutmaq kimi əyləncələr deyil, evin bağçasında belə tək gəzməyimiz bir müddət qadağan edilmişdi. Balıqçının dalğalı dənizə atdığı uşaqların qayığın kənarlarından barmaqları və dırnaqlarıyla tutmağa çalışması, ananın qışqırıqları, uşaqların və analarının başlarına kürəklə vuran balıqçının xəyalı illər sonra İstanbul qəzetlərində cinayət xəbərlərini oxuyarkən (sevərək gördüyüm iş) ağ-qara xəyal kimi fikrimdən aradabir keçir.
Ardı var
« Məşhur “Əli və Nino” əsəri Banqladeşdə işıq üzü görüb | Əsas səhifə | Azərbaycanda ziyalı problemi »




Bölmə:









