Mövlana tam anlamında postmoderndir!

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 09 Fevral, 2008

Eyvaz TahaKütlənin yanlış inamına dirənməyin qarşılığı ən yaxşı halda izsiz ölümdür

Eyvaz Taha

Çox çalışdım Mövlananın səkkiz yüz illiyinə nəsə yazmayım, çünki xırdaca bir insan olduğum üçün o böyüklükdə dünyanın yükünü çiynimdə daşımaqdan qorxurdum. Şəms Təbrizlə Rum mollasının haqqını kiçik bir yazıyla bir yerdə ödəmək gülünc gəlirdi mənə, onlara dərin sevgimi yalnız ürəyimdə daşımaq istəyirdim. Amma alınmadı, yazmaq vəsvəsəsindən yaxa qurtara bilmədim. Bu kiçik yazı özünü mənə yazdırdı. Dırnaq arasındakı sitatlar Şəmsin “Məqalat” kitabından və Mövlananın  “Şəms” başlıqlı böyük divanından alınmışdır. Adlım filosof və psixoloq Erik From deyir: “Mövlana təkcə bir şair və bəlli bir firqənin qurucusu olan arif deyildi. O, insan təbiəti barəsində dərin baxışa malik idi… Yaşamın ən böyük vurğunlarından olan Mövlana üstbilinc (fövqəlidrak), altbilinc (təhtəlidrak), azadlıq məsələsi, ruh toxtaqlığı, və insanın iqtidarından danışırdı”. Fromun dediyinə görə, böyük humanist sayılan Mövlananın düşüncələri, çağdaş insanın mədəni yaşamını zənginləşdirə bilər. Belədirsə, yenə də köhnə bir məsələyə qayıtmalı oluruq. Azərbaycan mədəniyyəti Mövlana və onun ruhunu rəqsə gətirən Təbrizli Şəmsi unutduğundan bir çox şeyləri itirir. Nizami böyük şairdir, ancaq Nizamiyə həsr olunmuş araşdırmaların yüzdə biri Şəmsə həsr olunsaydı, çağdaş mədəniyyətimizdə başqa çalar, başqa ləzzəti yaşayacaqdıq. Mövlananın nəbzini hamıdan çox Nəsimidə tuta bilərdik, onu da ki, Rus komunizminin təhrif maşını bütünlüklə hürufilik küncünə sıxnaşdırırdı. Çılğın ruhundan boşaldılmış Nəsimi, yoldaş Bağırovun əsgərləri səviyyəsinə endirildi.

***

Mövlana adı ilə tanınmış Cəlaləddin Qunəvi (1207-1273) qamışlıqdan kəsilmiş ney idi. İnsanın əzəli yurdunun özləm və nisgilini çağlayan qarğı: “Yanıb-yaxılan bu neyi dinlə”. Renold Nikolsona görə, “Əlbəttə, bu neydən məqsəd bitkin insanın vücududur ki, yaşadıği ruh aləmindən ayrıldığı üçün ağlayır və əzəli yurduna qayıtmaq marağını özü ilə yanaşı özgələrdə də oyadır.” İlahi ruhdan dolub daşmış şair, içindəki yanğını neydə hayqırır. Bu neyi dinləndirən Şəms idi. Mövlana ona xitabən deyir: “Sən gələli bizdən biz getdi; İçəri gəl, canım, gəlişin gözəldir. Ürəyimin gizli sızıltılarını eşitdikdə can kimi gövdəmə gəldin.”

RumiSözcüklər od tutub yanarkən bilmirsən alov Mövləvinin ürəyindən qopur, yoxsa Şəmsin. Mövləvinin deyişi ilə onun içində vurnuxan sözləri, irfan yanğısının mizrabı ilə kökləyən o özü deyil, Şəmsdir. Nə fərqi var ki? Bu yanğının kimin soluğundan qopmasının önəmi yoxdur, önəmli budur ki, bu yanğının dadını sınamayan hər bir mədəniyyətdə böyük boşluq yaranır. Bu boşluğun dərmanı nədir? Qarğılıqda quruyub qalmış, ney kimi sızlamayan qarğıların od tutub alovlanmasını canlandırarkən Mövləvi deyir: “Dərdsizliyin dərmanı oddur”. Beləliklə “hər bir qarğı öz məzarı üstə şam kimi yanır”. 

Nəsimi olmasaydı mədəniyyətimizə ömür boyu heyifsilənərdim. Nəsimi, gündoğar (İşraqilər) sülaləsinin dilimizdə dillənən son elçisi adına, bu təcrübəni bütün ayrıntıları, bütün insani özəllikləri ilə bizim üçün canlandırırdı. Bilirəm sufizm söyləmini (discourse) Nəsimidə bitirdiyim üçün kəskin qınaq qılınclarına amac ola bilərəm. Deyəcəklər bəs Füzuli? Məncə Nəsimi ilə muqayisədə Füzulinin statusu bam-başqadır. Söylədiyim yanğı baxımından, Füzuli dildə yüksəliş mərhələmizin zirvəsidirsə, irfanda enişimizin başlanğıcıdır. Xətai də belədir. Bu eniş Seyid Əzim Şirvanidən öncə Molla Pənah Vaqifdə bitkinliyinə çatır, sonrakı şeirlər isə ya şeir deyil, yamsılamadır, ya  da o gələnəyin davamı deyil, başqa dünyaya aiddir: Ya siyasətin bar-bar bağıran dünyasına; Bəxtiyar budur. Ya da öznənin (subyektin) öldüyü dünyaya. Şaşqın, çaşqın, parçalanmış, nisgilli və öləzi öznənin mərkəzsizləşdirilmiş dünyası; Şəhriyar budur. Şəmsə dönək.

***

Onüçüncü yüzillikdə  itkin düşmüş Təbrizli Şəmsin məqbərəsi Xoy şəhərində tapılıb. Bu xəbər hələlik dəqiq doğrulmasa da ilkin sınaqlar tapılan cənazənin Şəmsə aid olduğunu göstərir. Təbrizin qızılçıları, daxili dünyaları çalxalayan uca boylu Şəmsə deyirdilər: “Ey təvil (uzundraz)! Get, getməsən yamanlarıq!” Şəms deyirdi: “Həqiqətlərin hamısını hayqırsam, bütün insanlar məni şəhərdən qovarlar!”
Şəmsin sümüklərinin tapılması sevindirici haldır. Yaranışın ilk günü  Tanrı önündə yoğrulmuş insan gövhərini bu sümüklərdən qoxlamaq olar. Bu, dünyanın ən itkin, dəli, çılğın və güclü ruhlarının birinin izidir. Bu izlə biz çağdaş dünyanın nahaq yerə unutduğu sirrli ölkənin darvazasına, ruhun qovuşağına gedib çıxarıq. Mənim üçün təsəvvüf tarixində Şəms böyüklükdə insan gözə çarpmır, Mövlana kimi böyük bir ehkamçı alimi minbərdə rəqsə qaldıran Şəmslə muqayisədə, kimsənin adını çəkməkdən üşünürəm, İbn Ərəbi və Nəsimidən başqa.

***

Şəmsin “Məqalat” başlıqlı əsərindəki aydınlıq, anlaşılmazlıq, yanğı və yəqin, dinləyicinin anlayış yurdunda deprəm yaradır. Duru-dadlı duyğular, geniş toxtaqlıqlarla sonuclanan tam anlamında bir deprəm. Çağdaş dünyanın heç bir humanist düşüncəsində bu qədər insan özəyinə və insan özəlliyinə yaxınlaşmaq olmur. Bütün lovğalıqları Gündoğar alovunda qovrulmuş insanın “insana sevgisi”. Bu sevginin bunca yandırıb-yaxıcı hənirtisini  nə “Avgustın”də görürük, nə də qızdırma içində tanrıya sarılmış ” Con Don”da. 
Avropanın, ağıl yollarından burulub intuitiv düzənliyə hər dəfə ayaq basması, ya romantik alınır, ya da Kafkanın dərin ruh küskünlüyünə gətirib çıxarır. Ağılı yürütməyi bacarmayan Şərq isə İşraq fəlsəfəsinə hər dönüşündə öz mahiyətinə qovuşur. Görünməzləri görür. Şühud (intiusiya)  budur. Varlığın qara örtüyünü ataraq gizlinləri görmək, ürəklərə sızmaq Gündoğar ölkəsinə aid bəsirətdən gəlir. Elə buna görə də, Şərqin Həllac, Sührəvərdi, Şəms və Nəsimi kimi dəliləri olmasaydı, yerdə alınyazısına inamdan başqa nə qalardi: cəbr düşüncəsinin küllüyü. Alınyazısının düzənliyində çalıqlayan bu barama qurdunun ruhundan Nəsimi kəpənəyi baş qaldırıb uçmasaydı, yerdə ancaq ölüm qalardı. Küzəsində su olduğunu unutmuş susuz yolçunun gülünc ölümü. Nabokov deyir: “Kafka, uçmağa qanadı olduğunu unutdu”. Şəms unutmadı.

***

Qaqaşların sözü olmasın, Mövləvi bütünlüklə postmoderndir (Axı bu qaqaşlar hər bir zibili dolu ağızla postmodern adlandırırlar). Modernin anlamı “tam indi”dirsə, Mövləvi sonradır, Şəms ondan da sonra! Bunun bir nədəni Mövləvinin olaylara hermenotik baxışında yatır: “Can kimi o sənəmə vuruldum, əsiri oldum; dev deyildim, gözlərdən itdim; qar idim əridim, yer məni somurdu; tam yaxılıb ürək tüstüsünə çevrildim, göylərə qalxdım; ruhlardan deyildim, canlardan çəkinən birisi idim; can candan necə keçər ki, cana çevrildikdə daha çəkinmək nə deməkdir. Canla cahan sənin sevgin üzündən əlimdən getdi; daha nə edirəm bu cahanda, bu cahandan qoyub getdikdə.”

Mövləvinin postmodern olduğunun başqa nədənini həqiqətin parça-parça olmasına inamında axtarmalıyıq. Deyir: “Həqiqətin bütöv güzgüsü əzəl günündə insan əlindən sürüşüb sınmışdı, mələklərin insana nifrət etdiyi gün, Tanrı insanı yoğurmaqdan çəkindi. Vücud ərəsatında Tanrı önündə utancaq dayanmış bu ikiayaqli varlığa vəhy gəldi: sən özün özünü gəlişdirməlisən. “Existe!”, özünü özündən bayıra tulla! Ekzistensiyalizmin inandığı bu anlayış köhnə sözdür, insan yaranışının ilk günləri qədər əski. Bu azadlığın bədəli kəskin həqiqətlərin insan əlindən alınması idi, ölüm anlaşılmazlığı. Həqiqət güzgüsü düşüb sındı, insanın güzgü qırıqları ardınca axtarışları isə mədəniyyətləri, uyğarlıqları yaratdı. İndi o qırıqların hərəsi bir nəfərin əlindədir. İndi biz insanlar irili-xırdalı qırıqları bir-birinə yaxınlaşdıraraq həqiqətin ümumi görüntüsünü yaradırıq: işığı hara gəldi əyri-əksik əks etdirən sınıq görünüş. Yaxşı, bəs postmodern düşüncə bundan artıq daha nə istəyir?

***

Sədi makyavellizmi məsləhətli yalanlar donunda savunduğu bir çağda, Şəms bütün örtükləri yırtdı. Heç kimin hər nəyi deməyə cəsarəti çatmadığı bir çağda, deməməliləri demək istəyirdi: “Hələ ki bizdə demək bacarığı yoxdur, təki dinləmək bacarığı olaydı. Bütünü demək və bütünü eşitmək gərəkir. Ürəklər qapalı; qulaqlar qapalı”.
Şəms ikiüzlü və zühd satan bir toplumda bir ömrün namazını bircə “Ah” ilə dəyişir. “Soruşdu: namaz qıldılar? Dedi: əvət. Dedi: ah. Dedi: o ahı mənə ver, ömür boyu qıldığım namazları sənə bağışlayım!”

12-ci yüzilliyin ümumi ab-havası Sədinin dedikləridirsə, demək Şəms bütün zəmanə ilə qarşı-qarşıya dayanır. Qovulur. Bu qovulmuşluqda ağıllı bir dəlilik, çılğın bir əsirlik var. Elə bir əsirlik ki, fiqhi məsələlərlə uğraşan samballı fəqih Cəlaləddin Ruminin sümüklərinə düşür: səma rəqsi, özündən getmək, baş sarığını açmaq. Bu insan gözələrinin (hüceyrələrinin) harmonik rəqsi deyilmi?

“Şeyx dedi: Xəlifə səma rəqsi etməyi yasaqlayıb! Dərvişin ürəyində düyün oldu, üzgün düşdü. Təcrübəli təbib gətirdilər. Qan damarını yoxladı. Öyrəndiyi xəstəlikləri, (tanıdığı) səbəbləri bunda görmədi. Dərviş dünyadan köçdü. Təbib onun qəbrini açdırıb, köksünü yardi. Düyünü çıxardı. Əqiqə dönmüşdü. Ehtiyac vaxtı onu satdı. Əldən-ələ  gəzdi, xəlifənin əlinə çatdı. Xəlifə onu qaş kimi üzüyünə saldı. Həmin üzüklə bir gün səma rəqsinə baxdı. Üzüyü sığalladı, qaş əriyib tökülmüşdü. Əqiq satıcılarını bir-bir çağırtdırdı, növbə gəlib təbibə çatdı. Təbib, olub keçənləri söylədi.”

***

Deməyi qolay olsa da, belə bir qarşıdurmanın dəhşətli sonucunu, öncə Sührəvərdi sınamışdı. Nəsimi də sonralar daha qabarıqcasına sınayacaqdı: təpədən dırnağa qədər soyulmaqla. Şəmsin alınyazısı bunlardan daha ürək açan deyildi. Qəbirsiz, bəlirsiz, itkin Şəms, görən hansı pusquda Mövlana yanlısı axmaq möminlərin qəzəbinə gəldi? Kütlənin yanlış inamına dirənməyin qarşılığı ən yaxşı halda izsiz ölümdür. Axmaqlığın gücü tükənməzdir.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

6 Şərh var
Şərh yazın »

  1. Allah Eynşteynə rəhmət eləsin! Doğrudan da, insan axmaqlığı hüdudsuzdur. Bu yazı da onun bir nümunəsidir. Ciddi bir elmi problemi iki yayğın “nədən”ə və hansısa “qaqaşlar”a istinadla belə kökə salmağın başqa adı yoxdur. Bu yerdə şərhlərin birində Aydın Xana verilmiş sualı müəllifə ünvanlamaqdan özgə yol qalmır: “Eyvaz, sən dolamısan camaatı?”
    Sanki bu insan nə danışdığının və yazdığının fərqində deyil. O qədər ki, hətta Sədinin və Şəmsin 12-ci yox, 13-cü əsrdə yaşamağı da onun üçün əhəmiyyətsizdir. Hələ “Şəms Təbrizlə Rum mollası”, “Cəlaləddin Qunəvi”, “gündoğar (İşraqilər) sülaləsi”, “hermenotik baxış” və s. nə deməkdir? Gündoğar ölkəsi Yaponiyaya deyirlər, işraqiliyin isə “gündoğar” şəklində verilməsi gülməlidir. Şəmsi Nizamiyə və Sədiyə, Nəsimini Füzuliyə, Şərqi də Qərbə qarşı qoymaqla bu adam aləmi bir-birinə qatıb. Bir budaqda oturub minini silkələmək buna deyirlər. Bu insan deyəsən, Cənubludur, bəs niyə o boyda Nəbatini yadından çıxarıb? O ki qaldı Nəsimiyə, onun hürufiliyini şübhə altına almağa çalışmaq yersizdir və bunun rus kommunizminə heç bir dəxli yoxdur. Üstəlik Nəsimi də Bayəzid və Həllac kimi Şəmsin qəbul etmədiyi zümrəyə mənsubdur. Nə isə, bunlar uzun söhbətlərdir…
    Bir şey soruşum:
    Hörmətli admin, siz heç olmasa yazıları oxuyub redaktə (ən azı korrektə) edirsiz, ya kim nə yazdı, necə yazdı sayta qoyursuz?!

  2. Ay Sarxan, Allah sənin dilinə qüvvət versin!
    Bir az sonra Eyvaz Taha Fuzulini, Seyidi, Sabiri və digər klassikləri də postmodernist edəcək.
    Ay Eyvaz sən heç olmasa postmodern sözünü bilirsən? Yoxsa ki, sən də özünü “Alma”lığa vurmusan?!
    Allah sizə ağıl versin! Amin!

  3. Eyvaz bəy, sizinlə növbəti dəfə bu mövzuda görüşürük. Yazınızın sərlövhəsini görəndə belə bir tezisi xatırladım: Elmi əsərdə önəmli olan girişdə qoyulmuş sual və nəticədə varılmış cavabdır. Bu cavaba müxtəlif arqumentlərlə müxtəlif yollardan keçərək gəlmək olar. Mənə bir elmi əsərdə sualı düzgün qoymağı və cavabı düzgün verməyə tövsiyə edən gələnəyimlə razılaşsaq, sizin qoyduğunuz sual və verdiyiniz cavab C.Rumidə böyük modern və postmodern elementlərin gizlənmiş olmasıdır. Ki, sözünüzə qüvvət, Mövlanə Ruminin bir cümləsini gətirmək istəyirəm: “yenini qurmaq üçün köhnəni dağıtmaq lazımdır, necə ki, taxıl üyüdülməsə, çörək bişirilməz.”
    Mövlanəyə Qərbin bir sıra postmodern nəzəriyyəçiləri istinad edir.
    Berman M., All That is Solid Mets into Air. New York, 1982 - kitabı. Orada K.Marksın “müasir olmaq bütün əsasların havaya uçduğu bir dünyanın hissəsi olmaq deməkdir” cümləsi üzərinə qurulmuş şərh başdan-başa Rumi estetikasıdır. Rumidə postmodernizm elementlərinin aşkarlanması oxucuları bəzən çaşdırır, çünki onlar birrəng - radikal, soyuq Qərb 1960-cı illəri postmodernizmilə tanışdırlar. 70-ci illərdə postmodernizm ikinci mərhələyə - humanist postmodernizm mərhələsinə keçib ki, Rumi məhz ikinci mərhələ postmodernizmə həmahəngdir. Sonda adətim üzrə, U.Ecodan sitat gətirmədən keçə bilmirəm: “Postmodernizm dəqiq çəçivələnmiş xronoloji sərhədləri olan hadisə deyil, hər dövrün öz postmodernizmi var.”
    Eco bu fikrini belə davam etdirir: “Postmodernizmi getdikcə uzaq keçmişə, qədim zamanlara itələyirlər. İlk əvvəl bu termin yalnız XX əsrin ikinci yarısının yazar və sənətkarlarına şamil olunurdu, getdikcə XX əsrin əvvəllərinə keçdi; sonra daha da dərinə getdi; dayanacaq nöqtə görünmür və tezliklə Postmodernizm kateqoriyası Homeri də özünə hopduracaq.” (Eco U. Postscript to The Name of the Rose. New York: Harcourt, 1985) Sağ olun.

  4. Güneyli yazıçı və mütəfəkkir Eyvaz Tahanın “GÜNDOĞAR ÖLKƏSİ: ŞƏMS VƏ MÖVLANA” başlıqlı kiçik məqaləsi son vaxtlar oxuduəum ən gözəl materiallardan biridir. Eyavz müəllim xırdaca yazılarında dolğun məzmunları oxucu təbəqəsinə çatdırmağı bacarır, bunu Cahan jurnalında görmüşük. Lakin sözümün canı bunda deyil, digər mövzudur:

    Tutalım Sərxan kimi səslənən adın arxasında gizlənmiş bir adam hamını axmaq adlandırır. Bununla da, özünün intelektual olduğunu sübüt etmək istəyir. Sözü uzatmaq istəmirəm, cənublu-şimallı Azərbaycan cəmiyyətinidə yaxşıca tannımış filosof E.Tahanın Mevlana və Şəmsi Təbrizə həsr etdiyi materialda, “Qunəvi”, “Rum mollası” və “Gündoğar” kimi terminlərdən istifadə etməsi Sərxan adlı birisini hiddətləndirib. Halbuki əsərlərinin böyük hissəsini Ərəb və Fars dillərində yazmış və Mevlana adı ilə tanınmış şair tarixi mənbələrdə “Cəlaləddin Qunəvi” (Konyalı), “Mollaye rum” (Rum mollası) və s. Ləqəbləri ilə yad edilir. “Gündoğar” sözü də “işraq” sözünün dəqiq tərcüməsidir (Japonya “Gündoğar” deyil “Əbədi günəş ölkəsi” adlanır) . Mən bilmirəm Azərrbaycan dilindən başqa bir dili öyrənməyən, Mevlanın əsərlərindən beşcə sətir belə orijinal dildə oxumayan Sərxan heç olmasa niyə bir lüğətə baş vurmayıb bununla da özünü komik vəziyyətə salıb. O ki, qaldı Nəsimi ilə Füzulinin müqayisəsinə, mən füzulini sevdiyimdən E.Tahanın baxışı ilə razılaşmıram, Füzuli Nəsimidən daha böyük şairdir, eyni halda anlayıram ki, yeni bir söz deyilib: “Füzuli dildə yüksəliş mərhələmizin zirvəsidirsə, irfanda enişimizin başlanğıcıdir.” Əgər biz xürafatdan qaçmaq istəyiriksə Sovet məkanında tarixi şəxsiyyətlərə ayrılmış statusu da silkələməkdə haqlıyıq. E.Taha da səhv edə bilər, amma məqalədən görünür Şəms dünyasına geniş əhatəsi vardır. Bunu üçün onun mümkün səhvini üzə çıxarmağa onunkundan daha güclü argument lazimdir. Söyüş yağdırmaq düşüncəsiz lovğaların işidir.

    Səadət Ismayılqızı

  5. Eyvaz Tahanı təbrik etmək olar: vəkili tapılıb. Amma çox uğursuz vəkildir. Çünki cavab verirdisə, gərək bütün iradlara cavab verəydi, çoxunun üstündən keçməyəydi. Bunu bacarmadığından “Səadət kimi səslənən adın arxasında gizlənmiş bu adam” şərhə yazdığı şərhə (bu da təzə şeydir) böhtanla başlayır, bu qədər “Kultaz” istifadəçilərinin gözü qarşısında deyir ki, guya mən “qapı-qapı düşür, hamını axmaq adlandırır”am. Mən indiyə qədər heç kimi belə adlandırmamışam. Bu sözü sizin mütəfəkkir saydığınız Eyvaz Taha yazısında işlədib, daha doğrusu, təhrif olunmuş formada Eynşteyndən çırpışdırıb. Necə ki, Haydegerin “dil varlığın evidir” kəlamını da “şeir varlığın evidir” şəklində öz kitabına ad eləyib. Qapı-qapı düşmək də sizin “mütəfəkkir”ə aiddir… Bilmədiyiniz şeylərə baş qoşmayın, Səadət xanım!
    Məlumunuz olsun ki, mən ana dilimdən başqa üç dil bilirəm və onların arasında fars dili də var. Bu da sizə Mövlanadan (Mevlanadan yox) “beşcə sətir”:
    Beşno əz ney çun hekayət mikonəd,
    V-əz codayiha şekayət mikonəd.
    K-əz neyistan ta məra bobrideənd,
    Əz nəfirəm mərd-o-zən nalideənd.
    Sine xahəm şərhe-şərhe əz fəraq
    Ta bequyəm şərhe-dərde-eştiyaq…
    Xanım qız,mən Mövlanaya “Mollayi-Rum” deyildiyini bilirəm, bunun üçün ən azı Axundovun məşhur məqaləsinə baxmaq yetər. Yaxud Möcüz Şəbüstəri “Bivəfa çıxmış zəni-Mollayi-Rum” deyir. Mən bu ifadənin müasir dildəki anlamını nəzərə alıb məhz “Rum mollası” (yox bir, Masallı mollası) kimi kobud formada Mövlanaya aid edilməsinə etiraz bildirmişəm. Mövlanaya indi heç kəs Qunəvi (əslində Konəvi, ya Konyəvi) demir, heç əvvəllər də deməyiblər. Onun nisbəsi daha çox Rumi və Bəlxi kimi verilir. İşraq sözunə görə sizdən fərqli olaraq mənim lüğətə baxmağıma ehtiyac yoxdur. (Deyəsən, siz mənim şərhimdən keçən 10 günü lüğətlər və “tarixi mənbələr”lə keçiribsiz). Amma sizin xətrinizə baxdım: İşraq – parlatma; işıqlandırma (Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti. 1-ci cild, Bakı, 2005, s. 329). Gedin siz də baxın. Gündoğar isə şərq (və ya köhnə dillə “məşriq”) deməkdir. Yaponiyaya “Əbədi günəş ölkəsi” deyib özünüzü “komik vəziyyətə salmayın” (yəni orada Günəş batmır?), ora Gündoğar ölkə (rusca “strana vosxodyaşeqo solntsa”) deyilir və bunun səbəbini az-çox savadı olan hər kəs bilir. Of, gərək bu “Kultaz”da bir “likbez” də açılsın. Yoruldum. Ruminin:
    Dər nəyabəd hale-poxte hiç xam
    Pəs soxən kutah bayəd vəssəlam
    -tövsiyəsinə əməl edib (bunun mənasını E.Tahadan soruşarsız) qurtarıram və deyirəm:
    sizin bu E.Taha mütəfəkkir yox, möhtəkirdir və bu tipli yazılarla yalnız sizin kimi kəmsavadların gözünü qamaşdıra bilər. Bununla da siz çətin “xurafatdan qaçasınız”. Allah özü sizə kömək olsun. Amin!

  6. Allaha şükür ki, Sərxanı vurnuxmaya salmış bəzi qəribə sözlərin məsələsi həll olunub. Sən demə “Rum mollası” istilahı tarixi mənbələrdə gedibmiş, ancaq bu adam qorxurmuş ki, cənublu-şimallı Azərbaycan cəmiyyətinidə yaxşıca tannımış filosof E.Tahanın məqlasində onların bir daha getməsilə xalq C.Rumini Masallı mollası ilə səhv salacaq. Amma həla də bir məslə qaranlıqda qalıb, o da “gündoğar” məsələsidir. Bunu da döy-çırp bir təhər puça çıxarmaq lazımdır. Sərxan deyir: “Yaponyaya “Əbədi günəş ölkəsi” deyib özünüzü “komik vəziyyətə salmayın” (yəni orada Günəş batmır?), ora Gündoğar ölkə (rusca “strana vosxodyaşeqo solntsa”) deyilir və bunun səbəbini az-çox savadı olan hər kəs bilir.” Görünür bunun mənasını ancaq bu adam bilmir. Bu adam əgər işarə etdiyi dillərin hamısını bu səviyyədə bilirsə vay püxtələrin halına. Çünki o üç sözün dəqiq mənası “parlaq günəş ölkəsi”dir, “gündoğar” deyil, . Bundan əlavə Yaponya ölkəsinə “Əbədi günəş ölkəsi” deyilməsini küçədə dolaşan uşaqlar da bilir. Sərxan deyir ki, ” yəni orada Günəş batmır?” Niyə batmır, batır, amma elə bir ləqəbin yaponyayaya nə üçün verilməsini hamı bilir. (Səhv də olsa belə deiyilir.) Bu adam yeri göyü birbirnə tikir ki, dilimizə qazandırılmış yeni bir terminə qara yaxsın. Biz ömür boyu özgə terminlərə qucamığzı açmışıq! İndi bilirik Şəmsi Təbriz niyə deyir qulaqlar qapalıdır.

Şərh yazın