Qaynar xəbər portalı

Kitab dünyası


Cəsur ürək


Bölmə Bölmə: Köşələr | Göndər Göndər | Çap et Çap et | 235 oxunma

Elnur Astanbəyli

Azərbaycan ədəbiyyatı dünya üçün deyil. Bunu nənəm də bilir. Səbəb çox sadədir - Azərbaycan yazıçısının içi çox balacadır. Ora yalnız prezidentdən Şəhidlər Xiyabanında yeni mənzilinə unitaz istəmək qədər cılız hisslər sığışa bilər. Azərbaycan yazıçısı indiyədək öz əsərlərinin arxasında gizlənib oxucunu aldatmaqla məşğul olub. Amma dünya oxucusu Azərbaycan oxucusu deyil axı, Azərbaycan oxucusu qədər avam və sadəlövh deyil axı. Ona görə də, məsələn, Elçin Əfəndiyevin əsərlərini istəyirsən əlli xarici dilə çevir, mənası yoxdur. O, heç vaxt dünya şöhrətli yazıçı olmayacaq. Yeri gəlmişkən, indilərdə bilmişəm ki, Elçinin bu günədək 60-a yaxın dildə əsərləri çap olunub. Amma onun adına nəinki dünyanın heç bir öndə gedən ədəbiyyat saytlarında, kataloqlarında, ensiklopediyalarında, heç zoodəftərində də rast gəlməzsiniz. Aydın məsələdir, həmin tərcümələrin çoxu Sovet dövrünə aiddir, özü də əksəri sosialist ölkələrini əhatə edir. O vaxt əlamətdar tarixlərdə, tutaq ki, Böyük Oktyabr Sosialist İnqilabının ildönümlərində istənilən müttəfiq respublikanın beş-altı üzə salınmış yazıçısının əsərləri “qardaş” xalqların dilinə çevrilirdi, axırda da göründüyü kimi, lazımsız bir statistika əmələ gəlib. Qurban Səidin “Əli və Nino” romanı isə Elçinin bütün külliyyatından üç dəfə az dilə çevrilib, amma həm müəllif, həm də əsər Qərbdə yetərincə məşhurdur. Üstəlik, Qurban Səid xalq yazıçısının oğlu olmayıb, imtiyazlı ailədən çıxmayıb, heç vaxt baş nazirin birinci müavini də işləməyib. Bəs onda bu paradoksa səbəb nədir? Səbəb sadədir: istənilən yazıçının şöhrətinin arxasında parlaq istedad və cəsur şəxsiyyət dayanmalıdır. İnsafən, Elçini çıxmaq şərtilə, digər titulu yazıçılarımızın bir çoxu (Anar, Əkrəm Əylisli) heç də tamamilə istedadsız deyillər. Sadəcə, şəxsiyyətləri böyük uğur qazanmalarına mane oldu.
   Bəli, Azərbaycan yazıçısının şəxsiyyət problemi var. Bu günün yazıçısı 12-ci əsrin Nizamisi deyil. Ki, öz sakit hücrəsinə çəkilib yazmaqla işini bitmiş saysın. Bu günün yazıçısı həm də haqsızlığa, hüquqsuzluğa, ədalətsizliyə qarşı döyüşən əsgərdir. Azərbaycan yazıçısında bu döyüşkənlik yoxdur. Onu orden-medalla, fəxri adla susdurmaq çox asandır. Belədə hansısa Azərbaycan yazıçısının (rəssamının, bəstəkarının, rejissorunun, aktyorunun…) dünya şöhrəti qazanacağına ümid etmək ağılsızlıqdır. Mel Gibsonu amerikalılar yalnız “Cəsur ürək” kimi şedevr filmə görə sevmirlər, həm də İraq müharibəsinə etiraz olaraq, həyatını təhlükə altına atıb radikal anti-Buş kampaniyasına qoşulduğuna görə sevir və alqışlayırlar. Mel Gibsonun timsalında cəsur ürək - yaradıcılıqla şəxsiyyətin vəhdətidir. Yaxud Nobel mükafatçısı Joze Saramaqo ədəbiyyata inqilabdan gəlmişdi. O, 1974-cü ildə Portuqaliyadakı inqilabi hərəkata qoşuldu, diktaturaya qarşı mübarizənin öncüllərindən birinə çevrildi. Hətta sonradan təzyiqlərdən bezib Kanar adalarında təkbaşına yaşamaq məcburiyyətində qaldı. Amma heç vaxt ruhunu satmadı. Əsərlərində müdafiə etdiyi həqiqətləri həyata daşımaq üçün var gücü ilə mübarizə apardı. Onun istedadını vətənində yalnız Nobel mükafatı alandan sonra etiraf etdilər. Saramaqonun bir yazıçı kimi dünya şöhrəti qazanması yalnız istedadının yox, həm də mübariz ruhunun nəticəsi idi. Bizdə isə heç bir titullu şairin, yazıçının, rejissorun, rəssamın, bəstəkarın həyatı ilə yaradıcılığı bir-birini tamamlamır (xırda istisnalar var: Cavanşir Quliyev, Sabir Əhmədli, Ayaz Salayev). Azərbaycan yazıçısı öz personajlarının prototipidir - Elçin Qurd Cəbrayılın, Anar Surxayzadənin…
   Bu gün xaricdə kimlərin əsərləri çap olunur? O yazıçıların ki, əllərində imtiyazları, ciblərində pulu var. Şəxsi təşəbbüsləri ilə hansısa əcnəbi ölkədə, xüsusən də Türkiyədə kitablarını buraxdırırlar. Bunun mənası nədir? Onları ki artıq heç Azərbaycanın özündə bir kimsə oxumur. Bizim bəzi yazıçıların Sovetdənqalma mərəzi var. Tərcümeyi-hallarında “əsərləri filan qədər dilə tərcümə olunub” sözlərinin yazılması üçün ətək-ətək pul xərcləyirlər. Özləri də bilir ki, dünya oxucusunu aldatmaq mümkünsüzdür. Sadəcə, hələ də novruzəlilikdən qopmamış azərbaycanlının gözündə “böyük” görünmək istəyirlər. Yaxşı ki, yeni yazarlar nəsli onların maskasını yırtdı, ədəbiyyatı özlərinin və övladlarının karyerasına hesablayan xalturşikləri “böyük yazıçı” kimi ölməyə qoymadılar. Bizdə “böyük yazıçı” olmağın barometri nə yaxşı əsər, nə mübariz şəxsiyyətdir, yalnız və yalnız Fəxri Xiyabandır. Gənc yazarların sayəsində artıq Fəxri Xiyaban mifi dağılıb. Azərbaycan sovet yazıçılarının ən ülvi arzusu böyük yazıçı kimi ölmək, Fəxri Xiyabanda basdırılmaq, ən əsası isə öləndən sonra arxalarınca xalqın bıldır-bıldır göz yaşı tökməsi idi. Amma artıq xalq onların iç üzünü tanıyır. Biz onların bu arzusunu hələ özləri diriykən dəfn etdik.
   Bu gün Azərbaycanda tezliklə dünya miqyasına çıxacaq yazarlar yetişib: Murad Köhnəqala, Nərmin Kamal, Günel Mövlud, Zahir Əzəmət, Aqşin, Həmid Herisçi, Rafiq Tağı, Şərif Ağayar… Siyahı uzundur. İstedadları öz yerində, əsas odur ki, bu nəslin yazdıqlarının arxasında həm də cəsur ürək dayanır. Hansı ki, indiyədək Azərbaycan yazıçısında olmayıb. Belədə ədəbiyyatımızın çox keçmədən dünyaya çıxacağına şübhəniz qalmasın.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (4 səs, təxmini: 4 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar, Fevral 10th, 2008 tarixində 18:26 radələrində Köşələr bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

3 şərh var


  1. elminhesenli adlı istifadəçi, Fevral 12, 2008 tarixində, saat 22:17 yazıb:

    Elnur, super!


  2. Novarg adlı istifadəçi, Fevral 14, 2008 tarixində, saat 01:16 yazıb:

    Mən də yazmağa başlamışam, adı “19.20 sm” olacaq… Allah sizi inandırsın, mehz 19.20 sm…


  3. Seyid Ramin adlı istifadəçi, Fevral 21, 2008 tarixində, saat 23:36 yazıb:

    elminhesenli, burada superlik nə var?

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: